Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12031/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(009)-2886/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının işlədiyi MMC-də aparılmış audit əsasında tərtib edilmiş auditor hesabatına əasən ona şiddətli töhmət elan edilməsi barədə 30.11.2020-ci il tarixli əmr qəbul edilmişdir. Bununla əlaqədar iddiaçı qeyd olunan auditor hesabatını mübahisələndirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(009)- 2886/2021 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və gəlinən nəticə onunla əsaslandırılmışdır ki, audit hesabatı öz-özlüyündə sübut növüdür, iddiaçının hüquq və vəzifələrinə toxunmur və bu səbəbdən də audit hesabatının etibarsızlığı barədə tələbə məhkəmədə baxıla bilməz. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(009)- 2886/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilib, iddia ərizəsinin icraata götürülərək, baxılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini yoxlayıb, hesab edir ki, şikayət əsaslıdır. Belə ki, işin materialları ilə müəyyən edilir ki, mübahisələndirilən audit hesabatı iddiaçının əmək fəaliyyətinin yoxlanılmasının nəticəsi olaraq tərtib olunmuşdur. Həmin audit hesabatı əsasında iddiaçıya şiddətli töhmət verilməsi barədə 30.11.2020-ci il tarixdə əmr verilmişdir. İddiaçı audit hesablatının qanunsuz tərtib edilməsini və həmin hesabatın monitorinqinin nəticəsində Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin 20 sentyabr 2021-ci il tarixli 02-130 saylı məktubuna əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş audit hesabatının X2, X3 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilməsi ilə əlaqələndirmişdir. Qeyd edilənlərlə müəyyən edilir ki, mübahisələndirilən audit hesabatının nəticəsi əsasında iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi iddiaçının həmin hesabatı mübahisələndirməsinə əsas yaratmışdır. Kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirdiyi hesabat birbaşa onun hüquq və vəzifələrinə toxunur, lakin birinci instansiya məhkəməsinin həmin hesabatın iddiaçının hüquq və vəzifələrinə toxunmaması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(009)-2886/2021 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(009)-2886/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-12031/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12031/2021
14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver