Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11661/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MTK-nın direktoru Mirzəcan Mirzəyevin iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 6867 manat, evinə dəymiş ziyana görə 400 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, ümumilikdə 9267 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış, 14 aprel 2014-cü il tarixli 4706/T-14 saylı kredit müqaviləsinin təminatı kimi bank STŞ Turan” MTK və onunla öhdəliyə dair müqavilə bağlanmışdır. Həmin nüqaviləyə əsasən o, Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ünvanında, 2 bloklu ümumi sahəsi 128.5 kv.m, 3 otaqlı 56 saylı mənzili banka ipotekaya qoyaraq öz adına almışdır. Müqavilənin 1.1-ci bəndinə göstərilən 3 otaqlı, ümumi sahəsi 128.5 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 500 (beş yüz) manat, ümumi qiyməti 64250 manat məbləğində müəyyən edilmişdir. O, mənzilin dəyərinin 14000 manatını nəğd qaydada, ilkin ödəniş şəklində, 50250 manatını isə bankdan alınmış kredit vəsaiti hesabına 1 aydan gec olmayaraq ödəmişdir. Halbuki DƏDRX-yə məxsus 2 saylı ərazi idarəsinin verdiyi Texniki Pasport və DƏDRX-nə məxsus RX seriyalı ******* saylı Çıxarışı aldıqdan sonra məlum olmuşdur ki, Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ünvanında yerləşən 56 saylı mənzilin ümumi sahəsi 128.5 kv.m, deyil 117.6 kv.mdir. Arada 10.9 kv.m fərq yarandığından bu fərqə görə dəymiş 6867 manat ziyan cavabdehdən alınaraq ona ödənilməlidir. Ev girovda olduğu üçün bank 14% üstünə gəlmişdir. Buna görə də aylıq ödəniş 630 manatdan hesablanmışdır. 10.9 x 630 = 6867 manat yaranmışdır. Məlum olur ki, o Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ünvanında, 2 bloklu ümumi sahəsi 128.5 kv.m, 3 otaqlı 56 saylı mənzili banka ipotekaya qoyaraq öz adına alaraq müqavilənin 1.1-ci bəndində göstərilən 3 otaqlı, ümumi sahəsi 128.5 kv.m olan mənzilin hər kv.m-nə tərəflərin razılaşması ilə 500 (beş yüz) manat, ümumi qiyməti 64250 manat ödəmişdir. Lakin o, qeyd olunan mənzilin 128.5 kv.m olan hər kv.m-nə 500 (beş yüz) manat ödəməli deyilmiş. O DƏDRX-nin verdiyi çıxarışa əsasən orada qeyd olunan 117.6 kv.m olan və hər kv.m-nə 500 (beş yüz) manat pulu ödəməli idi. Hal-hazırda dəymiş maddi ziyan olan 6867 manatın ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, binanın su təchizat borularında yaranmış problemə görə boru partlamış və evini su basmışdır. Buna görə də ona dəymiş ziyanın ödənilməsi tələb olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MTK-dan 4000 (dörd min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin olunmuş hisəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarında olan subutlarla müəyyən edilmişdir ki, iddiaçı X1 ilə cavabdeh STŞTuran MTK arasında bağlanmış 11.04.2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 128.5 kv.m olan mənzili iddiaçıya satmağı, iddiaçının isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən 3 otaqlı, ümumi sahəsi 128.5 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 500 manat, mənzilin ümumi qiyməti isə 64250 manat məbləğində müəyyən edilmişdir. İddiaçı mənzilin dəyərindən ilkin olaraq 14000 manat ödəniş etmiş, qalan 50250 manat dəyərini isə 14.04.2014-cü il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC-dən aldığı kredit hesabına ödəmişdir. Belə ki, "xxxx" ASC ilə iddiaçı X1 arasında bağlanmış 14.04.2014-cü il tarixli, 4706/f-14 saylı kredit müqaviləsinə əsasən, bank iddiaçıya illik 14 faizlə, 60 ay müddətinə 50250 manat məbləğində kredit vermiş və kredit müqaviləsinin təminatı kimi Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 128.5 kvəm sahədən ibarət 56 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışında Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilin ümumi sahəsinin 117.6 kv.m olması qeyd edilmişdir. İddiaçı ona məxsus olan sözü gedən mənzilin ümumi sahəsinin 128.5 kv.m deyil 117.6 kv.m əsas gətirərək, dəymiş maddi ziyana görə cavabdehdən 6867 manat məbləğində pul vəsaiti tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyəminməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır Tərəflər arasında bağlanmış 11.04.2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 128.5 kv.m olan mənzili iddiaçıya satmağı, iddiaçının isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüş və iddiaçı tərəfindən götürülmüş öhdəliklər tamami ilə yerinə yetirilmişdir. İş materialları eyni zamanda DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışında isə Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilin ümumi sahəsinin 117.6 kv.m olması qeyd edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2403 saylı, 05.08.2021-ci il tarixli rəyi ilə Sumqayıt şəhəri, ünvan 2 ünvanda yerləşən 56 saylı mənzilin daxili sərhədləri (içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlarda daxil olmaqla) nəzərə alınmaqla ümumi sahəsinin 120.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddia tələbinin dəymiş maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 6867 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 4000 manat (128.5 kv.m – 120.5 kv.m = 8 kv.m (əksik sahə) * 500 (1 kv.m üçün hesablanmış qiymət) = 4000 manat) məbləğində pul vəsaiti tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11661/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver