Məhkəmə qərarları › İş №2(103)-1213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1213/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1213/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Vəssalam oğlu nının Cavabdeh qarşı “dəymiş ziyan və mənəvi ziyan ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin 17.09.2020-ci il tarixli, 2(007)-358/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Vəssalam oğlu Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun yaşadığı ünvan 1 ünvandakı mənzilə dəymiş maddi ziyana görə 4000 (dörd min) manat, dəymiş mənəvi zərərə görə 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 ildir onun mənzilinin üst mərtəbəsində Bakı şəhəri Q.Qarayev prospekti ev 93 mənzil 62-də yaşayan Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində onun yaşadığı Bakı şəhəri Q.Qarayev prospekti ev 93 ünvandakı 60 saylı mənzili su axınına məruz qalmış, mənzilini mütəmadi olaraq su basmışdır. Bunun nəticəsində onun yaşadığı mənzilin otaqlarına su axıdılmış və otaqlara zərər dəymişdir. Bu barədə Bakı şəhəri 88 saylı MKİS tərəfindən akt da tərtib edilmişdir. Həmin su axıdılan yerlərin təmirə ehtiyacı vardır. Bunun nəticəsində onun mənzilinə 4000 (dörd min) manat dəyərində maddi ziyan dəymişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən heç bir nəticə çıxarılmamış və dəymiş zərərin ödənilməsindən yayınılmışdır. Odur ki, iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(007)- 358/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1969 (bir min doqquz yüz altmış doqquz) manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Vəssalam oğlunun xeyrinə tutulması, qalan hissədə iddia təmin olunmaması, Cavabdeh ekspertiza tədqiqatı dəyəri olan 100 (bir yüz) manat pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozmuş və onun iştirakı olmadan prosesi yekunlaşdırmışdır. Belə ki, iş üzrə ekspertiza keçirilən zaman ekspert suyun hansı mənzildən sızmasını müəyyənləşdirməyin mümkünsüz olduğunu qeyd etsə də, iş materiallarında olan 88 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisinin ehtimalına əsasən suyun ona məxsus mənzildən sızması ehtimalının üzərində dayanmışdır. Hesab edir ki, su sızmasının onun günahı üzündən baş verməsini sübut edəcək heç bir hal və ehtimal yoxdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan: -88 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən 14.10.2019-cu il tarixdə verilmiş 708 və 709 №-li arayışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilində 1972-ci il təvəllüdlü Cavabdeh və ünvan 2 ünvanında yerləşən 60 saylı mənzilində 1943-cü il təvəllüdlü İddiaçı Vəssalam oğlu qeydiyyatdadırlar. -Bakı Şəhəri Nizami RPİ tərəfindən 20.05.2005-ci il tarixdə verilmiş Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1943-cü ildə Bakı şəhərində anadan olmuş İddiaçı Vəssalam oğlu, Bakı şəhəri, Q.Qarayev prospekti, ev 93 ünvanında yerləşən 60 saylı mənzilində qeydiyyatdadır. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.1972- ci il tarixdə Tovuz rayonunun Cəlilli kəndində anadan olmuş Cavabdeh, ünvan 3 ünvanında qeydiyyatdadır. -88 saylı Mənzil Kommunal İstimar Sahəsinin mühəndisi X.Abbasov, sahə nəzarətçisi Ə.Sadıqov, sahənin işçisi Ə.İmanov tərəfindən tərtib olunmuş 10.10.2018-ci il tarixli aktda qeyd olunur ki, Bakı şəhəri, Q.Qarayev 93, mənzil 60 da yaşayan İddiaçı Vəssalam oğlu qonşusu, mənzil 62-də yaşayan Cavabdeh tualet hissəsindən şikayətçinin mənzil və tualet hissəsinə su axıntısı tərəflərindən keçirilən baxış nəticəsində müəyyən edilmişdir. -İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 iyun 2020-ci il tarixli 31043 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri Q.Qarayev prospekti 93 saylı evin 60 saylı mənzilinin divarında olan qüsurları nəzərə alaraq, həmin mənzilə su sızması faktı müəyyən olunmuş, lakin 60 saylı mənzilin sanitar qovşağı gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan 88 saylı MKİS-in əməkdaşları tərəfindən 10 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını, eləcə də divarlardakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 60 saylı mənzilə 62 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 60 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1969.0 manat məbləğində müəyyən olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 26 avqust 2021-ci il tarixli 10/1561 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Q.Qarayev prospekti 93 saylı evin 60 saylı mənzilinin divarında və tavanında su sızması izlərinin olduğu, divar kağızının qopması, şpaklyovka və boya qatının şişməsini nəzərə alaraq, həmin mənzilin divarlarına və tavanına su sızma nəticəsində ziyan dəyməsi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan 88 saylı MKİS-in əməkdaşları tərəfindən 10 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını, 60 saylı mənzilin divarlarındakı su sızma izlərinin mövcud olan hissəsinin, 62 saylı mənzilin divarlarında üst hissəsindən, yəni tavanından döşəməyə qədər su sızma izlərinin olmamasını nəzərə alaraq, mübahisəli 60 saylı mənzilə həmin binadakı X1 məxsus 62 saylı mənzildən sızması baş verdiyi müəyyən olunur. Beləliklə iş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh öz şikayətində onun tərəfindən su axıdılmamasını, axıdılsa da, bu halın onun günahı ucbatından baş vermədiyini, bu səbəbdən onun iddiaçı qarşısında heç bir məsuliyyət daşımadığını bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ziyanın məbləğini mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilərinin araşdırılması məqsədi ilə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə iddiaçıya məxsus 60 saylı mənzilə suyun cavabdehə məxsus 62 saylı mənzildən axıdılması müəyyən edilmişdir. Belə olan halda, həmin suyun axıdılmasının onun təqsirli hərəkəti nəticəsində baş vermədiyinin sübuta yetirilməsi öhdəliyi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(007)- 358/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 100 manat məbləğ cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar