Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-117/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi X3, cavabdehin vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 177,8 kv.m qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1ından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının "xxxx" MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, onun xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1ından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra sənədi xx.xx.2012-ci ildə Nizami Rayon İcra şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar-bildiriş borclu "xxxx" MMC-yə və onun direktoru Cavabdeh göndərilmiş, xx.xx.2013-cü il tarixdə icra sənədi tam şəkildə icra olunmuş və Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə icra işinin icraatına xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin 8(007)- 542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523 saylı, xx.xx.2011ci il tarixli icra sənədi üzrə icraat təzələnmiş, həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə yenidən icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borclunun poçt ünvanına göndərilmişdir. xx.xx.2017-ci il tarixdə tələbkar ərizə ilə müraciət edərək müalicə alması ilə əlaqədar icra sənədinin icrasının 2017-ci ilin sentyabr ayına kimi dayandırılmasını xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə icra təyin olunmuş, icra zamanı giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkar İddiaçı verilmiş, lakin həmin ünvandan istifadə qaydalarını müəyyən etmək üçün mütəxəssis rəyinə ehtiyac olduğundan icra sənədinin icrası müvəqqəti təxirə salınmışdır. Mütəxəssisin dəvət olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası ƏM DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin direktoru Cavabdeh mütəxəssisin baxış keçirməsinə icazə vermədiyi üçün icra sənədinin icrası baş tutmamış və bu barədə müvafiq akt tərtib edilərək icra işinə əlavə edilmişdir. xx.xx.2018-ci il tarixdə borclu Cavabdeh şöbəyə dəvət olunmuş, icra sənədi ilə bağlı izahatı alınmış, icra sənədini icra etmədiyi üçün xx.xx.2018-ci il tarixdə barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(007)-595 saylı, xx.xx.2018-ci il tarixli qərarı il borclu 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixə icra təyin olunmuş, həmin tarixdə akt tərtib olunaraq icra vərəqəsi icra olunmuş və giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkara təhvil verilmiş, lakin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədi icra olunandan dərhal sonra Cavabdeh onun içəri daxil olmasına maneçilik yaratdığını bildirmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra icra sənədi üzrə borclu Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması üçün xx.xx.2019-cu il tarixli təqdimat icra baş idarəsinə göndərilmiş, borclunun hərəkətlərində qərəz aşkar edilmədiyindən təqdimat baxılmadan geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh icra sənədinin icrası ilə bağlı darvazanın girişçıxış açarının təqdim edilməsi ilə bağlı bildiriş göndərilmiş, həmin tarixdən sonra "xxxx" MMC-nin direktoru giriş-çıxış açarının bir nüsxəsini şöbəyə təqdim etmiş, bu barədə tələbkara məlumat verilmişdir.
2. Həmçinin, İddiaçı “X16 Azerbaijan” MMC ilə ararlarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında özünə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 177,8 kv.m olan qeyri-yaşayış sahəsini aylıq 2000 manat icarə haqqı olmaqla, 11 ay müddətinə sonuncuya icarəyə vermişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 192.000 manat məbləğində maddi və 30.000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin hal-hazıradək cavabdehlər tərəfindən icra edilməmişdir. Bir dəfə qanunsuz olaraq icra sənədi üzrə icraata xitam verilmiş, sonradan onun şikayəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və hal-hazırda da icra şöbəsinin icraatındadır. Cavabdeh tərəf dəfələrlə ona açar veriləndən sonra darvazanı və ya açarı dəyişərək onun obyektdən istifadəsinə tam mane olmuş, cavabdehin maneçiliyi xx.xx.2018-ci il tarixli aktla və inzibati cərimə barədə xx.xx.2018-ci il tarixli qərarla da təsdiq edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixdən sonra ona açarın verilməsi barədə izahatı isə tamamilə yalandır, nə cavabdeh, nə də icra məmuru həmin tarixdən sonra ona açar verməmişdir. Nəticədə cavabdehlərin icra sənədini icra etməməsi və maneçiliyi nəticəsində öz əmlakından istifadə edə və ondan gəlir götürə bilməmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən ona məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini aylıq 2000 manata icarəyə verməklə gəlir əldə etmək məqsədi ilə xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərində icarəyə götürən şəxslərlə icarə müqaviləsi bağlamışdır. Lakin cavabdehlər tərəfindən yaradılan maneçiliyə görə icarəçilər ona məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini işlədə bilmir və bu səbəbdən müqaviləni pozaraq gedirlər. Sonuncu müqavilə üzrə ona cəmi iki aylıq ödəniş edilmiş, ona görə də iddia tələbinin həcmini azaltmışdır. Sonuncu icarəçi ilə bağlanmış müqaviləni pozmağa da cavabdeh onun balonlarını çölə tökərək məcbur etmiş, icarəçinin fəaliyyətinə hər cür maneçilik yaratmışdır. Beləliklə, öz qeyri-yaşayış sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneçilik nəticəsində ona xx.xx.2011-ci il tarixdən başlamaqla hər ay 2000 manat məbləğində əldən çıxmış fayda qismində maddi ziyan dəymişdir. Həmçinin, ona mənəvi ziyan dəymişdir.
5. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 18.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sübutlar arasında notarial qaydada bağlanmış 23 avqust 2019-cu il tarixli icarə müqaviləsinin mövcudluğu, həmçinin həmin müqavilənin qanuni olduğunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsi ilə müəyyən edilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qeyd olunan on bir aylıq müqavilə müddəti ərzində icarəyə verilməklə iddiaçının aylıq iki min manat gəlir əldə etmək imkanına malik olduğunu birmənalı olaraq təsdiq edir. Ona görə də iddiaçı həmin müqavilə müddəti üzrə məhrum olduğu (11- 2=9) aylıq icarə haqqı məbləğində pulu əldən çıxmış fayda qismində cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsindən faktiki istifadə imkanı Bakı Apellyasiya Məhkəməsinin 2(007)- 4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən və hazırda həmin qətnamə üzrə icra prosesi yekunlaşmadığından, eyni zamanda qətnamənin icra edilməməsinə görə cavabdeh tərəf məhkəmə qərarı ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edildiyindən, qeyd olunan məbləğin (9x2000=18.000 manat) əldən çıxmış fayda qismində cavabdehlərdən tutulması əsaslıdır. Məhkəmə həmçinin, qeyd etmişdir ki, əldən çıxmış fayda qismində maddi zərər tələbi üzrə təqdim edilmiş xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il tarixli müqavilələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, daşınmaz əmlakın on bir aydan artıq icarəsi ilə bağlı olan həmin müqavilələr notarial qaydada bağlanmamış və dövlət qeydiyyatına alınmamış, həmin müqavilələrin bağlandığı tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin 2(007)- 4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi ümumiyyətlə icra şöbəsinin icraatında olmamış, habelə müqavilələr adi yazılı formada eyni fiziki şəxslə bağlanmaqla formal xarakter daşımışdır (çünki ilk icarə müqaviləsinin icrasının mümkünsüzlüyünü görən şəxsin yenidən iki dəfə eyni məzmunlu müqaviləni bağlaması şübhə doğurur). Məhkəmə iddiaçının mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etmədiyinə əsaslanaraq mənəvi zərər tələbini rədd etmişdir.
7. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin rədd olunması hissəsində ləğv edilərək, həmin hissədə iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni maddi hüquq norması ilə əsaslandırmayıb. Qətnamə cavabdehin nümayəndəsinin izahatları ilə əsaslandırılıb və sanki onun müdafiəçisi mövqeyini tutub.
10. Cavabdehlər də apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X16 AZERBAYCAN” MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış həmin müqavilə üzrə tərəf olmayıblar, həmin müqavilə üzrə hər hansı öhdəlik götürməyiblər. İcra sənədi üzrə icra prosesinin yekunlaşmaması, icra sənədinin icrada olduğu müddətdə inzibati məsuliyyətə cəlb edildiyi iddiaçının tələb etdiyi əldən çıxmış fayda kimi qəbul edilən məbləğin onlardan tutulmalı olduğuna dair işdə sübutlar yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun şikayətinin təmin, cavabdehlərin şikayətlərinin rədd edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkilləri iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin şikayətinin təmin edilməsini xahiş etdilər.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verildiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
29. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə düzgün olmamışdır.
30. Belə ki, məhkəmə iddianı həmin hissədə təmin edərkən iddiaçı ilə "xxxx" MMC ilə 23 avqust 2019-cu ildə bağlanmış müqavilə üzrə iddiaçının 2 ay müdətində icarə haqqı aldıqdan sonra, növbəti 9 ay ərzində ala bilmədiyi icarə haqqını əldən çıxmış fayda kimi tələb etməkdə haqlı olduğuna istinad etmişdir.
31. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini düzgün hesab etmir.
32. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı 01 iyul 2011-ci ildən hesablanmaqla, 98 ay üçün əldən çıxmış faydanı tələb etmiş və iddia tələbi ilə məhkəməyə 27 sentyabr 2019-cu il tarixdə müraciət etmişdir. Deməli, iddiaçının tələbi xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (98 ay) olan müddətlə bağlı olmuşdur.
33. Birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2019-cu il tarixli müqavilə isə 11 ay müddətinə bağlanmaqla, xx.xx.2020-ci il tarixdək olan müddəti əhatə etmişdir.
34. Lakin birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamış, həmin müqaviləyə istinad etməklə iddia tələbi ilə əhatə olunmayan müddət üçün (xx.xx.2019 xx.xx.2019) dəymiş ziyanın tutulması ilə bağlı qətnamə qəbul etmişdir.
35. Bununla da, məhkəmə iddia tələblərindən kənara çıxmış və Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur.
36. Bundan başqa, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, İddiaçı "xxxx" MMC arasında həmin müavilədən doğan öhdəliklərlə bağlı mülki mübahisə mövcuddur və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə müqavilə üzrə ödənilməli olan 18.000 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir.
37. Göründüyü kimi, həmin müqavilənin əhatə etdiyi müddət ərzində cavabdeh Cavanşır Talıbov tərəfindən İddiaçı əmlakından istifadə etməklə bağlı hər hansı maneələrin yaradılması müəyyən edilməmiş, əksinə İddiaçı özunə aid qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etmişdir.
38. Qeyd edilənlərlə yanaşı kollegiya iddianın təmin edilməyən digər hissəsi ilə bağlı gəldiyi nəticəni də işin hallarına uyğun hesab etmir.
39. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan 177,8 kv.m qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1ından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının "xxxx" MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, onun xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə girişçıxış yolu olan ünvan 1ından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir.
40. Qətnamə icraya yönəldilmiş, icra sənədi tam şəkildə icra olunmuş və xx.xx.2013-cü il tarixdə icra işinin icraatına xitam verilmişdir.
41. Bundan bir neçə il sonra, yəni xx.xx.2016-cı il tarixdə İddiaçı müraciəti əsasında icra icraatına xitam verilməsi barədə qərardad ləğv edilmiş və həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə yenidən icraya yönəldilmiş, xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh icra sənədinin icrası ilə bağlı darvazanın giriş-çıxış açarının bir nüsxəsini icra şöbəsinə təqdim etmiş təqdim etmiş, bu barədə tələbkara məlumat verilmişdir.
42. Həmçinin müəyyən edilir ki, qeyd edilən müddət ərzində İddiaçı onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etməmişdir.
43. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlərin icra sənədini icra etməməsi və maneçiliyi nəticəsində öz əmlakından istifadə edə və ondan gəlir götürə bilmədiyinə görə əldən çıxmış faydanın ödənilməsi barədədir.
45. Kollegiya ilkin olaraq cavabdehlərin iddiaçıya məxsus əmlakdan istifadəsinə maneə yaradıb-yaratmamasına aşağıdakı hüquqi qiyməti verir.
46. İddiaçı tələbini cavabdehlərin icra sənədini icra etməməklə, ona məxsus qeyriyaşayış sahəsinə giriş-çıxışına maneə yaratması ilə əsaslandırmış və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
48. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Mülki Məcəllənin 21.2-ci maddəsindən müəyyən olunur ki, əldən çıxmış fayda zərərin tərkib hissəsidir.
50. Zərərin əvəzinin ödənilməsi mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir.
51. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər.
52. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır.
53. Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiya şərtlərinə görə əldən çıxmış faydanın tələb olunması üçün şəxs birinci növbədə ona zərər vurulduğunu, həmçinin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində gəlirlər əldə edəcəyini sübuta yetirməlidir.
54. Kollegiya nəzərə alır ki, hazırkı mübahisə üzrə tələbin əsaslılığına qiymət vermək üçün ilk növbədə cavabdehlərin hüquqa zidd hərəkətlərinin nədə ifadə olunması, həmin hərəkətlər nəticəsində iddiaçıya zərər vurub-vurulmadığı araşdırılmalıdır.
55. İddiaçı iddia edir ki, özünə məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini aylıq 2000 manata icarəyə verməklə gəlir əldə etmək üçün xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərində icarəyə götürən şəxslərlə icarə müqaviləsi bağlamışdır. Lakin cavabdehlər tərəfindən yaradılan maneçiliyə görə icarəçilər ona məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini işlədə bilmirlər və bu səbəbdən müqaviləni pozaraq gedirlər. Ona görə də, xx.xx.2011-ci il tarixdən başlamaqla hər ay 2.000 manat məbləğində əldən çıxmış fayda qismində maddi ziyan ona ödənilməlidir.
56. Cavabdehlər isə iddianı qəbul etməyərək iddiaçının ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin hələ 2011-ci ildən yararsız vəziyyətdə olduğunu, həmin sahənin əsaslı təmir edilmədən icarəyə verilməsinin mümkün olmadığını, bu faktın Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4523/2011 saylı, 18 noyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunduğunu, həmçinin iddiaçının hazırkı iş üzrə tələb etdiyi vəsaiti eyni əsaslarla “X16 Azerbaijan” MMC-dən də tələb etdiyini, həmin işin apellyasiya baxışında olduğunu bildirmişlər.
57. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC və həmin MMC-nin direktoru Cavabdeh qarşı mülkiyyət hüququna yaradılan maneələrin və müdaxilənin qanunsuz hesab edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Nizami rayon Məhkəməsinin 31 may 2011-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında işə yuxarı instansiya məhkəməsində baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4523/2011 saylı, 18 noyabr 2011-ci il tarixli qətnaməsi ilə birinci instansya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmuşdur.
58. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin məzmunundan görünür ki, həmin işə baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, həmin qeyri-yaşayış sahəsinin yararsız vəziyyətdə olduğu, həmin sahənin əsaslı təmir edilmədən icarəyə verilməsinin mümkün olmadığı müəyyən edilmişdir.
59. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
60. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
61. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
62. Məhz bu prinsipi əsas götürərək Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə 2011-ci ildə mübahisəli qeyri-yaşayış sahəsinin faktiki olaraq yararsız vəziyyətdə olduğu, həmin sahənin əsaslı təmir edilmədən icarəyə verilməsinin mümkün olmadığına hüquqi qiymət verilmişdir.
63. Məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
64. Həmin qətnamə qəbul edildikdən sonra onun xx.xx.2013-cü il tarixdə icra edilməsinədək keçən müddət ərzində iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsinin təmir edilməsi iş materialları ilə təsdiq olunmur.
65. Bu isə o anlama gəlir ki, mübahisəli qeyri-yaşayış sahəsi qətnamənin icra edildiyi tarixədək istifadəyə yararsız vəziyyətdə olduğundan, onun icarəyə verilərək gəlir əldə edilməsi də mümkünsüz olmuşdur.
66. Deməli, həmin müddət ərzində iddiaçının ona məxsus olan yaşayış sahəsindən təyinatı üzrə istifadə edə bilməməsi cavabdehlərin ona maneçilik yaratması ilə deyil, həmin sahənin istifadə üçün yararsız vəziyyətdə olması ilə bağlı olmuşdur.
67. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsi xx.xx.2013-cü ildə icra sənədinin icra edilməsi ilə əlaqədar ona təhvil verilmiş, iddiaçı yalnız xx.xx.2016-cı ildə həmin sahədən istifadə etməsinə maneələr yaradılması ilə əlaqədar icra sənədinin yenidən icraya yönəldilməsi ilə əlaqədar müraciət etmiş, bu müddət ərzində həmin qeyri-yaşayış sahəsi iddiaçının öz istifadəsində olmuşdur.
68. Hazırda iddiaçı həmin müddət ərzində də cavabdeh və onun əməkdaşları tərəfindən ona öz əmlakından istifadə etməsi ilə bağlı maneələr yaradıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
69. Bununla yanaşı, iddiaçı həmin müddət ərzində qeyri-yaşayış sahəsində təmir işıəri apardığını, dam örtüyünü dəyişdiyini və oranı istifadə üçün yararlı vəziyyətə gətirdiyini bildirmişdir. Qeyd edilənlər bir daha sübut edir ki, iddiaçı həmin müddət ərzində əmlakından maneəsiz şəkildə istifadə etmək imkanına malik olmuşdur.
70. Göstərilənlərə əsasən kollegiya iddiaçının həmin müddət ərzində cavabdelərin ona əmlakdan istifadə etməsinə maneələr yaratmaqla onu gəlir əldə etmək imkanından məhrum etməsinə dair dəlillərini əsassız hesab edir.
71. Göstərilənlərlə yanaşı, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə icra işinin icraatına xitam verilməsinə dair qərardad ləğv edildilmiş və icra sənədinin icrası üzrə hərəkətlərin davam etdirilməsi qərara alınmış, buna səbəb isə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneələr yaratması olmuşdur.
72. Həmçinin müəyyən edilir ki, həmin icra sənədi üzrə icraat təzələndikdən sonra Cavabdeh uzun müddət ərzində icra hərəkətlərinin həyata keçirilməsinə mane olmuş, hətta bununla bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Bu cür maneələr xx.xx.2019-cu il tarixədək davam etmiş, həmin tarixdə Cavabdeh mübahisəli əmlakın yerləşdiyi həyətə giriş darvazasının açarını icra orqanına təhvil vermişdir.
73. Deməli, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının özünə məxsus olan əmlakdan istifadə etmək imkanından məhrum olması öz təsdiqini tapır.
74. Belə olan halda, həmin müddət ərzində iddiaçının əmlakdan istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda şəkilində maddi ziyan çəkməsi və bu ziyanın məbləği müəyyən edilməlidir.
75. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı öz tələbinin faktiki əsası kimi digər hallarla yanaşı, özünün digər şəxslərlə bağlamış olduğu icarə müqavilələrinə istinad etmişdir. Həmin müqavilələrin məzmunundan görünür ki, iddiaçı özünə məxsus qeyriyaşayış sahəsini 2011-ci, 2013-cü və 2016-cı illərdə X9 adlı şəxsə 2000 manat aylıq icarə haqqı olmaqla, icarəyə vermişdir.
76. Kollegiya bu müqavilələrə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin müqavilələr hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmış və formal xarakter daşımışdır. Belə ki, eyni şəxsin 2011-ci ildə bağlamış olduğu müqavilə üzrə bir gün də olsa, istifadə edə bilmədiyi qeyri-yaşayış sahəsinə dair sonradan 2013-cü və 2016-cı illərdə də icarə müqavilə bağlaması ağlabatan deyildir. Bundan başqa, həmin müqavilələrin sadə yazılı formada bağlanması və notarial qaydada təsdiq edilməməsi, həmçinin icarəçinin bu müqavilələrin icrası edilməsi və icarəyə götürdüyü sahənin ona təhvil verilməsi ilə bağlı hər hansı tədbir görməməsi bu müqavilələrin formal olaraq tərtib edildiyini bir daha təsdiq edir.
77. Bununla yanaşı kollegiya qeyd edir ki, qeyd edilən müqavilələrin formal xarakterli olması və iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi özü-özlüyündə iddiaçının özünə məxsus olan əmlakı icarəyə verərək gəlir əldə etmək niyyətinin olmaması kimi qiymətləndirilməməlidir.
78. Belə ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan əmlakın qeyri-yaşayış sahəsidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuşdur. Həmin əmlakın yerləşdiyi ərazidə cavabdehə məxsus oxşar sahələrin də mövcud olması və cavabdehin həmin sahələri icarəyə verərək gəlir əldə etməsi onu deməyə əsas verir ki, iddiaçının da eyni qaydada öz əmlakına maneəsiz sahiblik edəcəyi təqdirdə, oranı icarəyə verərək gəlir əldə edə bilərdi. İddiaçının özünə aid sahəni 2019-cu ildə icarəyə verərək gəlir əldə etməsi də bunu bir daha təsdiq edir.
79. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(007)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrasına xx.xx.2016-cı ildə icra sənədinin təkrar icraya yönəldildiyi tarixdən həmin sahənin giriş darvazasının açarını icra orqanına təhvil verildiyi xx.xx.2019-cu il tarixədək olan müddət ərzində mane olmaqla, İddiaçı öz mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə edərək gəlir əldə etmək imkanından məhrum etmişdir.
80. Bu nəticəyə gələrkən kollegiya nəzərə alır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh qətnamənin icrası ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, mübahisəli əraziyə giriş darvazasaının açarını icra orqanına təhvil vermişdir. Bu barədə icra orqanı tərəfindən İddiaçı məlumat da verilmişdir. Bundan qısa müddət sonra isə İddiaçı mübahisəli sahəni "xxxx" MMC-yə icarəyə vermişdir.
81. Belə olan halda, xx.xx.2019-cu il tarixdən sonrakı müddət ərzində Cavabdeh iddiaçıya öz əmlakından istifadə etməklə bağlı maneələr yaratmasına dair dəlilləri əsaslı hesab edilə bilməz.
82. Məhkəmə kollegiyası xx.xx.2016-cı ildə icra sənədinin təkrar icraya yönəldildiyi tarixdən həmin sahənin giriş darvazasının açarının icra orqanına təhvil verildiyi xx.xx.2019-cu il tarixədək olan müddət ərzində iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı mübahisəli qeyri-yaşayış sahəsinin X9 adlı şəxsə 2000 manat aylıq icarə haqqı ilə icarəyə verilməsinə dair 2011-ci, 2013-cü və 2016cı illərə aid müqavilələrə istinad etmiş, kollegiya həmin müqavilələri mötəbər sübut kimi qəbul etməmişdir. Bu səbəbdən göstərilən müddət ərzində dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün mübahisəli əmlakın müvafiq qaydada qiymətləndirilməsinə zərurət yaranmışdır.
83. İş üzrə tərəflərin öz təşəbbüsü ilə, həmçinin, məhkəmənin təyin etdiyi qiymətləndirici təşkilatlar tərəfindən müxtəlif rəylər təqdim olunmuşdur.
84. Apellyasiya baxışı zamanı rəyi alınmış “X1 Company” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin 2016-cı il üçün aylıq icarə haqqı 1200 manat olmaqla, cəmi 14400 manat; 2017-ci il üçün aylıq icarə haqqı 1500 manat olmaqla, cəmi 18000 manat; 2018 və 2019-cu illər üçün aylıq icarə haqqı 2000 manat olmaqla, hər il üçün cəmi 24000 manat təşkil edir.
85. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsinin 2016-cı il üçün bir aylıq icarə haqqı 1300 manat olmaqla, cəmi 15.600 manat; 2017-ci il üçün aylıq icarə haqqı 1600 manat olmaqla, cəmi 19.200 manat; 2018 və 2019-cu illər üçün aylıq icarə haqqı 2000 manat olmaqla, hər il üçün cəmi 24000 manat təşkil edir.
86. Apellyasiya baxışı zamanı rəyi alınmış "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin 2016-cı il üçün aylıq icarə haqqı 1370 manat; 2017-ci il üçün 1450 manat, 2018ci il üçün 1450 manat, 2019-cu il üçün 970 manat təşkil edir.
87. Kollegiya ayrı-ayrı qiymətləndirici şirkətlər tərəfindən təqdim olunmuş rəyləri işin hallarına uyğun, eləcə də real rəqəmlər hesab etmir. Belə ki, həmin rəylər verilərkən illər üzrə təmirin hansı vəziyyətdə olması nəzərə alınmamış, habelə bunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qiymətləndirmə aparılarkən, əsasən mübahisəli əmlakın yerləşdiyi əraziyə yaxın ərazilərdə yerləşən məlumat bazası əsasında aparılmışdır. Bundan başqa, həmin qiymətləndirmə rəylərindən görünür ki, qiymətləndirici mütəxəssislər bir qayda olaraq, əmlak alqı-satqısı və icarəsi ilə bağlı internet saytlarında olan məlumatlara istinad etmiş, bu zaman həmin əmlakların real icarə qiymətlərini deyil, yalnız icarəyə verən tərəfindən təklif edilən qiymətləri nəzərə almışdır. Həmçinin, qeyd edilən saytlarda əmlakların mövcud dövrdəki qiymətləri əks olunur ki, bu da əvvəlki illər üzrə qiymətlərin nə qədər olmasını müəyyən etməyə imkan vermir.
88. Halbuki, iş materiallarında iddiaçıya məxsus qeyri yaşayış sahəsi ilə eyni həyətdə yerləşən və Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müxtəlif şəxslərə icarəyə verilməsi barədə real icarə müqavilələri mövcuddur və bu müqavilələr iddianın əsaslı hesab edildiyi 2016-2019-cu illəri əhatə edir.
89. Kollegiya hesab edir ki, həm iddiaçıya, həm də cavabdehə məxsus qeyri-yaşayış sahələri eyni həyətdə yerləşdiyindən, iddiaçıya məxsus əmlakın aylıq icarə haqqının cavabdehə aid sahələrin icarəyə verilməsinə dair müqavilələrdə müəyyən edilmiş icarə haqları əsasında müəyyən edilməsi daha real və ağlabatandır.
90. Belə ki, işdə olan "xxxx" MMC-nin adından Cavabdeh ilə "xxxx" MMC-nin adından X10 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 400 kv.m sahəni aylıq 500 manata icarəyə vermişdir (iş vərəqi 2-ci cild, səh.177).
91. İşdə olan "xxxx" MMC-nin adından Cavabdeh ilə “X16 Azerbaijan ” MMC-nin adından X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 300 kv.m sahəni aylıq 450 manata icarəyə vermişdir (iş vərəqi 2-ci cild, səh.178).
92. İşdə olan "xxxx" MMC-nin adından Cavabdeh ilə “X16 Azerbaijan ” MMC-nin adından X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 300 kv.m sahəni aylıq 1500 manata icarəyə vermişdir (iş vərəqi 2-ci cild, səh.179).
93. Kollegiya icarə müqavilələrində müəyyən edilmiş qiymətləri daha real, mötəbər və işin hallarına uyğun hesab edir və qiymətləndirmə hesabatlarınbda istifadə edilmiş metodikaya uyğun olaraq, qeyri-yaşayış sahəsinin 1 kv.m-nin aylıq icarə haqqının qiymətini tapmaq üçün aşağıdakı hesablamanı aparır. 2016-cı il üçün 400 kv.m x 500 AZN (1kv.m – 1,25 AZN). 2018-ci il üçün 300 kv.m x 450 AZN (1kv.m – 1,50 AZN). 2019-cu il üçün 300 kv.m x 1500 AZN (1kv.m – 5 AZN).
94. İddiaçının mülkiyyətində olan sahənin 177,8 kv.m olduğu, cavabdeh tərəfindən yaradılmış maneələrin 2016-cı ilin iyun ayından 2019-cu ilin may ayınadək olan dövrü əhatə etdiyi nəzərə alınarsa, illik icarə haqqı 2016-cı il üçün (177,8 kv.m x 1,25 AZN x 6 ay) 1333,5 manat, 2017-ci il üçün (177,8 kv.m x 1,25 AZN x 12 ay) 2667 manat, 2018-ci il üçün (177,8 kv.m x 1,50 AZN x12 ay) 3200,4 manat, 2019-cu il üçün (177,8 kv.m x 5 AZN x 5 ay) 4445 manat, cəmi 11645,9 manat təşkil edir.
95. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddia tələbi cavabdeh Cavanşıir Talıbovdan İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 11645 manat pulun tutulmasına dair hissədə əsaslı olmuşdur.
96. Lakin mübahisəni həll etmiş birinci instansiya məhkəməsi işin yuxarıda təsvir edilən hallarını nəzərə almamışdır.
97. İddiaçının mənəvi zərərin tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz əmlakına giriş çıxışına yaradılan maneələrin aradan qaldırılmasına dair icra sənədinin icrasının cavabdehin hüquqazidd hərəkətləri səbəbindən gecikdirilməsi nəticəsində iddiaçı özünə məxsus əmlakdan istifadədən və gəlir əldə etməkdən məhrum olmuş, bu maneələr uzun müddət (bir neçə il) ərzində davam etmiş, tərəflər arasında yeni məhkəmə çəkişmələrinə səbəb olmuşdur.
98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.
100. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
101. Yuxarıda qeyd olunduğu kimi, hazırki işdə bu səbəbli əlaqə vardır.
102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
103. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
104. Həmin qərarın 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
105. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
106. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
107. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
108. Kollegiya hesab edir ki, İddiaçı öz əmlakına dair Konstitusion hüquqlarını Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində uzun illər ərzində həyata keçirə bilməməsi onun şüurunda inamsızlıq, məyusluq, narahatlıq kimi mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu səbəbdən onun cavabdehə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddiası əsaslı hesab edilməlidir.
109. Göstərilənlərlə yanaşı kollegiya mənəvi ziyanın əvəzi olaraq tələb olunan 30.000 manatı işin həqiqi halları və tərəflərin münasibətlərinin xarakteri baxımından düzgün hesab etmir və bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat pul tutulmalıdır.
110. Kollegiya iddia tələbinin iş üzrə digər cavabdeh olan "xxxx" MMC-yə münasibətdə qismən təmin edilməsini də işin hallarına uyğun hesab etmir.
111. Belə ki, hazırkı işin araşdırılması zamanı cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı öz əmlakından istifadə etməsi ilə bağlı hər hansı maneələrin yaradılması iş materialları ilə sübuta yetməmişdir.
112. Üstəlik, İddiaçı həm iddia ərizəsində, həm də məhkəməyə verdiyi izahatlarda əmlakdan istifadə etməsi ilə bağlı maneələrin Cavabdeh tərəfindən yaradıldığını bildirmiş, "xxxx" MMC-nin hər hansı hüquqa zidd hərəkəti ilə bağlı məlumat verməmişdir.
113. Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbi "xxxx" MMC-yə münasibətdə əsassız olmuşdur, lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, nəticədə MMC-yə münasibətdə iddianın qismən təmin edilməsi və MMC-dən iddiaçının xeyrinə pulun tutulması ilə bağlı səhv nəticəyə gəlmişdir.
114. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
115. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
116. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 11645 (on bir min altı yüz qırx beş) manat və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 manatın 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh tutularaq “X1 Company” MMC-nin hesabına (VÖEN:**********; Hesab nömrəsi: AZ61İ BAZ********************; Bank: ABB Şərifzadə filialı; VÖEN:**********; M/H: AZ03NABZ********************; Kod:805142, Swift: İBAZAZ2X) ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 250 manatın 125 manatı İddiaçı, 125 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.