Məhkəmə qərarları › İş №2(103)-1187/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1187/2022

21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1187/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Habil Cəfərovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 24.880 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçı 2009-cu ildə X2 qərarı əsasında torpaq sahəsi əldə edib. Cavabdeh həmin vaxt bələdiyyənin sədri olub. O, torpaq sahəsinin ayrılması üçün rəsmi ödənişdən (880 manatdan) əlavə iddiaçıdan 24.000 manat pul istəyib, iddiaçı həmin pulu əmisi oğlunun vasitəsilə 2009-cu ildə bələdiyyənin binasında cavabdehə verib. Sonrada iddiaçı torpaq sahəsində ev inşa etmək istədikdə müvafiq qurumlar bunu icazə verməyib, torpaq sahəsinin mühafizə zonasına düşdüyü bildirilib. İddiaçı iddia edir ki, bundan sonra ona məlum olub ki, cavabdeh heç bir hüquqi qüvvəsi olmayan sənədi ona təqdim etməklə və 24.880 manat pulunu almaqla onun aldadıb. Pulun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmayıb. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, 880 manat pul X2 hesabına ödənilib, ona görə də cavabdehdən tələb oluna bilməz, 24.000 manat pulun cavabdehə verilməsi isə təsdiqini tapmır. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Habil Cəfərov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh əvvəllər X2 sədri olub. Həmin bələdiyyənin 30.07.2009-cu il tarixli, 585 nömrəli qərarı ilə qərara alınıb ki, bələdiyyənin ərazi hüdudları daxilində yerləşən, cizgidə göstərilən 500 kv.m torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları iddiaçının adına keçirilsin. Qərarı bələdiyyənin sədri kimi cavabdeh imzalayıb. Maddi zərərin əvəzi kimi iddiaçının cavabdehdən tələb etdiyi 24.880 manat 2 hissədən ibarətdir: 24.000 manat və 880 manat. 24.000 manat pulun cavabdehə verildiyini təsdiq edən sübut yoxdur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak edərkən iddiaya etiraz edib, iddiaçıdan pul almadığını bildirib. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin təşəbbüsü ilə bir nəfər şahid kimi dindirilib. Həmin şəxs - Raquf Cəfərov ifadəsində bildirib ki, iddiaçının qohumudur, 2009-cu ildə 24.000 manata ekvivalent olan 30.000 ABŞ dolları onun tərəfindən bələdiyyənin binasında Xanlar adlı şəxsə verilib, pulun verildiyi zaman otaqda ondan, iddiaçıdan xə Xanlar adlı şəxsdən başqa heç kim olmayıb. 880 manat pul isə cavabdehə verilməyib, X2 hesabına köçürülüb. Bu məbləğ torpağın alqı-satqısına dair aktda qeyd olunub və məbləğin bələdiyyənin hesabına ödənildiyini təsdiq edən order var. Mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun ödənilməsi barədə tələb maddi zərərin əvəzinin ödənilməsi barədə tələbdən asılıdır. Maddi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilmədiyinə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb də təmin edilə bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 24.000 manat və 880 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun ödənilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Məhkəmə qeyd edir ki, 24.000 manat pula münasibətdə məhkəmənin gəldiyi nəticə mülki prosesin prinsiplərinə əsaslanır. Mülki prosesin prinsiplərinə görə həmin pulun cavabdehə verildiyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür, məhkəmə öz təşəbbüsü ilə sübut tələb edə bilməz. Bu məsələ ilə bağlı 43-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 30.11.2020-ci il tarixli qərar qəbul olunub. İddiaçı həmin qərarı cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 880 manat pulun qaytarılması üçün mülki-prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada X1rşı tələb irəli sürmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar