Məhkəmə qərarları › İş №2(103)-12163/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12163/2021

23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12163/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8396/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1800 manat və mənəvi zərərə görə 300 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, AR Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbləri, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, həmçinin onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmiş, həmçinin, iddiaçının ondan asılı olmayan hansı səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsi iddia ərizəsində göstərilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddia tələbinin faktiki halı cavabdeh tərəfindən ondan qeyd edilən məbləğdə pulu borc alması, qaytaracağı barədə vəd verməsi və qaytarmaqdan yayınması barədə dəlillər öz əksini tapmışdır. Cavabdehə inamı olduğu üçün inanaraq borc müqaviləsi bağlanması və ya iltizam yazaraq verməsi barədə təşəbbüs göstərməmiş, lakin cavabdehlə aralarında şifahi razılaşma olmuşdur. İddia tələbinə baxıldığı təqdirdə cavabdeh tərəfin iddianı etiraf edib-etməməsi müəyyən edilir, həmçinin məhkəmə araşdırması aparılması , şahidlərin dindirilməsi, sübutların əldə edilməsi və s. üçün vacibdir. Məhkəmə tərəfindən iddia ərizəsinə baxılmadan və araşdırılmadan geri qaytarılması onun hüquqlarının pozulması ilə nəticələnir, belə ki, məhkəmə müdafiəsi hüququndan məhrum oluram. Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən öz mövqeyini Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsi ilə əsaslandırmış, iddia ərizəsinin MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməsini vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının əsaslandığı dəlillər iddia ərizəsinin geri qaytarılması üçün əsas deyildir. Belə ki, iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, o, cavabdehlə şifahi qaydada razılaşmış, onlar arasında hər hansı bir müqavilə olmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, göstərilən dəlillər, yəni iddiaçının hər hansı bir sübut təqdim etməməsi iddia ərizəsinə mahiyyəti üzrə baxılan zaman qiymət verilməli məsələdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiya məhkəməyə əlçatanlığın təmin edilməsi məqsədilə hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8396/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar