Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-120/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3790/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra, cavabdeh) qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 2 (iki) mərtəbəli, 152,6 kv.m ümumi, 77,3 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair QR-2629 saylı, 05 fevral 2020-ci il qiymətləndirmə rəyinin ləğv edilməsi və həmin əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6049/2014 saylı, 13 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı 197320 manat əsas, 27265,97 manat faiz olmaqla, cəmi 224585,97 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq Maraqlı şəxs1 ASC-yə ödənilməli, tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Maraqlı şəxs3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 39A saylı fərdi yaşayış evinin B tikilisinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı və əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. İcra sənədi icraya yönəldilmiş və icra sənədində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmədiyindən Sabunçu rayon İcra və Probasiya şöbəsinin 27 yanvar 2020-ci il tarixli qərarı və 574-10081-25 saylı müraciətinə əsasən qiymətləndirici dəvət edilmiş və Cavabdeh MMC tərəfindən 05 fevral 2020-ci il tarixə ipoteka predmetinin bazar qiyməti 75000 manat müəyyən edilmişdir. Hesab edir ki, 05 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyi ipoteka predmetinin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada azdır. Belə ki, ipoteka qoyan Maraqlı şəxs3 ilə ipoteka saxlayan Maraqlı şəxs1 ASC ilə aralarında bağlanılmış 11 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci maddəsində göstərilmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 300000 manat məbləğində likvid qiymətlə qiymətləndirilmişdir. İddiaçı 2011-ci ildə bir tanışı vasitəsi ilə həmin dövrdə Maraqlı şəxs1 ASC-nin 2 saylı Sabunçu rayon filialının kredit şöbəsinin müdiri Faiq Məmmədovu tanımışdır. Faiq Məmmədov sonralar bankın maliyyə vasitəsini vətəndaşların etibarından sui-istifadə edərək cinayət yolu ilə mənimsədiyi üçün 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Maraqlı şəxs3 Faiq Məmmədovun qardaşıdır. Həmin dövrdə ipoteka predmeti olan əmlak Maraqlı şəxs3 adına olsa da, faktiki olaraq qardaşı Faiq Məmmədov öz ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Faiq Məmmədov belə bir dələduzluq edərək iddiaçının adına kredit rəsmiləşdirmiş və öz faktiki yaşadığı evi ipoteka qoymuşdur. Sabunçu Rayon Məhkəməsindən iddiaçının ünvanına daxil olan bildirişdən ona məlum olmuşdur ki, Sabunçu rayon İcra və Probasiya şöbəsi icra sənədi üzrə icraata Maraqlı şəxs3 aid hissədə 05 oktyabr 2020-ci il tarixli qərarla xitam vermiş və həmin qərar ilə razılaşmayan Maraqlı şəxs1 ASC şikayət vermişdir. Daha sonra, icra işi ilə tanış olmaq üçün ərizə ilə icra şöbəsinə müraciət etmiş, həmin vaxtı bu halları bilmişdir. İpoteka predmetini açıq hərrac vasitəsi ilə Faiq Məmmədun həyat yoldaşının qardaşı Maraqlı şəxs2 guya vicdanlı alıcı kimi bacısının evini 63750 manat ödəməklə almışdır. Göründüyü kimi Faiq Məmmədov və onun ailəsinin hal-hazırda da qanunsuz əməlləri davam edir, zərərçəkən şəxs kimi də bu gün iddiaçının üzərində xeyli miqdarda kredit borcu qalır və hal-hazırda da bank iddiaçıdan kredit borcunu tələb edir. Bundan başqa, qiymətləndirmə rəyinə nəzər yetirdikdə məlum olur ki, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Həmçinin, ipoteka predmeti naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə, həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyildir. Hal-hazırda icra sənədinə əsasən tutmanın yönəldildiyi ipoteka predmetinin real bazar qiyməti Cavabdeh MMC tərəfindən tərtib olunmuş QR-2629 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3790/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia rədd edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı ipoteka predmeti olmuş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 39a saylı fərdi yaşayış evinin “B” tikilisinin hazırki mülkiyyətçisi X4 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Belə ki, işdə olan, birinci instansiya məhkəməsinə təqdim edilmiş 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Maraqlı şəxs2 həmin daşınmaz əmlakı X1, lakin sonuncu birinci instansiya məhkəməsi tərəfindən icraata cəlb olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda əsaslandırlmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmasının aparılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, apellyasiya icraatı zamanı təyin olunmuş qiymətləndirmə rəyi ilə tanış olmuş, lakin hesab edir ki, ipoteka predimeti olan daşınmaz əmlakın bazar dəyəri daha yüksəkdir, buna baxmayaraq bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, apellyasiya icraatı zamanı təyin olunmuş qiymətləndirmə rəyi ilə tanış olmuşdur və hesab edir ki, həmin rəy reallığı əks etdirməklə, düzgün verilmişdir. İşdə olan sübutlarla bir daha təsdiq olunur ki, "xxxx" MMCnin 05 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyində göstərilən 75000 manat qiymət həmin dövrdə mübahisəli daşınmaz əmlakın dəyərini düzgün əks etdirmiş, Maraqlı şəxs2 həmin əmlakı açıq hərracdan almışdır. Bununla yanaşı, həmin daşınmaz əmlak sonradan, yəni 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflərindən X2 da satılmış, müqavilədə satış qiyməti bazar qiymətlərinə uyğun 93000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, daşınmaz əmlakın qiyməti heç bir halda ipoteka müqaviləsində göstərildiyi kimi 300000 manat həddində olmamışdır. Əvvəlki məhkəmə baxışında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs1 ASC-nin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kredit verilərkən Maraqlı şəxs1 ASC-nin filial müdiri ipotekanın dəyərini müqavilədə əsassız olaraq şişirdilmiş məbləğdə göstərmişdir. Həmin şəxsin başqa qanunsuz əməllərinə görə də barəsində hüquqi məsuliyət tədbirləri görülmüşdür. İpoteka qoyulmuş əmlakın dəyəri heç də yüksək deyildir və təxmini dəyəri qiymətləndiricinin rəyinə uyğundur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının hazırki iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüquqlarının mövcud olmamasına istinad etmiş, iş üzrə tam, hərtərəfli və obyektiv apaşdırma aparmamış, iddiaçının dəlillərinə mahiyyəti üzrə hüquqi qiymət verməmişdir. Lakin işdə olan sübutlardlan açıq aşkar görünür ki, mübahisəli daşınmaz əmlak məhz iddiaçının "xxxx" ASC ilə bağladığı 19 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, bu barədə əmlakın əvvəlki mülkiyyətçisi olmuş Maraqlı şəxs3 ilə bank arasında 11 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Belə olan halda isə, iddiaçının ipoteka predmetinin açıq hərracdan satılması istiqamətində, eləcə də qiymətləndiricinin rəyini mübahisələndirməkdə subyektiv (tələb) hüquqları mövcuddur. Bununla yanaşı işdən görünür ki, hazırki iş üzrə üçüncü şəxs Maraqlı şəxs2 həmin əmlakı açıq hərracdan əldə etdikdən sonra, 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onu X1, bu barədə qeyd edilən alqı-satqı müqaviləsi birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin yeni mülkiyyətçi məhkəmə tərəfindən icraata cəlb olunmamış, bununla da prosessual pozuntuya yol verilmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddianın aşağıda göstərilən digər əsaslarla rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin mübahisə olunmayan hallarına əsasən, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik faiz dərəcəsi 7 faid olmaqla, 60 ay müddətinə 200000 manat kredit verilmiş, həmin öhdəliyin icrasının təmini kimi bankla Maraqlı şəxs3 arasında 11 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 39A saylı fərdi yaşayış evinin “B” tikilisi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(008)- 6049/2014 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı ümumilikdə 224585,97 manat kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 39A saylı fərdi yaşayış evinin “B” tikilisinə yönəldilməsi qət olunmuş, eyni zamanda, Maraqlı şəxs3 və qeyrisinin cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin və bildirişin etibarsız sayılması” barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 sentyabr 2014-ci il tarixli, 2(103)-5965/2015 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs3 apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 26 may 2015-ci il tarixli, 2(102)-2115/2015 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 sentyabr 2014-ci il tarixli, 2(103)-5965/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh Maraqlı şəxs3 kassasiya şikayəti təmin olunmamışdır. Bundan sonra, birinci instansiya məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş, lakin qətnamədə ipotekanın ilkin satış qiyməti göstərilmədiyindən, icra icraatı zamanı bu məqsədlə icra məmuru tərəfindən qiymətləndirici dəvət olunmuşdur. "xxxx" MMC-nin QR-2629 saylı, 05 fevral 2020-ci il qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan qeyd edilən daşınmaz əmlakın dəyəri 75000 manat müəyyən edilmiş, bundan sonra ipoteka həmin qiymətlə açıq hərraca çıxarılmış, son nəticədə hərracın yekunları barədə 26/01 nömrəli protokolla əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuşdur. İddiaçı hazırki tələbində - "xxxx" MMC-nin QR-2629 saylı, 05 fevral 2020-ci il qiymətləndirmə rəyini mübahisələndirməklə, ipoteka predmeti olan daşınmaz əmlakın dəyərinin daha yüksək olmasını iddia etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələbi əsassızdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin tələbinə görə, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Yuxarıda da qeyd edildiy kimi, icra məmuru tərəfindən dəfət olunmuş cavabdeh qiymətləndiricinin mübahisələndirilən rəyinə görə ipoteka predmeti olmuş daşınmaz əmlakın dəyəri 75000 manat müəyyən edilmişdir. İddiaç ipoteka müqaviləsində həmin daşınmaz əmlakın dəyərinin daha yüksək, yəni 300000 manat müəyyən olunduğunu qeyd etmişdir. Belə ki, işdə olan "xxxx" ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka predmeti tərəflərin razılığı ilə 300000 manat məbləğində qiymətləndirilmişdir Göründüyü kimi, ipoteka müqaviləsində müəyyən olunmuş qiymətlə, qiymətləndirmə rəyində göstərilən qiymət arasında əhəmiyyətli dərəcədə fərq vardır. Bununla yanaşı, mübahisələndirilən rəydən görünür ki, qiymətləndirmə təqdim olunmuş sənədlər və əmlaka vizual baxış keçirilməklə həyata keçirilmişdir. «İpoteka haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi, qanunverici qiymətləndirici hesabatının həqiqiliyi ilə əlaqədar mübahisələrə baxılarkən məhkəməyə öz təşəbbüsü ilə qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququnu vermişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq bu imkandan istifadə etməmişdir. Bu səbəbdən də, apellyasiya icraatı zamanı qeyd edilən halın yoxlanılması zərurəti yaranmış, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Lakin, ekspertlər tərəfindən müxtəlif səbəblərlə bir neçə dəfə qərardad icrasız qaytarılmış, sonuncu dəfə isə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə qərardadda göstərilən suallar üzrə tədqiqatın aparılmasının mümkün olmaması (yəni 2020-ci ilin fevral ayına dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər hansı məlmuat, eləcə də baza məmulatları olmadığından) qeyd edilmiş, bu səbəbindən də mülki iş icrasız qaytarılmışdır. Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müstəqil qiymətləndirici təyin olunmuş, qiymətləndirici qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İpoteka predmeti olmuş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində yerləşən 39A saylı fərdi yaşayış evinn B tikilisinin 2020-ci ilin fevral ayına bazar və likvid dəyərləri nə qədər müəyyən olunur? - İşdə olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/2629 saylı rəyi ilə müəyyən olunmuş qiymət (75000 manat) qiymətləndirmənin aparıldığı dövr üzrə reallığı əks etdirirdimi, etdirirdisə həmin qiymətlə işdə olan ipoteka müqaviəsində göstərilən 300000 manat likvid qiymət arasında olan əhəmiyyətli fərq nədə ifadə olunur? İşdə olan müstəqil qiymətləndirici (qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən) "xxxx" MMC-nin 29 aprel 2024-cü il tarixli, UNİ/A-28-268/2024 nömrəli rəyindən görünür ki, qiymətləndirici tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirilmiş, həmin tikilinin 2020 və 2024-cü illərə aid fotoşəkilləri rəyə əlavə olunmuş, əmlakın yerləşdiyi ərazinin xüsusiyyətləri, əmlak barədə məlumatlar, fərdi yaşayış evinin xüsusiyyətləri, torpaq sahəsi haqqında və s. zəruri məlumatlar əks olunmaqla, internet resurslarında mövcud olan analoqlar toplanmış və s. tədqiqatlar aparılaraq, nəticədə müəyyən edilmişdir ki; - İpoteka predmeti olmuş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində yerləşən 39A saylı fərdi yaşayış evinn B tikilisinin 2020-ci ilin fevral ayına bazar dəyəri 94500 manat, likvid dəyəri isə 75600 manat təşkil etmişdir. - İşdə olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/2629 saylı rəyi ilə müəyyən olunmuş qiymət (75000 manat) qiymətləndirmənin aparıldığı dövr üzrə reallığı əks etdirir, lakin işdə olan ipoteka müqaviəsində göstərilən 300000 manat likvid qiymət reallığı əks etdirməməklə, səbəbi subyektiv amillərlə izah oluna bilər. Göründüyü kimi, ipoteka predmeti olan əmlakın məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı onun dəyərinin cavabdeh MMC tərəfindən müəyyənləşdirilmiş qiymətlə uyğunluq təşkil etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində cavabdeh tərəfindən tərtib edilmiş, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyinin əsassızlığı müəyyən edilməmiş, iddiaçı tərəfindən bu faktı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə nəticəsində isə ipoteka predimeti olan əmlakın qiymətləndirmə rəyi ilə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu (qiymətin daha çox olması barədə əlavə rəy və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi ipoteka müqaviləsində göstərilən qiymət isə reallığı əks etdirməməklə, səbəbi subyektiv amillərlə izah oluna bilər. Bununla yanaşı, ipoteka müqaviləsi 2011-ci il tarixdə bağlanmış, həmin vaxtdan uzun müddət keçmiş, qiymətləndirmə isə 2020-ci il tarixdə həyata keçirilməklə əmlakın həmin vaxtda olan dəyərini müəyyən etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsi həyata keçirilərkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun tələblərinin pozulması faktı müəyyən olunmamış, qanunvericiliyin tələbinə riayət olunmuş, əmlaka obyektiv qiymət qoyulmuşdur. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Bununla yanaşı, iddiaçı iddia ərizəsində kreditin götürülməsi və fərdi yaşayış evinin ipoteka qoyulması ilə bağlı bəzi halları şübhə altına alsa da (adına kredit təsmiləşdirilməsi, aldadılması və s.), həmin məsələlərə qanuni qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası hazırki icraat çərçivəsində həmin halları araşdırmağı zəruri və qanuni hesab etmir. Belə ki, MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunverijiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. İddiaçının izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia, eləcə də apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia tələbi hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, hazırki apellyasiya baxışı zamanı 500 manat məbləğində aparılmış qiymətləndirmələrin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iddia tələbi hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmasın. Məhkəmə xərci İddiaçın aid edilsin. İddiaçıdan aparılmış qiymətləndirmələrin dəyəri kimi - 500 (beş yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab No AZN: AZ77AİİB400600C**********218, "xxxx" ASC Bravo 3 saylı filialı (VÖEN 9********), Müxbir hesab: AZ37NABZ********************, Filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-120/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-120/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver