Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12147/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə ümraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-2686/2021) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsi ilə əsaslandırılmışdır. Həmin maddənin tələbinə görə təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Maddənin tələbindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək onun vəzifəsi yox, hüququdur. Bu hüquqdan istifadə etməməsi isə məhkəmənin iddia ərizəsini geri qaytarması üçün əsas ola bilməz. Hesab edir ki, məhkəmənin bu qərardadı mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də, mülkiyyətində olan mübahisəli əmlak üzərindən həbsin götürülməsinə dair iddia ərizəsi icraata götürülməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, iddiaçı üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi üçün cinayət prosesini həyata keçirən orqana müraciət etməsi ilə bağlı iddia ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Qanunda cinayət prosesini həyata keçirən orqan tərəfindən üzərinə həbs qoyulmuş əmlakın mülki mühakimə icraatı qaydasında həbsdən azad edilməsi ilə bağlı məhkəmədənkənar həlli qaydası müəyyən edilmişdir. Həmin qaydaya riayət edilmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdir. Bu müraciətə 10 gün müddətində cavab verilmədikdə şəxslər mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən maraqlı şəxs cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi ilə bağlı həmin orqana müraciət etməlidir. Həmin müraciətə cavab verilmədiyi halda mülki mühakimə icraatı qaydasında əmlakın həbsdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-12147/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12147/2021
22.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver