Məhkəmə qərarları › İş №2(103)-1202/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1202/2023

10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1202/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli qətnamədən cavabdeh Nazirliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (anası) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qətimkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cəmi 1.104 manat, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 29.704 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi 100.000 manat məbləğində pulun cavabdeh Nazirlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qanunsuz olaraq tutularaq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq aparılmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qeyd edilən cinayət əməlinin törədilməsində guya təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə ona bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 1 il 1 ay 7 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçının barəsində qanunsuz cinayət işinin aparılması və həbsi iddiaçının özünə, ailəsinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Anası iddiaçıya hər ay 150 manat məbləğində, hər həftə ərzaq və qeyri-ərzaq malları gətirmiş, iddiaçının saxlandığı Şüvəlan qəsəbəsində yerləşən İstintaq Təcridxanasına taksidən istifadə etməklə gediş-gəliş üçün (25+25=) 50 manat, yəni hər həftə 200 manat, 1 il 1 ay 7 gün ərzində 10.600 manat pul xərclənmişdir. İddiaçı həbsdə olduğu dövrdə səhhəti pisləşmiş, ona 1.000 manat məbləğində dərman alınaraq müalicəsi üçün xərclənmişdir. Onun məhkəmə prosesləri uzun müddət davam etmiş, anası məhkəməyə gedən gün hər dəfə 50 manat məbləğində ərzaq almış, gediş-gəliş üçün (5+5=) 10 manat, yəni hər dəfə 60 manat pul xərcləmişdir. Bununla bağlı məhkəməyə gediş-gəliş xərcləri 1.000 manat təşkil etmişdir. İddiaçının Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı (300+300=) 600 manat pul xərclənmiş, hal-hazırki mülki iş üzrə 250 manat olmaqla, cəmi 850 manat pul xərclənmişdir. İddiaçı həbs edilməmişdən öncə fərdi işlə məşğul olmaqla hər ay 1.000 manat pul qazanmışdır. Həbsdə olduğu dövrdə 11.000 manat fayda onun əlindən çıxmışdır. İddiaçının həbsi ilə bağlı anası normal surətdə özünü müalicə etdirə bilməmiş, iddiaçının həbsi anasının da sağlamlığına mənfi təsir göstərmişdir. Hazırda iddiaçının anasının müayinə-müalicə olunması üçün 5.000 manat pul lazımdır. Lakin bunun üçün iddiaçının maddi vəziyyəti imkan vermir İddiaçının həbsdə olması və barəsində aparılan cinayət işi ilə bağlı onun şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Ətrafda hamı iddiaçını cinayətkar, oğru kimi qələmə verir. Buna görə də mənəvi ziyan olaraq iddiaçıya 100.000 manat pulun ödənilməsi zəruridir. İddiaçının qeyri-qanuni olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanılması ilə əlaqədar onun səhhəti pisləşmiş, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gəlmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 853 manat, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 14.000 manat, göstərilən hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 250 manat və 1 manat bank xidmət haqqı məbləğində pul vəsaitinin cavabdehdən Nazirlikdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayətləri barədə məlumat

4. Cavabdeh Nazirlik qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. d) apellyasiya icraatında iş üzrə tərəflərin izahatları və etirazları barədə məlumat

6. Cavabdeh Nazirlik işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Nazirliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. İddiaçının nümayəndəsi (anası) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat

8. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

9. Qeyd edilən prosessual hüquq normasının tələbini, iddia qismən təmin olunsa da, iddiaçının qətnamədən apellyasiya şikayəti verməməsini, apellyasiya şikayətinin yalnız cavabdeh Nazirlik tərəfindən verilməsini, mübahisənin predmetinin bölünməz olmamasını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını mübahisələndirilən hissədə yoxlamışdır. f) hazırki işdə olan sübutlar barədə məlumat

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İş № 4(005)-162/2021) qərarından görünür ki, həmin qərarla prokurorun təqdimat, istintaq orqanın vəsatəti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş hazırki iş üzrə iddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 2 ay 16 gün müddətinə müəyyən edilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır.

11. Bakı Şəhəri 11 saylı Vəkil Bürosu ilə hazırki iş üzrə iddiaçının anası (nümayəndəsi) Gülsabah Allahverdiyeva arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1367 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən” görünür ki, həmin müqaviləyə əsasən Vəkil hazırki iş üzrə iddiaçıya – cinayət işi üzrə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməkdən ibarət öhdəliyi, Gülsabah Allahverdiyeva isə hüquqi yardıma görə 290 manat, marka puluna görə 10 manat, bank xidmətinə görə 1 manat haqq ödəməkdən ibarət öhdəliyi üzərilərinə götürmüşlər.

12. Gülsabah Allahverdiyevanın adında verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, onun tərəfindən 11 saylı Vəkil Bürosunun hesabına 301 manat məbləğində pul ödənilmişdir.

13. Həmin Vəkil Bürosu ilə hazırki iş üzrə iddiaçının anası (nümayəndəsi) Gülsabah Allahverdiyeva arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1685 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən” görünür ki, həmin müqaviləyə əsasən Vəkil hazırki iş üzrə iddiaçıya Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasında cinayət işi üzrə aparılan icraatda hüquqi yardım göstərməkdən ibarət öhdəliyi, Gülsabah Allahverdiyeva isə hüquqi yardıma görə 290 manat, marka puluna görə 10 manat, bank xidmətinə görə 1 manat haqq ödəməkdən ibarət öhdəliyi üzərilərinə götürmüşlər.

14. Gülsabah Allahverdiyevanın adında verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, onun tərəfindən 11 saylı Vəkil Bürosunun hesabına 301 manat məbləğində pul ödənilmişdir.

15. Həmin Vəkil Bürosu ilə hazırki iş üzrə iddiaçının anası (nümayəndəsi) Gülsabah Allahverdiyeva arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 620 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən” görünür ki, həmin müqaviləyə əsasən Vəkil hazırki iş üzrə iddiaçıya cinayət işi üzrə aparılan icraat zamanı hüquqi yardım göstərməkdən ibarət öhdəliyi, Gülsabah Allahverdiyeva isə hüquqi yardıma görə 240 manat, marka puluna görə 10 manat, bank xidmətinə görə 1 manat haqq ödəməkdən ibarət öhdəliyi üzərilərinə götürmüşlər.

16. Gülsabah Allahverdiyevanın adında verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, onun tərəfindən 11 saylı Vəkil Bürosunun hesabına 251 manat məbləğində pul ödənilmişdir.

17. Yuxarıda qeyd edilən cinayət işi üzrə qəbul edilmiş qərarlardan görünür ki, hazırki iş üzrə iddiaçı, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən tutularaq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq aparılmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü (İş № 1(005)-220/2021) ilə qeyd edilən cinayət əməlinin törədilməsində guya təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü (İş № 1(103)234/2022) ilə ona bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli qərarından (İş № 1(102)-1288/2022) görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində qətimkan tədbiri kimi həbs tətbiq edilmişdir. Bunun nəticəsində o, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 1 il 1 ay 7 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır.

20. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə .xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).

22. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

23. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).

25. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

27. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

29. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, iddiaçının 1 il 1 ay (13 ay) 7 gün müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktına əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 14.000 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır.

31. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

32. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

33. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi

34. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Buna görə də, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar