Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11670/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi Eminov Fuad Fərhad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3265/2021 saylı işi üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“Beat Media MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçının istifadəsinə verilmiş 050 261 34 49 mobil telefon nömrəsi qanunsuz olaraq bağlanılmasına görə ödədiyi 30 manat və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi, etdiyi qanunsuz hərəkətlərə görə cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nömrə istifadəsinə verilən kimi iddiaçı tərəfindən 30 manat ödənilmişdir. Buna baxmayaraq, nömrə bağlanmışdır. Cavabdehlə əlaqə saxladıqdan sonra 15 manat kart borcuna görə nömrənin bağlandığı məlum olmuşdur. Əlavə 30 manat ödənilməlidir ki, nömrə açılsın. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmədən iddia tələbinin artırılmasını, cavabdehə iddiaçının istifadəsində olan 050 270 85 88 və 050 261 34 49 mobil nömrələrinin digər xidmətlərə qoşmasının qadağan olunması və buna görə həmin nömrələr üzrə tutulmuş pulun hesablanaraq iddiaçıya ödənilməsi, iddiaçının istifadəsində olan 050 270 85 88 və 050 261 34 49 mobil nömrələr vasitəsilə qısa nömrələrə, o cümlədən 012 kodu ilə başlanan nömrələrə zəng etdikdə iddiaçıya verilmiş biznes paketindən əlavə olaraq xidmət haqqının tutulması nəticəsində dəymiş zərərin hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, cavabdehə iddiaçının istifadəsində olan 050 270 85 88 və 050 261 34 49 mobil nömrələr vasitəsilə qısa nömrələrə, o cümlədən 012 kodu ilə başlanan nömrələrə zəng etdikdə iddiaçıya verilmiş biznes paketindən əlavə olaraq xidmət haqqının tutulmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3265/2021 saylı işi üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, biznes paketlə şəbəkə daxili 3000 dəqiqə danışıq, şəbəkə xarici 1000 dəqiqə, 1000 sms, beynəlxalq 20 dəqiqə danışıq və 10 GB internet verilib. Müqavilə bağlamışıq, hər ay 30 manat pul ödənilməsinə baxmayaraq artıq üç dəfə nömrəni birtərəfli bağlayıb ona təxminən 100 manata yaxın əlavə pul ödətdiriblər. Sonuncu dəfə bizə kurator təyin edilmiş +994 50 *** ** ** nömrədən ona deyilmişdir ki, sonuncu dəfə ödəməni etsin bundan sonra sizin nömrə bağlanmayacaq. Aralarında yaranmış mübahisə zamanı ona deyilir ki, siz filan qaydalarımızda müəyyən edilmiş hansısa bir xidmətdən istifadə edərək limiti keçdiniz, ona görə nömrə bağlanıb, həm aylıq xidmət haqqı, həm də əlavə olaraq xəttin açılması üçün haqq ödəməlisiniz. Bu hüquqa və qanunlara zidd addımdır. Nə üçün Azercellin onunla razılaşdırmadığı və müqavilədə nəzərdə tutulmayan hansısa qaydalarından asılı olmayıb?! Belə çıxır ki, qaydalarından asılı olmayıldı?! Belə çıxır ki, gündə bir qayda müəyyən edib ondan əlavə pul ala bilərlər? Belə ki, 10.05.2021-ci il tarixdə istifadəsində olan ********** mobil nömrəyə qoşulmuş asan imza xidmətin aylıq abunə haqqı olan 2.5 manatı ödəməyimə baxmayaraq xidmətin aktivləşmədiyini müəyyən etdikdən sonra saat 07.36 radələrində cavabdehin müştəri xidmətlərinə aid olan 012 *** ** ** mobil nömrəsi ilə əlaqə saxladım və 9 dəqiqə 12 saniyə baş tutan telefon danışığında operator bildirdi ki, o digər xidmətlərə qoşulduğu üçün sizdən pul tutulur. Halbuki o heç vaxt digər xidmətlərə qoşulmamışdır. Hesab edir bu cavabdehin təqsiri ucbatından baş verib. Baş tutmuş telefon danışığından sonra ona aşağıdakı kimi smslər gəldi: LikemeChatxidmetini deaktiv etmek uchun 4050 nomresine STOP gonderin (odenissizdir). Xidməti dayandırmaq ucun stop sozu 3344 nomresine gonderilmelidir (odenissizdir) LikemeChat xidmetini deaktiv etmek uchun 4050 nomresine STOP gonderin (odenissizdir). Mən heç vaxt bu xidmətə qoşulmamışdır. Bundan başqa müştəri xidmətləri ilə 9 dəqiqə 12 saniyə baş tutan telefon danışığından sonra ona aşağıdakı kimi sms gəldi: Tel.: 6067 - ilk 1 deqiqe pulsuz, sonraki her 1 deqiqe 0,02 AZN (EDV xaric); İş rejimi Bazar ertesi - Bazar: 09:00 - 21:00 Cavabdeh ona biznes paketi danışıq dəqiqələri verməsinə baxmayaraq birtərəfli qaydada əlavə xidmət açaraq 2-ci dəqiqə də daxil olmaqla hər dəqiqəsi üçün 2 qəpik, cəmi 17 qəpik pul tutmuşdur. Bu isə tamamilə müqavilə tərəfi ilə razılaşdırılmadığı halda pulun tutulmasıdır. Cavabdehin bu hərəkətləri Mülki Məcəllənin müqavilələr bağlı normalarına və mülkihüquqi anlamda müqavilələrin ruhuna tamamilə ziddir. Göründüyü kimi Mülki Məcəllə yalnız bir halda müqavilə şərtlərinin bir tərəfli qaydada dəyişdirilməsinə icazə verir. Həmin hal isə onları arasındakı münasibətlərdə mövcud olmayıb. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu normaları nəzərə almalı olduğu halda bunu etməmiş, maddi hüquq düzgün tətbiq etməmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, İddiaçı baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Halbuki, prosessdən əvvəl elektron qaydada ərizə (qoşmaya əlavə olunur) ilə müraciət edərək, bildirmişdir ki, 12.08.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edə bilməyəck, çünki hazırda Nərimanov Məhkəməsində iclası var və iclasın təxirə salasını xahiş etmişdir. Göründüyü kimi o, öz vəzifəsini yerinə yetirərək məhkəməyə əvvəlcədən məlumat vermiş, ancaq məhkəmə qətnamədə hər hansı məlumat vermədiyini bildirmiş və MPM-in 185.4-cü maddəsinə istinad edərək işə iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəməyə bildirdiyi səbəb hər bir halda üzrlü səbəb kimi sayılmalı idi. Çünki başqa bir məhkəmədə vəkil kimi iştirak etməli idi. Məhkəmə elektron qaydada verdiyi ərizəni nəzərə almayaraq, onun iştirakı olmadan iclas keçirməsi və yekun məhkəmə aktı qəbul etməsi onun prosessual hüquqlarının kobud şəkildə pozulmasıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Eminov Fuad Fərhad oğlu apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatın dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3265/2021 saylı işi üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 12.04.2021-ci il tarixli, 050 261 34 49 mobil nömrəsi üzrə “kredit limit məbləğinin abonent istəyi ilə dəyişdirilməsi forması”na əsasən görünür ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-yə müraciət etmiş, kredit limitinin sıfırlanmasını və ya 30 manat məbləğinədək azaldılmasını xahiş etmişdir. İş materiallarında olan 25.02.2021-ci il tarixli, ********* nömrəli müqaviləyə əsasən görünür ki, abunəçi İddiaçı “Biznesim 30” tarifinə qoşulmuşdur. İş materillarında olan 25.02.2021-ci il tarixli “korporativ paketlərinə və tarif planlarına qoşulma formu”na əsasən görünür ki, 050 261 34 49 mobil nömrəsi üzrə “Biznesim 30” tarifi cari fakturadan etibarən aktiv edilmişdir. İş materiallarında olan 17.05.2021-ci il tarixli GSM Fakturasına əsasən görünür ki, iddiaçı 30,26 manat avans ödəmiş, son ödəmə tarixi isə 19.04.2021-ci il olmuşdur. İş materiallarında olan 17.05.2021-ci il tarixli GSM Fakturasına əsasən görünür ki, iddiaçı 31 manat avans ödəmiş, son ödəmə tarixi isə 19.05.2021-ci il olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş çıxarışa əsasən görünür ki, 050 270 85 88 mobil telefon nömrəsi üzrə LikemeChat xidmətinə qoşulmuş, VİP status alınmışdır. Qoşulma haqqı günlük 0,35 qəpik müəyyən edilmişdir. 12.12.2020-ci il tarixdə xidmətə abunə olunmuş, 18.05.2021-ci il tarixdə abunəlik ləğv edilmişdir . Məlumatlara əsasən abunəçi bilərək xidmətin açılış səhifəsinə daxil olub, qaydalar və qiymətlər ilə tanış olmaq üçü kifayət qədər vaxt orda qalıb, bundan sonra “Təsdiqlə” düyməsinə klik edərək xidmətdən istifadə etmək üçün razılığını bildirmişdir. Əməliyyatlar Redmi Note 8 markalı telefon vasitəsilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsi ilə Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər öz əksini tapmışdır. Həmin Qanunun 40.7.-cü maddəsinə əsasən "Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.". Həmçinin də, Abunə Müqaviləsinin şərtləri tətbiq edilməmişdən əvvəl, "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası İqtisadi İnkişaf və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarını Müdafiəsi Dövlət Xidmətindən də müvafiq rəy alınır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, Cavabdeh MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş sübutlarla iddiaçının LikemeChat xidmətindən istifadə etməsi öz təsdiqini tapır. Çıxarışa əsasən görünür ki, iddiaçı tətbiqdən istifadə şərtləri və xərclərlə tanış olmuş, daha sonra qəbul etmişdir. Cavabdeh MMC-nin əsassız şəkildə iddiaçıdan pul tutması, əsassız şəkildə xidmət haqqı üçün ödəniş çıxılması faktları aşkar edilməmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya xidmət göstərməyi, iddiaçı isə göstərilən xidmət üçün müəyyən məbləğdə xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərə alarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Göründüyü kimi, iddia tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. İddiaçı iddia tələbinin və digər törəmə tələblərin yaranmasını təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə əsaslandığı sübutlar mötəbər hesab edilmir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası İddiaçı 10.000 (on min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3265/2021 saylı işi üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3265/2021 saylı işi üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11670/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11670/2021
15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver