Məhkəmə qərarları › İş №2(103)-1202/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1202/2024

20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1202/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və nümayəndəsi (övladı) X3, cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X5 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMCdən 20.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 34,3 kv.m qeyri-yaşayış sahəsi, 4,9 kv.m yardımçı sahə və həmin sahələrdən əlavə olaraq 21 kv.m torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. MMC ilə iddiaçı arasında aparılmış danışıqlara əsasən razılığa gəlinmişdir ki, iddiaçıya 50 kv.m sahədən ibarət mənzil və 21 kv.m torpaq sahəsinə görə əlavə olaraq hər kv.m sahə üçün 1.000 manat pul vəsaiti veriləcəkdir. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" əsasən iddiaçıya 50 kv.m mənzil sahəsi verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, iddiaçıya vəd verilmiş 21 kv.m torpaq sahəsinin dəyəri – 20.000 manat cavabdeh MMC tərəfindən ödənilmir ki, bu da iddiaçının hüquqlarını pozur. Qanunvericiliyə əsasən müəyyən edilmişdir ki, tikinti şirkəti vətəndaşlarla (sakinlərə) razılaşdığı halda onlara məxsus ərazidə söküntü və tikinti işləri apara bilər. Göründüyü kimi qanunun tələblərinə müvafiq olaraq cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi icra etmir. İddiaçı dəfələrlə cavabdeh MMC-yə ödənişin edilməsini tələb etsə də, ona bildirilmişdir ki, torpağa görə onlar haqq ödəmirlər.

b) birinci instansiya məhkəməsində iştirak etmiş tərəflərin verdikləri izahatlar barədə məlumat

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, tərəflər arasında yazılı razılığa əsasən, iddiaçıya məxsus 34,3 kv.m qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya 50 kv.m sahədən ibarət mənzil verilməlidir. İddiaçıya məxsus 21 kv.m torpaq sahəsi ilə bağlı isə şifahi olaraq razılıq əldə olunmuşdur ki, onun əvəzində hər kv.m üçün 1.000 manat pul vəsaiti və ya iddiaçıya veriləcək 50 kv.m mənzilə əlavə kv.m veriləcəkdir. İddiaçıya 50 kv.m və əlavə olaraq 5 kv.m mənzil verilsə də, sonradan əlavə olaraq verilmiş 5 kv.m sahə ondan ayrılmışdır. Nəticədə cavabdeh üzərinə götürdüyü öhdəliyi pozulmuşdur. Cavabdeh MMC, 2020-ci ilə qədər problemin həll olunacağı ilə bağlı vədlər vermiş və iddiaçı da, buna etibar edərək, məhkəməyə müraciət etməmişdir. Bundan əlavə qarşı tərəf müddətin keçməsini müqavilənin bağlanması tarixi ilə bağlasa da, iddiaçı tərəflər arasında bağlanmış "xxxx" mübahisələndirmir. İddiaçı, MMC tərəfindən "xxxx" qeyd ediləndən əlavə iddiaçıya veriləcəyini bildirdiyi sahənin verilməməsi ilə bağlı iddia qaldırmışlar.

4. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, o, 1992-ci ilin may ayından etibarən mübahisəli ərazidə məcburi köçkün kimi yaşayır. İddiaçı, həmin ərazidə qeyri-yaşayış sahəsinə yerləşmiş və uzun müddət ailəsi ilə orada yaşamışdır. Bununla bağlı icra hakimiyyətinin sərəncamı da vardır. Həmin sərəncamla onların hüquqları tanınmışdır. MMC isə həmin torpaq sahəsini 2004-cü ildə əldə etmişdir. İddiaçı, cavabdeh MMC tərəfindən ona verilmiş mənzildə 3 ildir ki yaşayır.

5. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X9 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ərazi təsisçi Əli bəyin həyat yoldaşının mülkiyyətində olmuşdur. İddiaçı tərəfin həmin sahə və onun üzərindəki hər hansı tikili ilə bağlı rəsmi sənədi olmamışdır. İddiaçı məcburi köçkün kimi orada məskunlaşmışdır. Daha sonra isə iddiaçı ilə yazılı "xxxx" bağlanmış və MMC həmin "xxxx" üzrə üzərilərinə götürdükləri öhdəliklər tam icra etmişdir. Tərəflər şifahi olaraq heç bir razılığa gəlməmişlər. İddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Cavabdeh MMC-nin nümayəndəsi həmçinin iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixli "xxxx" şərtləri ilə razılaşmış, 50 kv.m mənzili cavabdeh MMC-dən təhvil almış və "xxxx" sərbəst şəkildə bağlanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi MMC-nin vədi barəsində hər hansı yazılı razılaşma mövcud olmamış, bunun əksinə olaraq tərəflər arasında yaşayış sahəsinin verilməsi barədə yazılı "xxxx" bağlanılmış və həmin müqavilə şərtlərinə hər iki tərəf könüllü qaydada imza etməklə iradə ifadələrini açıq bəyan etmişlər. İddiaçı cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini icra etməməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

d) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və onları düzgün tətbiq etməmiş, işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmiş, öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandıra bilməmişdir.

e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

10. İddiaçı və onun nümayəndəsi (övladı) Vəzir Qənbərov apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.

11. Apellyasiya baxışında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) İdris Babayev apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 507/55 №-li 04.06.92ci il tarixli sərəncamı ilə M.Qasımov küçəsi 8 №-li ünvanda sahəsi 14 kv.m olan qeyriyaşayış sahəsi həmin ünvanda yaşayan K.Məmmədovanın və L.Namazovanın ailəsinə təsərrüfat məqsədi üçün verilmişdir. Prokurorluğun ümumi nəzarət qaydasında yoxlaması zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvanda K.Məmmədovaya məxsus sahəsi 19,6 kv.m. olan anbar və sahəsi 16 kv.m-dən ibarət mətbəx və sanitariya qovşağından ibarət əlavə tikililər vardır. Göstərilənlərlə yanaşı yoxlama zamanı müəyyən olunmuşdur ki, xx.xx.1992-ci il tarixdən göstərilən qeyri-yaşayış sahəsində Şuşa rayon qaçqını M.B.Qəmbərov 6 nəfər ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Həmçinin sərəncamda mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsü 14 kv.m göstərildiyi halda faktiki sahəsi 32,65 kv.m-dir. Yuxarıdakıları nəzərə alaraq Nəsimi rayon Prokurorluğunun 43-Ş98 №-li, 11.02.98-ci il tarixli protestinin təmin edilməsi, Nəsimi Rayon İcra Hakimiyyətinin 507/55 №-li, 04.06.92-ci il tarixli sərəncamın ləğv olunması qərara alınmışdır.

14. İş materiallarına əlavə edilmiş vəsiqədən görünür ki, iddiaçı və onun əri X1 rayonundan məcburi köçkünlər kimi Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyata alınmışlar.

15. Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 721759 nömrəli, xx.xx.2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının əri Məmməd Qənbərov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

16. Cavabdeh MMC ilə “Mənzil istifadəçisi” qismində iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" görünür ki, MMC, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 2 otaqlı, 31 kv.m mənzilin sənədsiz göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirli 1 otaqlı, 50 kv.m. İİİ mərtəbədə mənzili sahibinə verməyi öhdəsinə götürür (bənd 1.1). Mənzil istifadəçisi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 1.2). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqını tələb etməsi, müqavilədə göstərilən müddətdə MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərlə uyğun şəkildə mənzili tələb etməsi "xxxx" hüquq və vəzifəsidir (bənd 2.1.2, 2.1.5). Yaşayış üçün təhlükəli olan mövcud mənzildən "xxxx" müvəqqəti yaşayış yerinə köçürülməsi MMC tərəfindən həyata keçirilməsini təmin etməsi, müqavilədə göstərilən şərtlər əsasında yaşayış üçün təhlükəli olan mövcud mənzilin söküntüsü üçün şəraitin yaradılması və söküntüsünü təmin etməsi, müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişi hər ayın tamamında "xxxx" ödənilməsini təmin etməsi, tikinti işləri neçə ay gecikərsə hər ay müqavilədə kirayə haqqı MMC tərəfindən ödəniləcək, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən "xxxx" mənzili təmir edib istifadəyə verməsi MMCnin hüquq və vəzifələridir (bənd 2.2., 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5).

17. Cavabdeh MMC-nin direktoru X9 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017ci il tarixli öhdəlikdən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanında İddiaçı məxsus evin Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli № 86 saylı qərarına uyğun olaraq sökülməsinə və onun əvəzinə MMC tərəfindən iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 küçəsində tikiləcək 1 girişli binanın, 1 otaqlı, sahəsi 50 kv.m. təmirli mənzil verilməsini MMC öz öhdəsinə götürmüşdür.

18. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli kirayə haqqı ödəniş cədvəlindən görünür ki, MMC tərəfindən iddiaçıya 2017-ci ilin fevral ayından 2017-ci ilin iyun ayınadək aylıq 400 manat olmaqla, cəmi 2.400 manat kirayə haqqı ödənilmişdir.

19. Yuxarıda qeyd edilən ünvana xidmət göstərən 14 saylı MKİS-nin rəisi R.Piriyev, mühəndisi N.Həsənova, mühasibi F.Zeynalova tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, M.Qasımov küçəsi 8 saylı ünvanda yaşayan Şuşa rayonundan məcburi köçkün olan iddiaçının müraciətinə əsasən həmin ünvanda olmuşlar və araşdırma zamanı məlum olmuşdur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il sərəncamına əsasən iddiaçıya təsərrüfat məqsədi üçün qeyri-yaşayış sahəsi verilmişdir. O, həmin qeyri-yaşayış sahəsini öz şəxsi vəsaiti hesabına yaşayışa yararlı vəziyyətə gətirərək 6 nəfər ailə tərkibi ilə birlikdə məskunlaşmışdır. Həmin qeyri-yaşayış sahəsi yaşayışa yararlı vəziyyətə gətirildikdən sonra 3 otaq yaşayış sahəsi 26,7 kv.m., köməkçi sahəsi 12,5 kv.m., ümumi sahəsi isə 39,2 4 kv.m-dən ibarət olub.

20. Həmin MKİS-nin mühəndisi N.Həsənova tərəfindən tərtib edilmiş planın surətindən görünür ki, Bakı şəhəri, M.Qasımov küçəsi, 8 saylı evdə yaşayan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m., yaşayış sahəsi 26,7 kv.m., köməkçi sahəsi 12,5 kv.m. təşkil etmişdir.

21. Qeyd edilən sübutlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixdə "xxxx" bağlanmış və həmin "xxxx" əsasən cavabdeh MMC, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan iddiaçının istifadəsində olan mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 2 otaqlı, 31 kv.m. mənzilin ümumi sahəsinə 20% əlavə etməklə 1 girişli binanın, 1 otaqlı, sahəsi 50 kv.m təmirli mənzilin iddiaçıya verilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC "xxxx" üzrə öhdəlikləri icra etməklə iddiaçıya 50 kv.m sahədən ibarət mənzil vermişdir.

22. Hazırda iddiaçı, onunla cavabdeh MMC arasında aparılmış danışıqlara əsasən ona 50 kv.m sahədən ibarət mənzil və 21 kv.m torpaq sahəsinə görə əlavə olaraq hər kv.m sahə üçün 1.000 manat pul vəsaitinin verilməsi vəd etmişdir. İddiaçı ona vəd edilmiş 21 kv.m olan torpaq sahəsinin dəyərinin ödənilməməsi üçün cavabdehdən 20.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

23. Cavabdeh MMC isə iddiaçı ilə belə bir razılaşmasının olmadığını bildirir.

24. İş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.).

25. Məhkəmə tərəfindən müəyyən edilir ki, MMC, onunla iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" üzrə öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, hətta iddiaçıya 20% əlavə sahədən də artıq təmirli sahə təhvil vermişdir.

26. Qeyd edilən "xxxx" iddiaçının bildirdiyi kimi MMC-nin torpaq sahəsi əvəzində iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır.

27. İddiaçı, torpaq sahəsi əvəzində ona kompensasiya ödənilməsi ilə bağlı onunla MMC arasında şifahi razılaşmanın mövcud olmasını bildirsə də, o, bu halı sübuta yetirə bilmir, baxmayaraq ki, o, iddiaçı olaraq bu halı sübut etmək yükünü daşıyır.

28. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianın əsassız olduğu üçün təmin edilməməsini qət etməkdə haqlı olmuşdur.

30. Məhkəmə, cavabdeh MMC-nin nümayəndəsinin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsi ilə bağlı isə bildirir ki, tərəflər arasında "xxxx" xx.xx.2017-ci il tarixdə bağladığından və bunun üzərindən 6 illik müddət keçdiyindən sonra iddia tələbi irəli sürüldüyündən iddia tələbi iddia müddətinin buraxılması əsası ilə də təmin oluna bilməz.

31. Belə ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

32. Mülki Məcəlləyə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (maddələr 373.1.-373.3.). Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (maddə 373.4.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1.).

g) apellyasiyanın nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

36. İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə təmin edilmədiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar