Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12022/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndələri Nümayəndə və X1 iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-dən və Cavabdeh2 avtomobilinə dəymiş ziyana görə 2390 manatın, maddi ziyana görə 1000 manatın, keçirdiyi mənəvi istirablara və sarsıntılara görə 5000 manatın, Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssis rəyinə görə ödədiyi 200 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 28.06.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən Sabunçu qəsəbəsi istiqamətində özünə məxsus “Mersedes-Benz ML” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığında dayanmış, həmin vaxt sonradan tanıdığı X2 idarə etdiyi “İsuzu Ecobus” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamadığından onun idarə etdiyi avtomobili vurmuş, hadisə nəticəsində özünə və avtomobilinə zərər dəymişdir. Cavabdeh2 törətdiyi əmələ görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərarı ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məndudlaşdırılmaqla inzibati məsuliyyətə cəlb edilmişdir. Aldığı qapalı kəllə-beyin travmasına görə bir gün 3 saylı Sabunçu xəstəxanasında yatmış, avtomobilinə isə ümumilikdə 2390 manat zərər dəymiş, eyni zamanda mənəvi iztirablar keçirmişdir. Hadisədən sonra keçirdiyi streslərə görə ürəyində, başında olan ağrılara görə müalicə almış, bununla bağlı “Zeytun” aptekinə pullar ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 MMC-dən maddi ziyana görə 2390 manat, mənəvi ziyana görə 1000 manat, ödənilmiş mütəxəssis tədqiqatının dəyərinə görə 200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3620 manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh1 MMC-dən alınıb dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC-nin direktoru apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, onları düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, iddiaçıya dəymiş ziyanın şişirdildiyini, eləcə də ona mənəvi ziyan dəyməsinin sübuta yetirilmədiyini nəzərə almaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndələri şikayətin dəlillərini müdafiə etməklə yanaşı, iddiaçıya dəymiş maddi ziyandan həm də sürücünün məsuliyyət daşımalı olduğunu bildirmiş, digər Cavabdeh2 məhkəməyə gəlməmiş, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəfin mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Cavabdeh1 MMC apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddianın təmin olunan hissəsində mübahisələndirdiyi aydın olur; həmçinin nəzərə alınmalıdır ki, iddiasının qismən təmin olunmasına baxmayaraq qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddianın təmin olunmayan hissəsi də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh2 28.06.2020-ci il tarixdə idarə etdiyi “İsuzu Ecobus” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzü Sabunçu istiqamətində hərəkət edərkən düzgün ara məsafəsi saxlamaması səbəbindən svetoforun qırmızı işığında dayanmış vəziyyətdə olan İddiaçı məxsus “Mersedes-Benz ML” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə Tahir Dadıyev yüngül bədən xəsarəti almaqla yanaşı onun avtomobilinə də ziyan dəymiş, Cavabdeh2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, “İsuzu Ecobus” markalı **- RX-*** dövlət qeydiyyat nişanlı avtobus 22.06.2018-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh1 MMC-nin icarəsində olmaqla, avtomobil Cavabdeh2 tərəfindən MMC-nin verdiyi “yol vərəqəsi” əsasında idarə olunmuşdur. İşin müəyyən olunmuş digər halına görə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 04.09.2020-ci il tarixli məktubunda, “İsuzu Ecobus” markalı **-RX- *** dövlət qeydiyyat nişanlı avtobus “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta olunmadığından 28.06.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Mercedes Benz ML 350” markalı ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə sığorta şirkətinin öhdəliyinin yaranmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi eksperizanın 03 avqust 2021-ci il tarixli rəyi ilə “Mersedes-Benz ML” markalı avtomobilin dəyişilməli hissələrinin qiymətinin 1890 manat, təmir-bərpa işlərinin qiymətinin 500 manat təşkil etdiyi müəyyən olunmuşdur və işin hallarından göründüyü kimi, apellyator həm iddiaçıya dəymiş ziyanın məbləğini, həm də özünün məsuliyyəti məsələsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yüksək təhlükə mənbəyi olan “İsuzu Ecobus” markalı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini avtomobilə icarə müqaviləsi əsasında sahiblik edən Cavabdeh1 MMCnin üzərinə qoymuşdur və məsuliyyəti avtobusu idarə etmiş şəxsin daşımalı olduğu ilə bağlı apellyasiya baxışı zamanı irəli sürülən dəlillər əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Göründüyü kimi, apellyatorun irəli sürdüyü həmin dəlil baxımından qiymət verilməli olan məsələ, avtomobilin Cavabdeh2 istifadəsinə verilmiş olmasında Cavabdeh1 MMCnin təqsirli olub-olmadığıdır. Yuxarıda qeyd edildiyi kimi, “İsuzu Ecobus” markalı avtomobil məhz Cavabdeh1 MMC-nin icarəsində olmuş, buna baxmayaraq bilavasitə özü tərəfindən verilən müvafiq etibarnamə, yaxud bağladığı müqavilə əsasında deyil, hüquqi şəxsin adından hər hansı hüquqi əsas olmadan verilən yol vərəqəsi əsasında Cavabdeh2 tərəfindən idarə edilmişdir. Başqa sözlə, Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə qanuni sahibin (Cavabdeh1 MMC-nin) iradəsi ilə sahiblik etmiş, lakin bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilikdə nəqliyyat vasitəsinin sahibi ilə əmək münasibətlərində olmayan fiziki şəxslərə “yol vərəqəsi” adlanan sənədin verilməsi və avtomobilin həmin sənəd əsasında idarə olunması imkanı nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə olunmasında Cavabdeh1 MMC təqsirli olmuşdur və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə Cavabdeh1 MMC-nin məsuliyyət daşıması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğundur. Kollegiya iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin məbləğ məhkəmənin təyin etdiyi ekspertiza rəyi ilə müəyyən olunmuş, onun şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MMC-nin icarəsində olan avtobusu sığorta etdirməməsi nəticəsində iddiaçının uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldığını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilə bilər və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, apellyasiya baxışı zamanı, 28.06.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətə görə İddiaçı “İcbari Sığorta Bürosu” tərəfindən pul vəsaiti ödənilmədiyi də müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2334/2021 saylı iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 MMC-nin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12022/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12022/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver