Məhkəmə qərarları › İş №2(103)-1190/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1190/2022

21.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1190/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, yetkinlik yaşına çatmayan İddiaçı adından onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə tərəfindən Cavabdeh qarşı irəli sürdüyü “mənzilə istilik sisteminin çəkilməsinin təmin edilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin əvəzinin tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmamış iddiaçının qanunu nümayəndəsi (anası) N.Məmmədova Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, bina 26-da yerləşən və iddiaçının mülkiyyətində olan 122 mənzilə istilik sisteminin çəkilməsinin təmin edilməsi və mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin həmin binada yerləşən 120 saylı mənzilin mülkiyyətçisi olan cavabdehin üzərinə qoyulması, cavabdehin təqsiri üzündən məruz qaldığı mənəvi sarsıntıların əvəzi kimi 5.000 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.09.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin üzərinə mülkiyyətində olan 120 saylı mənzildən iddiaçıya məxsus 122 saylı mənzilə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulmasını; iddianın qalan hissəsinin təmin edilməməsi; iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehdən tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 12.01.2022-ci il tarixdə Məhkəməyə ərizə ilə müraciət edərək iş materialları ilə tanış olmaması səbəbindən 21.01.2022-ci il tarixə təyin edilmiş apellyasiya baxışı iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Lakin 19.01.2022-ci il tarixdə S.Məhhərəmovanın elektron kabinet vasitəsi ilə verdiyi “apellyasiya şikayətin qarşı etirazdan” görünür ki, o, artıq iş materialları ilə tanış olmuş və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni əsaslı, apellyasiya şikayətini isə əsassız hesab edir. Bu səbəbdən də, Məhkəmə, apellyasiya baxışı iclasının təxirə salınması üçün əsas görmədi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, o da, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Odur ki, bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bildirir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 122 saylı mənzil yetkinlik yaşına çatmamış iddiaçının, həmin mənzildən bir mərtəbə aşağıda, yəni üçüncü mərtəbədə yerləşən 120 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. Mənzillərin yerləşdiyi bina mərkəzləşdirilmiş qaydada isidilir, lakin cavabdeh, istilik sisteminin onun mənzilindən keçən hissəsini bir neçə il bundan əvvəl pozmuş, istilik boru xəttini kəsmişdir. Nəticədə, yuxarı mərtəbələrdə yerləşən mənzillər, o cümlədən iddiaçının mənzili bir neçə ildir ki isidilmədən kənarda qalmışdır. Yaranmış vəziyyətin aradan qaldırılması, istilik boru xəttinin həmin hissəsinin bərpa olunması üçün cavabdehə dəfələrlə müraciət edilsə də, müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Belə ki, cavabdehə məxsus mənzildən aşağı (ikinci) mərtəbədə yerləşən mənzildə istilik boru xətti yoxdur, buna görə, xəttin bərpa olunması mümkün deyil. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, Rayon Məhkəməsi, ekspertizanın keçirilməsi üçün ekspertin binaya baxış keçirməsinin şübhə altında olmasına əhəmiyyət verməmiş, binanın istilik sisteminin sənədlərini müvafiq qurumlardan almamışdır. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, yuxarıda qeyd edilən 122 saylı mənzil yetkinlik yaşına çatmamış iddiaçının, həmin mənzildən bir mərtəbə aşağıda, yəni üçüncü mərtəbədə yerləşən 120 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. Mənzillərin yerləşdiyi bina mərkəzləşdirilmiş istilik boru xətti var. Cavabdeh, istilik sisteminin (borunun) onun mənzilindən keçən hissəsini bir neçə il bundan əvvəl pozmuş, istilik boru xəttini kəsmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə Rayon Məhkəməsinə təqdim edilmiş 17.08.2021-ci il tarixli, 10/1590 saylı rəyindən görünür ki, iddiaçıya məxsus 122 saylı mənzilə istilik xətlərinin çəkilməsi cavabdehə məxsus olan 120-ci mənzilindən ötürülmədən mümkün deyil. Apellyasiya şikayətində, cavabdeh, ekspertiza rəyinin faktiki olaraq əsassız olduğunu bildirir və bunu ekspertin binaya baxış keçirməməsi ilə əsaslandırır. Bununla bağlı Məhkəmə qeyd edir ki, ekspert rəyindən də görünür ki, ekspert cavabdehə məxsus 120 saylı mənzilə baxış keçirməsə də, iddiaçıya məxsus 122 saylı baxış keçirmiş və yuxarıda qeyd edilən rəyi vermişdir. Ekspertin cavabdehə məxsus mənzilə baxış keçirməməsi, ekspertiza rəyinə şübhə ilə yanaşmasına əsassız vermir. Çünki cavabdehin apellyasiya şikayətinin məzmunundan da müəyyən edilir ki, cavabdeh, istilik sisteminin (borunun) onun mənzilindən keçən hissəsini bir neçə il bundan əvvəl pozmuş, istilik boru xəttini kəsmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır; ekspertiza rəyini şübhə altına ala biləcək amillər yoxdur; rəy sübut kimi qəbul edilə bilər. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh, istilik boru xəttinin onun mənzilindən keçən hissəsini bərpa etmir. Cavabdeh bu hərəkətini onunla izah edir ki, ona məxsus mənzildən aşağı (ikinci) mərtəbədə yerləşən mənzildə istilik boru xətti yoxdur, buna görə, xəttin bərpa olunması mümkün deyil. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, cavabdehin göstərdiyi bu hal mövcud olsa belə, cavabdeh etdiyi və iddiaçının hüququnu pozduğu hərəkətin ona aid hissəsini aradan qaldırmağa borcludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının çoxmənzilli binanın mülkiyyətçisi kimi istilik xəttindən (birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt) istifadə etmək hüququ var və yuxarıda qeyd edilən rəyə əsasən iddiaçının mənzilinə istilik xəttinin çəkilməsinin həmin xəttin cavabdehin mənzilindən ötürülmədən mümkün olması iş üzrə öz təsdiqini tapmır. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi binanın istilik sisteminin sənədlərini müvafiq qurumlardan almamışdır. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin yaşadıqları binada mərkəzləşdirilmiş istilik boru xəttinin olması, cavabdehin, istilik sisteminin (borunun) onun mənzilindən keçən hissəsini bir neçə il bundan əvvəl pozması, yəni istilik boru xəttinin bir hissəsini kəsməsi işin mübahisəsiz halıdır. Bu hal ekspertiza tərəfindən verilmiş rəy ilə inkar edilmir. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi binanın istilik sisteminin sənədlərini müvafiq qurumlardan almamaqla işin hallarına uyğun olmayan nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin müzakirə edilə bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyinəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar