Məhkəmə qərarları › İş №2(103)-1209/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1209/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1209/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz həbs») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4269/2023 saylı, 07 noyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Tərtər Rayon Məhkəməsinin 1(061)-23/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı həbs edilmiş, həbs etmənin əvvəli həbs olunduğu xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2019-cu il tarixdə 2 saylı istintaq təcridxanasına Tərtər Rayon Məhkəməsinin hesabına daxil olmuşdur.

2. Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində aparılan cinayət işinə bəraət verməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından həbsdən azad edilmişdir. Həbsdə saxlandığı müddət xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 11 ay 7 gün təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(061)-01/2020 saylı hökmü ilə barəsində çıxarılmış bəraət hökmünə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 24000 (iyirmi dörd min) manat, mənəvi ziyana görə isə 50 000 (əlli min) manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilmişdir ki, Tərtər Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmünə əsasən İddiaçı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən başlanılmış olan cinayət işinə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilmiş və onunla bağlı olan həbs qətimkan tədbiri ləğv edilmişdir. Buna baxmayaraq İddiaçı 13 iyun 2019-cu il tarixdən məhkəmə hökmü qəbul edilən tarixədək, yəni 1 ilə yaxın müddətdə qanunsuz olaraq həbs qətimkan tədbiri altında saxlanılmışdır. Bu müddət ərzində nə qədər mənəvi əzab və sarsıntı keçirməyi sözlə ifadə edə bilməz. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, əldə edəcəyi əmək haqqı və digər gəlirlərdən məhrum olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Qanunsuz saxlanıldığı 11 ay 9 gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 50 000 (əlli min) manat pul tələb edir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4269/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı vurulmuş mənəvi zərərə görə 11.500 (on bir min beş yüz) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, hazırkı iş üzrə İddiaçı barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 13 iyun 2019-cu il tarixdən etibarən 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Tərtər rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(061)- 01/2020 saylı Qərarına əsasən, İddiaçı-təqsiri sübuta yetirilmədiyi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. Göründüyü kimi, iddiaçı 13 iyun 2019-cu il tarixdən etibarən 20 may 2020-ci il tarixədək 2 saylı İstintaq Təcridxanasında qanunsuz saxlanılmış, Tərtər Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(061)-01/2020 saylı qərarına əsasən, İddiaçıtəqsiri sübuta yetirilmədiyi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 11.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, iddiaçı 11 ay 7 gün müddətində, yəni 13 iyun 2019-cu il tarixdən 20 may 2020-ci il tarixə kimi qanunsuz azadlıqdan məhrum edilmişdir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 11.500 (on bir min beş yüz) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddianın məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə iddiaçıya vurulmuş 24.000 manat maddi ziyan hissəsi iddiaçı tərəfindən mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Maliyyə Nazirliyinin apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmiş və şikayətdə göstərilmişdir ki, Mülki Məcəllənin 1100-cü və 1101-ci maddələrinin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bunun bağlı hər hansı müddəa müəyyən edilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də, tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 11.500 (on bir min beş yüz) manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. Qeyd olunmalıdır ki,məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Tərtər Rayon Polis İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

10. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) təmin olunan hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

19. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.

20. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı deyildir.

21. İddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə və azadlıqdan məhrumetmə cəzası təyin edildiyinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə barəsində bəraət hökmü çıxarılmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Mənəvi zərərin hər ay üçün 1000 manat müəyyən edilməsi də mövcud məhkəmə praktikasına uyğundur və məhkəmə praktikasının vahidliyini də təmin etmiş olur.

22. Hazırkı iş üzrə mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alına bilməz. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ona zərər vurmuş şəxsə qarşı da maddi və mənəvi zərər tələb hüququnu həmin kompensasiya məbləği istisna etmir. Hazırkı iş üzrə iddiaçı isə, cinayət işi üzrə zərər çəkmiş şəxs deyil, təqsirləndirilən şəxs olmuş, ona ittiham verilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, yalnız sonradan təqsirliliyi sübuta yetirilmədiyin görə barəsində bəraət hökmü çıxarılmışdır.

23. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki, maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki, hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 11 ay 7 gün həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 11.500 (on bir min beş yüz) manat müəyyən edilməsini də əsaslı hesab edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4269/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4269/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar