Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1170/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1170/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümyəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2024 nömrəli 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə "xxxx"ASC arasında xx.xx.2015-ci il tarixli RP-00084-16/15A saylı kredit müqaviləsi bağlanılmış və bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 30% olmaqla 3526,65 manat kredit verilmişdir. İddiaçı imzaladığı xx.xx.2015-ci il tarixli RPZ-00084-16/15A saylı zaminlik müqaviləsi əsasında borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5824/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X3 və İddiaçı xx.xx.2015-ci il tarixli RP-00084-16/15A saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2.894,1 manat, ödənilmiş dövlət rüsumuna görə 20.40 manat olmaqla, cəmi 2.914,5 manat müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
3. İcra sənədi İddiaçı aid olan hissədə icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya göndərilmiş və borc onun əmək haqqına yönəlmişdir
4. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış və iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərə əsasən X1 əmək haqqından 2016-cı ilin dekabr ayında 121.00 manat, 2017-ci ilin yanvar ayında 121.00 manat, fevral ayında 121.00 manat və 34.57 manat, mart ayında 121.00 manat, aprel ayında 121.00 manat, may ayında 121.00 və 121.00 manat, iyun ayında 121.00 manat, iyul ayında 121.00 manat, 2018-ci ilin iyun ayında 181.50 manat, iyul ayında 181.50 manat, avqust ayında 181.50 manat, sentyabr ayında 181.50, noyabr ayında 363.00, dekabr ayında isə 181.50 və 136.13 manat olmaqla, cəmi 2530,20 məbləğində pul vəsaiti icra sənədi əsasında RP-00084-16/15A saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi məqsədi ilə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödəmiş olduğu 2299 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödədiyi 43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ödəmiş olduğu Xətai Rayon Məhkəməsinin 2(011)-8934/2018 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 3773,67 manat, 2(011)-5824/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə görə 2894,1 manat, 2(011)-12938/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 2839,90 manat məbləğində pul vəsaitinin və iddanın qaldırılması üçün ödədiyi 43 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bank BTB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Borclunun öhdəliyinin icrasının təmini kimi iddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən öhdəlik icra edilməmiş, bank Bakı şəhəri Xətai Rayon Məhkəməsində X4 və ondan müştərək qaydada 3753,27 manat məbləğində borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcra sənədi icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə yönəldilmiş, əsas borclunun əmək haqqı olmadığından tutma iddiaçının əmək haqqına yönəldilmişdir. Məhkəməyə təqdim edilmiş haqq hesab vərəqələrindən görünür ki, bankın xeyrinə ümumilikdə əmək haqqından 2299 manat məbləğində pul vəsaiti tutulmuşdur. Təqdim etdiyi icra məmurunun icra ödənişinin alınması haqqında 04 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı hər ay əmək haqqından 50% məbləğində pul tutulmaqla Bank BTB ASC-yə ödənilməlidir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 sentyabr 2024-cü il tarixli 2(011)-5091/2024 nömrəli qətnaməsi ilə (hakim Csahibə Hacıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 2530.2 manat məbləğində pul vəsaiti və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, zamin İddiaçı Məməmdhüseyn oğlu onunla birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. Zamin kreditorun tələbini ödədiyi həcmdə yerinə yetirmiş öhdəliyi əsas borcludan tələb edə bilər.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 385.1, 470.1, 472.1 və 475.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. İddiaçı ilə qohum olduğumdan aralarında olan razılaşmaya əsasən o iddiaçıya banka olan borcundan banka ödənilməsi üçün 2500 manat bir dəfəyə və ayrı ayrı vaxtlarda beş dəfəyə 100 manat olmaqla 500 manat olmaqla, 3000 manat pul vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutların mövcud olmadığını bildirdi.
15. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, hazırki iş üzrə üçüncü şəxs olan bank qarşısında cavabdehin öhdəliyi iddiaçının zaminliyi ilə təmin edilmişdir. Cavabdeh bank qarşısında öz öhdəliklərini icra etmədiyindən borc məbləği iddiaçının maaşından tutulmuşdur.
30. İş materiallarından, o cümlədən bank tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixindən xx.xx.2024-cü il tarixinədəkolan hesabdan çıxarışdan müəyyən edilir ki, X1 əmək haqqından 2016-cı ilin dekabr ayında 121.00 manat, 2017-ci ilin yanvar ayında 121.00 manat, fevral ayında 121.00 manat və 34.57 manat, mart ayında 121.00 manat, aprel ayında 121.00 manat, may ayında 121.00 və 121.00 manat, iyun ayında 121.00 manat, iyul ayında 121.00 manat, 2018-ci ilin iyun ayında 181.50 manat, iyul ayında 181.50 manat, avqust ayında 181.50 manat, sentyabr ayında 181.50, noyabr ayında 363.00, dekabr ayında isə 181.50 və 136.13 manat məbləğində pul vəsaiti icra sənədi əsasında məhz RP-00084-16/15A saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi məqsədi ilə tutulmuşdur.
31. Bundan əlavə hesabdan çıxarışda 2017-ci ilin iyun və aprel aylarında, 2016-cı ilin dekabr ayında iddiaçının əmək haqqından 121.00 manat məbləğində pulun tutulması görünməsə də, iddia ərizəsinə əlavə edilmiş haqq-hesab vərəqələrindən həmin məbləğdə pulun tutulması öz təsdiqini tapmış və birinci instansiya məhkəməsi də haqlı olaraq həmin məbləği də cavabdehdən tutmuşdur.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya qarşılıqlı razılıq əsasında hissə-hissə olmaqla, cəmi 3000 manat pul ödəməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, qeyd edilən ödəniş barədə də iddiaçı tərəfindən etiraf edilmədiyindən bu dəlil əsaslı hesab edilə bilməz.
33. Mülki Prosessual Məcəllənin tələbinə əsasən isə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Şikayətin digər dəlili olan – məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməməsi faktı iş materialları ilə inkar olunur. Belə ki, iş materiallarına əsasən cavabdehə məhkəmə bildirişləri, eləcə də, SMS bildirişlər çatdırılmışdır.
35. Bundan əlavə cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarında şəxsən iştirak etmişdir.
36. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5091/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.