Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1209/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5275/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi səbəbindən Cavabdeh ASC və üçüncü şəxs Cavabdeh ASC-nin Kürdəmir rayon Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya maddi ziyan olaraq vurduqları 8480 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 10800 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 19310 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5275/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi səbəbindən cavabdeh tərəfindən iddiaçıya maddi ziyan olaraq vurulmuş 6320 manat, əldən çıxmış faydaya görə 10800 manat və 30 manat ödənilmiş dövtət rüsumunun əvəzi olmaqla, cəmi 17150 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Q.Sadıqov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, hazırkı işlə bağlı “xxxx” ASC-nin təqsirinin olması ilə bağlı heç bir sübut yoxdur, bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçıapellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili E.Səlimov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Axtaçı kəndində yerləşən 127,7 kv.m torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 10 saylı reyestr kitabının 61 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. FHN-in DYNX-nın Aran Regional DYNİ-nin xx.xx.2018-ci il tarixli “Yanğın haqqında” akta əsasən quru ot sahəsinin üzərindən keçən elektrik hava xəttindən düşən qığılcımdan yanğın baş vermiş, nəticədə genişlənən yanğın nar bağına keçmişdir. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, baş leytenant X3 «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixdə, saat 14:50-də Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən İddiaçı məxsus nar bağında baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı dəymiş ziyanla əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx xxxx 2018-ci il tarixdə, saat 14:50-də Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən İddiaçı məxsus nar bağında yanğına səbəb Kürdəmir rayonunun Pirəköçə kəndi ərazisində yerləşən quru ot sahəsinin üzərindən keçən elektrik hava xəttindən düşən qığılcım olmuş, nəticədə genişlənən alov İddiaçı məxsus nar bağına keçmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sabirabad Dövlət X7 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, 40 ədəd nar, 2 ədəd heyva və 2 ədəd tut ağaclarının ümumi dəyəri 6320 manat təşkil edir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Şəhər Regional Bölməsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinə elektrik enerjisinin verilişi 35/10 kV-luq “Şirvan” yarımstansiyasından çıxan 10 kV-luq “Qarabucaq” h/x-dən qidalanan ******* saylı 160 kVA 10/0,4 kV-luq transformator yarımstansiyasının 0,4 kV-luq tərəfindən çılpaq məftillər vasitəsilə həyata keçirilir. Tərəflərindən baxış keçirilən zaman fərdi yaşayış evini və həyətyanı sahədən keçib qonşusunun evini qidalandıran 0,22 kV-luq elektrik veriliş xəttinin həqiqətən qəzalı vəziyyətdə olduğu aşkar olundu. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sabirabad Dövlət X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, 40 ədəd nar ağacları məhv olduğu üçün onların yerinə bərpa olunmasından tam məhsula düşməsi üçün ən azı 5 il vaxt tələb olunur. Bu baxımdan 5 il müddətində mülkiyyətçi İddiaçı 40 ədəd nar ağaclarının məhv olmasından dəymiş maddi ziyanın ümumi məbləği 2160 manat x 5 il = 10800 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2083 nömrəli ekspert rəyinə əsasən normal aqrotexniki qaydalara uyğun olaraq qulluq edilmiş və tam məhsula düşmüş 10-15 yaşlı ağacların dəyəri təxminən 6320 (altı min üç yüz iyirmi) manat müəyyən edilmişdir. Bundan başqa, 40 ədəd hər bir nar ağacının məhsuldarlığı 45 kq olmaqla, cəmi 1800 kq olaraq 2160 (iki min yüz altmış) manat müəyyən edilmişdir (1800x1,20m). Həmin ağacların bərpa edilməsindən tam məhsula düşməsi üçün tələb olunan vaxt – 5 (beş) il olmaqla, həmin müddətə müəyyən olunan məbləğ 10800 (on min səkkiz yüz) manat olaraq göstərilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir; 1.3-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır; 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.4-cü bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerji təchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin və “Dövlət Enerjinəzarət” İdarəsinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerji təchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə görə Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Əlavə olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2083 nömrəli ekspert rəyinə əsasən xx xxxx 2018ci il saat 14:50-də Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən İddiaçı məxsus nar bağında baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş maddi zərər və əldən çıxmış faydanın ümumi məbləği 19280 (on doqquz min iki yüz səksən) manat məbləğində müəyyən edilmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5275/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1209/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1209/2020
21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver