Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11835/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Ziyədxan oğluna qarşı “maddi ziyanın əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ziyədxan oğluna qarşı “maddi ziyanın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)- 458/2021 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia qismən təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə qaytarılmışdır. Cavabdeh qeyd edilən qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(103)-9024/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, iş materialları ilə məhkəmənin qətnaməsinin cavabdehə poçt vasitəsilə göndərilməsi öz tədsqini tapsa da, ona təqdim edilməsini təsdiq edən qəbz iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin poçt göndərişinin cavabdeh tərəfindən alınıb-alınmaması məsələsi araşdırılmalı, zəruri olduğu halda bununla bağlı poçt müəssisəsinə sorğu verilərək göndərişin izlənməsi ilə bağlı zəruri məlumatlar əldə edilməli, yalnız bundan sonra apellyasiya şikayətinin verilməsi müddətinin ötürülüb-ötürülməməsinə, həmçinin onun bərpasına zərurətin olub-olmadığı (müvafiq xahiş olduğu təqdirdə) məsələsinə qiymət verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(001)- 458/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, qətnamə tərəflərin məhkəməyə məlum olan ünvanları üzrə göndərilmiş, cavabdehə məhkəmə aktının rəsmi qaydada təqdim olunmasına dair sənəd işə əlavə olunmamış, cavabdeh həmin aktın rəsmi qaydada 08.06.2021-ci il tarixdə ona təqdim olunmasını ərizəsində qeyd etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün təkrarən birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Baxılan işdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsinin surəti 19.03.2021-ci il tarixli məktubla tərəflərə, o cümlədən cavabdehə qeydiyyatda olduğu ünvan üzrə (ünvan 1 2) göndərilmişdir. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən 16.05.2021-ci il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş və 21.05.2021-ci il tarixdə məhkəməyə icra üzrə icraata başlamaq haqqında 20.05.2021-ci il tarixli qərar daxil olmuşdur. Apellyasiya şikayəti isə 14.06.2021-ci il tarixdə verilmişdir. İşə əvvəlki apellyasiya icraatında baxmış məhkəmə kollegiyası tərəfindən qeyd olunanlar nəzərə alınmaqla iş apellyasiyanin mümkünlüyü əsaslarının yolxlanılması üçün birinci instansiya rayon məhkəməsinə göndərilsə də, məhkəmə yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun heç bir araşdırma və əsaslandırma aparmadan şikayəti yalnız özünün formal mülahizələrinə əsasən mümkün hesab edərək, baxılması üçün göndərmişdir. Başqa sözlə, rayon məhkəməsi qətnamənin surətini cavabdehə müvafiq ünvan üzrə göndərməsinə, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş (zəruri olduğu halda bununla bağlı poçt müəssisəsinə sorğu verərək), cavabdehin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamışdır. Halbuki, MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh Ziyədxan oğluna qarşı “maddi ziyanın əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11835/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11835/2021
30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver