Məhkəmə qərarları › İş №2(103)-12075/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12075/2021

22.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12075/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7228/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin olaraq İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi və cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanına istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus ünvanında İddiaçı tərəfindən tikilmiş özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(001)- 7228/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, ondan tamamilə aralı yerləşən və heç bir bağlılığı olmayan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 mədən, 40 korpus küçəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış evində yaşamışdır. Həmin fərdi yaşayış evi İddiaçı və ailəsi tərəfindən onun həmin fərdi yaşayış evinə gəlin köçməzdən iki il qabaq tikilmişdir. ünvan 2 ünvanında İddiaçı məxsus olan fərdi yaşayış evi isə iki ayrı evə düzəldilməklə kirayə verilir. Onun qeydiyyatda olduğu ünvan ilə cehiz əşyalarının olduğu ünvanlar tamailə ayrı-ayrı fərdi yaşayış evləridir. ünvan 2 ünvanında olan evin sənədləri olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 mədən, 40 korpus küçəsində olan fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi olmadığından həmin torpaq sahəsində tikilmiş ev özbaşına tikili adlanır. Həmin evin cavabdehə və ya onun arvadına məxsus olmağı əhəmiyyət kəsb etmir. Belə ki, həmin ev onların birgə nikahı dövründə tikilmiş və bu səbəbdən ər-arvadın hər ikisinin həmin ev üzərində hüquqları var. İddiaçının həmin evə köçüb yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmişdir. İddiaçı əvvəllər cavabdehə qarşı iddiasını səhv evlə bağlı qaldırmış, bu səbəbdən də iddiası təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7228/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmiş, şikayətinin idda ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında 06 oktyabr 2009-cu il tarixdə Bakı Nikah Evi Səadət Sarayında bağlanmış, 2528 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin ümumi uşaqları – 30.09.2010-cu il təvəllüdlü X9 və 07.09.2011ci il təvəllüdlü X10 ataları X1, 01.11.2014-cü il təvəllüdlü X7 və 01.11.2014-cü il təvəllüdlü X8 isə anaları Cavabdeh yanında saxlanılmış, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi Cavabdeh, ½ hissəsi X1 birgə mülkiyyətdəki payı hesab edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən müəyyən olnur ki, iddiaçının köçmək istədiyi ünvan 3 ünvanında yerləşən evə dair İddiaçı adına 1994-cü ildə texniki pasport tərtib olunmuş və texniki pasportda evin mülkiyyətçisi kimi İddiaçı göstərilmişdir. İş materiallarında olan X2 06 mart 2006-cı il tarixli, 205 nömrəli sərəncamından görünür ki, Binəqədi rayonu Binəqəsi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Sərəncama əlavə edilmiş torpaq sahəsinin planından görünür ki, həmin sahə 1-ci mədənin ərazisində yerləşir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin oğlu ilə 06 oktyabr 2009-cu il tarixdə nikaha daxil olmuş, X2 06 mart 2006-cı il tarixli sərəncamı ilə cavabdehin arvadına - X6 alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində ailə olaraq yaşamağa başlamış, 16 mart 2020-ci il tarixində nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı bundan əvvəl ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus evə köçürülməsi ilə bağlı iddia tələbi irəli sürmüş, lakin qanuni qüvvəyə minmiş qətnamə ilə həmin iddia təmin edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 40-cı korpus küçəsində olan mənzilə köçürülməsini tələb edir, cavabdeh isə iddianı isə qəbul etmir. Birinci instansiya məhkəməsi mübahisəyə belə qiymət vermişdir ki, iddiaçı köçürülməyini xahiş etdiyi ev dövlət qeydiyyatına alınmasa da, evin inşa edildiyi torpaq sahəsi X2 06 mart 2006-cı il tarixli sərəncamı ilə alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmış və bu səbəbdən aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin evə dair onun hüquqi akta, yəni qeyd olunan sərəncama əsaslanan gözlənilən mülkiyyət hüququ vardır. Həmçinin, mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presenent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.1ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Digər tərəfdən, müəyyən olunur ki, iddiaçı tərəfindən həmin evin cavabdehə məxsus olduğu bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, cavabdeh isə həmin evin onun tərəfindən deyil, arvadı tərəfindən onun özünə məxsus torpaq sahəsində inşa olunduğunu bildirmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşaraq qeyd edir ki, iddiaçının köçürülməsi tələb edilən evin cavabdehə (iddiaçının keçmiş qaynatasına) və ya onun arvadına (iddiaçının keçmiş qaynanasına) məxsus olmasından asılı olmayaraq, iddia təmin edilə bilməz. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı iş materiallarından və izahatlara əsasən, həmçinin, müəyyən olunan hallar odur ki, iddiaçı mübahisəli evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir. Tərəflərin ailə münasibətləri pozulmuş, iddiaçı oranı tərk etmişdir. Beləliklə, apelyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7228/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar