Məhkəmə qərarları › İş №2(103)-1214/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1214/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1214/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: pəncərə boşluğunun bağlanması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdar oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pəncərə boşluğunun bağlanması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5778/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh qonşudurlar. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 2-də yerləşən, 3 saylı ev Cavabdeh, həmin ünvanda yerləşən 30 saylı ev isə İddiaçı istifadə və sahibliyinədir.

2. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qonşusu Sultanov Seymur adlı şəxsin öz yaşadığı evə əlavə pəncərə açaraq Cavabdeh satması və hazırda sonuncunun həmin pəncərəni bağlamaması ilə bağlı İddiaçı müraciəti mülki xarakterli məsələləri əhatə etdiyindən ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 2-də yerləşən, 3 saylı evin arxasından onun evinin pəncərəsinə tərəf özbaşına açılan 40x50 sm ölçüdə pəncərə boşluğunun daşla hörülüb bağlanması, həmin pəncərə boşluğunun bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, habelə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Cavabdeh onun qonşusudur. Keçmiş qonşusu Sultanov Seymur adlı şəxs onun yaşadığı evin arxasında öz evindən özbaşına olaraq 40-50 sm ölçüdə onun həyətinə pəncərə açmışdır. Həmin vaxt o, evdə olmamışdır. Sonra o, evi təcili cavabdeh Sevil adlı şəxsə satmışdır. Cavabdehin həmin yerdə heç vaxt pəncərəsi olmamışdır. Pəncərə açıldıqdan sonra onun günü qara olmuşdur. Onun yaşamaq hüququ pozulmuşdur, qonşunun səs-küyü, qışqırıqları, narahatçılıqları onu təngə gətiribdir, onu narahat edir. Bu yaxınlarda cavabdeh öz evinin döşəməsini boyamış, həmin vaxt o, öz evində yataqda olarkən boyanın zəhərli iyindən boğulmuşdur. Dəfələrlə o, cavabdehdən qanunsuz açılan pəncərənin bağlanmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamış, cavabdeh həmin pəncərəni bağlamaqdan imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun səhhətinə zərər dəymişdir. O, özü 2-ci qrup əlildir, 2 dəfə əməliyyat olunmuşdur. Cavabdehin evinin arxasından açılan pəncərə qanunsuzdur. Qanunsuz pəncərənin bağlanması ilə bağlı o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə və Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Lakin bunun hər hansı nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, göstərmişdir ki, o, ailə üzvləri - oğlu Taleh Məhərrəmov və Orxan Babayevlə 2006-cı ildən mübahisəli mənzildə yaşayır. İddiaçı onların yaxın qonşularıdır. Onların yataq otaqları üzbəüzdür. İddiaçının yataq otağında iki taylı pəncərə vardır. Onların yataq otağına baxır. Onun yataq otağında isə 40-50 sm ölçüdə pəncərə vardır. Onun yataq otağında olan pəncərə xx.xx.2006-cı ildə evi alanda var idi, ancaq taxtadan idi. Bu ilin iyul ayında pəncərənin kənarları oğlu Taleh Məhərrəmov tərəfindən dəyişdirilib, plastik materialdan qoyulmuşdur. İddiaçı cəmi bir dəfə polisə müraciət etmiş, polis işçiləri pəncərələrə baxış keçirib və ona əsassız yerə şikayət etməməsi xəbərdarlığı etmişlər. İddiaçı öz iddia ərizəsində dövlət şəhərsalma norma və qaydalarına, memarlıq fəaliyyəti haqqında qanununa, Azərbaycan Respublikası MM-nin 164.1 və digər maddələrinə və s. istinad etməklə öz iddia ərizəsinin qanuna müvafiq yazıldığını və təmin olunmasını, habelə ödədiyi 100 manat dövlət rüsumunun məndən tutulub ona verilməsini xahiş edir. Hər iki mənzil iddia ərizəsində göstərdiyi qanunlar əsasında tikilməmişdir, hər iki mənzil özbaşına tikilidir. Xahiş edir, iddia rədd edilsin.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5778/2023 saylı qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X6)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçı öz narahatçılıqlarını ozünün pəncərəsinin bağlanması ilə aradan qaldıra bilər, o, isə bunun əvəzinə qonşusu barədə polisə, məhkəməyə müraciət edir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1ci, 217.4-cü, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin bir sıra müddəlarına istinad edərək apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2 pəncərə arasında cəmi 40 sm yer var. Dəfələrlə məhkəmədən mübahisəli ünvana yerində baxış keçirilməsini xahiş etsə də, məhkəmə nədənsə yerli baxış kecirməkdən boyun qacırmışdır, ünvana baxış keçirməmişdir. İddia tələbi əsaslıdır və təmin olunalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh mübahisəli evi artıq başqa bir şəxsə satmışdır. Lakin həmin şəxs barədə məlumatları məhkəməyə təqdim edə bilmir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh məhkəmə iclasında gəlməmiş, üçnücü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.2-ci maddəsinə əasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı və cavabdehə aid torpaq sahələri və onların üzərində yerləşən fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hər iki əmlak hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla onların istifadə və sahibliyindədir.

21. Hazırda iddiaçı onun evinin arxa divarı ilə üzbəüz yerləşməklə cavabdehə məxsus olan evin divarından (faktiki olaraq onun həmin divarda olan pəncərəsi ilə üzbəüz) pəncərə boşluğunun açıldığını, həmin pəncərə boşluğundan gələn səs-küyün, habelə qoxuların onu narahat etdiyini və hüquqlarını pozduğunu bildirir və onun bağlanmasını tələb edir. Cavabdeh qeyd edilən pəncərə boşluğunun 2006-cı ildə açıldığını və həmin yerə pəncərə deyil, nəfəslik quraşdırıldığını, lakin ötən illər onun taxta materialdan olduğunu, hazırda isə sadəcə olaraq plastik materialla əvəz edildiyini və səs-küyün əksinə iddiaçının pəncərəsindən gəldiyini bildirir.

22. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

24. Bu baxımdan iddiaçı cavabdehin pəncərə boşluğundan gələn səs-küyün, habelə onun evinə yayılan qoxunun təsirinin hədsiz olduğunu, yəni onun hər hansı, o cümlədən istifadə və sahiblik və ya sağlam mühitdə yaşamaq hüququnu pozduğunu sübuta yetirə bilmir. Belə ki, cavabdehin evinə aid olduğu iddia edilən amillər (səs-küy və qoxu) yalnız iddiaçının öz evindən istifadə etməkdə ona maneçilik yaratdığı və ya hüququnu əhəmiyyətli dərəcədə pozduğu halda qadağan edilə bilər. Lakin belə bir hal müəyyən edilmir.

25. İddiaçı ümumiyyətlə istinad etdiyi səs-küyün mahiyyəti və xarakteri barədə hər hansı məlumat verə bilmir. Cavabdehin bir dəfə həmin otağı boyaması və bunun nəticəsində iddiaçının evinə boya qoxusunun yayılması isə həmin pəncərə boşluğunun bağlanması üçün əsas ola bilməz. İddiaçı özü də bu barədə artıq keçmiş zamanda danışır. Bu da öz növbəsində iddiaçının evinin, o cümlədən özünün və ailə üzvlərinin mütəmadi və fasiləsiz olaraq boya qoxusu təsiri altında olmadığını, bu prosesin müvəqqəti xarakter daşıdığını və müəyyən müddət davam etməsini təsdiq edir. İddiaçının evində aparılan hər hansı təmir-tikinti işləri nəticəsində boyadan istifadə edildiyi təqdirdə müvəqqəti xarakter daşıyan eyni çətinliklərlə cavabdeh də üzləşə bilər.

26. Nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi pəncərə boşluğunun yeni açıldığı da öz təsdiqini tapmır. Fotoşəkillərdə əks olunanlar isə cavabdehin mövqeyinin (pəncərə boşluğu 2006-cı ildə açılıbdır, sadəcə olaraq hazırda taxta materialdan olan nəfəslik plastik materialla əvəz edilmişdir) həqiqəti əks etdirdiyini təsdiq edir. Belə ki, fotoşəkillərə əsasən pəncərə boşluğunun olduğu divarın texniki vəziyyəti (divarın boyası köhnədir, pəncərə boşluğunun alt hissəsində bir qədər tökülmüşdür) orada yeni pəncərə boşluğunun açılması qənaətinə gəlməyə əsas vermir. Hər bir halda, pəncərə boşluğu açıldığı təqdirdə divarın həmin hissəsi deşilməli, dağılmalı və sonradan pəncərə boşluğunun ətrafı və qıraqları düzləşdirilməli və nəticədə bütün divar boyanmalıdır. Divar daxili boya işlərinin görülməsi isə müəyyən edilmir. Hazırki texniki vəziyyəti və görünüşü baxımından isə həmin divar, üzərində pəncərə boşluğu açılan, yəni dağıntı işləri aparılan divar təəssüratını yaratmır. Qeyd edilənlər öz növbəsində iddianın əsassız və buna uyğun olaraq birinci instansiya məhkəməsinin öz mövqeyində haqlı olduğunu təsdiq edir.

27. Məhkəmə kollegiyası iddiaçının öz təsvirinə və iş materiallarında olan fotoşəkillərə istinadən xüsusilə o halı da qeyd edir ki, iddiaçının istinad etdiyi pəncərə təxminən 40x50 sm ölçüdədir, tək açılandır, otağın tavanına yaxın yerləşir, bu səbəbdən açıb-baxlanması üçün, hər hansı əşyanın üzərinə çıxmaq tələb olunur. Qeyd edilən öz növbəsində onun pəncərə deyil, nəfəslik olduğunu və divarın arxasında olan həyətə, o cümlədən iddiaçının pəncərəsinə baxmaq üçün deyil, otağın minimum işıqlandırılmasını və havalandırılmasını təmin etmək məqsəsi ilə quraşdırıldığını təsdiq edir.

28. Məhkəmə kollegiyası iddiaçının hazırki mövqeyini (cavabdehin mübahisəli evi başqa şəxsə satması) nəzərə alıb, belə qənaətə gəlir ki, mövcud vəziyyətdə cavabdeh ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxs deyil. Lakin iddiaçı tərəfindən həmin evin sahibi barədə hər hansı məlumat təqdim edilmədiyindən məhkəmə kollegiyası sahibin dəyişməsinə uyğun olaraq aidiyyəti prosessual hərəkətləri yerinə yetirə bilmir.

29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5778/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar