Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-121/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2099/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Sazişin, iddiaçı tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və cavabdehdən 42036 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixində Cavabdeh QSC ilə Bakı şəhəri, A.M.Şərifzadə 122 ünvanında yerləşən 172 nömrəli mənzilin lizinqə verilməsi barədə müqavilə bağlamışdır. Bağlanmış müqavilənin 1.2-ci maddəsinə görə cavabdeh lizinq obyektini iddiaçının istifadəsinə verməli idi. Həmçinin həmin müqavilənin 1.3-cü maddəsinə görə 17540 manat məbləğində pul vəsaiti lizinq obyektinə görə avans-kimi cavabdehə ödənilməli idi. İddiaçı xx.xx.2016-cı il tarixində 17540 manat məbləğində pulu cavabdehə avans şəklində ödəmişdir. Eyni zamanda, lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinə kimi iddiaçı tərəfindən cavabdehə 24496 manat məbləğində pul ödənilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında icra etsə də, cavabdeh öz öhdəliklərinin icrasından yayınmış və lizinq predmetini onun istifadəsinə verməmişdir. Sonradan isə təxminən 2017-ci ilin axırlarında cavabdeh maliyyə problemlərinin olduğunu və bununla əlaqədar ödənişlərin bundan sonra «xxxx» MTK-ya ödənilməli olacağını bildirmişdir. Həmin vaxt da iddiaçıya bir neçə sənədə imza etdirərək həmin sənədlərin rəsmiyyət üçün lazım olduğunu bildirmişdilər. Lakin yaxın günlərdə iddiaçı ilə «xxxx» MTK arasında həmin mənzilin geri qaytarılması və pulun alınması barədə mübahisə olduqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun etibarından və inamından istifadə edərək onu aldatmış və hüquqlarının pozulmasına səbəb olmuş sazişə və akta imza etdirmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli sazişin 4-cü bəndindən görsənir ki, guya iddiaçı 18181 manat məbləğində pul vəsaitinin ona qaytarılmamasına razılıq vermişdir. Bu lizinq müqaviləsi bağlanan zaman iddiaçı cavabdehdən əgər aralarında bağlanmış müqavilə ləğv olunarsa, ödədiyi pul vəsaitinin aqibəti ilə maraqlandıqda, cavabdeh heç bir problem olmadan ödədiyi vəsaitin ona qaytarılacağını bildirmişdir. Lakin əfsuslar olsun ki, işin hal-hazırkı gedişi göstərir ki, cavabdeh iddiaçının savadsızlığından istifadə edərək, onun ödədiyi pul vəsaitini mənimsəmək istəyir. Bu isə qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli lizinq müqaviləsində mübahisə predmeti olan mənzilin dəyəri 175395 manat məbləğində müəyyən edimiş və həmçinin sonradan iddiaçı ilə «xxxx» MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli payçı müqaviləsində də bu mənzilin dəyəri 175393 manat məbləğində müəyyən edilmişdir. İşin bu halları da həmin lizinq müqaviləsinin yalnız rəsmiyyət üçün bağlandığını sübut edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2099/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə onun iddia etmə müddətini ötürməklə məhkəməyə müraciət etdiyini və öz iddiasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməməyini göstərmişdir. O, da iddia ərizəsində göstərmişdir ki, tərtib edilmiş həmin ərizənin mahiyyətindən və aldandığından yalnız bu günlərdə xəbər tutmuşdur. Ona görə də iddia ərizəsi ilə indi məhkəməyə müraciət edir. İddia ərizəsinə əlavə etdiyi arayışlarda və qəbzlərdə də onun tərəfindən 42 036 manat məbləğində pulun cavabdehə ödənildiyi öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi də açıq-aydın görsənir. İşin hallarından da sübut olunur ki, cavabdehlə onun arasında lizinq müqaviləsi bağlanmış, lakin lizinq predmeti heç vaxt onun istifadəsinə verilməmişdir, yəni o, sahibliyində və istifadəsində olmayan əmlaka bütün bu hallarına düzgün hüquqi qiymət verməmiş və cavabdeh tərəfindən onun aldandığını bilə-bilə iddianı təmin etməmişdir. Təbii ki, hər bir normal adam halal yolla qazandığı 18000 manat məbləğində pulu heç bir əsas olmadan kiməsə bağışlamaz. Bu mənzil birinci olaraq Cavabdeh QSC tərəfindən lizinq müqaviləsi kimi rəsmiləşdirilmiş, sonra isə “xxxx” MTK tərəfindən payçı müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Əlbəttə ki, həm Cavabdeh QSC, həm də “xxxx” MTK mütəmadi olaraq mənzillərin alqı-satqısı ilə məşğul olduqlarından onlar bu sahənin incəliklərini və bütün xırdalıqlarını ondan qat-qat yaxşı bilirlər. Onun bu sahədə təcrübəsi, savadı olmadığı üçün bu iki hüquqi şəxsə inanaraq həmin mənzilin alınmasına razılıq vermişdi. Eyni zamanda bu mənzil onun adına rəsmiləşdirilərkən həm “xxxx” QSC-nin nümayəndəsi, həm də “xxxx” MTK-nın nümayəndəsi mənzili geri qaytarmaq istədikdə heç bir problemin olmayacağnı və onun ödədiyi vəsaitin tam şəkildə özünə qaytarılacağını bildirmişdilər. Lakin onun sağlamlığında yaranan problemlərlə əlaqədar maddi çətinliyi olduğu üçün həmin mənzili geri qaytarmaq qərarına gəldikdən sonra bu iki hüquqi şəxsin rəhbərliyi müxtəlif bəhanələrlə ödədiyi vəsaiti geri qaytarmaq istəmədilər. Yalnız bundan sonra aldadıldığını və həmin aktlara və ərizəyə yanlış məzmun yazıldığını başa düşdüm. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, 42.036 manat məhz mənzil alınması üçün lizinq şirkətinə ödənilən puldur. İddiaçıya 31.000 pul ödənilib ki, bu məbləğ 50 faizdən də aşağıdır. Müddət məsələsi iddiaçının hüquqlarının pozulduğunu bildiyi andan hesablandığı üçün müddət ötürülməmişdir. Müqavilə imzalanarkən iddiaçıya heç nə izah olunmayıb. Dəqiq məbləğin müəyyən olunması üçün ekspertiza keçirilməsini xahiş etdilər, lakin təmin olunmadı. 28.000 manat da 64.000 manatın tərkibində gedən puldur. İddiaçı mənzili “xxxx” MTK-dan alıb, pulu, Cavabdeh QSC-yə ödəyib. Lizinq şirkətinə ödədikləri faizi tələb edirlər. Yekun məhkəmə qərarı olmadığından 31.646 manatı hələ götürməmişlər. Məhkəmə iclasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildiridi ki, iddiaçı aldadıldığını və sənədin mahiyyətini dərk etmədiyini iddia edir. Əgər belə idisə, vaxtında müraciət edərdi. Müxtəlif məbləğlərlə həm onlara, həm də 3-cü şəxsə müraciət edir. Lakin müqavilənin ləğvi ilə bağlı iddia müddətinin keçdiyi nəzərə alınmalıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi X5 bildirdi ki, iddia tələbini əsassız hesab edir. Cavabdeh törəmə müəssisədir. Sonradan müqaviləni Cavabdehdən “Beynəlxalq Bank”a dəyişdirilib. İddiaçı iddia qaldırana kimi 64.794 manat ödəniş edib. Lakin bunlarda vətəndaşın ödəniş gecikməsinə görə banka ödədiyi məbləğ var. 31.646 manat götürməsi ilə bağlı iddiaçıya dəfələrlə müraciət olunub. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, hazırkı işdə iddiaçı xx.xx.2017-ci il tarixli sazişin onun etibarından sui-istifadə yolu ilə bağlanmasına istinad etsə də, İddiaçı adı çəkilən müqavilənin bağlanması ilə bağlı etibarından sui-istifadə edilməsi, aldadılması, sözügedən sazişin məhz bu hərəkət nəticəsində bağlanıldığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, hətta xx.xx.2017-ci il tarixli saziş etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, xx.xx.2017-ci il tarixli sazişin və ərizənin etibarsızlığı tələbini vacib əhəmiyyətli yanılmaya dayanaraq irəli sürüldüyündən, həmin tələbə MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddət, eyni zamanda, saziş bağlanarkən aldadıldığnı iddia etdiyindən, aldatma yolu ilə bağlanmış əqdlərə münasibətdə olduğu kimi bir illik müddət şamil edilə bilər. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Odur ki, hazırki halda 1 aylıq və ya 1 illik iddia müddətinin tətbiq edilməsindən asılı olmayaraq, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə xx xxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, şikayətində göstərdiyi bu halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. Bu barədə onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Bundan başqa, həqiqətən də iş materialları ilə iddiaçı tərəfindən qeyd olunan mənzilə görə 42 036 manat ödənildiyi öz təsdiqini tapır. Bu məbləğin 17540 manatı mənzilə görə ödənilmiş avans pul məbləği, 6315 manat əsas borca aid pul vəsaiti, 18181 manat isə lizinq müqaviləsi üzrə lizinq verənə ödənilmiş lizinq haqları təşkil edirdi. Bu məbləğin 23855 manat hissəsi(17540 manat avans və 6315 manat əsas borca aid pul vəsaiti) qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “xxxx” MTK tərəfindən iddiaçıya ödənilməsi qət olunan 31646 manatın tərkibində mövcuddur. Demək iddiaçının tələb etdiyi 420xx xxxxxxxx 23855 manat hissəsi artıq məhkəmə aktına əsasən ona ödənilməlidir. Üçüncü şəxsin nümayəndəsinin apellyasiya baxışı zamanı izahatı ilə də təsdiq olunur ki, iddiaçı həmin məbləği istənilən vaxt MTK-dan ala bilər. Tələb edilən məbləğin 18181 manat hissəsi isə iddiaçı tərəfindən lizinq verənə mükafat kimi ödənilən məbləğ olsa belə tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Sazişlə və həmin tarixli ərizə ilə iddiaçı qeyd olunan məbləğin cavabdeh tərəfindən ona qaytarılmayacağına razılaşmışdır. Lakin hazırki iddia ilə həmin Sazişin və ərizənin etibarsızlığını, eyni zamanda 18181 manatın da daxil olduğu 42036 manatı cavabdehdən tələb edir. Əvvəla iddiaçı cavabdehlə bağladığı lizinq müqaviləsinin 6.1-ci bəndinin tələbinə görə lizinq alanın lizinq haqqı kimi hər ay ödədiyi 1749 manat əsas borc məbləğinə lizinq verənin mükafatı(gəliri) olaraq illik 10 % dərəcəsi əlavə edilərək hesablanmasını müqavilə şərti kimi razılaşdırmışlır. Başqa sözlə iddiaçı müqavilə şərtinə görə ödədiyi lizinq haqqında lizinq mükafatının olmasını əvvəlcədən bilirdi. Digər tərəfdən birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı qeyd olunan Sazişi mübahisələndirmək üçün bir illik kəsici müddəti də ötürmüşdür. Bu cür vəziyyətdə qətnamənin ləğv edilərək iddianın qismən də olsa təmin edilməsi üçün əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)- 2099/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-121/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-121/2021
25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver