Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1182/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4759/2021 saylı, 31 avqust 2021ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına rəsmiləşmiş Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin bir hissəsində yerləşən, onun tərəfindən inşa və təmir olunmuş, həmçinin sahibliyində və istifadəsində olan yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin cavabdehə 2000 manat bazar qiyməti ödəməklə cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X7 və İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 iş üzrə iddiaçı qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçı və X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh adına rəsmiləşmiş, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin bir hissəsində yerləşən, onlar tərəfindən inşa və tam təmir olunmuş, həmçinin sahibliklərində və istifadələrində olan yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin cavabdehə 2000 manat bazar qiyməti ödəməklə cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsinin dəyərini bələdiyyəyə ödəməklə keçmiş əri X7 almış və atası mərhum Tofiq İsmayılovun adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Qaynatası mərhum Tofiq İsmayılov onu çox istədiyi üçün heç kəsə etibar etməmiş və buna görə də torpaq sahəsini öz adına rəsmiləşdirmiş və həmişə ona bildirmişdir ki, vətəndaşlıq verilən kimi torpaq sahəsini bağışlama müqaviləsi ilə birbaşa onun adına keçirəcəkdir. 2010-2011ci illər ərzində həmin torpaq sahəsində onun tərəfindən və əri X2 iştirakı ilə, üç ayrı-ayrı girişi olan üç otaqdan və köməkçi sahələrdən ibarət fərdi yaşayış evi inşa edilərək tam təmir olunmuş, otaqlar mebel ilə təchiz olunmuş və uzun illər onun sahibliyində olmaqla əri və beş övladı ilə birlikdə istifadə olunmuşdur. Lakin qeyd olunan fərdi yaşayış evinə dair eskiz layihəni hazırlayıb evi sənədləşdirmək istəyi baş tutmamışdır. Belə ki, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsini 2009-cu ildə qayınatasının ölümündən sonra İsmayılova Sudavər vərəsəlik əsasında yarısını öz adına, digər yarısını isə X2 adına ilk öncə vərəsəlik şəhadətnaməsi ilə rəsmiləşdirmiş, sonradan isə İbrahim İsmayılovun payını qaynanası öz adına bağışlama müqaviləsi ilə rəsmiləşdirmişdir. O, bu barədə əri İbrahim İsmayılova narazılığını bildirdikdə, sonuncu ona narahat olmamasını və lazım olsa həmin torpaq sahəsini anasından alıb onun adına keçirəcəyini dəfələrlə bildirmişdir. X11 məhkəmədə anasına qarşı iddia qaldırsa da, nəticə əldə edə bilməmiş, həmin torpaq sahəsi anasının mülkiyyətində qalmışdır. O, vəziyyəti belə görüb özü Binəqədi rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, onun ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərardadı ilə Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Halhazırda məhkəmə mübahisəsi davam edir. Keçən müddət ərzində torpağın mülkiyyətçisinin qaynanası olmasına baxmayaraq, sahibi və istifadəçisi o, özü olmuş, qaynanası həmin torpağa və evə heç vaxt gəlməmiş, onu və uşaqlarını narahat etməmişdir. Hər yerdə də bildirmişdir ki, əri Tofiqin vəsiyyəti var, həmin torpaq sahəsi gəlnimizin ailəsinin pulu hesabına alınıb və İddiaçı məxsusdur. Lakin keçmiş qaynanası İsmayılova Sudavər onun tərərindən inşa olunan və sahibliyində olan evin yerləşdiyi torpaq sahəsini Cavabdeh məhkəmə mübahisəsinin sonunu gözləmədən, tələm-tələsik 28 fevral 2019-cu il tarixdə satmışdır. Qaynanası bunu onunla və beş nəvəsi ilə apardığı qərəzə görə edir, çünki ən azından Binəqədi rayon Məhkəməsində olan mübahisənin bitməsini gözləyərdi, yaxud da ona məxsus evin yerləşdiyi torpaq sahəsini özünə satmağı təklif edərdi. Sonradan ona məlum olmuşdur ki, keçmiş qaynanası İsmayılova Sudavər Cavabdeh ilə əlbir olub digər mübahisəli əmlakları ələ keçirmək üçün əvvəlcədən razılaşdırılmış alqı-satqı əməliyyatları aparmışlar. Həmçinin, cavabdeh ona məxsus Xaçmaz rayonu Səlimoba kəndində yerləşən fərdi yaşayış evinin qapılarının qıfıllarını sındırmış, evdən oğurluq etmişdir. O, bu barədə Xaçmaz rayon Polis İdarəsinə müraciət etmiş, lakin işin mülki xarakterli olduğu əsas gətirilərək cinayət işinin başlanması rədd olunmuşdur. Həmin işlə bağlı qonşulardan izahatlar alınmış və qonşuların polisə verdiyi izahatlardan da məlum olmuşdur ki, fərdi yaşayış evini o, və keçmiş həyat yoldaşı inşa etmiş, təmir edərək birgə yaşamışlar. Lakin o, hal-hazırda çıxılmaz bir vəziyyətdə qalmışdır. Belə ki, Azərbaycan Respublikası ərazizində yerləşən yeganə yaşayış evi əlindən çıxır və məcburdur ki, həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin dəyərini cavabdehə ödəməklə əldə etsin. Səlimoba kəndində yaşayan sakinlərdən öyrənmişdir ki, həmin kənddə həmin ərazidə 0,01 ha torpaq sahəsinin bazar dəyəri ***-**** manat civarındadır. Hesab edir ki, fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsini 2000 manat dəyərində ödəməyə hazırdır və bu qiymət çox ədalətlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4759/2021 saylı, 31 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı və X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək rayon məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin edilməsini xahiş etmişlər. İddiaçı X7 apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ilə əvvəllər rəsmi nikahda olmuş, sonradan nikah pozulmuşdur. Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0.08 ha torpaq sahəsi dəyəri onun tərəfindən bələdiyyəyə ödənilməklə alınmış və mərhum X14un adına formal alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. X14 2009-cu ildə vəfat etmişdir. 2010-2011 illərdə, yəni o və keçmiş həyat yoldaşı İddiaçı mübahisəli torpaq sahəsində 3 otaqlı yaşayış evi inşa etdirmiş, ev tam təmir olunmuş, otaqlar mebellər ilə təchiz olunmuş və uzun illərdir ki, 5 övladı ilə birlikdə sahiblik və istifadələrində olmuşdur. Hazırda həmin ev övladladının istifadəsindədir. 2011-ci ildə 0.08 ha torpaq sahəsinin yarısını vərəsəlik əsasında anası X1 adına digər yarısını isə öz adına vərəsəlik şəhadətnaməsi ilə ilk öncə rəsmləşdirmiş, sonradan isə öz payını bağışlama müqaviləsi ilə etibarnamə əsasında Sudavər İsmayılovanın adına rəsmiləşdirmiş, Sudavər İsmayılova həmin torpaq sahəsinə heç vaxt gəlməmiş yaşadığı evlə birgə torpaq sahəsi də daimi istifadəsində olmuşdur. Sonradan aralarında ailə zəminində münaqişə yarandığından, torpaq sahəsi ilə bağlı Sudavər İsmayılova ilə aralarında məhkəmə mübahisəsi gedə-gedə 28.02.2019-cu i tarixdə Sudavər İsmayılova razılığı olmadan evin yerləşdiyi torpaq sahəsini Cavabdeh satmışdır. Bu zaman mübahisəli 0,02 ha torpaq sahəsinin üzərində onlara məxsus yaşayış evinin olması nəzərə alınmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müraciətinə əsasən, Xaçmaz rayonu Yalama bələdiyyəsinin 01 saylı 29.01.2004-cü il tarixli tərəfindən ona fərdi bağ evinin tikintisi üçün torpaq sahəsi satılmış və dəyəri onun tərəfimdən tam olaraq ödənilmişdir. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Sabunçu Rayon Məhkəməsi torpaq sahəsinin onun tərəfindən dəyəri ödənilməklə Bələdiyyədən alınmasına, valideynlərinin adına formal müqavilələrlə keçirilməsinə, uzun müddət sahiblik və istifadəsində olmasına, torpaq sahəsinin Sudavər İsmayılova ilə arasında yaranmış münaqişə nəticəsində satılmasına, cavabdehə satılan zaman üzərində yaşayış evinin yerləşməsinə, evin və torpaq sahəsinin övladlarının sahibliyində və istifadəsində olmasına, bu halların şahid ifadələri ilə təsdiq edilməsinə qiymət verməmiş, nəticədə iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozuntusu ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə torpaq sahəsinin keçmiş həyat yoldaşı İbrahim İsmayılov tərəfındən dəyəri ödənilməklə Bələdiyyədən alınmasına, sonradan valideynlərinin adına formal müqavilələrlə keçirilməsinə, uzun müddət sahiblik və istifadəsində olmasına, torpaq sahəsinin Sudavər İsmayılova ilə aralarında yaranmış münaqişə nəticəsində satılmasına, cavabdehə satılan zaman üzərində yaşayış evinin yerləşməsinə, evin və torpaq sahəsinin övladlarının sahibliyində və istifadəsində olmasına, bu hallarm şahid ifadələri ilə təsdiq edilməsinə qiymət verməmiş, nəticədə iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalannm pozuntusu ilə müşayiət editən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sudəvar İmayılovanın nümayəndəsi X8 hər iki apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı, X7 və Cavabdeh məhkəmə iclasında iştirak etmir və İbrahim İsmayılov səbəbi barədə məhkəməyə məlumat verməyib, İddiaçı səhhəti ilə bağlı iclasın təxirə salınmasını xahiş etmiş, lakin buna dair müraciətinə sübut əlavə etməmiş, Cavabdeh isə iddiaçıların hər dəfə proseslərə gələndə ona şər və böhtan atdıqlarını, ona görə də Ali Məhkəmənin qərarını nəzərə alıb iştirakı olmadan işə baxaraq ədalətli qərar qəbul edib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından da göründüyü kimi, İddiaçı ilə X7 04 may 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, İddiaçı da boşanmağa razılığı ilə Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. İddiaçı ilə X2 mübahisələndirdiyi Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsi X2 atası X3 müraciətinə əsasən Xaçmaz rayonu Yalama Bələdiyyəsinin 29 yanvar 2004-cü il tarixli qərarına əsasən ona satılmış, bu barədə onun adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçı ilə X7 mübahisəli torpaq sahəsinin X3 adına olması, ona deyil, onlara məxsus olması və sair əlaqəli iddialar və tələblər irəli sürməmiş, X3 03 mart 2009-cu ildə vəfatından sonra Bakı şəhəri 27 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 avqust 2011-ci il tarixli, reyestrdə 2v-39 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi kimi arvadı X6 və oğlu X7 tanınmışdır. Atasının ölümündən sonra da X7 torpaq sahəsinin yarısının qanunla vərəsəlik hüququ əsasında onun adına rəsmiləşməsi hüququnu özündə saxlamamış, öz iradə ifadəsi ilə elə həmin gün, yəni 27 avqust 2011-ci il tarixdə Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ona aid olan payını anası X4 bağışlamışdır. Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsi Seriya RX ******* №-li Çıxarışla 06.10.2011-ci il tarixdə X1 xüsusi mülkiyyətinə keçmiş, o, da öz iradə ifadəsinin təzahürü kimi və şüurlu şəkildə hərəkət etməklə mülkiyyətində olan daşınmaz əmlak üzərindəki sərəncam vermək hüququndan istifadə edərək əmlakı 28 fevral 2019-cu il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmışdır. Xaçmaz Rayonu Səlimoba kəndində yerləşən 0,08 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* №-li Çıxarışa əsasən 06.03.2019-cu il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da onun xüsusi mülkiyyətindədir. Qeyd olunan xüsusatlar Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli və Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qətnamələrində, eyni zamanda, həmin qətnamələri qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarlarında da öz əkslərini tapmış və hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi və bir hissəsini 2000 manat ödəməklə əldə etmək istədiyi torpaq sahəsi Cavabdeh mülkiyyətindədir, torpaq sahəsini hər hansı bir məbləğə satmaq mülkiyyətçi kimi onun hüququdur, o, öz mülahizəsi ilə bu barədə hərəkət edə bilər. İddiaçı ilə X2 isə cavabdehə məxsus torpaq sahəsinə qanunla və qüvvədə olan məhkəmə qətnamələri ilə aidiyyətləri müəyyən edilmədiyindən onlar hazırki iddia tələbini irəli sürmək hüququna malik olan şəxslər hesab edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın həmin maddəsinin İV bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Həmin Məcəllənin 152.5. maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbinə qiymət vermək üçün ilk öncə onların bu barədə iddia qaldırmaq üçün subyektiv hüquqların sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), hansısa maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların hansısa maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşması müəyyən edilmir. Birinci instansiya məhkəməsi də Konstitusiyanın, Mülki və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini tətbiq edərək iddianı rədd etməkdə haqlı olmuşdur. İkincisi, işdən görünür ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına mülkiyyət hüququ artıq 06 mart 2019-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin torpaq sahəsinin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçılar həmin torpaq sahəsinin qanuni əsaslarla Cavabdeh aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Çünki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada əgər razılığı yoxdursa cavabdeh olan mülkiyyəçini necə məcbur etmək olar ki, mülkiyyətində olan torpaq sahəsinin hansısa hissəsini kompensasiya ödəməklə iddiaçıya sat. Əlbətdə iddiaçılar bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bunun nə dərəcədə əsaslı və keçərli iddia olmasını özləri üçün müəyyənləşdirməli idilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4759/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1182/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1182/2022
21.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver