Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11802/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)-4696/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 58.040 manat maddi ziyan (27.040 manat itirilmiş qazanc + 31.000 manat xəstəxana xərcləri), 50.000 manat mənəvi ziyan olmaqla pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; cavabdeh ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun ona verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis işləmişdir. Nəzarətçi işlədiyi ərazi evindən 48 km. məsafədə yerləşmişdir. Region üzrə cəmi 3 ədəd termilla işləmişdir. Rəhbərliklə razılaşmaya əsasən məsafənin uzaq olması ilə əlaqədar nəqliyyat təminatı olmadığından uzun illər şəxsi atından nəqliyyat vasitəsi kimi xidməti əraziyə getmək üçün istifadə etmişdir. 11 aprel 2017-ci ildə həmişəki kimi səhər işə getmiş, «Battaqlı» dərə adlanan yerdən keçərkən atdan yıxılmış, qıçı sınmış və ağır xəsarətlər almışdır. İlkin olaraq Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Orada əməliyyat olunduqda ayağında 12 yerdə qəlpə olduğu məlum olmuşdur. Hazırda ayağına mil qoyulmuşdur. Sonradan da dəfələrlə müxtəlif cərrahi əməliyyatlara və prosedurlara məruz qalsa da, sağlamlığı bərpa olunmamışdır. Nəticədə ikinci qrup əlillik almışdır. Onun həqiqətən də, işdə əmək xəsarəti alması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır və hazırda da qüvvədədir. ASC tərəfindən onun barəsində istehsalatda bədbəxt hadisə baş verməsi haqqında İZ formalı 04/2020 nömrəli akt tərtib edilmişdir. Hazırkı iddia ərizəsində qeyd edilən xəsarətin həqiqiliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o, qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Onun orta aylıq əmək haqqı 560 manat məbləğində olmuşdur. Ona görə də, qeyd edilən dövr üzrə (11.04.2017-01.01.2021) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 48 ay üçün 26.840 manat məbləğindədir. Bundan başqa, o, müxtəlif tibbi cərrahiyyə əməliyyatlarına məruz qalmışdır ki, bunun da məbləği aşağıda göstərilən kimidir: xəstəxana xərcləri (bununla bağlı qidalanma, bununla bağlı gediş-gəliş, cərrahiyyə əməliyyatları) 31.000 manat. Mənəvi ziyanla bağlı qeyd edir ki, cavabdeh ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməmələri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxarmaları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməsi, işdən çıxarılması və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirir, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Ailələrində işləyən yeganə şəxs odur. O, iş üçün başqa müəssisələrə müraciət etmişdir. Həmin müəssisələr onun ayağının belə vəziyyətini müşahidə etdikdən sonra iş üzrə təcrübəsi olsa da, axsaması əsas gətirilərək, onunla əmək münasibətlərinə girməkdən imtina ediblər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)- 4696/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə görə zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Məhkəmə qeyd edilən normanı tətbiq etməli olduğu halda bu normaya ümumiyyətlə qətnamədə istinad etməmişdir. Zərər onun qəsdi nəticəsində əmələ gəlməmişdir, bu barədə heç bir sübut olmadığı üçün ona dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilməlidir. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir, o "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və ASC öz təqsirsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. Cavabdeh ASC tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsini təmin etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Onun aldığı xəsarətlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında əlaqə olmasaydı İZ formalı akt tərtib olunmazdı. Cavabdehin hərəkətsizliyi arasında əlaqə ondan ibarət olmuşdur ki, cavabdeh onun sağlam və təhlükəsiz iş şəraitini təmin etməmişdir. Cavabdeh təhlükəsiz iş prosesini yaratmamışdır, onun 43 kənddə yerləşən işıq sayğaclarını yoxlaması üçün nəqliyyat vasitəsilə təmin etməmiş, əməyin təhlükəsizliyi ilə bağlı təlimat keçməmişdir ki, bu da cavabdehin hərəkətsizliyidir ki, onun xəsarət alması ilə nəticələnmişdir. Baş vermiş istehsalatda bədbəxt hadisə barədə ASC X1 məlumat verməmiş, hadisənin baş vermə faktını gizlətmiş, İZ formalı aktı tərtib etməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)-4696/2021 saylı qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş «cavabdeh ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun ona verilməsi vəzifəsinin qoyulması» hissəsində ləğv edilmiş və işin icraatına həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddianın qalan hissəsi ilə bağlı Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis işləmişdir. 11.04.2017-ci il tarixdə saat 07.20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq, bədən xəsarətləri almışdır. İddiaçı uzun müddət müalicə olunmuş, işə çıxa bilməmiş, bununla bağlı ona əmək qabiliyyətinin olmaması vərəqələri verilmiş, onun əlillik vəziyyəti Yardımlı Rayon Mərkəzi Xəstəxanasının 0266003AAFZH nömrəli göndərişi əsasında 15.12.2017-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan isə işə çıxmalı olduğu halda çıxmamış, bununla bağlı işəgötürənin məsul əməkdaşları tərəfindən müvafiq təqdimatlar verilmiş, akt tərtib edilmiş və nəticədə əmək müqaviləsinin müddəti qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin 13 aprel 2018-ci il tarixli k/18-01770 saylı əmrindən görünür ki, Cənub RETSİ Yardımlı NŞ-nin Enerji Satış sahəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün 13.04.2018-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas bağlanmış əmək müqaviləsi və Cənub RETSİ-nin rəisi Ə.M.Paşayevin təqdimatı göstərilmişdir. Təqdimatda İddiaçı üzürsüz səbəbdən işə çıxmaması göstərilərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı daha əvvəl cavabdeh "xxxx" ASC-yə qarşı «istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10.04.2017-ci il tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməklə, əlavə olaraq bədbəxt hadisə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 27 mart 2019-cu il tarixli 2(006)-758/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(006)-758/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, 11.04.2017-ci il tarixdə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı hazırki tələbində maddi və mənəvi zərəri tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrək, qənaətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-yə məxsus olmayan və hər hansı bir sənəd əsasında İddiaçı təhkim edilməmiş minik vasitəsinin təhlükəsizliyini təmin etmək istənilən halda cavabdehin məsuliyyət dairəsi xaricindədir və onun təqsirini tamamilə isitisna edir. İddiaçı aldığı xəsarətlə cavabdeh təşkilat "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, yəni bədbəxt hadisə faktının cavabdehin məhz hansı qanunazidd əməli nəticəsində baş verdiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə əməyin mühafizəsi qaydalarına əməl olunmaması halına yol verilməmişdir və baş vermiş hadisədə təqsirkar deyildir. İddiaçı cavabdehin ona təhkim etdiyi avtomobildə, şəxsi avtomobilində, yaxud piyada deyil, şəxsi atından istifadə etməklə hərəkət etmişdir. İşəgötürənin, yəni cavabdehin iddiaçıya şəxsi atdan istifadə etməsi barədə göstərişi olmamışdır, cavabdeh bu halda əməyin mühafizəsi qaydalarına əməl olunmamasında və baş vermiş hadisədə təqsirkar deyildir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti 4 saylı region üzrə X2 tərəfindən İddiaçı ünvanlanmış 20.02.2018-ci il tarixli və 15.03.2018-ci il tarixli məktublara istinad etmişdir. İddianın digər hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin tələb ümumi icraat qaydasında həll edilməli olmadığından təmin edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Əvvəla hazırki halda məhkəmənin işəgötürənin təqsirini müəyyən etmək səlahiyyəti yoxdur, digər tərəfdən qanuni qüvvəyə minmiş qətnamə qəbul edilməmişdən əvvəl iddiaçıya verilmiş 2018-ci il tarixli məktublara istinad edilməsi əsassız olmuşdur, belə ki, Bakı Apelyasiya məhkəməsinin qətnaməsi ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin məcəllənin 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Həmin məcəllənin 217-ci maddəsinin 3-cü hissəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Qaydaların 1.5-ci bəndinin ikinci hissəsində göstərilmişdir ki, işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X2 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. Qaydaların 1.7 və 1.8-ci bəndlərinə görə, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X2 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X2 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X2 Xidmətinə məlumat verməlidirlər. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X2 Xidməti həyata keçirir. Qaydaların 2.1-ci bəndinə görə, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X2 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X2 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2-ci bəndinə görə xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr - X2 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər - işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. 2.3-cü bəndə görə, işəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. Qaydaların 2.5-2.7-ci bəndlərinə görə, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X2 Xidmətinə məlumat göndərir. Qaydaların 3.1-ci bəndinə görə, təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Qaydaların 3.5-ci bəndinə əsasən, təhqiqat aktına aşağıdakı sənədlər əlavə olunmalıdır: hər bir zərərçəkən üçün İZ formalı aktın surəti; hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri; sorğu protokolları; bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları; ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr); zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış; zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy; bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri; qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surəti; təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti; təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti. 3.7-ci bəndinə görə, X2 Xidməti tərəfindən təhqiqat materialları Təhqiqat komissiyası üzvlərinin təmsil etdiyi müəssisə, təşkilat və orqanlara icra və məlumat üçün göndərilir. Göründüyü kimi, istehsalatda bədbəxt hadisə baş verdiyi zaman işəgötürən dərhal baş vermiş hadisə ilə bağlı X1 məlumat verməli, həmin hadisə ilə bağlı təhqiqat aparmaq üçün üzvləri işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılmalıdır. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. İşəgötürən və ya zərərçəkən Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X2 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət (şikayət) edə bilər. Baxılan iş üzrə isə işəgötürən baş vermiş hadisəni istehsalatda baş vermiş hadisə hesab etməyərək, iddiaçının aldığı xəsarəti istehsalat qəzası hesab etmədiyindən, hər hansı araşdırma aparmaq zərurəti görməmiş və bu barədə də X1 hər hansı məlumat verməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı istirahətdə olmadığı zaman, 11.04.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işəgötürənin mənafeyinə uyğun olaraq, yəni işəgötürənin istehsal edərək satdığı elektrik enerjisinin sayğacdan kənar istifadə edilməməsini təmin etmək, bunun üçün də elektrik enerjisinin uçotunu aparan sayğaclara nəzarəti həyata keçirmək üçün gedərkən, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, bədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir. Qanuni qüvvəyə minmiş qətnamə ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuşdur. Baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Belə olan halda qətnaməyə əsasən işəgötürən yuxarıda göstərilən qaydalara uyğun olaraq X1 məlumat verməli, bundan sonra göstərilmiş qaydada komissiya yaradılmalı, təhqiqat aparılmalı, müvafiq qaydada təhqiqat aktı tərtib edilməli idi. Lakin həmin işin materiallarından qətnamənin (icra vərəqəsinin) icra edilməsi üçün İcra şöbəsinə göndərilməsi görünsə də, nəzərdə tutulmuş qaydada icrası müəyyən edilmir. Bundan sonra yalnız işəgötürən tərəfindən İZ formalı 04/2020 saylı akt tərtib edilmiş, aktda göstərilmişdir ki, iddiaçı 11.04.2017-ci il tarixdə saat 07:20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq bədən xəsarətləri almışdır. Lakin aktda nə əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər göstərməmiş, nə hal şahidləri göstərilməmiş, sadəcə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi qəbul edilmişdir. İddiaçı apelyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsaslanaraq, qeyd edir ki, zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X2nin yaratdığı xüsusi kommisiya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər. Yəni, iddiaçının istinad etdiyi normada, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq) müəyyən edilməlidir. Təqsir müəyyən edilmədən işəgötürənin məsuliyyətinin müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi cavabdehin təqsirinin müəyyən edilməməsi nəticəsinə gəlmişdir. Kollegiya əvvəla qeyd edir ki, işəgötürənin təqsirinin müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilmir, təqsirin müəyyən edilməsi üçün qaydalar müəyyən edilmişdir, yuxarıda göstərilən Qaydalardan göründüyü kimi aparılmış təhqiqat prosesi nəticəsində təhqiqat aktı tərtib edilir, həmin akt əsasında təqsir müəyyən edilir, İZ aktı da məhz təhqiqat aktı əsasında tərtib olunur. Qaydaların 1.5-ci bəndinin ikinci hissəsində göstərilmişdir ki, işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X2 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. Göründüyü təhqiqat komissiyasının apardığı təhqiqat prosesi nəticəsində tərtib edilmiş təhqiqat aktı məhkəmə tərəfindən yoxlanıla bilər. Baxılan iş üzrə baş vermiş hadisə barəsində nəzərdə tutulmuş formada araşdırma aparılmamış, təhqiqat aktı tərtib edilməmişdir. Cavabdeh tərtib edilmiş İZ formalı 04/2020 saylı akta əsaslansa da, həmin aktın formal olaraq tərtib edildiyi aşkardır, belə ki, İZ formalı akt təhqiqat komissiyasının apardığı araşdırmanın nəticəsi olaraq tərtib edilmiş təhqiqat aktının əsasında tərtib edilməlidir, hazırda isə müəyyən edilmiş qaydada təhqiqat aparılmamışdır, cavabdeh tərəfin isə formal olaraq tərtib etdiyi aktda sadəcə göstərilmişdir ki, iddiaçı 11.04.2017-ci il tarixdə saat 07:20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq bədən xəsarətləri almışdır. Lakin aktda əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər və s. əks olunmamışdır. Qanuni qüvvəyə minmiş qətnamə ilə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi (İZ) aktının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş olsa da, həmin qətnamənin qeyd olunan şəkildə icra edilməsi müəyyən edilmir. Kollegiya iddiaçıya izah edir ki, həmin qətnamənin icrasının təmin edilməsini tələb etməlidir. Nəzərdə tutulmuş qaydalara əməl edilərək tərtib edilmiş təhqiqat aktı ilə işəgötürənin təqsiri olmadığı müəyyən edilərsə, həmin təhqiqat aktını məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)- 4696/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11802/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11802/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver