Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12183/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-7568/2021 saylı, 29.11.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "dövlət hesabına hüquqi yardımla, vəkillə təmin edilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə göstərilən hallarla əlaqədar dövlət hesabına hüquqi yardım göstərilməsi və hüquqi addımların atılması üçün dövlət hesabına ixtisaslı vəkillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7568/2021 saylı, 29.11.2021-ci il tarixli qərardadı ilə, MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlərin iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin müükünlüyünə yenidən baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçının tələbindən görünür ki, o, vəkillə təmin olmağa görə ayrıca iddia ərizəsi vermişdir. Rayon məhkəməsi ərizəçi tərəfindən MPM-nin 149-cu və 151-ci maddələrinin tələblərinə əməl edilməməsi əsası ilə MPM-nin 152.1.1-ci maddəsinə istinadən ərizəni geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən rayon məhkəməsinin qərardadında qeyd olunan pozuntulara yol verilsə də, bunula belə, rayon məhkəməsi onun hazırkı ərizəsini qeri qaytararkən prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Çünki, MPM-in 152.4-cü maddəsinin tələbinə görə, nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi həmin tələblə yenidən məhkəməyə müraciət edə bilər. Halbuki, iddiaçının ərizəsindən bəlli olur ki, onun hazırkı tələbi, rayon məhkəməsinin qeyd etdiyi nöqsanların aradan qaldırılmasından sonra da icraata qəbul edilə bilməz. Belə ki, vəkilin mülki prosesdə məcburi iştirakı MPM-nin 67-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin tələbinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər (maddə 67.1.). Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir (maddə 67.2.). Belə olan halda məlum olur ki, iddiaçının hazırkı ərizəsi məhkəmə qaydasında baxıla bilməz. MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtinanın əsasları təsbit olunmuşdur. Həmin əsaslardan biri də ərizəyə məhkəmə... qaydasında baxılmalı olmamasıdır (maddə 153.2.1.). Həmin maddədə qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir (maddə 153.3.). Məhkəmə kollegiyasının qənaətinə görə, istinad olunan normanın tələbi hazırkı hala şamil oluna bilməz. Belə ki, hazırkı halda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması, vərəsəlik, mirasın qəbulu və s. bu kimi məsələlərlə bağlı məhkəməyə müraciət etməkdən ötrü ixtisaslı hüquqi yardım almaq məqsədi ilə vəkillə təmin olunmasını istəyir. Eyni zamanda onun ərizəsindən bəlli olur ki, o, öz tələblərini, buna dair faktları və halları ardıcıl izah etmiş, eləcə də bunlara dair müvafiq sübutlarının olduğunu qeyd etmiş, həmçinin də onun indiyədək müxtəlif məhkəmə çəkişmələrində iştirak etdiyi, demək ki, bu sahədə müəyyən təcrübəyə də malik olduğu görünür. Belə olan halda onun hər hansı orqana və ya başqa yerə müraciət etməsinə lüzum yoxdur, o, əsas tələbləri ilə bağlı özü birbaşa müvafiq məhkəməyə müraciət edə bilər. Belə ki, qüvvədə olan prosessual qanunvericilikdə ərizəçinin tələbini hüquqi baxımdan əsaslandırılmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb gösərilməlidir. Demək ki, istənilən şəxs, ixtisaslı vəkil yardımı olmadan da (digər formal tələblərlə yanaşı) MPM-ni 149.2.3- cü maddəsinə əməl etməklə, özü bilavasitə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin müükünlüyünə yenidən baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-7568/2021 saylı, 29.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin mükünlüyünə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-12183/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12183/2021
22.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver