Məhkəmə qərarları › İş №2(103)-1193/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1193/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1193/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X20” publik hüquqi şəxsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: həkim səhvi, müalicənin düzgün aparılmaması, müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində vurulan ziyan, sübutetmə, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “X20” publik hüquqi şəxsinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı “X20” publik hüquqi şəxsinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X5 atasıdır.

2. Rəna Həsənova xx.xx.2023-cü il tarixdə saat 00.26-da “Qarında dəqiqləşdirilməmiş ağrı” diaqnozu ilə valideynlərinin müşaiyəti altında 9 saylı TTYS-sı vasitəsilə “X20” publik hüquqi şəxsə gətirilmişdir.

3. Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş və müalicə həkimi Aynur Qurbanova tərəfindən imzalanmış ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda göstərilmişdir ki, “...xəstənin şikayətləri qarında kəskin ağrı, ümumi zəfilikdəndir. Valideynlərinin dediyinə görə təqribən 2 saat öncə başlamışdır. Anamnezindən məlum olur ki, uşaq 2 həftədi xəstədir. Xəstəlik baş ağrıları ilə başlayıb, boğaz ağrısı, öskürək şikayətləri ilə davam etmişdir. Bu müddətdə bir neçə tibb müəssisəsinə müraciət etmişlər. Lakin xəstəyə bir diaqnoz qoyulmamışdır. Qəbul şöbəsinin diaqnozu: “Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları”. Qəbuldan qabaq xəstədə MİS-C və naməlum etiologiyalı mədə-bağırsaq infeksiyasından şübhə olduğu üçün Ə.Qarayev adına xəstəxanaya konsultasiyaya göndərilib və geri qaytarılmışdır. Bu müddətdə özəl klinikada USM olunmuş və ETPİ-də xəstənin dinamiki müşahidəyə ehtiyacı olduğu deyilmişdir. Ümumi vəziyyəti orta ağırlıqdadır. Dəri və görünən selikli qişaları avazımışdır. Sol budun üç səthində piqmentasiyalı səpkilər vardır. Auskultasiyada hər iki tərəfdə sərt tənəffüz fonunda aşağı paylarda xırıltılar eşidilir. Ürək tonları bir qədər karlaşıb. Qarın köpdür, bir qədər assimetrikdir. Palpasiya zamanı bir qədər gərgindir. Yoğun bağırsaq proyeksiyasında ağrılıdır. Sağ qalça çuxurunda sağ kanala yaxın ağrı artır. Yuxarı ətraflar aktiv hərəkətlərində kəskin ağrı qeyd edilir. Klinik diaqnoz: “Kəskin appendisit (dəqiqləşdirilməmiş)?”. xx.xx.2023-cü il tarixdə kliniki gedişin müayinələrin nəticəsini nəzərə alaraq simptomatik müalicə fonunda dinamik nəzarətə ehtiyacı vardır. Hal-hazırda xəstədə kəskin patologiya yoxdur. Təmizləyici imalədən sonra külli miqdarda nəcis qazlar xaric olub, qarında ağrıları keçmiş, aktivləşmiş, gəzir, yemək tələb edir. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Qarında olan ağrı şikayəti keçmişdir. Dəri və görünən selikli qişalar bir qədər avazımışdır. Hərarəti və qusması yoxdur. Sərbəst qidalanır. Palpasiyada qarın yumşaqdır, ağrısızdır. Xəstənin stasionar yatışındakı kliniki gedişi nəzərə alaraq xəstədə hal-hazırda kəskin cərrahi patologiya yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12.00-da xəstədə naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası və MİS-C şübhəsi olduğunu nəzərə alaraq xəstə kafi vəziyyətdə ixtisaslı yardım məqsədilə uşaq qastroenteroloq və infeksion xəstəliklərin həkim müayinəsinə göndərilmişdir. Son klinik diaqnoz: “Naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası”.

4. “Güvən Klinik”də xəstə Rəna Həsənovanın adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli abdominal orqanların USM-də göstərilmişdir ki, sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, proksimal hissədə normal (3 mm) diametrda olan və orta seqmentdən etibarən mənfəzindən - 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda (- 4 sm uzunluqda seqmentdə) diametri 8 mm-i keçən, perilstaltikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal kəskin appendisit). Ətraf mezenterial toxumalar bir qədər ödəmlidir, reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir”.

5. “Güvən Klinik”də xəstə Rəna Həsənovanın adına xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tibbi sənəddə (həkim Vüqar Həsənov) göstərilmişdir ki, bir gün əvvəl sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, orta seqmentindən etibarən, divarları qiffuz qalınlaşmış (3 mm-dən çox) mənfəzində böyüyü - 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda diametri 8 mm-i keçən, perilstatikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal appendisit əlamətlərinin davam etməsi). Ətraf mezenterial toxumalar ödemlidir (plastron formasiyası?), reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir. Tapılan nəticə: “Retrosekal appendisitin davam etməsi, plastron formasiyası”.

6. “X8” tərəfindən xəstə Rəna Həsənovaya edilmiş xx.xx.2023-cü il tarixli “Tam qarın boşluğu KT”-də müəyyən olunmuşdur ki, apendisit retroçekal yerləşməlidir. Apendiks diametri 11 mm olub artmış, daxilində apendikolit imajı izlənilir. Periapendikulrar piy toxumasında ödem iltihaba bağlı sıxlıq və maye artışı mövcuddur.

7. “X8” tərəfindən verilmiş və həkim Vüsal Cəfərov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Stasionar xəstənin tibb kartasından çıxarış”da göstərilmişdir ki, “...xəstə xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə saat 21.45-də klinikaya qəbul edilmişdir. Şikayəti 3 günlük qarın ağrısı, qusma və febril temperaturdan olmuşdur. Anamnez: ailənin deməsinə görə iki həftə öncəsində uşaqda baş ağrı və subfebril temperatur şikayətləri olmuşdur. Son 3 gündür qarın ağrısı başlamış, qusma və febril qızdırmaları olmuşdur. Başqa mərkəzdə pediatr tərəfindən müayinə edilmiş və appendisit şübhəsi ilə klinikaya gətirilmişdir. Tərəflərindən müayinə edildi. Qarının sağ qalça çuxuru nahiyəsində həssaslıq müşahidə olunur. Qanın ümumi analizində leykositoz görülür. USM appendisit leyhinədir. Təcili olaraq appendiktomiya edilməsi üçün stasionara yatırıldı. Xəstə supin pozisiyada əməliyyat masasına uzadıldı. Ümumi anesteziya ilə yatızdırıldı və steril olaraq əməliyyat sahəsi silindi və örtüldü. Xəstənin qarın içərisində transumblikal olaraq 10-luq trokar girildi. Qarın boşluğu CO2 qazı ilə ensuflyasiya edildi. Digər iki ədəd çalışma alətləri optik görüntüsü altında qarın içinə girildi. Çekum eksplorasiya edildi və retroçekal yerləşmiş appendiksin orta hissəsindən perforasiya olduğu görüldü. Qarın boşluğuna tökülmüş nəcis daşları çıxarıldı. Periappendikulyar və çanaq boşluğunda kirli maye izləndi, yuyularaq aspirasiya edildi. Qaraciyəraltı sahədə abses izləndi və boşaldılaraq təmizləndi. Appendiks yapışıqlıqlardan sərbəstləşdirildi, grasper aləti ilə tutularaq asqıya alındı və bipolyar yandırıcı vasitəsilə disseksiya edildi. Appendiks mezosu yandırıldı və kəsildi. Endoloop ilə appendiks kökü iki yerdən bağlandı və kəsildi. Douglas boşluğu, çanaq boşluğu, apendiks loju və qaraciyəraltı sahə yuyularaq aspirasiya edildi və təmizlənd. Qanama kontrolu edildi. Daha sonra appendiks 10-luq trokar içərisindən çıxrıldı. Trokarlar çıxarıldı. Giriş yerləri tikildi. 03-xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti və hemodinamik göstəriciləri normaldır. Bağırsaq səsləri normoaktivdir. Xəstə mobilizə edildi. Gün ərzində subfebril qızdırmaları olmuş və düşmüşdür. 06-xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti və hemodinamik göstəriciləri normaldır. Qızdırma və qarın ağrıları yoxdur. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti və hemodinamik göstəriciləri normaldır. Yara yerli antiseptiklə silindi. İnfeksiya əlamətləri müşahidə edilmir. Oral antibiotik başlanaraq xəstə Rəna Həsənova xx.xx.2023-cü il tarixdə evə göndərilmişdir. Diaqnoz: “Appendisitin digər formaları”.

8. “X8” tərəfindən X5 adına tərtib olunmuş fakturalarda göstərilmişdir ki, onun həmin hospitalda müayinə və müalicəsi zamanı - xx.xx.2023-cü il tarixdə biokimyəvi laboratoriyaya görə 20 manat, qeyri-iş saatı planlaşdırılmamış əməliyyat aparılmasına görə 102 manat, təcili yardımda müayinəyə görə 113 manat, tam qarın boşluğunun kompyuter tomoqrafiyasına və təcili yardımda müayinəyə görə 247,51 manat, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə - cəmi 3654 manat, xəstənin üzərində icra olunan xx.xx.2023-cü il tarixli əməliyyata (yayılmış irinli (nəcis) peritonit) əməliyyata görə 2244 manat, tibbi ləvazimatlara görə 109,09 manat, xx.xx.2023-cu il tarixdə biokimyəvi laboratoriyaya görə 36 manat, xx.xx.2023-cü il tarixdə 255 manat ödənilməlidir.

9. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “02 yanvar 2023-cü il tarixdə övladınız Rəna Həsənova ilə bağlı Mərkəzi Hospitala müraciət edən zaman dövlət tibb müəssisəsi tərəfindən heç bir göndəriş olmadığından, tibbi xidmətlərin icbari tibbi sığorta çərçivəsində göstərilməsi mümkün olmamış, buna görə də sizinlə müqavilə bağlanılaraq Rəna Həsənovaya müvafiq qaydada tibbi xidmətlər göstərilmiş, göstərilmiş tibbi xidmətlərə görə 3424 manat məbləğində pul vəsaiti tərəfinizdən tam şəkildə ödənilmişdir.

10. İddiaçı “X20” publik hüquqi şəxsinə ünvanladığı ərizədə göstərmişdir ki, “xx.xx.2022-ci il tarixdə qızı X5 qarın boşluğunda olaq ağrıları, qusma və hərarət şikayətləri ilə X18 zəng etmişlər. Bununla əlaqədar olaraq TTY maşını qızını həmin gün saat 6-7 radələrində X14 gətirdi. Bu zaman növbədə olan və özünü uşaq cərrahı olaraq təqdim edən həkim X16 uşağa baxış keçirdi. Kliniki əlamətlərə əsasən appendisit şübhəsi olduğuna görə xx.xx.2022-ci il tarixdə həkimə təkidlə uşağa hökmən USM müayinəsi etdirməyi bildirdi. Müayinə nəticəsində ilkin olaraq həkim uşaqda appendisitin olubolmaması barədə fikir yürüdə bilmədi, sonra appendisitin olmasını inkar etdi. Uşağın qarın boşluğunda kəskin ağrılar davam etdiyindən, körpənin taleyinə biganə qalmayaraq həmin gün təcili özəl klinikaların birinə gedərək orada yenidən USM etdirdi. Nəticə KA əməliyyatının icra edilməsi üçün göstəriş oldu: retrosekal kəskin appendisit, diametr 8 mm-i keçən gərgin bağırsaq ilgəyi, 8 mm ölçüdə olan 2-3 ədəd apendikolit Özəl klinikadakı USM həkimi Aynur Qurbanovaya telefonla zəng edərək, uşaqda kəskin appendisit olduğunu bildirdi. O, da USM müayinəsinin nəticələrini Aynur Qurbanovaya gətirib təqdim etdi. Lakin həkim yenidən əməliyyatı inkar inkar edərək onların istəkləri ilə uşağı ancaq xəstəxanada yatıra biləcəyini söylədi. X15 yatdığı müddət ərzində uşağa müalicə aparılmadan ağrı kəsicilər vuruldu. Yanvarın 2-i 2023-cü il tarixdə ağrı kəsicilər vuraraq, uşağı X11 evə yazdılar. Evə buraxılan gün bir neçə saatdan sonra, yəni xx.xx.2023-cü il tarixdə ağrı kəsicilərin təsiri keçdikdən sonra uşağın qarnında yenidən kəskin və dözülməz ağrılar başladı. Təlaş içində təcili X7 apardı. X15 gecikdirmə nəticəsində apendisit partlamışdır. KT baxışı zamanı isə uşaqda appeqdiksinin diametrinin 11 mm-lik artması, daxilində apendikolit imajının izlənilməsi qeyd edilirdi. Hal-hazıradək uşağın sağlamlığında ciddi müalicəyə ehtiyac vardır. Qeyd edilənlər əsasında bildirir ki, X15 həkim etinasızlığı və səhlənkarlığı nəticəsində onun uşağının sağlamlığına ciddi zərər dəymişdir. Habelə, dəfələrlə təkid etmələrinə baxmayaraq, xəstəyə lazımi tibbi xidmət göstərilməmiş və uşaq kəskin appendisitlə əməliyyata alınmamışdır. Nəticədə uşağın gecikmiş halda özəl xəstəxanada əməliyyat etdirməsi nəticəsində icbari sığorta tibbi sığortanın hesabına xidmət almaqdan məhrum olmuşlar. KTM imtina edildiyi üçün məcbur olub X3 3160 manat xərcləri çıxmışdır. Hal-hazırda da uşaq həkim nəzarəti altındadır. X12 həkim səhlənkarlığına görə əsassız olaraq imtina edilmiş cərrahı əməliyyata və hərəkətsizlik formasında övladının sağlamlığına vurulan zərərə görə KTM-dən şikayətçidilər. Belə ki, X16 tərəfindən, habelə ümumilikdə xəstəxana tərəfindən uşağın sağlamlığına etinasız yanaşılmışdır. Ona görə də ona vurulan 4000 manat real zərərin, habelə 6000 manat mənəvi zərərin ödənilməsini xahiş edir. Bildirir ki, 10 gün müddətində müraciətinə müsbət münasibət bildirilmədiyi təqdirdə, məsələni məhkəmə qaydasında mübahisələndirmək zərurətində olacaq.

11. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki qurumlara ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstəriş verilmişdir ki, “TƏBİB”in tabeliyində olan bütün tibb müəssisiələrinin maliyyə öhdəlikləri yekunda Agentlik tərəfindən qarşılandığından, tibb müəssisələrinə qarşı məhkəmələrdə maliyyə öhdəlikləri ilə müşaiyət olunan iddia qaldırılarkən, dərhal məhkəməyə Agentliyin də üçüncü şəxs qismində cəlb edilməsi üçün vəsatət versinlər.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı (iddiaçı) “X20” publik hüquqi şəxsinə qarşı (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tibbi xidmətlə əlaqədar vurulmuş real zərərə görə 4080 manatın, vəkilə xidmət haqqı olaraq ödənilən 800 manatın, dövlət rüsumu olaraq ödənilən 120 manatın, habelə övladına qarşı etinasızlıqla əlaqədar keçirdiyi iztiraba görə mənəvi zərər qismində 5000 manatın, yəni cəmi 10 000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə qızı Rəna Həsənovanın qarın boşluğunda olan ağrıları, qusma və hərarət şikayətləri ilə bağlı X18 müraciət etmiş, X22 maşını qızını həmin gün saat 6-7 saat radələrində Cavabdehə gətirmişdir. Bu zaman növbədə olan və özünü uşaq cərrahı olaraq təqdim edən X16 uşağa baxış keçirmiş, klinik əlamətlərə əsasən apendisit şübhəsi olduğuna görə xx.xx.2022-ci il tarixdə həkimə təkidlə uşağa hökmən USM müayinəsi etdirməyi bildirmişdir. Müayinə nəticəsində həkim ilkin olaraq uşaqda apendisitin olub-olmaması barədə fikir yürüdə bilməmiş, sonra apendisitin olmasını inkar etmişdir. Uşağın qarın boşluğunda kəskin ağırlar davam etdiyindən, korpənin taleyinə biganə qalmayaraq həmin gün təcili şəkildə özəl klinikaların birinə gedərək orada yenidən USM etdirmiş, nəticə kəskin appendisit (KA) əməliyyatının icra edilməsi üçün göstəriş - retrosekal kəskin appendisit, distal yarıda 8 mm-i keçən gərgin bağırsaq ilgəy, ora seqmentdən etibarən mənzəlində böyüyü - 8 mm ölçüdə olan 2-3 ədəd apendikolit - olmuşdur: Özəl klinikadan USM həkimi Aynur Qurbanovaya telefonla zəng edərək, uşaqda kəskin appendisit olduğunu bildirmiş, USM müayinəsinin nəticələrini gətirib Aynur Qurbanovaya təqdim etmişdir. Lakin həkim yenidən əməliyyatı inkar etmiş, istəkləri ilə uşağı ancaq xəstəxanada yatıra biləcəyini söyləmişdir. “X20”də imtina edildiyi üçün xx.xx.2023-cü il tarixdə yenidən uşağı özəl klinikada USM etdirmək məcburiyyətində qalmış, nəticə yenə də Retrosekal appendisitin davam etməsini göstərmişdir. Lakin “X20”in uşaq cərrahi yenidən cərrahi əməliyyatın aparılmasından imtina etmişdir. “X20”də yatdığı müddət ərzində uşağa müalicə aparılmadan ağrı kəsicilər vurulmuş, xx.xx.2023-cü il tarixdə ağrı kəsicilər vuraraq, uşağı “X20”dən evə yazmışlar. Evə buraxıldığı gün bir-neçə saatdan sonra, yəni xx.xx.2023-cü il tarixdə ağrı kəsicilərin təsiri keçdikdən sonra uşağın qarnında yenidən kəskin və dözülməz ağrılar başlamışdır. “X20”də uşaq ambulator yatışda olduğu müddət ərzində ümid etmişdir ki, uşağına dövlətin tibb müəssisəsi lazımi tibbi xidməti göstərəcəkdir. “X20”də uşağına tibbi xidmət və icra edilməsi zəruri olan cərrahi əməliyyat icbari tibbi sığortanın vəsaiti hesabına həyata keçiriləcəkdi, lakin görünür ki, tibbi xidmətin icbari tibbi sığortanın vəsaiti hesabına həyata keçirmək istəyi, yəni əlavə təklif etməməsi həkim tərəfindən uşağına laqeyd yanaşılması ilə nəticələnmişdir. Nəticədə icbari tibbi sığorta vəsaiti hesabına tibbi xidmətdən yararlanmaqdan məhrum edilmişdir. Həmçinin həkim qeyd edilən tibbi xidmətin göstərilməsində təcrübə ilə əlaqədar çətinlik görürdüsə, bununla əlaqədar xəstəxana tərəfindən konsilium təşkil edilməli və ya KTM tərəfindən icbari tibbi sığorta vəsaiti hesabına digər tibb müəssisəsinə göndəriş verməli idi. “X20”in həkiminin uşağına tibbi xidmət göstərməkdən imtinasını görüb maddi vəziyyətinin yaxşı olmamasına baxmayaraq, təlaş içində uşağı təcili şəkildə X7 aparmaq məcburiyyətində qalmışdır. KT baxışı zamanı isə uşaqda Appendistin diametrinin 11 mm-dək artması, daxilində apendikolit imajının izlənilməsi qeyd edilmiş, priapendikulyar piy toxumasında ödem iltihaba bağlı sıxlıq və maye artışı olmuşdur. “X20”də gecikdirmə nəticəsində apendisit deşilmişdir. Təcili əməliyyat zamanı, tibbi dillə deyilsə, retrosekal appendisitin orta hissəsindən perforasiya olduğu görülmüş, artıq qarın boşluğuna tökülmüş nəcis daşları çıxarılmışdır. Qaraciyər altı abses olmuş, apendisitin deşilməsi nəticəsində bağırsaqdan çölə çıxmış irinli möhtəviyyat təmizlənmişdir. Beləliklə, “X20”də həkim etinasızlığı və səhlənkarlığı nəticəsində uşağının sağlamlığına ciddi zərər dəymişdir. Həkim səhlənkarlığı nəticəsində uşağının sağlamlığına dəymiş zərərə görə indiyə qədər uşaqda periodik ağrılar və immun sisteminin zəifləməsi nəticəsində həkimə müraciət etmələri davam edir. “X20”də dəfələrlə təkid etmələrinə baxmayaraq xəstəyə lazımi tibbi xidmət göstərilməmiş və uşaq kəskin apendisit diaqnozu ilə əməliyyata alınmamışdır. Uşağı gecikmiş halda özəl xəstəxanada əməliyyat etdirmələri nəticəsində icbari tibbi sığortanın hesabına xidmət almaqdan məhrum olmuşlar. KTM imtina etdiyi üçün təkcə əməliyyata görə məcbur olub X3 3425 manat xərcləmişdir. Hazırda da uşaq həkim nəzarəti altındadır. Cavabdehdə həkim səhlənkarlığına görə icbari tibbi sığortanın vəsaiti hesabına əsassız olaraq imtina edilmiş cərrahi əməliyyata, habelə digər tibb müəssisələrinə göndəriş verilmədiyinə və hərəkətsizlik formasında övladının sağlamlığına vurulan zərərə görə KTM-dən şikayətçidir. Nəticədə uşağının apendisiti deşilmiş, sağlamlığına zərər dəymiş, indiyədək uşağını həkim nəzarətində saxlamağa məcbur olmuşdur, habelə özəl tibb müəssisəsində tibbi xidmətin qarşılığını pulla almaq məcburiyyətində qalmışdır. Övladının sağlamlığına vurulan zərərlə əlaqədar indiyə qədər 4200 manat xərcləmişdir və bu xərclər davam edir. Uşağını bu vəziyyətdə görmək bir valideyn kimi onu çox ağrıdır. “X19”ə məktubla müraciət edərək 10 gün müddətində ona vurulan zərərin ödənilməsi ilə əlaqədar danışıqların aparılmasını xahiş etsə də, ona heç bir cavab verilməmişdir.

14. Məhkəmənin 13 mart 2023-cü il tarixli protokol-qərardadı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur.

15. Məhkəmənin təyinatı əsasında verilmiş 303/KEŞ saylı xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir: “1-ci sual üzrə: Cavabdeh PHŞ-də X5 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00.26-da “Qarında dəqiqləşdirilməmiş ağrı” diaqnozu ilə xəstəxanaya gətirilmişdir. Aparılan müayinələrə əsasən ona “Kəskin appendisit (dəqiqləşdirilməmiş)?” diaqnozu düzgün təyin edilmiş və diaqnozun dəqiqləşdirilməsi üçün xəstə kliniki müşahidəyə alınmışdır. 2-ci sual üzrə: Cavabdeh PHŞ-də həkim və şöbə müdirinin iştirakı ilə keçirilmiş konsiliumun nəticəsində xəstəyə seçilən kliniki müşahidə taktikasına əsasən xəstə 24-48 saat kliniki müşahidəyə alınıb təyin olunan diaqnoz dəqiqləşdirilir. 3cü sual üzrə: Rəna Həsənova kliniki müşahidəyə alındıqdan sonra yaxşılaşma ilə ambulator nəzarətə göndərilmişdir. Xəstə təkrar ağrı ilə əlaqədar yenidən xəstəxanaya müraciət etmiş, aparılan fiziki və instrumental müayinələrə əsasən əməliyyata göstəriş ola bilərdi. 4-cü sual üzrə: Retrosekal yerləşimli appendisit kliniki müşahidəyə gərək ola biləcək klinik tablo yarada bilər. Bu cür xəstələrə ağrının lokalizasiyası, instrumental müayinələrin xəstəliklə bağlı informativliyi azala bilər. 5-ci sual üzrə: İfadə edilən anamnestik və instrumental müayinəyə əsasən kəskin appendisit diaqnozu təyin oluna bilər. Xəstəyə ilkin diaqnoz olaraq da kəskin appendisit diaqnozu təyin olunmuşdur. 6-cı sual üzrə: Kəskin appendisit diaqnozu dəqiqləşdirildikdən sonra cərrahi müdaxilə xəstəliyin müalicəsinin bir seçimidir. Bütün kəskin appendisit diaqnozlu xəstələr cərrahi üsulla müalicə olunmur. 7-ci sual üzrə: Xəstənin son kliniki diaqnozu naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası olmuşdur. Laborator müayinədə leykomitlərin 32.000, neytrofillərin isə 90,4 olması kəskin infeksion prosesin göstəricisidir. Lakin buna baxmayaraq xəstənin ümumi vəziyyətində kliniki yaxşılaşma qeyd olunduğundan və cərrahi patologiya atipik gedişli olduğundan, müvafiq məsləhətlər verilərək xəstəxanadan yazılmışdır. 8-ci sual üzrə: Appendiksin diametrinin böyüməsi xəstəliyin davam etdiyini və xəstənin vəziyyətində ağırlaşmanın olması müalicə taktikasının təkrar nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir”.

16. Məhkəmənin şahid qismində dindirdiyi X6 ifadəsində göstərmişdir ki, X5 müalicə həkimi olmuşdur. xx.xx.2022-ci il tarixdə hazırda həkim olaraq çalışdığı “X20”ə qarın nahiyyəsində 2 saat müddət daxilində davam etməkdə olan ağrı ilə yardım vasitəsilə daxil olmuş, müayinə zamanı o, bildirmişdir ki, “2 həftəyə yaxın müddətdir xəstədir və qızdırma, öskürək kimi şikayətləri olmuşdur. Bundan əlavə 10 gündür ki, kəskin baş ağrıları mövcuddur”. Xəstənin ilkin fiziki müayinəsi zamanı tərəfindən cərrahi olaraq hər-hansı bir şübhəli məqama rast gəlinməmiş və xəstə USM müayinəsi, rentgenoloji və laborator müayinə olmuşdur. Bu zaman xəstənin leykositlərinin 28 min olduğu müəyyən edilmişdir. Lakin 2 saatlıq bir qarın ağrısı 28 minlik leykositi açıqlamır. Xəstə xəstəxanaya müraciət etdikdə zəifləmişdi, bu da onun 10 gündən artıq davam edən qızdırma, öskürək, baş ağrıları ilə həmçinin ailəsinin bildirdiyi üzrə bədənində yaranmış səpkilər və digər sistemik infeksiyalarla bağlı idi. Bir xəstə xəstəxanaya müraciət etdikdə həkim üçün ilk öncəlik olaraq anemistik müayinə əsas rol oynayır. Bununla əlaqədar olaraq xəstə USM müayinəsi olunmuş və həmin müayinədə onlar 28 min leykositi açıqlayacaq bir bulquya rast gəlməmişlər. Yəni 2 saatlıq bir qarın ağrısı, 28 min leykosit, xəstənin fiziki müayinəsi və USM müayinəsi bir-birini tamamlamamışdır. Daha sonra xəstə başqa bir xəstəxanada USM müayinəsi olunmuş və orada xəstənin appendisitinin 8 mm-ə qədər böyüməsi müəyyən edilmişdir. Bununla bağlı xəstənin ailəsi ona məlumat vermiş və həmin gün gecə o, xəstəyə xəstəxanada stasionar müalicə təyin etmişdir. Ailəsinə də bildirmişdir ki, USM müayinəsinin nəticəsi əsasında əməliyyat təyin etməyəcək, çünki xəstənin klinik, anemistik müayinəsi daha vacib faktordu. Onlar da bununla razılaşmış və stasionar müalicə təyin olunmasına etiraz etməmişlər. Bundan sonra xəstədə, keçirmiş olduğu infeksion xəstəliklərlə və leykositlərin yüksək olması ilə bağlı antibiotik müalicəsinə başlamışlar. Xəstə kliniki olaraq müşahidə olunmuşdur. Appendisitinin 8 mm-ə qədər böyüməsinə gəlincə isə onu da qeyd edir ki, xəstə keçirmiş olduğu infeksion xəstəliklərin təsirindən boğazında və digər orqanlarda iltihablanma olduğu üçün həmin iltihablanmanın təsirindən appendisitində 8 mm-ə qədər qalınlaşması normal haldır. Bunun isə antibiotiklə sovuşdurması mümkündür. Ertəsi gün konsilium təşkil etmiş və şöbə müdiri olan 35 illik uşaq cərrahı ilə danışıqlar aparmışdır. O, da xəstəni müayinə etmiş və 2 saatdan artıq onun başında gözləmişdir. Həmçinin həmin gün o, növbətçi həkim kimi saat 09.00-da növbəni təhvil verə biləcəyi halda bunu etməmiş, saat 12.00-a qədər xəstənin başında gözləmiş və mümkün olan bütün müalicəvi tədbirləri həyata keçirmişdir. Bu vaxt xəstənin ailəsi də onun yanında olmuşdur. Xəstə imalə olunmuş və dərmanlar verilmişdir. Ertəsi gündən xəstə fiziki olaraq yaxşılaşmış və yemək istəmişdir. Ona oral qidalanma tətbiq olunmuşdur. Həmin gün axşam xəstə təkrarən müayinə olunmuş, bu zaman qarın ağrılarının rahatladığı, qusma və qızdırmasının olmadığı müəyyən olunmuşdur. Onlar bu müddət ərzində xəstəyə heç bir ağrıkəsici tətbiq etməmişlər. Bu müddətdə xəstənin ailəsi KT müayinəsinin edilməsində israrlı olmuş, lakin o, klinik vəziyyəti stabil olan xəstəni radiasiyaya məruz qoyulmasının tərəfdarı olmadığından buna lüzum görməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə xəstə oral antibiotik yazılaraq evə buraxılmışdır.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, həkim məsuliyyətsizliyi və ya səriştəsizliyi ucbatından o, bir valideyn kimi övladını itirmək təhlükəsi ilə üz-üzə qalmış, X16 kəskin appendisitin simptomları olmasına baxmayaraq bunu qəbul etməyərək ağrıların kəsilməsi üçün uşağa antibiotiklər tətbiq eləmiş, əmin olmaq üçün uşağa başqa xəstəxanada iki dəfə USM müayinəsi etdirmişdir. Hər iki müavinənin nəticəsində uşaqda kəskin appendisit olduğu müəyyən olunmuş, bununla bağlı Aynur Qurbanova ilə də əlaqə saxlayaraq məlumat vermiş, hər iki müayinənin nəticəsi tərəfindən Aynur Qurbanovaya təqdim edilmişdir. Cavabdeh xəstəxanada keçirilmiş USM müayinəsi nəticəsində həkim appendisiti görmədiyini bildirdikdə o, ona hətta demişdir ki, “öz hesabıma başqa xəstəxanada KT etdirib əmin olaq”. Həkim əminliklə buna zərurət olmadığını bildirmişdir. Hətta həkim uşaqda infeksion xəstəlik diaqnozu ilə onları Qarayev adına uşaq klinikasına göndərmişdir. Oranın həkimi ilkin müayinə zamanı belə onlara bildirmişdir ki, bu uşaq reanimasiyalıqdır, vəziyyəti ağırdır və orada boşuna vaxt itirirlər. X16 bunu belə qəbul etməmiş, daha sonra uşaq 6 gün xəstəxanada qalmışdır. Nəticədə ona maddi və ağır mənəvi ziyan vurulmuşdur. Onlar xx.xx.2023-cü il tarixdə axşam saatlarında X7 getmiş, gecə əməliyyat olunmuş, əməliyyat saat 03.00-da bitmişdir. Bununla bağlı sənədlər isə xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Uşağın vəziyyəti pisləşdikdən sonra yenidən “X20”ə ona görə müraciət etməmişlər ki, orada övladı bir neçə gün yanlış diaqnozla müalicə olunmuşdur. Həkim onun və digər həkimlərin təkidlərinə baxmayaraq kəskin appendisit olmadığını bildirmişdir. Bütün bunlara baxmayaraq yenidən ora müraciət etməsi absurd olardı, çünki nə xəstəxanaya, nə də həkimlərinə inamı qalmışdır. Özəl xəstəxanaya getmək öz seçimi olmuşdur.

18. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi (vəkili) göstərmişdir ki, ekspert rəyində bir çox məqamlar öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində də birbaşa göstərilir ki, uşağın daşıdığı simplomlarla bağlı kəskin appendisit ən düzgün diaqnozdur. Bundan başqa Səhiyyə Nazirliyinin 2022-ci ildə təsdiq etdiyi “kəskin appendisitin müalicəsi və diaqnostikası üzrə klinik protokol”da birbaşa göstərilib ki, uşaqlarda kəskin appendisitin müalicəsi üçün bir qayda olaraq cərrahi müdaxilə standard olaraq qəbul olunur. Ən vacibi isə, müalicə həkimi Aynur Qurbanova tərəfindən ümumiyyətlə diaqnoz səhv qoyulub və kəskin appendisitlə bağlı yox, infeksion xəstəliklə bağlı müalicə həyata keçirilib. Halbuki kəskin appendisit üçün kifayət qədər əsaslar var idi. Qarayev adına uşaq klinikasında həkim hətta qeyd edib Aynur həkimə göndərib ki, uşağın bağırsaqlarında qalınlaşma gedir. İddiaçı tərəfindən “Güvən” klinikasında aparılmış 2 USM müayinəsi nəticəsində də eyni hallar təsdiq olunub və Aynur həkimə bildirilib. Hətta məhkəmə iclasında o, həkimə sual ünvanlayaraq cavabdeh xəstəxanada aparılmış USM müayinəsində uşağın bağırsaqlarını görüb-görmədiyini soruşduqda o, ona bildirdi ki, retrosekal yerləşmə ilə əlaqədar görə bilməyib. O, görə bilməməsinə, digər xəstəxanalarda aparılmış USM müayinələri zamanı və digər həkiminin bunu təkid etməsinə rəğmən kəskin appendisit olmadığında israr edib. “Güvən” klinikası apendisitin qalınlığını 8 mm müəyyən edib, lakin cavabdeh xəstəxana xəstəni evə buraxarkən ümumiyyətlə appendisiti yoxlamayıb, çünki xəstəyə ümumiyyətlə tam fərqli diaqnoz qoyulub və müalicə edilib.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ekspertiza rəyində ilkin diaqnozun düzgün qoyulduğu və kəskin appendisitin şübhəli ola biləcəyi göstərilmişdir. Ümumiyyətlə kəskin appendisitin müalicəsi iki mərhələdə aparılır: əməliyyat və əməliyyataqədərki stabilləşdirmə. Belə ki, xəstə xəstəxanaya yerləşdirildikdən sonra daimi müşayət altında saxlanılıb və müalicə olunub, əməliyyata zərurət görülməyib. Ekspert rəyində də göstərilib ki, kəskin appendisit ilə bağlı cərrahi müdaxilə aparılması seçimdir. Yəni hər bir halda cərrahi müdaxilə şərt deyil. Həmçinin xəstə bir çox xəstəxanalarda da müayinə olunub və onu da nəzərə almaq lazımdır ki, xəstəxanalarda olan aparatlar fərqli nəticələr göstərə bilər. Müdafiəçisi olduğu xəstəxanada aparılmış USM müayinəsində kəskin appendisit müşahidə edilməmişdir. Daha sonra iddiaçı bayram günləri ilə əlaqədar xəstəni evə aparmış, uşağın vəziyyəti pisləşdikdən sonra öz istəyi ilə onu başqa xəstəxanaya aparmışdır. Həmin xəstəxanada icbari sığortadan yararlanmaq üçün müraciət etməmişdir. Hesab edir ki, bunun məsuliyyətini də iddiaçı özü daşımalıdır. Həmçinin həkimin və xəstəxanasının məsuliyyətsizliyi və səriştəsizliyi heç bir sübutla təsdiq olunmamışdır. X16 kifayət qədər səriştəyə malikdir. Belə ki, o, Ankara Universitetində uşaq cərrahiyyəsi ilə bağlı uzmanlıq alıb, həmçinin bu sahədə Səhiyyə Nazirliyi tərəfindən keçirilmiş sertifikasiyadan uğurla keçib. O ki, qaldı maddi ziyanın vurulmasına, bununla bağlı sadəcə faktura təqdim olunmuşdur ki, bu ödənişi təsdiq sənəd deyildir. Mənəvi ziyanla bağlı isə onu qeyd edir ki, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir.

20. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək göstərmişdir ki, X2rla müqaviləsi var, kəskin appendisitin müayinəsi və müalicəsi xidmətlər zərfinə daxildir. Xəstəxana ilə aralarında bağlanan müqaviləyə əsasən müəyyən edilən məbləğdən artıq pulun xəstəxana tərəfindən vətəndaşdan tələb edilməsi əsassızdır.

21. Birinci instansiya məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh publik hüquqi şəxsdən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 1000 (bir min) manat, dövlət rüsumunun əvəzi kimi 61 (altmış bir) manat, hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat olmaqla cəmi 1561 (bir min beş yüz altmış bir) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

22.1. Həqiqətən ilkin müayinələr zamanı Cavabdeh Publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq diaqnozlar qoyulmuşdur. Bunlardan biri naməlum etioloji mədə-bağırsaq infeksiyası, digəri isə dəqiqləşdirilməmiş kəskin appendisit olmuşdur. Daha sonra iddiaçı digər xəstəxanaya müraciət etmiş və iş materiallarında olan “Güvən Klinik”də xəstə Rəna Həsənovanın adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli abdominal orqanların USM-nə əsasən, sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, proksimal hissədə normal (3 mm) diametrda olan və orta seqmentdən etibarən mənfəzindən - 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda (- 4 sm uzunluqda seqmentdə) diametri 8 mm-i keçən, perilstaltikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal kəskin appendisit). Ətraf mezenterial toxumalar bir qədər ödəmlidir, reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir kimi müvafiq rəy verilmişdir. Həmçinin iş materiallarında olan “Güvən Klinik”də xəstə Rəna Həsənovanın adına xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tibbi sənəddə isə (həkim Vüqar Həsənov) qeyd edilmişdir ki, bir gün əvvəl sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, orta seqmentindən etibarən, divarları qiffuz qalınlaşmış (3 mm-dən çox) mənfəzində böyüyü - 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda diametri 8 mm-i keçən, perilstatikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal appendisit əlamətlərinin davam etməsi). Ətraf mezenterial toxumalar ödemlidir (plastron formasiyası?), reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir. Tapılan nəticə: Retrosekal appendisitin davam etməsi, plastron formasiyası olması barədə rəy verilmişdir. “X8” tərəfindən xəstə Rəna Həsənovaya edilmiş xx.xx.2023-cü il tarixli Tam qarın boşluğu KT-dən isə görünür ki, apendiks retroçekal yerləşməlidir. Apendiks diametri 11 mm olub artmış, daxilində apendikolit imajı izlənilir. Periapendikulrar piy toxumasında ödem iltihaba bağlı sıxlıq və maye artışı mövcudluğu müəyyən edilmişdir. Bütün bunlardan sonra iddiaçıda artıq cavabdehə qarşı inamsızlıq formalaşmış və övladının təcili əməliyyat olunması üçün “X8”na müraciət etmişdir. Elə həmin hospital tərəfindən xəstə xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə saat 21.45-də klinikaya qəbul edilmişdir. Sonuncu hospitalın müvafiq çıxarışından görünür ki, xəstənin şikayəti isə 3 günlük qarın ağrısı, qusma və febril temperaturdan olmuşdur. “X8” tərəfindən müayinə zamanı xəstədə qarının sağ qalça çuxuru nahiyəsində həssaslığın müşahidə olunduğu, qanın ümumi analizində leykositoz görüldüyü müəyyən edilmişdir. Daha sonra xəstə təcili olaraq appendiktomiya edilməsi üçün stasionara yatırılmış və əməliyyat olunmuşdur Əməliyyat zamanı isə xəstədə çekum eksplorasiya edilmiş və retroçekal yerləşmiş appendiksin orta hissəsindən perforasiya olduğu görülmüşdür. Həmçinin əməliyyat zamanı isə qarın boşluğuna tökülmüş nəcis daşları çıxarılmış, periappendikulyar və çanaq boşluğunda kirli maye izlənərək, yuyularaq aspirasiya edilmişdir. (Diaqnoz: “Appendisitin digər formaları”). Bu isə onu deməyə əsas verir ki, ilkin diaqnoz düzgün və tam qoyulmamış nəticədə iddiaçı digər xəstəxanada məcburiyyət qarşısında qalaraq xəstə Həsənova Rənanı uğurlu əməliyyat etmişdir. 22.2. İddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapsa da, lakin iddiaçı tərəfindən sırf maddi ziyanın tələb edilməsi ilə bağlı cavabdeh düzgün seçilməmişdir. Məhkəmə iclası zamanı iddiaçıya cavabdehi əsl cavabdehlə (“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”) əvəz edilməsi təklifi irəli sürülsə də, iddiaçının nümayəndəsi (vəkili) bundan imtina etmişdir. 22.3. “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından hər bir fiziki şəxsin icbari tibbi sığortası mövcuddur və iddiaçının (Həsənova Rənanın) təcili və təxirə salınmaz vəziyyətlə əlaqədar olaraq (partlamış appendisit) əməliyyat etdirmiş olduğu “X8” ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” arasında icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə müqavilə də bağlanmışdır (“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin nümayəndəsi tərəfindən məhkəməyə verilmiş məlumat əsasında). 22.4. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. 22.5. Məhkəmə qeyd edir ki, cavabdeh klinikanın etinasızlığı nəticəsində iddiaçının uşağının sağlamlığına ciddi zərər dəyməsi, xəstəxanalar arasında yaranan fikir ayrılığı, övladının həyati məsələ daşıyan əməliyyat riskinin olması nəticəsində valideynin çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 1000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. 22.6. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 800 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. İş materiallarında olan “Arbitrium” vəkil bürosu ilə bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqaviləsinin və ödəniş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “Arbitrium” Vəkil Bürosunun hesabına 800 (səkkiz yüz) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 500 (beş yüz) manat məbləğində pulun tutulması müəyyən edilməlidir.

23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 425.1-ci, 1096-cı, 1097-ci, 1099-cu, 1112-ci, 1115-ci, “Tibbi Sığorta Haqqında” Qanunun 15-2.1-ci, 15-4.1.2-ci, 15-5.2.2-ci, 15-7.1.3-ci, 15-9.1.3-cü, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 33-cü, Mülki Prosessual Məcəllənin 4.1-ci, 48-ci, 50.3-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir.

24. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam təmin olunmasını, eyni zamanda apellyasiya şikayəti üzrə vəkilə ödənilən 300 manatın, habelə 60 manat rüsumun iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, cavabdehin həkimi tərəfindən səhvə yol verildiyinin sübuta yetirildiyini və məhz bu səbəblə maddi ziyana görə cavabdehin məsuliyyət daşıdığını, “Gömrük Hospitalı”nda tibbi xidmətin sığorta çərçivəsində göstərilməməsinin səbəbinin cavabdeh xəstəxana tərəfindən göndəriş verilməməsi olmasını nəzərə almadığı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin hansı səbəblə məsuliyyət daşımalı olduğunu əsaslandırmadığı, həmin qurumun müvafiq xidmət zərfinə görə ödəyəcəyi vəsaitin 500 (ağırlaşdırıcı halda 700) manat olduğu, belə olan halda isə iddiaçıya dəymiş real maddi ziyanın qalan hissəsini kimin ödəməli olmasını izah etmədiyi, mənəvi ziyanın məbləğini maddi ziyanın məbləğinə adekvat müəyyənləşdirmədiyi arqumentləri ilə əsaslandırmışdır.

25. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv və iddia tələbinin tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, cavabdehin təqsirinin sübuta yetirilmədiyini, iddiaçının öz iradəsi ilə özəl tibb müəssisəsinə müraciət etdiyini, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ilə müqavilə bağlamamasının günahkarının cavabdeh olmadığını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz

26. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

27. Məhkəmə iclasında iştirak edən tərəflər (nümayəndələri) apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

28. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs - nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

34. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

35. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu

37. Maddə 15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

38. Maddə 15-4.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15- 4.1.5. tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək.

39. Maddə 15-7.1. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: 15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb etmək.

40. Maddə 15-7.2. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır: 15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək.

41. Maddə 15-9.1. İcbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir: 15-9.1.3. subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər..

42. Maddə 15-19. Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun

43. Maddə 25. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.

44. Maddə 33. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən X18 görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

47. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

57. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

58. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

62. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

63. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

64. İddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, Cavabdehdə həkim səhlənkarlığına görə uşağına düzgün müalicə metodu seçilməmiş və nəticədə uşağının apendisiti deşilərək sağlamlığına zərər dəymiş, Cavabdeh tərəfindən digər tibb müəssisələrinə göndəriş verilmədiyi üçün isə uşağın “X8”nda müayinə və müalicə xərcləri icbari tibbi sığortanın vəsaiti hesabına deyil, öz vəsaiti hesabına qarşılanmış, bu səbəblə maddi-mənəvi zərərə məruz qalmışdır.

65. İrəli sürülən faktiki halları nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları, eləcə də “İcbari tibbi sığorta” haqqında Qanunun normaları nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 31, 32) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

66. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının uşağının səhhətində ortaya çıxan fəsadın “X20” PHŞ-nin həkimlərinin səhvi, habelə həmin PHŞ tərəfindən tətbiq olunmuş müalicə üsul və vasitələrilə səbəbli əlaqəli olması barəsində düzgün nəticəyə gəlmişdir.

67. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həm işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə, həm də işdə olan digər sübutlarla iddiaçının uşağına “X20” PHŞ-də qoyulan diaqnozun və aparılan müalicənin tibbi göstərişlərə uyğun olmadığı müəyyən olunmuşdur.

68. Nəzərə alınmalıdır ki, qanunvericiliyin mənasına görə (§ 35) tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

69. Bununla belə məhkəmə kollegiyası, iddiaçının uşağının səhhətində yaranmış problemlərin aradan qaldırılması üçün çəkilən xərcin tələb edilməli olduğu cavabdehin düzgün seçilmədiyi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

70. Belə ki, yuxarıda qeyd olunduğu kimi (§ 9), iddiaçının uşağına “X8”nda göstərilən tibbi xidmətlərin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməməsinin səbəbi, həmin Hospitala dövlət tibb müəssisəsi tərəfindən göndəriş verilməməsi olmuş, iddiaçı adı çəkilən Hospitala 3424 manat ödəniş etmişdir.

71. “X20” PHŞ tərəfindən uşağın “...xəstədə hal-hazırda kəskin cərrahi patologiya yoxdur, xx.xx.2023-cü il tarixdə saat 12.00-da xəstədə naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası və MİS-C şübhəsi olduğu üçün xəstə kafi vəziyyətdə ixtisaslı yardım məqsədilə uşaq qastroenteroloq və infeksion xəstəliklərin həkim müayinəsinə göndərilmişdir” qənaəti ilə xəstəxanadan evə yazıldığını (§ 3), lakin elə həmin gün gecə saatlarında “X8”na gətirilərək orada təcili şəkildə appendiktomiya (əməliyyat) olunduğunu (§ 7) nəzərə almaqla kollegiya hesab edir ki, müvafiq göndərişin verilməməsinin yaratdığı nəticəyə görə məhz “X20” PHŞ məsuliyyət daşımalıdır.

72. Bununla belə kollegiyanın qənaətinə görə, nə qədər ki, iddiaçının “X8”na ödədiyi vəsaitin 3424 manat təşkil etdiyi müəyyən edilmişdir (§ 9), bu halda “X20” PHŞ-nin iddiaçı qarşısında daşıdığı maddi məsuliyyətin həcmi həmin məbləğlə məhdudlaşmalıdır.

73. İddiaçı, uşağının müayinə və müalicəsinə daha artıq xərc çəkdiyinə dair başqa sübut təqdim etməmişdir.

74. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, həmin hadisə nəticəsində onun uşağının səhhətində problem yaranmış və valideyn olaraq o, mənəvi iztirablara məruz qalmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

75. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

76. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən etdiyi zaman işin bütün hallarına lazımi qiymət vermişdir.

77. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

78. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə iddianın təmin olunmaması ilə bağlı hissədə qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi qismində 3424 manat tutulmalı, cavabdehin şikayəti təmin olunmamalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

79. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği də “X20” publik hüquqi şəxsindən alınıb ona ödənilməli, “X20” publik hüquqi şəxsin apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği isə onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

80. İddiaçının, apellyasiya şikayəti üzrə vəkilə ödədiyi 300 manatın xeyrinə tutulması tələbi ilə bağlı kollegiya qeyd edir ki, onun tərəfindən vəkilə göstərilən məbləğdə pul ödənildiyinə dair qəbz olsa da, vəkillə bağladığı müqavilə, eyni zamanda çıxış üçün hesab təqdim olunmamışdır – hansı ki, bununla bağlı çıxış üçün hesab təqdim edilməsi zəruridir (§ 54).

81. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1430/2023 saylı iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən – iddiaçının maddi ziyanın əvəzinin tutulması tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv edilsin. Həmin iddia tələbi qismən təmin olunsun. “X20” publik hüquqi şəxsdən maddi ziyanın əvəzi qismində (tibbi xidmətlə əlaqədar vurulmuş real zərərə görə) 3424 (üç min dörd yüz iyirmi dörd) manat İddiaçı xeyrinə tutulsun. İddiaçı “tibbi xidmətlə əlaqədar vurulmuş real zərərə görə pulun ödənilməsi” tələbi qalan hissədə təmin olunmasın. Qətnamə İddiaçı mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılsın. “X20” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin və qətnamə onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat “X20” publik hüquqi şəxsdən alınıb İddiaçı ödənilsin. “X20” publik hüquqi şəxsin apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar