Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1193/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı 30.12.1999-cu il tarixli sərəncamı ilə Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinə və üzərindəki tikiliyə köçürülməsi, Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsində və üzərindəki tikilidə quraşdırılmış mühafizə siqnalizasiya sisteminin onların hesabına sökülərək ləğv edilməsi, həmin torpaq sahəsi və üzərindəki evdən Cavabdeh3 və ona məxsus əşyaların, eyni zamanda X1 məxsus əşyaların çıxarılması, Cavabdeh1 tərəfindən iddiaçının torpaq sahəsindən sahiblik və istifadəsinə yaradılan maneələrin aradan qaldırılması və hər hansı maneə yaratmağın ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız Cavabdeh2 cavabdeh qismində qeyd etməklə sözügedən torpaq sahəsində inşa olunmuş 125 kv.m sahədən ibarət 4 otaqlı evə (tikiliyə) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı, 30.12.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, 27.10.2001-ci il tarixdə cavabdehlə nikaha girmiş və bu nikahdan 4 övladı olmuşdur. Həmin torpaq sahəsində inşa olunmuş 4 otaqlı ev cavabdehlə birgə nikah dövrlərində inşa olunmuş, təxminən 20 il müddətində həmin evdə birgə təsərrüfat aparmışlar. 28.10.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən nikahları pozulduqdan sonra isə cavabdeh evdə polis mühafizə sistemi quraşdırmaqla və kirayəçini oradan çıxarmaqla onu evə buraxmır. Bunun nəticəsində iddiaçı özünə məxsus torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edə bilmir, baxmayaraq ki, ona ayrılmış həmin torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi vardır. Hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Mübahisəli ev isə, hüquqi statusuna görə özbaşına tiki olsa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə olan halda, yəni cavabdeh həmin evdə normal şərtlər daxilində yaşadığından bərabərlik pronsipinə uyğun olaraq iddiaçının da orada yaşamaq hüququ vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilməmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də qətnamədən apellyasiya şikayəti vermiş və 4-cü vərəqin 4-cü abzasında müəyyən edilmiş halın (Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı 30.12.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sahədə iddiaçı tərəfindən ev tikilmiş və 27.10.2001-ci il tarixdən X2 ilə nikaha girmiş və birgə nikahdan 4 övladı olmuşdur. Həmin torpaq sahəsində inşa olunmuş 4 otaqlı evdə yaşayıb birgə təsərrüfat aparmışlar) qətnamənin əsaslandırıcı hissəsindən çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla, qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını göstərmişdir. Cavabdeh isə apellyasiya şikayətini – qətnamənin nəticə hissəsi ilə tam razı olması əsaslandırıcı hallar arasında isə ziddiyyətlər olması, məhkəmənin bir tərəfdən iddiaçının köçürülməsini tələb etdiyi evin özbaşına tikili olmasına istinad etsə də, digər tərəfdən həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya Xəzər RİH-nin müvafiq sərəncamı ilə fərdi ev tikimək üçün ayrıldığını, mübahisəli evin iddiaçı tərəfindən tikilməsi və cavabdehlə nikaha daxil olaraq həmin evdə uzun müddət birgə təsərrüfat apardıqlarını qeyd etməsi, obyektiv araşdırma aparmaması, nümayəndəsinin izahatlarının təhrif edilməsi, əslində iddiaçının sözügedən evin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyətinin olmaması, onun valideynlərinə məxsus olması və mübahisəli evin atası tərəfindən tikilərək ona hədiyyə olunması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. İddiaçı suallara cavab olaraq, həmçinin bildirmişdir ki, 2001-ci ildə cavabdehlə nikaha daxil olduqdan sonra bir müddət kirayədə yaşamış, bundan sonra 2002-ci ildə Dəvəçi rayonunda işə düzəlməsi ilə əlaqədar oraya köçmüş, 2003-cü ildə isə iş yeri Qaradağ rayonuna dəyişdiyi üçün Bakıya qayıtmışlar. 2004-cü ildən özünə ayrılmış sözügedən torpaq sahəsində ev tikməyə başlamış və 2008-ci ildə ailəsi ilə birlikdə oraya köçmüşlər. Bundan sonra, başqa bir ünvanda mənzil almış və 2014-cü ildən daimi olaraq orada yaşamağa başlamışlar. Şüvəlan qəsbəsindəki fərdi evi isə bağ evi kimi mövsümü istifadə etmişlər. Torpağın sahəsi sərəncamda 12 sot qeyd olunsa da, faktiki 13-14 sotdur. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi (vəkili) isə iddiaçının apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilmiş apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Cavabdeh suallara cavab olaraq, həmçinin bildirmişdir ki, iddiaçı ilə nikaha daxil olduqdan sonra bir müddət kirayədə yaşamışlar. Evin yerləşdiyi torpaq sahəsi 0,13-0,14 ha olmaqla, atasına məxsus olmuş, cavabdehlə nikaha daxil olduqları vaxt orada yarım tikili olmuş, sonradan isə tədricən 4 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Lakin həmin torpaq sahəsinin atasına məxsus olması barədə hər hansı sübutu yoxdur. Onlar 2008-ci ildə mübahisəli evə köçmüş, daha sonra başqa ünvanda mənzil əldə edərək daimi olaraq orada yaşamağa başlamış, Şüvəlandakı evə mövsimi gedib-gəlmişlər. İddiaçı ilə nikahları pozulduqdan sonra isə 2020-ci ili avqust ayından etibarən o, uşaqları ilə birlikdə həmin evdə daimi olaraq yaşayır. Nikahda oldqları müddətdə iddiaçının həmin ərazidə torpaq sahəsinin olduğunu bilmiş, lakin sonradan ona həmin sahəni satdığını söyləmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti tam, cavabdehin apellyasiya şikayəti isə qismən təmin olunaraq, qətnamə ləğv, iddia təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər 27.10.2001-ci il tarixdə nikaha daxil olmuş və bu nikahdan 17.08.2004-cü ildə Nuray, 28.09.2005-ci ildə Günay, 26.10.2008-ci ildə İlham və 26.06.2012-ci ildə Akim adlı uşaqları doğulmuşdur. Tərəflər bir müddət başqa ünvanlarda yaşamış, 2008-ci ildən etibarən hazırkı iş üzrə mübahisə predmeti olan Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Bir müddət orada yaşadıqdan sonra isə 2014-cü ildən birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 7, 110 saylı mənzildə (sonradan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(008)-1105/2021 saylı qətnaməsinə əsasən üzərində tərəflərin payları müəyyən olunmuşdur) yaşama başlamış və mübahisəli evi mövsimi istifadə etmişlər. Sonradan tərəflərin ailə müansibətləri pozulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(003)-2441/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar analarının himayəsinə verilmişdir. Hazırda cavabdeh birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır. Eyni zamanda, işdə olan digər sübutlardan (sərəncam, məhkəmə qərarı, izahatlar və s.) görünür ki, Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı, 30.12.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Bakı şəhəri Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, tərəflər nikaha daxil olduqdan sonra isə həmin sahədə 4 otaqlı ümumi sahəsi 125 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, onlar 2008-ci ildən orada yaşamağa başlamışlar. Hazırda iddiaçı cavabdehlə nikahları pozulduqdan sonra onun həmin evdən istifadəsinə maneəçilik yaradıldığını (evə polis muhafizə sistemi quraşdırmaqla, kilidi dəyişdirməklə və s.) bildirərək, həmin evə köçürülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, qeyd olunan torpaq sahəsinin atasına məxsus olduğunu və sonuncu tərəfindən fərdi yaşayış evi tikilərək ona hədiyyə olunduğunu, iddiaçının isə həmin sahəyə və evə heç bir aidiyyətinin olmadığını bildirir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, bildirir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması və evin kim tərəfindən inşa olunması məsələsinə hüquqi qiymət verilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 2487 saylı, 30.12.1999-cu il tarixli sərəncamına əsasən, iddiaçıya Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(103)-2066/2021 saylı qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilərək, qeyd olunan sərəncamın ona məxsus olması faktı müəyyən edilmişdir. İş üzrə tərəflərin birgə nikada olduqları dövrdə həmin torpaq sahəsində 125 kv.m sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi inşa olunmuş və onlar 2008-ci ildən etibarən uzun müddət orada daimi yaşayaraq və sonradan isə mövsimi istifadə etməklə birgə təsərrüfat aparmışlar. Həmçinin, tərəflərin izahatlarından da aydın olur ki, mübahsəli evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü təqribən 0,13-0,14 ha olmaqla Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 2487 saylı, 30.12.1999-cu il tarixli sərəncamında göstərilən sahəyə uyğundur. Hazırda cavabdeh, qeyd olunanları təkzib edərək, mübahisəli fərdi yaşayış evinin atasına məxsus torpaq sahəsində yerləşdiyini və atası tərəfindən inşa olunaraq ona hədiyyə edildiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Yəni, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini daşıyır (torpaq sahəsinin hansı əsasla atasına ayrılması, bunu təsdiq edən səlahiyyətli orqanların qərarı və s.). Çünki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Cavabdehin izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Belə olan halda isə, iddiaçının etirazının və apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehlə nikaha daxil olmasından əvvəl müvafiq icra hakimiyyəti orqanının inzibati aktı əsasında ona ayrılmış və tərəflərin birgə nikahda olduqları dövrdə mübahisəli ev tikilmişdir. Həmçinin, qeyd edilməlidir ki, qeyd olunan torpaq sahəsi hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, iddiaçının həmin sahəyə, müvafiq inzibati orqanın verdiyi inzibati akt sayəsində qanuni əmlak hüquqları mövcüddur. Bu isə o deməkdir ki, torpaq sahəsinə iddiaçının qanuni sahiblik və istifadə hüquqları olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin sahəyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunanlar isə ona dəlalət edir ki, iddiaçı mülkiyyət hüququ baxımından qanuni gözləntiyə malik olduğu torpaq sahəsində cavabdehlə birgə nikah dövründə inşa etdikləri və uzun müddət birgə təsərrüfat apardığı fərdi yaşayış evinə köçürülməklə bağlı subyektiv hüquqa malikdir. O da nəzərə alınmalıdır ki, iddiaçının tələbi mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının tanınması deyil, məhrum edildikləri yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Baxılan işdən görünür ki, mübahisəli ev qanuni əsaslarla iddiaçıya məxsus torpaq sahəsində inşa olunmaqla daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və tərəflərin birgə nikah dövründə tikilmişdir (əksini təsdiq edən sübutlar təqdim olunmamışdır). Belə olan halda, cavabdeh mübahisəli evdə yaşayaraq ondan bir iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulması, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almadan mübahisənin həllinə dair maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamış və qətnamənin əsaslandırıcı hissəsində ziddiyyətli mövqelər əks olunmuşdur (məhz bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalıdır). Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti tam, cavabdehin apellyasiya şikayəti isə qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tam, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)- 2595/2021 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunması barədə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 2487 saylı, 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsində inşa olunmuş 125 kv.m sahədən ibarət 4 otaqlı evə (tikiliyə) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1193/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1193/2022
01.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver