Məhkəmə qərarları › İş №2(103)-12175/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12175/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12175/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı tərəfindən verilmiş “müvəqqəti təminat tədbiri barədə” ərizədə tələb olunub ki, Cavabdeh2 məxsus olan, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev № 40 “A”-da yerləşən 88 №-li mənzilin üzərinə həbs qoyulsun, mənzilin üçüncü şəxsin adına özgəninkiləşdirilməsi, mənzil üzərində başqa şəxslərin hüquqlarının dövlət reystrində qeydə alınması və reyestr çıxarışının verilməsi qadağan olunsun. Xəzər Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, “müvəqqəti təminat tədbiri barədə” ərizə qismən təmin olunsun, həmin mənzilin üzərinə həbs qoyulsun, mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan olunsun, ərizənin qalan hissəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsində pul tələb olunub, mənzil mübahisə predmeti deyil. İddia ərizəsinin verilməsi öz-özlüyündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsas deyil. Müvəqqəti təminat tədbirinin məqsədi Mülki-Prosessual Məcəllənin 157.2-ci maddəsində müəyyən olunub. Həmin məqsəd baxımından o halda mənzilin üzərinə həbs qoyula və ya mənzilin özgəninkiləşdirilməsi qadağan oluna bilər ki, mənzil cavabdeh tərəfindən özgəninkiləşdiriləcəyi təqdirdə iddiaçının hüquqlarının qorunması (iddia təmin ediləcəyi təqdirdə iddia ərizəsində tələb etdiyi pulu cavabdehlərdən alması) mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Lakin işdə olan ilkin sübutlardan bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qərardad ləğv olunmalı və ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzə Xəzər Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı tərəfindən verilmiş “müvəqqəti təminat tədbiri barədə” ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar