Məhkəmə qərarları › İş №2(103)-1175/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1175/2022

12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1175/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Hüquq və vəzifələrinə toxunulan şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3029/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “doğum akt qeydinin ləğv edilərək əvvəlki vəziyyətə gətirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Qeydiyyat Şöbəsində Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair 22.01.2016-cı il tarixli akt qeydinin ləğv edilməsi, İbrahimova Fidan Ağalar qızının soyadı kimi Əhmədova Fidan Ağalar qızı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə iyirmi ilə yaxın, bir müddətdə qeyri-rəsmi olaraq bir ailədə yaşamışlar.Birgə münasibətlərindən Maraqlı şəxs anadan olmuşdur. Fidan xx xxxx 2002-ci ildə anadan olmuş və soyadı onun göstərişinə görə Əhmədova Fidan Ağalar qızı kimi qeydə alınmışdır. Sonradan Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək Fidanın atası kimi qeydə alınmasını xahiş etmiş və bu əsasla 22 yanvar 2016-cı il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdi. Son zamanlar Cavabdeh ilə aralarında olan münasibətlər tam pozulmuşdur. Cavabdeh onunla danışığında güya məcburiyyət qarşısında qızı Fidanın atası olmasına dair ərizə verməsini bildirmişdir. O, qızı Fidan və onun haqqında xoşagəlməz sözlər işlədən bir insanla onları bağlayan hər hansı bir sənədin olmasını istəmir. Bu səbəbdən belə hesab edir ki, 22.01.2016-cı il tarixli atalığın müəyyən edilməsinə dair akt qeydi ləğv edilməli, qızı Fidana əvvəlki soyadı qayıtmalıdır. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Atakişiyev Gürsel Firəddin oğlu iddia ərizəsinə dəqiqləşmə verərək Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair 22.01.2016-cı il tarixli akt qeydi və onun əsasında verilmiş AZ–İ№ 270234 saylı şəhadətnamənin ləğv edilməsini, İbrahimova Fidan Ağalar qızının ata adı və soyadının əvvəlki vəziyyətinə bərpa edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə adının “Fidan”, soyadının “Əhmədova”, ata adının “Ağalar”, doğum yerinin “Bakı” şəhəri, doğum tarixinin “xx.xx.2002” ata qrafasında ata adının “Əhmədov Ağalar Allahverdi oğlu”, milliyətinin “Azərbaycanlı”, ana qrafasında ana adının “İddiaçı”, milliyətinin “Azəraycanlı” kimi qeyd edilməsinin Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3029/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair 22.01.2016-cı il tarixli akt qeydi və onun əsasında əsasında verilmiş AZ – İ№ 270234 saylı şəhadətnamənin ləğv edilməsi, İbrahimova Fidan Ağalar qızının ata adı və soyadının əvvəlki vəziyyətinə bərpa edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə adının “Fidan”, soyadının “Əhmədova”, ata adının “Ağalar”, doğum yerinin “Bakı” şəhəri, doğum tarixinin “xx.xx.2002” ata qrafasında ata adının “Əhmədov Ağalar Allahverdi oğlu”, milliyətinin “Azərbaycanlı”, ana qrafasında ana adının “İddiaçı”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsinin Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)- 4770/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)-3029/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5114/2021 saylı, 11.10.2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-4770/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)-3029/2019 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiyasının mümkünlüyünün yenidən yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin mümkün hesab edilməklə baxışa təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilməklə baxışa təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinin prosessual normalara uyğun verilmədiyindən qeyri-mümkün hesab edilməsini xahiş etdi. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3029/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya instansiyası məhkəməsinin də hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, Maraqlı şəxs yetkinlik yaşına çatandan sonra 07 aprel 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)- 3029/2019 nömrəli qətnaməsindən maraqlı şəxs qismində (faktiki olaraq isə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində) apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamənin apellyatorun yetkinlik yaşına çatmadığı dövrdə qəbul edilməsini, qanuni nümayəndəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunmasını və mübahisələndirilmədiyi üçün qanuni qüvvəyə minməsini nəzərə almadan, apellyasiyanın mümkünlüyünü tərəflərin iştirakı ilə araşdırmadan həmin şikayəti icraata qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı tərəfindən hazırki iddia birinci instansiya məhkəməsinə 03 aprel 2019-cu il tarixdə verilmiş və həmin məhkəmənin qətnaməsi 03 may 2019-cu il tarixdə çıxarılmışdır. İbrahimova (Əhmədova) Fidan Ağalar qızı xx xxxx 2002-ci il təvəllüdlü olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduğu zaman onun 17 yaşı olmuş, yəni MPM-in 49.3- cü maddəsinə əsasən onun prosessual hüquqlarını qanuni nümayəndəsi - anası İddiaçı tərəfindən qorunmuşdur. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi, vəkil Atakişiyev Gürsel Firuddin oğluna 06 may 2019- cu il tarixdə qəbzə imza edilməklə təqdim olunmuş, qətnamə qanunla müəyyən olunmuş müddətdə mübahisələndirilməyərək qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin 17 iyul 2019-cu il tarixli məktubuna əsasən həmin qətnamə 10 iyul 2019-cu il tarixdə icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, ... imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. ... Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. (“Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmə “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında isə qeyd etmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Həmçinin işdən görünür ki, İbrahimova (Əhmədova) Fidan Ağalar qızı tərəfindən Zülfüqarov Rüstəm Məhəmməd oğluna verilmiş 10.02.2020-ci il tarixli AR-İ № 931809 nömrəli etibarnamə verilərkən İbrahimova (Əhmədova) Fidan Ağalar qızı yetkinlik yaşına çatmamışdır. Belə ki, İbrahimova (Əhmədova) Fidan Ağalar qızı xx xxxx 2002-ci il təvəllüdlü olmaqla 18 yaşı 06 mart 2020-ci ildə tamam olduğu halda, 10.02.2020-ci il tarixdə Zülfüqarov Rüstəm Məhəmməd oğluna etibarnamə verilmişdir. Halbuki, “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlət Kabinetinin 10 iyul 2000-ci il tarixli Qərarının İİİ bölməsinin (Etibarnamə Təsdiqinin xüsusi Qaydaları) 3-cü bəndinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar yalnız öz qazancı, təqaüdü üzərində sərəncam verilməsinə, yaxud özlərinin müəlliflik və ya ixtiraçılıq hüquqlarının həyata keçirilməsinə sərbəst surətdə etibarnamə vermək hüququna malikdirlər. Göstərilən şəxslər tərəfindən digər hərəkətlərin aparılmasına etibarnamələr onların valideynlərinin, övladlığa götürənlərin və yaxud himayəçilərin razılığı ilə, bu barədə etibarnamədə qeyd edilməklə verilə bilər. İş materiallarında olan 10.02.2020-ci il tarixli AR-İ № 931809 nömrəli etibarnamədə digər hərəkətlərin aparılmasına dair valideynlərinin (övladlığa götürənlərin və yaxud himayəçilərin) bu barədə hər hansı qeydinin olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3029/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3029/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar