Məhkəmə qərarları › İş №2(103)-1212/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1212/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1212/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 39 saylı dövlət notariat kontoruna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibasız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 39 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4068/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 və İddiaçı qardaşdırlar.

2. ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil xx.xx.1994-cü ildən X9 mülkiyyətində olmuşdur.

3. X14 xx.xx.2000-ci ildə ölmüşdür və onun mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil miras qalmışdır.

4. Mirasqoyanın övladları olan Cavabdeh1 və İddiaçı həmin miras əmlakdakı paylarından anaları X5 xeyrinə imtina etmişlər və əmlakın analarının mülkiyyətinə keçməsinə razılıq vermişlər.

5. Bakı şəhəri 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlaka dair mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə mirasqoyanın arvadı X5 adına hüquqi qeydiyyatdan keçmişdir.

6. Bundan sonra X10 ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamışdır.

7. Cavabdeh1 isə öz növbəsində həmin mənzili xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında öz oğlu Cavabdeh2 bağışlamışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 39 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərinə zidd aparıldığından, Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda 2B-35 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı 1991-ci ildən ömürlük gözdən əlildir. Doğum haqqında şəhadətnamədən göründüyü kimi, anası X10, atası X14 olmuşdur. ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.1994-cü il tarixdə mərhum X9 adına ilkin qeydiyyata alınmış, lakin 39 saylı dövlət notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2B-35 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə notariat ofisinə aparılarkən iddiaçı İ qrup gözdən əlil olmuş, ona imza etdiyi əqdin hüququ nəticələri düzgün izah edilməmişdir. Həmin vaxt onun yanında nəyə imza etdiyini izah edən həyat yoldaşı və ya hər hansı digər şəxs olmamışdır. Halbuki, kor şəxs notariat hərəkətlərinin aparılmasında iştirak edirsə, ona həmin hərəkətlərin mahiyyəti izah edilməlidir. Həmin notariat hərəkətlərinin aparılması qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. İddiaçının atası X14 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mərhumun vərəsələri - arvadı X10, oğlanları Cavabdeh1 və İddiaçı notariat kontoruna getmiş və iddiaçı gözdən əlil olduğu üçün notariat kontorunda ona sənədlərə imza etdirilmişdir ki, hər iki oğul miras əmlakın analarının adına rəsmiləşdirilməsinə razılıq versinlər. Bundan sonra iddiaçı özünə məxsus evdə yaşamağa davam etmişdir. Həmin vaxtdan sonra iddiaçı mübahisə predmeti olan evin anasının adına rəsmiləşdirildiyini və gələcəkdə anasının vəfatından sonra vərəsə kimi miras əmlakda payın olmasını güman etməyə başlamışdır. Lakin xx.xx.2021-ci il tarixdə iddiaçının anası X10 vəfat etmiş və iddiaçı vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət edərkən iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 4 saylı mənzil mərhumun adına deyildir. Belə ki, Cavabdeh1 anasının uzun müddətdir “Şizofreniya paranoid forma" xəstəliyindən əziyyət çəkməsindən və öz əməllərinin faktiki xarakterini dərk edə bilməməsindən, onları idarə etmək qabiliyyətinin olmamasından istifadə edərək mübahisə predmeti olan mənzili əvvəlcə öz adına, daha sonra isə bağışlama yolu digər cavabdeh olan Cavabdeh1 öz oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Sonuncu dəfə mübahisə predmeti ilə bağlı notariat hərəkəti 2018-ci il tarixdə baş tutmuş, ruhi xəstəlikdən əziyyət çəkən və etdiyi hərəkətlərin mahiyyətini dərk etməyən X1 Vaqif Mirzə oğlu tərəfindən notariat ofisinə aparılaraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində mənzilin digər Cavabdeh2 bağışlanmasına notarial qaydada razılıq vermişdir. Bütün bunları iddiaçı yalnız anasının ölümündən bir ay sonra öyrənmişdir. X2 1975-ci ildən başlayaraq “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkmişdir. Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən əldə edilmiş X6 aid stasionar xəstənin tibbi kitabçasından çıxarışdan da göründüyü kimi, şəxs dəfələrlə stasionar müalicələrdə olmuş və vəziyyəti getdikcə kəskinləşmişdir. Bu da Cəmilə Səfərovanın həmin notarial ərizənin və digər hüquqi hərəkətlərin edilməsi zamanı öz hərəkətlərinin faktiki mənasını dərk etmədiyini təxmin etməyə kifayət qədər mötəbər əsas verir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2000-ci il tarixli, 2-B 35 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat hərəkətlərinin aparılması haqqında Təlimatın tələblərinə zidd olduğundan, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4068/2022 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz miras payından anası X5 xeyrinə şüurlu surətdə imtina etmiş və 20 ilə yaxın müddətdə hərəkətsizlik nümayiş etdirmiş, sözügedən mənzil anası tərəfindən qardaşı Vaqifə, sonradan onun tərəfindən oğlu Elçinə bağışlama edildikdən sonra onlara qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, hazırda isə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddialarla məhkəməyə müraciət etsə də, Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda 2B-35 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiasının nə hüquqi, nə də faktiki əsası vardır. Bununla yanaşı, cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. X10 1975-ci ildən “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkmiş və 1990-1995-ci illər ərzində müxtəlif vaxtlarda 4 dəfə stasionar müalicədə olmuşdur. Bu hal Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli, 2(008)- 4254/2021 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Bu da onu göstərir ki, normal vəziyyətdə xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi həqiqi iradə ifadəsi ola bilməyəcəyi üçün, yalnız X5 xəstəliyindən dolayı öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə bağlana bilər. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Hesab edirik ki, X2nın həqiqi iradəsi daxilində cavabadeh tərəfindən bu cür hərəkətlərə yol verilməsi mümkünsüzdür və bu hal yalnız o halda baş verə bilər ki, X2 Cavabdeh1 tərəfindən ya aldadılaraq, ya da hədə-qorxu və ya zor tətbiq edilməklə xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsini imzalamışdır. Çünki hansı valideyn ömürlük gözdən əlil övladını yaşayacaq tək evindən məhrum edə bilər? Həmçinin mərhumlar X14 və X13 sözügedən mənzili əldə etdiyi andan etibarən iddiaçı orada yaşamış, hətta ailə həyatı qurduqdan sonra da həmin mənzildə yaşamağa davam etmişdir. Lakin Cavabdeh1 ailə həyatı qurduqdan sonra iddiaçı yox, məhz o başqa mənzilə köçürülmüşdür. Belə ki, hazırki vəziyyətdə belə mərhumların iddiaçı barəsində niyyəti açı-aşkar şəkildə görülməkdədir ki, onlar gələcəkdə sözügedən yaşayış mənzilinin iddiaçıya məxsus olmasını istəmişlər. Lakin Cavabdeh1 hadisələrin normal axışına müdaxiləedərək mərhum X14 vəfat etdikdən sonra hər vəchlə X7 öz yanına aparmağa çalışmış və buna da nail olmuşdur. Əsas məqsəd isə başından bəri hər detalına kimi qurulmuş planırahatlıqla həyata keçirmək olmuşdur. Məhz iddiaçının xəbəri olmasın deyəanasını ondan uzaqlaşdırsın və vəziyyətdən öz xeyrinə dələduzcasına faydalansın. Belə ki, ilk xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi, sonra isə ikinci xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi imzalansa da, “mənzilin yeni mülkiyyətçiləri” iddiaçıya qarşı necə “mərhəmətli” davranmışlarsa, bu müddət ərzində iddiaçı faktiki sahiblik etdiyini və gələcəkdə ata evi kimi həmin mənzilinin ona qalacağına ümid edərkən həmin evin kimə məxsus olduğunu, iki dəfə mülkiyyətçinin dəyişdiyini belə bilməmişdir. Hətta mülkiyyətçilərdən heç biri iddiaçıya qarşı sözügedən mənzili tərk etməsini belə dilə gətirməmişdir. Lakin bu iddiaçıya göstərilmiş mərhəmət deyil, məhzməkirli planların qüsursuz davam etdirilməsi üçün bilərəkdən maneələrin, yəni birbaşa iddiaçının aradan qaldırılmasına yönəlmiş incəliklə düşünülmüş detaldır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Qeyd edək ki, X14 vəfatetdikdən sonra iddiaçının Cavabdeh1 tərfindən anası X10 ilə birlikdə 39 saylı dövlət notariat kontoruna aparılarkən Cavabdeh1 ona bildirmişdir ki, anasına məxsus həmin miras əmlaka yenə də Cavabdeh1 ilə birlikdəiddiaçı da vərəsə olacağı üçün X8 qalmış miras əmlakdan anasının xeyrinə imtina etsin. İddiaçı məhz bu məqsədlə sözügedən notariat kontorunda əlavə heç kimin iştirakı olmadan atasından qalmış miras əmlakdan anasının xeyrinə imtina etmişdir. Lakin Cavabdeh1 anasının “Şizofreniya paranoid forma” xəstəliyindən və iddiaçının ömürlük görmə qabiliyyətinin olmamasından sui-istifadə edərək anası X6 məxsus ünvan 3 ünvanda yerləşən mənzili iddiaçının xəbəri olmadan 27 iyun 2003-cü il tarixli mənzilin bağışlanma müqaviləsi əsasında özünün mülkiyyətinə keçirilməsinə nail olmuşdur. Eləcə də, sözügedən mənzil yenidən cavabadeh Cavabdeh1 tərəfindən öz oğlu Cavabdeh2 adına keçirilərək hər ehtimala qarşı daşınmaz əmlaka vicdanlı sahib statusu verməyə çalışmışdır. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də b u pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən sözügedən iddiaya müddət tətbiq etməklə səhvə yol verməsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən vacib əhəmiyyətli yanılmanın təsiri altında sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi dolayısı ilə iddiaçını yuxarıda qeyd edilmiş mənzilə dair mülkiyyət hüququndan qanunsuz şəkildə birdəfəlik məhrum etmişdir. Nəticə etibarilə sözügedən mübahisə mülkiyyət hüquqlarından məhrumedilmə halı olduğu üçün iddia müddəti tətbiq edilə bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi və apellyasiya şikayəti tamamilə əsassızdır, Sabunçu Rayon Məhkəməsi tərəfindən iddia tələbinə baxılarkən işin halları və təqdim edilmiş sübutlar hərtərəfli araşdırılmış, məhkəməyə təqdim edilmiş əsaslı vəsatətlər təmin edilmiş, əsası olmayan vəsatətlər isə rədd edilmişdir, qətnamə tam qanuni və əsaslıdır, maddi və prosessual qanunvericiliyin tələbləri heç bir halda pozulmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

18. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 27.Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilir ki, Cavabdeh1 və İddiaçı qardaşdırlar. xx.xx.1994-cü ildən X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil onun xx.xx.2000-ci ildə onun vəfatından sonra övladları Cavabdeh1 və İddiaçı miras əmlakdakı paylarından anaları X5 xeyrinə imtina etmələri və onun mülkiyyətinə keçməsinə dair razılıqlarına əsasən Bakı şəhəri 39 saylı dövlət notariat kontorunun xx.xx.2000-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə xx.xx.2000-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

36. Hazırda iddiaçı özünün gözdən əlil olduğunu və bu səbəbdən 2000-ci ildə atasından miras qalmış mübahisəli mənzillə bağlı vərəsəlik işi həyata keçirilərkən aldadılaraq miras əmlakdan imtina etməsi barədə ərizəni imzaladığını, kor olduğuna görə sənədin məzmunu ona izah edilməli olsa da, bunun edilmədiyini, bununla da notarial hərəkətlərin aparılmasının qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini, bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olmasını bildirir.

37. Kollegiya qeyd edir ki, iddiaçı aldadılaraq, habelə imzaladığı sənədin məzmununun ona izah edilməməsi nəticəsində miras əmlakdakı payından imtina etdiyinə istinad etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirdiyin-dən hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir.

38. Həmin maddənin tələbinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

39. Kollegiya hesab edir ki, hazırkı halda iddianın əsaslılığını müəyyən etmək üçün işin faktiki hallarının qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun olubolmadığı araşdırılmalıdır.

40. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan, habelə iddiaçı tərəfin məhkəmədə verdiyi izahatlardan göründüyü kimi iddiaçı 2000-ci ildə notarial qaydada ərizə verməklə miras əmlakdakı payından imtina etdiyindən xəbərdar olmuş, bunu edərkən həmin mənzilin anasının adına keçdiyini bilmiş və gələcəkdə anası vəfat etdikdən sonra özünün də anasının vərəsəsi kimi həmin əmlakda payının olduğunu güman etmişdir.

41. Cavabdeh isə öz etirazında iddiaçının özünün könüllü şəkildə həmin ərizəni imzaladığını bildirmişdir.

42. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4254/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı atası X9 xx.xx.2000-ci il tarixdə vəfatından sonra anası və qardaşı Cavabdeh1 ilə notariat kontoruna gedərək miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 4 saylı mənzildəki payından anasının xeyrinə imtina etmiş, mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq vermiş və özünün bildirdiyinə görə hesab etmişdir ki, anasının ölümündən sonra mənzil onunla qardaşı arasında bölünəcəkdir. X10 qeyd olunan əqdlər bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək vəziyyətində olmaqla fəaliyyət qabiliyyətli və anlaqlı olmuş, mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən qanunun və tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş tələblərə riayət olunmuşdur. X10 öz iradə ifadəsinin təzahürü kimi və şüurlu şəkildə hərəkət etməklə mülkiyyətində olan daşınmaz əmlak üzərindəki sərəncam vermək hüququndan istifadə edərək əmlakı Cavabdeh1 bağışlamış, sonuncu, bağışlanılan əmlakı qəbul edərək öz mülkiyyətinə keçirdikdən sonra da onu evdə qeydiyyatda olan X5 və öz oğlu Cavabdeh2 razılıq ifadəsi əsasında sonuncuya hədiyyə etmişdir. Hədiyyə alan Cavabdeh2 üzərinə hədiyyə ilə bağlı hər hansı öhdəlik və şərt qoyulmamış, o, hədiyyə verilən daşınmaz əmlakı qəbul etmiş və sonradan bağışlama müqaviləsi əsasında öz mülkiyyətinə keçirmişdir.

43. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı).

44. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının miras əmlakdakı payından imtina etməsinə dair ərizə verərkən aldadılmasına dair dəlili əsassız olmuşdur.

45. Bundan başqa, iddiaçı özünün birinci qrup gözdən əlil olmasına və notariat orqanında ərizəni imzalayarkən ona hərəkətlərinin mahiyyətinin izah edilmədiyini göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş vərəsəlik işindən görünür ki, İddiaçı miras əmlakdakı payından imtina barədə ərizəni özü şəxsən imza etmiş, ad və soyadını özü şəxsən qeyd etmişdir. Qeyd edilən yazının və imzanın iddiaçıya məxsus olması onun tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, iddiaçının həmin sənədin məzmunundan xəbərsiz olmasına dair dəlili də əsassız hesab edilməlidir.

46. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin əqdlərə dair müddəalarının mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

47. Hazırkı işin hallarını qanunvericiliyin qeyd edilən tələbləri baxımından təhlil etdikdə aydın olur ki, iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı əqdlərə dair yuxarıda sadalanan tələblərə riayət edilmişdir. O cümlədən, iddiaçının miras əmlakdakı payından imtina etməsi ilə bağlı ərizə verərkən onun aldadılması və bu imtinanın onun həqiqi niyyətini əks etdirməməsi, habelə iddiaçının notariat hərəkətlərinin aparılması zamanı hüquqlarının pozulması iş materialları ilə müəyyən edilməmişdir.

48. Apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən müddətin tətbiq edilməsi ilə bağlı gəldiyi nəticənin düzgün olmamasi ilə bağlı olmuşdur.

49. Kollegiya şikayətin həmin dəlilini də müzakirə edərək onun əsassız olması qənaətinə gəlir.

50. Belə ki, iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2000-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı həmin şəhadətnaməni onun verilməsindən 22 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir.

51. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

52. Qeyd edilən normanın dispozisiya şərtlərinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Bu müddətin keçməsi ilə maraqlı şəxs həmin hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

53. Kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

54. İddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən və bu zaman onun miras əmlakdakı paydan imtina etməsindən həmin şəhadətnamənin verilyi tarixdən məlumatlı olması nəzərə almaqla bu nəticəyə gəlmək olur ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmək üçün bir ililk müddəti ötürmüşdür və bu səbəbdən onun tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq təmin edilməmişdir.

55. Yuxarıda göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

56. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

57. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4068/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar