Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12100/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(009)-402/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(009)-402/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" MTK-nın sədri İddiaçı xeyrinə vurulmuş ziyanın əvəzi kimi 37370 manat, hüquqi xidmət üçün ödənilmiş 212 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə isə 37597 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermiş, ərizəsini isə onunla əsaslandırmışdır ki, qətnamənin surəti ona təqdim edilməmişdir. Həmin qətnamənin qəbulu ona Bakı şəhəri Səbail rayon İcra şöbəsində məlum olmuşdur. O, Səbail rayonu Əlibəyov qardaşları küçəsi ev 42 mənzil 9-da rəsmi qeydiyyatda olsa da, faktiki olaraq Səbail rayonu Salyan şosesi 13, "xxxx" MTK, bina 13, mənzil 18-də yaşayır. Odur ki, qeyd olunanları nəzərə alaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(009)- 402/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(009)- 402/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən sifarişli poçt vasitəsilə göndərilmiş məhkəmə bildirişləri Cavabdeh çatmamış, bundan əlavə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(009)-402/2021 saylı qətnaməsini 07 iyun 2021-ci il tarixdə rəsmi qaydada almış və 06 iyul 2021-ci il tarixdə apellyasiya şikayətini poçt xidmətinə vermişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(009)- 402/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-12100/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12100/2021
21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver