Məhkəmə qərarları › İş №2(103)-12050/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12050/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12050/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 (o, həm də digər cavabdehin nümayəndəsidir) iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobilin 09.08.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü” üzrə sığortalandığını, 02.08.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi həmin avtomobillə yol-nəqliyyat hadisəsi törədərək ** LT *** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı avtomobilə ziyan vurduğunu, hadisənin səbəbləri aydınlaşdırılarkən Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etdiyinin müəyyən olunduğunu və bununla bağlı DYP əməkdaşı tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, “BMW 750” markalı avtonəqliyyat vasitəsinə dəymiş 3815,00 manat ziyan məbləğinin 28.08.2019-cu il tarixli sığorta aktına əsasən zərərçəkənə ödənildiyini bildirmiş, cavabdehlərdən 3815,00 (üç min səkkiz yüz on beş) manat sığorta ödənişinin əvəzinin və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətlərini, Cavabdeh1 hadisə yerindən yayınmış olmasına dair 05.08.2019-cu il tarixli qərarın məhkəmə tərəfindən ləğv edildiyi, onun hadisə yerindən yayınması ilə bağlı hər hansı digər sübutun olmadığı, Cavabdeh2 isə hadisəyə heç bir aidiyyatının olmadığı və ona münasibətdə subroqasiya hüququnun ümumiyyətlə yaranmadığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 (o, həm də digər cavabdehin nümayəndəsidir) apellyasiya şikayətini müdafiə edərək və yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh1 adından yazılmış izahatın onun tərəfindən yazılıb imzalandığını bildirək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini qiymətləndirməkdə və mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarının seçimində səhvə yol vermiş, qənaətini ümumiyyətlə əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, mülkiyyətçisi Cavabdeh2 olan “Opel Vectra” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən 09.08.2018-ci il tarixdən 08.08.2019-cu il tarixinədək sığortalanmış, 02.08.2019-cu il tarixdə avtomobil Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 idarəetməsində olarkən ** LT *** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı avtomobillə toqquşmuş, 05.08.2019-cu il tarixdə Cavabdeh1 yol nəqliyyat hadisəsinin törənməsində təqsirli olmasına və hadisə baş verdikdən sonra hadisə yerini tərk etdiyinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq o, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmiş, “BMW 750” markalı avtomobilə dəymiş ziyana görə həmin avtomobilin sahibinə "xxxx" ASC tərəfindən 3815 manat sığorta ödənişi həyata keçirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən cərimə məbləği Cavabdeh1 tərəfindən ödənilmiş, bununla belə 27.11.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən ona subroqasiya ödənişi ilə bağlı bildiriş göndərildikdən sonra 05 avqust 2019cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş qərarın ləğv edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin 12.06.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilərək inzibati qərar ləğv olunmuş və Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materialların yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin DYP şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 23 iyul 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 02.08.2019-cu il tarixində ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı və ** LT *** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi Nəsimi Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli qərarına əsasən yenidən araşdırılmış, araşdırma zamanı sürücü Cavabdeh1 Rəfail qızının təqsirliyi sübuta yetirilmiş və hadisə yerindən yayınması təsdiqini tapmış, sürücünün İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli olması barədə inzibati tənbeh vermə müddəti keçdiyindən, həmçinin qərar üzrə verilmiş cərimə ödənildiyindən yenidən inzibati tənbeh vermə haqqında qərar verilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə isə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçı şirkət məhz “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsaslanmaqla müvafiq iddia tələbini irəli sürmüş, sığorta hadisəsinin baş verməsindən sonra Cavabdeh1 hadisə yerindən yayınmış olmasına istinadla ondan və sığortalanmış avtomobilin mülkiyyətçisindən sığorta ödənişinin əvəzinin geri alınmalı olduğunu vurğulamışdır. Kollegiya hesab edir ki, iddiaçının tələbi yalnız Cavabdeh1 münasibətdə əsaslı hesab oluna bilər. Çünkü yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisədən sonra hadisə yerindən yayınmış Cavabdeh1dır. Apellyasiya şikayətində Cavabdeh1 barəsində qəbul olunmuş inzibati qərarın sonradan ləğv edildiyinə istinadla onun təqsirliliyinin və hadisə yerindən yayındığının sübuta yetirilmədiyi irəli sürülsə də, kollegiya bu arqumenti əsaslı hesab etmir. Belə ki, birincisi, o, 03.08.2019-cu il tarixdə yazdığı izahatda (Cavabdeh2 bildirməsinə görə həmin izahatı həyat yoldaşının əvəzinə o, yazmışdır) “tıxac olduğu üçün heç bir dövlət orqanına müraciət etmədən avtomaşınla hadisə yerindən uzaqlaşdığını” bilavasitə özü (yaxud həyat yoldaşı) qeyd etmiş, həmçinin barəsində tərtib olunmuş inzibati protokol əsasında tətbiq edilən 100 manat cəriməni ödəmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati xəta haqqında iş üzrə qərar Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin ona subroqasiya ödənişi ilə bağlı bildiriş göndərməsindən sonra mübahisələndirilmiş, həmin şikayətə baxan məhkəmə isə təqsirlilik məsələsinə toxunmadan prosessual pozuntuların olduğunu vurğulamaqla Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materialların yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini qərara almışdır. Bu mənada kollegiyanın qənaətinə görə iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmalı, ondan 3815,00 (üç min səkkiz yüz on beş) manat sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 3845,40 (üç min səkkiz yüz qırx beş manat 40 qəpik) manat alınaraq "xxxx" ASC-nə ödənilməlidir. Bununla belə kollegiya hesab edir ki, iddiaçı şirkətin irəli sürdüyü faktiki hallar, Cavabdeh2 qarşı yönələn iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 “Opel Vectra” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və avtomobil onun həyat yoldaşı Cavabdeh1 idarəetməsində olarkən sığorta hadisəsi baş vermişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması üçün əsaslardadındır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunun mənasından göründüyü kimi, Cavabdeh2 subroqasiya cavabdehliyini o halda daşıya bilərdi ki, o, avtomobilin buna hüququ olmayan şəxs tərəfindən istismar edilməsinə şərait yaratmış olardı – hazırkı işdə isə belə hal müəyyən edilməmişdir. Tələb edilən məbləğin düzgün hesablanmadığı barədə şikayətdə irəli sürülənlərlə bağlı kollegiya qeyd edir ki, birincisi, sözügedən arqumenti təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır; ikincisi isə qeyd edilməlidir ki, ümumiyyətlə, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə zərərçəkmişə məhz 3815 manat ödəmiş olduğu rəsmi sənədlərlə (ödəniş tapşırığı) öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5393/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh1 3815,00 (üç min səkkiz yüz on beş) manat sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 3845,40 (üç min səkkiz yüz qırx beş manat 40 qəpik) manat alınaraq "xxxx" ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar