Məhkəmə qərarları › İş №2(103)-1197/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1197/2023

27.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1197/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı MTK-nın vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs Məsumə Sadıqovanın vəkili və nümayəndəsi Vəkil1 və nümayəndəsi (anası) Həcər İsmayılovanın iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə” iddiasına, üçüncü şəxs X3 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MTK-nın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1 №-li evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m təşkil edən mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil İddiaçı MTK-ya məxsus olub. MTK-nın üçüncü şəxs Məsumə Sadıqovanın qarşısında 57.885 manat pul öhdəliyi yaranıb. Həmin öhdəliyin icrası üçün məhkəmə icra vərəqəsi verib (iş v. 70). MTK ərizə ilə icra məmuruna müraciət edərək xahiş edib ki, pul tələbi mənzilə yönəldilsin (iş v. 157). İcra məmurunun sifarişi əsasında cavabdeh “X1 Mərkəzi” MMC hərrac keçirib və hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli satış protokolu tərtib olunub (iş v. 10). Protokolda mənzilin yekun alış qiyməti 57.026 manat göstərilib. Mənzili üçüncü şəxs (icra sənədi üzrə tələbkar) Məsumə Sadıqova əldə edib. Tələbin məbləği (57.885 manat) satış qiymətindən (57.026 manatdan) artıq olduğuna görə tələbkar satış qiymətini ödəməkdən azad olunub. Tələb və onun həlli: İddiaçı MTK-nın iddia ərizəsində tələb olunub ki, hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli protokol və onun hüquqi nəticələri etibrsız hesab olunsun. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Məsumə Sadıqovanın iddia ərizəsində tələb olunub ki, üçüncü şəxsin mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, üçüncü şəxsin mənzildə təmir işləri aparmasına MTK və digər şəxslər tərəfindən maneə yaradılması qadağan olunsun, üçüncü şəxsin mənzilə daxil olmasına maneə yaradılması qadağan olunsun, MTK-nın üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsi qoyulsun, mənzilə su, qaz və elektrik enerjisinin verilməsinin dayandırılması MTK-ya qadağan olunsun. Qətnamə ilə qət olunub ki, İddiaçı MTK-nın iddiası rədd olunsun, üçüncü şəxs Məsumə Sadıqovanın iddiası qismən təmin olunsun, üçüncü şəxsin mənzilə sahiblik və isifadə hüququna MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılsın, üçüncü şəxsin mənzildə təmir işləri aparmasına MTK tərəfindən maneə yaradılması qadağan olunsun, üçüncü şəxsin mənzilə daxil olmasına maneə yaradılması qadağan olunsun və MTK-nın üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsi qoyulsun, üçüncü şəxsin iddiasının qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı MTK-nın iddiası təmin olunsun, üçüncü şəxs Məsumə Sadıqovanın iddiası isə təmin olunan hissədə rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs Məsumə Sadıqovanın vəkili və nümayəndsi Vəkil1 və nümayəndəsi (anası) Həcər İsmayılova apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə iki iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İddiaçının iddiası barədə: MTK hərracın yekunları barədə protokolun etibarsız sayılmasını ona görə tələb edir ki, mənzil ipoteka predmeti olmadığı halda hərracın keçirilməsinə ipotekaya aid qaydalar tətbiq edilmiş və mənzilin satış qiyməti aşağı salınmışdır. Lakin həmin əsasla hərracın etibarsız sayılması tələbinə müddət tətbiq olunur. Belə ki, hərracın nəticəsində tərtib olunan sənəd (satış protokolu) əqd hesab olunur. Mülki Məcəlləsinin 354.2-ci maddəsindən görünür ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. MTK 1 illik müddəti ötürüb. Satış protokolu xx.xx.2020-ci ildə tərtib olunub. İddia xx.xx.2022-ci ildə verilib. Hərrac barədə bildirişin MTK-ya çatıb-çatmadığını müəyyənləşdirmək mümkün deyil (iş v. 89, arayış). Lakin işdə olan digər sənədlərdən müəyyən olunur ki, MTK-nın hərracın nəticəsindən məlumatı olub və o, 1 illik müddəti ötürüb. Belə ki, bundan əvvəl başqa mülki işdə Qəhrəman Rəhimov adlı şəxs hərracın etibarsız sayılması barədə iddia qaldırıb və iddia rədd olunub. Bu qətnamə xx.xx.2021-ci ildə qəbul olunub (iş v. 85). Hazırkı iddia isə qətnamənin qəbulundan 1 il 6 ay sonra verilib. Qəhrəman Rəhimov MTK-nın sədri İlqar Rəhimovun (hazırkı iddia ərizəsini imzalayan şəxsin) əmisidir. Odur ki, ən azı qətnamənin qəbul edildiyi zaman MTK-nın hərracın nəticəsindən məlumatı olub. X5 iddia edirdi ki, mənzil özünə məxsusdur, onu MTK-dan əldə edib. Belə vəziyyətdə ağlabatan deyil ki, Qəhrəman Rəhimov hərracın nəticəsi barədə öz qohumuna (MTK-nın rəhbərinə) məlumat verməsin. Göründüyü kimi, MTK hərracın nəticəsini mübahisələndirmək üçün 1 illik müddəti ötürüb. Bundan başqa, müəyyən olunur ki, MTK öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmir. Halbuki Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Bu səbəbdən Məsumə Sadıqova artıq 2 dəfə məhkəməyə mürciət etməyə məcbur olub. Belə ki, MTK Məsumə Sadıqovanın qarşısında öhdəliyini pozduğuna görə M.Sadıqova məhkəməyə müraciət edib, onun iddiası təmin olunaraq MTK-dan 57.885 manat pul tutulması qət olunub və Ali Məhkəmə tərəfindən icra vərəqəsi verilib (iş v. 70). MTK həmin icra sənədini könüllü icra etməyib, ərizə ilə icra məmuruna müraciət edərək xahiş edib ki, pul tələbi mənzilə yönəldilsin (iş v. 157). Pul tələbi məcburi icra tədbiri kimi mənzilə yönəldildikdən sonra MTK rəhbəri öz qohumu Qəhrəman Rəhimovun vasitəsilə hərracı mübahisələndirib. Bu iddia rədd olunduqdan sonra MTK öz adından məhkəməyə müraciət edərək yenidən hərracı mübahisələndirib. Ona görə də Məsumə Sadıqova məcbur olaraq MTK-ya qarşı 2ci iddianı (hazırkı işdə üçüncü şəxsin müstəqil tələbini) verməyə məcbur olub. Beləliklə, məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi MTK-nın iddiasını rədd etməklə düzgün nəticəyə gəlib. Üçüncü şəxsin iddiası barədə: Qətnamə üçüncü şəxs Məsumə Sadıqovanın iddiasının təmin edilən hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məsumə Sadıqovanın mənzil üzərində mülkiyət hüququ hələ qeydə alınmasa da, o, həmin mənzili məhkəmə qərarının icrasının nəticəsi olaraq “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən əldə edib. Ona görə də birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiasının təmin edilən hissəsində düzgün nəticəyə gəlib. Qətnamənin həmin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar