Məhkəmə qərarları › İş №2(103)-11856/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11856/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11856/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7165/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 500 manat məbləğində ziyanın və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı Volkswagen Tiguan markalı avtonəqliyyat vasitəsi 21.04.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. 15.02.2021-ci il tarixində Cavabdeh1 (iddia ərizəsində texniki səhv olaraq Fuad qeyd edilmişdir) Rauf oğlu idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı Volkswagen Tiguan markalı avtonəqliyyat vasitəsi ilə **-FA-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 (iddia ərizəsində texniki səhv olaraq Fuad qeyd edilmişdir) Rauf oğlu avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir."xxxx" ASC tərəfindən tərtib olunmuş 17.02.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən etdiyi **-FA-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 500 manat məbləğində müəyyən edilmişdir."xxxx" ASC-nin 30.03.2021-ci il tarixli sığorta aktına 500 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçümə həyata keçirilmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7165/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh1 barəsində tərtib olunmış inzibati tənbeh vermə haqqnda qərarı, həmçinin İcbari Sıgorta haqqnda qanunun 25-ci maddəsinin təbbbərini qiymətləndirməmiş nəticədə iddia təbbini rədd etmişdir. İcbari sığorta haqqnda qanunun 25.1.3-cü maddəsinə (İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları) əsasən-icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etmyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İnzbati Xətalar Məcəllənin 332.1-ci maddəsinə əsasən - Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi hakim qətnaməsində iddianın rədd edilməsi səbəbini İcbari Sığorta Haqqnda qarının 25.1.3-cü maddəsini yalnış şərh edərək “hüququ olmayan şəxs” ifadəsini sürücülük vəsiqəsinin olmaması ilə bağlamışdır. Halbuki, İXM-nin 332.1-maddəsində hüququ olmayan şəxs ifadəsi məhz səlahiyəti olmayan sürücü kimi qeyd olunur. Belə ki, , şəxsin sürücülük vəsiqəsinin olması şəxsə istənilən nəqliyyat vasitəsini idarə etməyə və məqliyyat vasitəsini istismar etməyə səlahiyyət vermək demək deyildir. Nəqliyyat vasitəsinin istifadə və istismar edilməsinə yalnız Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada etibarnamə əsasında icazə verilir. Ümmiyyətlə Azərbaycan Respublikasınn qanunvericiliyinə əsasən inzibati orqanlarda və məhkəmələrdə formalaşmış birmənalı təcrübəyə görə şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən İXM-nin 332-ci maddəsi ilə məsuliyyətə cəb olunur. Ona görə də hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək anlayışı qətnamədə göstərilən şərhə ziddir. Hesab edirik ki, hakim qətnamədə qanuna düzgün şərh verməməkıə yalnış nəticəyə gəlmişdir. Həmin qanunun mənasından aydın görünür ki, fiziki şəxs yetkinlik yaşına çatmış və sürücülük vəsiqəsi olan biri etibarnamə olmadan digər şəxsin nəqliyyat vasitəsini idarə edirsə bu halda İXM-nin 332-ci maddə ilə, yəni hüququ olmayan şəxs kimi məsuliyyətə cəb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İşin halları nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilən Cavabdeh2 arasında bağlanan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-TT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” minik markalı avtomobil 21.04.2020-ci il tarixindən 1 il müddətində icbari sığorta olunmuş, əmlaka vurulan zərərə görə sığorta məbləği 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim 30 mart 2021-ci il tarixli sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanan Cavabdeh2 məxsus **-TT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” minik markalı avtomobil ilə 15.02.2021-ci il tarixində yol nəqliyyat hadisəsi törədilmiş və X2 məxsus **-FA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobilə zərər vurulmuş və vurulmuş zərər məbləği 500 manat müəyyən edilməklə zərərçəkənin hesabına ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən ödəniş ilə bağlı çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X2 500 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən 17.02.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-FA- *** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 15.02.2021-ci il tarixində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh2 məxsus olan, Cavabdeh1 tərəfindən idarə olunan **-TT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” minik markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törədilmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh1 15.02.2021-ci il tarixində **-TT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” minik markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə törədilmişdir . İş materiallarında olan AC seriyalı, 580293 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 B kateqoriyası üzrə sürücülük vəsiqəsi var və 19.06.2030-cu il tarixinədək etibarlıdır. İş materiallarında olan AC seriyalı, 325496 saylı nəqliuyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” minik markalı avtomobil Cavabdeh2 məxsusdur. İşin faktiki halları odan ibarətdir ki, **-TT-*** dövlət qeydiyyat nişanlı,“Volkswagen” minik markalı avtomobil 21.04.2020-ci il tarixindən 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh1 15 fevral 2021-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan 90- TT-496 dövlət qeydiyyat nişanlı, “Volkswagen” minik markalı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə **-FA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı,“Volkswagen” minik markalı avtomobil qardaşı Cavabdeh2 mülkiyyətində olmuşdur. Vurulmuş zərərin məbləğini müəyyən etmək üçün 17.02.2021-ci il tarixli hesabat tərtib edilmiş və zərərin məbləği 500 manat məbləğində müəyyən edilməklə sığorta şirkəti "xxxx" ASC tərəfindən zərərçəkmiş X1 ödənilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə subroqasiya qaydasında məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq sığortalıya ödənilmiş 500 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir Birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etməmək barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3- cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə isə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Kollegiya hesab edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası və məqsədləri baxımından Cavabdeh1 “Volswagen Tiguan” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” kimi qiymətləndirmək mümkün deyildir. Çünkü iş materiallarında olan sürücülük vəsiqəsi ilə Cavabdeh1 sürücülük hüququnun olması öz təsdiqini tapır. Bundan başqa avtomobili idarə etmiş şəxs və avtomobilin mülkiyyətçisi qardaşdırlar. Eyni zamanda iş materiallarına əlavə edilmiş 17.06.2020-ci il tarixli 2 il müddətinə verilmiş etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 mülki etibarnamə verilmişdir. Bu hallar mülkiyyətçinin avtomobilə sahiblik üçün Cavabdeh1 etibarnamə verməmiş olması, onun avtomobili “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” sayılmasına səbəb ola bilməz. Digər tərəfdən kollegiyanın qənaətinə görə, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəritəcrübi biliklərə hər hansı aidiyyəti yoxdur. Əgər sığorta şirkəti hesab edirsə ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi qanunsuzdur, bu halda zərərçəkənə sığorta ödənişi verməkdən imtina edə bilər. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənlədirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn iki məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun. Bu qadağanın sığorta şirkətlərinin mənafeyini müdafiə etmək məqsədi yoxdur. Məhz buna görədir ki, qanunverici avtomobilin mülkiyyətçisinin sərnişin qismində avtomobildə olması halında avtomobili idarə edən şəxsə onun etibarnamə verməsini tələb etmir, çünki bu halda yuxarıda göstərilən iki məqsəd təmin olunur: o, sərnişin kimi avtomobildədirsə, deməli avtomobildən başqasının istifadə etməsi onun iradəsinə uyğundur (yəni 1-ci məqsəd təmin olunub), yol hərəkəti qaydası pozulduğu halda onu törədənin şəxsiyyəti avtomobildə sərnişin qismində olan mülkiyyətçinin vasitəsilə müəyyən olunacaq (yəni 2-ci məqsəd təmin olunub). Mülkiyyətçinin sərnişin qismində avtomobildə olub-olmamasının mülki məsuliyyətin sığortası üçün əhəmiyyəti yoxdur. Çünki mülki məsuliyyətin sığortası avtomobil mülkiyyətçisinin sahiblik hüququnun müdafiəsi üçün və ya yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının artırılması üçün tətbiq edilmir. Sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7165/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar