Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1210/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili X3 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X5 cavabdeh "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4588/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X5 cavabdehlər "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh "xxxx" MMC (keçmiş adı "X6” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC (keçmiş adı "X7” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokoluna əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi bina 81, M 5, 3 nömrəli mənzilin 160500 manata satılmışdır. Əmlakın satış qiyməti qanunsuz və əsassız olaraq 160500 manat müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi bina 81, M 5, 3 nömrəli mənzilin hərracda satılması barədə ona məlumat verilməmişdir, Həm Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi qəbul edilərkən, həm Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnamədən nə maraqlarına toxunan İddiaçı1 nə də birgə nikah dövründə əldə edilmiş əmlakda payı olan onun həyat yoldaşı Karaıeva Günelin məlumatları olmamışdır. İddiaçı1 həmin vaxtda həbsdə olmuş (hazırdada həbsədir) və həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə heç bir məlumatları olmamışdır. İddiaçı1 barəsində həbs qətimkan tədbiri 01.08.2019-cu ildə Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üşün Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(103)-6963/2021 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnaməsi ləğv edilmiş və iddiaçı X2 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsinə dair iddası rədd edilmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi bina 81, M 5, 3 nömrəli mənzilin real bazar qiyməti 300000 manatdan artıqdır. Necə olur ki, 300000 manat dəyərində olan mənzilin ilkin satış qiyməti 160500 manata müəyyən edilərək satılmışdır. Bu tamamilə qanunsuz və əsassızdır. Mənzilə qoyulmuş ilkin satış qiymətinin isə açıq-aşkar ipoteka predmetinin real bazar qiymətinə tərs mütənasibdir. Cavabdeh "xxxx" MMC (keçmiş adı "X6” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı1 hərrac keçirilən zaman istintaqa cəlb edilərək həbs edilmiş və hal-hazırdada həbsdədir. Onun iştirakı olmadan qəbul edilmiş Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi və Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnaməsi apellyasiya məhkəmələri tərəfindən ləğv edilmişdir. İddiaçı1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.01.2021-ci il tarixli 1(101)- 84/2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cinayət işi məhkumun apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin cinayət işində digər zərərçəkənlərlə yanaşı X9 da zərərçəkən kimi tanınmış və onun cinayət işindəki ifadəsi ilə Şəmkir Rayon Məhkəməsində qaldırdığı iddianın məzmunu tamamilə fərqlidir. Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin 28.12.2019cu il tarixli, 17/71- 153021/2019-9 saylı sifariş məktubu əsasında "xxxx" MMC (Cavabdeh MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli 07.02.2020-ci tarixli Protokolun ləğv edilməsn və həmin hərracın nəticələrinin etibarsız hesab olunması qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən məhkəməyə etiraz ərizəsi ilə müraciat edilərək, hərrac bildirişlərini də göndərdikləri halda məhkəmə həmin hala əsaslanmamış, bildirişin də məhkəməyə verilmədiyini qeyd etmişdir. Həmçinin, həmin evin çoxdan boş olması, hərracın qalibinin orada yaşadığı halda iddiaçının məlumatsız olmasına əsaslanmışdır. Məhkəmə hesab edir ki, borcluların xəbərləri olmamış və hərrac keçirilən zaman onların hərracda iştirakı təmin edilməmişdir və əlavə edir ki, tərəflərdən iddia tələbinin əsassız olması barədə heç bir mötabar sübut təqdim etməmişdir. Halbuki bildirişlər və elanlar məhkəməyə təqdim edilmişdir. Hərrac prosesi qanunvericiliklə onun üçün nəzərdə tutulmuş bütün prosessual qaydalara əməl edilməklə həyata keçirilmiş, elanlar verilmiş, bildirişlər göndərilmişdir, tərəflərin məlumatlandırılması ilə bağlı bütün prosessual hərəkətlər həyata keçirilmişdir. İcra qurumunun iştirakı təmin edilməmiş, iddiaçının icra prosesləri barədə məlumatlı olması, icra hərəkətlərinin həyata keçirilməsi faktları yoxlanmamışdır. Həmçinin, icra şöbəsi tərəfindən icra sənədi üzrə tələb tam icra edildiyi üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin məsələyə də məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Qətnamədən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onu sübularını təqdim etmək etmək imkanından məhrum etməklə sübutsuz işə baxaraq iddiaçın əsassız iddiasını təmin etmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən də gorünür ki hərrac təskilatı tərəfindən hərraca çıxarılan ev qanunvericiliyin bütün tələblərinə uyğun olaraq aparılmışdır. Belə ki, sənədlərdən də görünür ki, Xətai Rayon icra və Probasiya şöbəsi tərəfindən məktubla hərrac barədə tərəflərə malumat verilmiş, əmlak "xxxx" MMC tərəfindən qiymətləndirilmiş, “Kaspi” qəzeti tərəfindən hərraca çıxarılacaq əmlak baradə elan verilmiş və eyni zamanda hərracın yekunları barədə müvafiq protokol və alqı-satqı müqaviləsi il əmlak ona satılmışdir. İddiaçı tərəfin istinad etdiyi məhkəmə qərarları hələ qanuni üvvəsini almadığından (məhkəmə bu halı da arasdırmamışdır) və müvafiq olaraq məhkəmələrdə baxıldığından məhkəmə iş üzrə icraatı dayandırmalı olduğundan bunu etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi-vəkili şikayətə etiraz edərək təmin olunmamasını, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir Üçüncü şəxs X10 şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçılar şikayət verməmiş, cavabdeh və üçüncü şəxs isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hərrac Təşkilatının 07.02.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil 160500 manat qiymətə tələbkar X8 tərəfindən əldə olunmuşdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı, 27.01.2021-ci il tarixli hökmündən görünür ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01.08.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2946/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(076)-2716/2019 saylı və 2(076)-2716/2021 sayli qərardadları ləğv edilməsi, İddiaçı1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilərək Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(076)-2719/2019 saylı qiyabi qətnaməsi ləğv edilməsi və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6963/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsini ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 14 nömrəli 07.02.2020-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilin Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 160500 manat olaraq müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil 160500 manat qiymətə tələbkar X8 tərəfindən əldə olunmuşdur. Hərracın təşkilinə görə hərrac mərkəzi, əmlakın satışı və əməliyyatlara görə sifarişçi məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı1 ünvalnamış poçt konvertinin surətindən görünür ki, İddiaçı1 ünvan 2 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 09.09.2021-ci il tarixli, LP-152/2021 nömərli mütəxəssin rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilin hazırki bazar qiyməti – 320000 manat, likvid qiymət 310000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) hərrac təşkil etmişdir. Hərrac Təşkilatının 14 nömrəli 07.02.2020-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən müvafiq mənzili 160500 manat qiymətlə tələbkar X8 əldə etmişdir. Hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 3 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar X8 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş Şəmkir şəhəri, Musayev küçəsi, ev 3 ünvanına göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nə məhkəmə sorğusu verilməsinə baxmayaraq hərraca dair bildirişlər, hərracla bağlı elanın yerləşdirilməsinə dair məlumatlar məhkəməyə təqdim edilməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş mübahisələndirilən hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 3 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar (hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş) X8 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş Şəmkir şəhəri, Musayev küçəsi, ev 3 ünvanına göndərilmişdir. Maraqlı şəxs olan İddiaçı1 hərracın keçirilməsi barədə məlumatlandırılmaması hərracın yekunlarının etibarsız sayılması üçün tutarlı əsas hesab edərək iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bundan başqa ən əsası müəyyən edilmişdir ki, mübahisəli hərracın keçirilməsi üçün əsas olmuş Şəmkir Rayon Məhkməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin verildiyi Şəmkir Rayon Məhkməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli qiyabi qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2946/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi hərracın keçirilməsinə və icra sənədinə əsas olmuş qətnamə hazırki halda ləğv edilmişdir və mövcud deyil. Hazırki halda məhkəmə kollegiya iş üzrə icraatın dayandırılması üçün də əsas görmür. Çünki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan iş üzrə hələ hansı qərar qəbul olunması, hətta iddia tələbi təmin edildiyi təqdirdə hansı qaydada icra olunacağını (könüllü şəkildə, nəğd və ya digər qaydada) müəyyən etmək mümkün deyil. Üçüncü şəxsin apellyasiya şikayətinin, onun məhkəmə prosesi barədə məlumat verilməməsi barədə dəlilinə əsassız hesab edərək kollegiya qeyd edir ki, iş materialarından görünür ki, üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və üçüncü şəxs X1 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1210/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1210/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver