Məhkəmə qərarları › İş №2(103)-11723/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11723/2021

09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11723/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil3, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahələrinə dair verilmiş orderlərin, aparılmış qeydiyyatın və çıxarışların etibarsız hesab olunması” və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 İddiaçı1 və İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 41 saylı notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-19 nömrəli 29 yanvar 2018-ci il tarixli və 4Ə-20 nömrəli 29 yanvar 2018-ci il tarixli alqısatqı müqavilələrinin, həmin müqavilələr əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli 05.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və RX seriyalı ******* nömrəli 05.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Zülayə və İddiaçı2(a)lar iddia tələblərini belə əsaslandırmışlar ki, Buzovna qəsəbəsində yerləşən 36 və 36A saylı bağ sahələri Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış müqavilələr əsasında onların istifadəsində olmuş, bağ sahələrindən 2018-ci ilə kimi istifadə etmiş, lakin 04.01.2018-ci il tarixdə tanımadıqları şəxslər bağ sahələrini zəbt etməyə çalışmış, məlum olmuşdur ki, onların istifadəsində olan bağ sahələri 36G və 36D saylı bağ kimi Cavabdeh3 və Cavabdeh4 adına dövlət reyestrində qeydə alınmış və sonradan Cavabdeh1 satılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş, iş üzrə 50 manat ekspertiza xərci iddiaçılara aid olunmuşdur. Həmin qətnamədən İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasın xahiş etmişlər. Digər tərəfdən, İddiaçı2 və İddiaçı1 Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, RX seriyalı ******* nömrəli, 08.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və RX seriyalı ******* nömrəli, 28.12.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ilə əlaqədar məhkəmə mübahisələri zamanı Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsinə dair RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı, RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verildiyi müəyyən edilmiş, həmin çıxarışlara əsas təşkil edən sənədlərlə tanış olarkən, adı çəkilən şəxslərə Bakı şəhər İcraiyyə Komitəsinin 04 may 1994-cü il tarixli 663 nömrəli qərarı ilə bağ sahələrinin ayrıldığı aydın olmuşdur. Lakin həmin qərar sənədlərin arasında mövcud deyil və onların sorğusuna Bakı şəhəri İcra Hakimiyyətinin 10 iyul 2019-cu il tarixli cavab məktubu ilə məlum olmuşdur ki, 04 may 1994-cü il tarixli 663 nömrəli qərarla Cavabdeh4 və Cavabdeh3 torpaq sahələri ayrılmamışdır. Reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh4 və Cavabdeh3 bağ sahələrinə mülkiyyət hüquqları qanunsuz əmələ gəldiyi üçün etibarsız hesab olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin mənasına görə dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsasları müəyyən edilmişdir. Həmin iş üzrə Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı1 arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 36A nömrəli bağ sahəsinə dair imzalanmış 19.02.2004-cü il tarixli müqavilənin və İddiaçı2 Məmməd oğlu ilə Bakı şəhəri, Buzovna qəsəbəsi, 36 nömrəli bağ sahəsinə dair imzalanmış 25.10.2005-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 iddia tələbinin təmin edilərək, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** nömrəli çıxarışın, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçıların iddia ərizəsinin təmin olunmaması, özünün iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh3 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi də ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2019-ci il və 01 noyabr 2019-cu il tarixli qətnamələrindən verilmiş apelyasiya şikayətləri üzrə işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələblərinə dair olan iş üzrə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 təqdim etdiyi barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2019-ci il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə Cavabdeh3 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili Vəkil3, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 şikayətlərin əsassız olduğunu bildirmiş, Cavabdeh3, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri xüsusilə aşağıda göstərilənlərdən ibarət olmuşdur: “...Məhkəmə kollegiyası, bağ sahəsinin istifadəyə verilməsi barədə orderin, bağ sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılımış qeydiyyatın və reyestrdən çıxarışın etibarsız sayılması tələbinə dair iddianın inzibati xarakterli iddia olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə kassatorun dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Bu iddianın inzibati məhkəmə icraatına aid olmasının müəyyən edilməsi üçün sözügedən orderin məzmun baxımından inzibati akta bərabər tutulmasına qiymət verilməlidir. Bu baxımdan araşdırıldıqda görünür ki, həmin order, Bakı şəhəri İcraiyyə Komitəsinin 1994-cü il tarixli 663 nömrəli qərarına əsasən Cavabdeh3 Buzovna bağlar sahəsində 37 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 36D nömrəli bağın ayrılması barədə qərarı əsasında verilmişdir. Həmin orderin əsasında sözügedən torpaq sahəsinin üzərində Cavabdeh3 mülkiyyət hüququ tanınmış, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 28.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. İnzibati akt üçün xarakterik olan əsas şəhətlərdən biri də onun hüquqi nəticəyə səbəb olmasıdır. Sözügedən order bağ sahəsinə hüququn yaranması üçün əsas olan hüquqi akt hesab edilir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq sahəsinin istifadəyə verilməsi üzrə səlahiyyətlər inzibati orqanın publik səlahiyyətlərinə aiddir. İşə baxmış məhkəmələr bu halları nəzərə almamış, orderin və onun əsasında aparılmış qeydiyyatın etibarsız sayılması barədə iddia üzrə məhkəmə aidiyyətini araşdırmamışdır. Məhkəmənin verilmiş iddianı təmin edərkən əsaslandığı hallardan biri də ondan ibarətdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 04.05.1994-cü il tarixli 663 saylı sərəncamı ilə vətəndaş Cavabdeh3 Buzovna qəsəbəsində bağ sahəsi ayrılmamışdır və bu fakt Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 10.07.2019-cu il tarixli, 7-2240/17 saylı məktubu ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında yalnız inzibati aktların ləğvinə dair iddialara deyil, həm də Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və tanınma haqqında iddia) baxılır”. Kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi “Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və İddiaçı2 və İddiaçı1 Cavabdeh3 qarşı müvafiq iddia tələbləri üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Cavabdeh3 Bakı şəhəri İcraiyyə Komitəsinin 1994-cü il tarixli 663 nömrəli qərarına əsasən Buzovna bağlar sahəsində 37 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 36 D nömrəli bağın ayrılması barədə B/C nömrəli order verilmiş, həmin order əsasında sözügedən torpaq sahəsinin üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 28.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmiş, Cavabdeh3 bağ sahəsini 29.01.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının vətəndaşın istifadəsinə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçılar isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (orderin və onun əsasında aparılmış ilkin hüquqi qeydiyyatın) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli əmlak(lar)a dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan Bakı şəhər İcraiyyə Komitəsinin qərarı, həmçinin həmin qərar əsasında verilmiş order və çıxarış dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın (torpaq sahəsinin) vətəndaşın istifadəsinə verilməsi ilə bağlı qərarın, habelə onun hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məcəllənin 384.0.5-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsi “Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab olunması” hissəsində ləğv edilsin. İddiaçı2 və İddiaçı1 Cavabdeh3 qarşı “Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və RX seriyalı ******* nömrəli, 28.12.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbləri üzrə mülki işin icraatına xitam verilsin. İddiaçılara izah olunsun ki, onlar əldə etmək istədikləri hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onları qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilərlər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar