Məhkəmə qərarları › İş №2(103)-12164/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12164/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12164/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin tutulması tələbi”nə dair ilkin, birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı və X1 birləşdirilmiş iş üzrə Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “vurulmuş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2351/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh X3 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 51.3 kv.m olan fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində iddiaçıya dəymiş 300.000 (üç yüz min) manat dəyərində maddi və 200.000 (iki yüz min) manat dəyərində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı və X4 Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən hüquqazidd şəkildə sökülərək dağıdılmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 127 nömrəli fərdi yaşayış evinin sökülməsinə görə kompensassiya kimi 1.000000 manat maddi ziyan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əmlakının dağıdılması nəticəsində məhv edilmiş 92 adda əşyaların dəyəri olan 148.520 manat maddi zərərin və 20.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı birləşdirilmiş iş üzrə Cavabdeh Mənzil- Tikinti Kooperativi 03.05.2021-ci il tarixdə dəftərxana vasitəsi iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək icraatda olan iddiaçılar İddiaçı və X2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(005)- 2386/2021 saylı mülki işin icraatına xitam verilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2351/2021 saylı 26.05.2021-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Daha sonra iddiaçılar İddiaçı və X1 nümayəndəsi X7 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2351/2021 saylı 26.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin mahiyyəti üzrə baxılması üçün təyin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(005)- 2351/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2351/2021 saylı 26.05.2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı və X1 nümayəndəsi X7 tərəfindən verilən şikayət geri qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı və X1 nümayəndəsi X7 prosessual müddətin buraxılmamış hesab edilməsinə dair vəsatət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2351/2021 saylı 26.05.2021-ci il tarixli qərardadından verilmiş şikayət üzrə prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul edərək, mülki işi baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2351/2021 saylı 08.10.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(005)-2351/2021 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsinə dair İddiaçı və X1 nümayəndəsi X7 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı və X1 nümayəndəsi X7 şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(005)-2351/2021 nömrəli qərardadın ləğv edilməsini və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(005)- 2351/2021 saylı qərardadından verilmiş şikayət üzrə prosessual müddətin buraxılmış hesab edilməsinə dair qərardad qəbul edərək, mülki işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(005)-2351/2021 saylı qərardadı tərəflərə poçt vasitəsilə göndərilsə də, poçt tərəfindən məhkəmə qərardadı onlara çatdırılmamışdır. Bundan sonra məhkəməyə müraciət olunaraq 23.06.2021-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla almışlar. Həmi qərardaddan isə 02.07.2021-ci il tarixdə şikayət verilmişdir. Yəni həmin vaxt tərəflərindən şikayət vermə müddəti ötürülməmişdir. Buna görə də, məhkəmədə “buraxılmış müddətin üzrlü hesab edilməsi” barədə deyil, prosessual müddətin buraxılmamış hesab edilməsinə dair vəsatət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2351/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(005)- 2351/2021 nömrəli qərardadından görünür ki, şikayət verilməsi üçün müddət buraxıldığından şikayət geri qaytarılmışdır. Bundan sonra İddiaçı və X1 nümayəndəsi X7 buraxılmış müddətin üzrlü hesab edilməsi barədə müraciət etmək əvəzinə müddətin buraxılmamış hesab edilməsinə dair hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, çünki iddiaçılar İddiaçı və X1 nümayəndəsi və vəkili X7 məhkəmənin 26 may 2021-ci il tarixli qərardadı 23.06.2021-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla almış, ilk dəfə həmin qərardaddan şikayəti isə 05 iyul 2021-ci il tarixdə versə də, şikayətə dövlət rüsumunun ödənilməsi barədə rüsum əlavə etmədiyindən şikayət geri qaytarılmışdır. Bundan sonra 26 may 2021-ci il tarixli qərardadından şikayət 11.08.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(005)- 2351/2021 nömrəli qərardadı 23.06.2021-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla alınmış, həmin qərardaddan da ilk dəfə şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir, həmin şikayət geri qaytarılsa da iddiaçılar 26.05.2021-ci il tarixli qərardaddan verilmiş şikayət üzrə prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul edilərək, mülki işi baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Hazırki iş üzrə isə iddiaçılar tərəfindən 26 may 2021-ci il tarixli qərardadı 23 iyun 2021-ci il tarixdə qəbul edilsə də, ilk dəfə verilmiş şikayət üzrə də (həmin şikayətə dövlət rüsumu əlavə edilməmişdir) müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçılar həmin şikayətin 02 iyul 2021-ci il tarixdə verilməsini göstərsələr də şikayət (i.v. 128) 05 iyul 2021ci il tarixdə məhkəməyə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdən, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etməli olduqları halda müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişlər ki, iş materiallarından görndüyü kimi bu əsassız olmuşdur. İddiaçılar ötürülmüş müddətin bərpası barədə müraciət etməli idilər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiçılar tərəfindən verilmiş şikayətin tərəflərin iştirakı olmadan baxılmasının yanlış olması barədə arqumentlərini də əsassız hesab edir, belə ki, şikayətlərə baxılması barədə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269-cu maddəsində şikayətə mütləq qaydada tərəflərin iştirakı ilə baxılmalı olması barədə hər hansı göstəriş yoxdur. Göründüyü kimi şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2351/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar