Məhkəmə qərarları › İş №2(103)-1201/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1201/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1201/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyana görə 151.200 manat, mənəvi ziyana görə 100.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 251.230 manat pulun dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı sonradan CM-in 206.1-ci maddəsilə təqsirli bilinsə də, bu hal məhkəmənin iddianın rədd olunması qənaətinə gəlməsi üçün əsas deyil. Çünki, ona ittiham CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş və barəsində həbs qətimkan tədbiri də məhz bu maddələrə görə seçilmişdir. Həbsin seçilmə səbəblərindən ən əsası ağır cinayət törətməkdə ittiham olunması və narkətik vasitələrin külli miqdarda dövriyyəsi ilə bağlı olmuşdur. Odur ki, iddiaçı qanunsuz olaraq ağır cinayət təqibi altında qalmış və bununla da, müdafiə hüququ da daxil olmaqla bütün hüquqları birmənalı şəkildə və kobud formada pozulmuşdur. Yəni məhkəmələr tərəfindən onun əməli sonra ağır cinayətdən az ağır cinayətə tövsif olunmuş, 2016-cı ilin mart ayından 2019-cu ilin yanvar ayınadək əsassız olaraq ağır cinayət təqibi altında qalmışdır. Əgər o, əvvəllər ağır cinayət deyil, CM-in 206.1-ci maddəsi ilə təqsirləndirilsə idi, bəlkə də, mövcud praktikaya uyğun olaraq barəsində prosessual məcburiyyət tədbirlərinin ən ağırı olan həbs deyil, digər qətimkan tədbirlərindən biri seçilə bilər, o isə azadlıqda qalıb ailəsinin yanında ola, işləyərək onların tələbatını ödəyə və azadlıq hüququ ilə bağlı bütün imkanlarından istifadə edə bilərdi. Eyni zamanda, külli miqdarda narkotik maddələrin dövriyyəsində təqsirləndirilməsi onun və ailəsinin cəmiyyətdəki nüfuzuna çox ciddi zərbə vurmuş, bu qanunsuz qərar şüurunda mınfi psixi reaksiyaya səbəb olmaqla mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmaslı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsi, həmin Məcəllənin 206.1-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə, İddiaçı CM-in 206.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün məhkumun apelyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, ona həmin maddə ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrumetmə cəzasının 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilməsi, hökmün qalan hissəsinin dəyişdirilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, kassasiya protesti təmin edilməmişdir. Hazırda iddiaçı, barəsində həbs növündə qətimkan tədbirinin CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə seçildiyini, lakin bu ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələr üzrə bəraət aldığını və əgər əvvəldən CM-in 206.1-ci maddəsi ilə təqsirli bilinsəydi barəsində həbs deyil, digər qətimkan tədbirinin seçilməyəcəyini bildirərək, bununla əlaqədar ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Baxılan işdə isə, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin seçilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsi, daha sonra əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən (şübhəli şəxs qismində tutulduğu vaxtdan) hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələblərinə görə həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər: 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; bu Məcəllənin 155.1.1 və 155.1.3-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 ilədək az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə. Göründüyü kimi, qeyd olunan dövlət orqanları tərəfindən iddiaçıya münasibətdə hər hansı qanuna zidd hərəkətə yol verilməmişdir. Belə ki, iddiaçıya CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsinə baxmayaraq, o, CM-in 206.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinmişdir və 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Belə olan halda, CPM-in 155.3-cü maddəsinin tələblərinə əsasən 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə münasibətdə tutulmasının əsaslılığı və qanuniliyi yoxlanılmaqla, həbs növündə qətimkan tədbirinin seçilməsinin labüdlüyü müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının tutulduğu və həbsdə qaldığı müddət onun azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmış və bu müddəti aşmamışdır. Bu fakt isə özlüyündə həbsdə qalması ilə əlaqədar onun barəsində hər hansı əlverişsiz və ya qanunsuz nəticələrin yaranmasını, onun hər hansı maddi və ya mənəvi ziyana düşməsini istisna edir. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2413/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar