Məhkəmə qərarları › İş №2(103)-1220/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1220/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1220/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nə qarşı “müəyyən hərəkətləri etməyin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4675/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı qızı Məryəm Hüseynova 2019-cu ilin tədris ilindən başlayaraq Kaspi Liseyi ÜTM MMC-nin Ağ şəhər filialında ibtidai təhsil alır. İddiaçı iddia edir ki, sinifdə oyun zamanı qızı Məryəm şara vurduğu zaman həmin an sinif yoldaşı Mehin qəfil zərbənin önünə keçmiş və zərbə təsadüfən Mehinə dəymişdir. Bundan sonra Mehinin həmin liseydə 9-cu sinifdə oxuyan bacısı sinifə gələrək qızına qarşı psixi və fiziki zor tətbiq edərək bacısından üzr istəməyə məcbur etmişdir. Belə ki, Məryəmin qollarından tutub sıxaraq “Mehinin üzünə bax, və adam kimi üzr istə” demişdir. Göründüyü kimi cavabdeh hərəkətsizliklə öz öhdəliklərini pozmuşdur. Nəticədə yuxarı sinif şagirdi aşağı sinif şagirdinə fiziki və psixi zor tətbit etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi; cavabdehin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X5 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin tədris ilindən başlayaraq X11 Liseyi ÜTM MMC-nin Ağ şəhər filialında ibtidai təhsil alır. Hazırda 4B sinif şagirdidir. İntizamlı şagirddir və dərslərini yaxşı oxuyur. 01 iyun 2023-cü il tarixində, uşaqların beynəlxalq müdafiəsi günündə liseydə müəyyən tədbirlər keçirilmiş və dərslər boş keçmişdir və bu zaman uşaqlar sinifdə öz aralarında müxtəlif oyunlar oynamışlar. Oyun zamanı qızı Məryəm şara vurduğu zaman həmin an sinif yoldaşı Mehin qəfil zərbənin önünə keçmiş və zərbə təsadüfən Mehinə dəymişdir. Bundan sonra Mehinin həmin liseydə 9-cu sinifdə oxuyan bacısı sinifə gələrək qızına qarşı psixi və fiziki zor tətbiq edərək bacısından üzr istəməyə məcbur etmişdir. Belə ki, Məryəmin qollarından tutub sıxaraq “Mehinin üzünə bax, və adam kimi üzr istə” demişdir. Həmin gün Məryəm evə gələn kimi ağlayaraq başına gələn hadisəni anasına bildirmişdir. Bu hadisədən qızı qorxmuş, cavabdehin öz öhdəliklərini lazımınca yerinə yetiməməsi nəticəsində ciddi sarsıntı keçirmiş, cəmiyyətə və liseyə etibarı itmişdir və hal-hazırda həmin liseydə oxumaq istəmir. Hadisədən 1 gün sonra məsələ ilə bağlı liseyə gedərək filialın direktoru Məmmədova Rəqsanə ilə görüşmüş və öz narazılıqlarını bildirmişlər. Görüş zamanı filialın direktorundan xahiş etmişlər ki, baş vermiş hadisə nəticəsində hüquqlarının pozulması nəticəsində Məryəmdə yaranmış stressin, liseyə və cəmiyyətə qarşı yaranmış etibarsızlığının aradan qaldırılması üçün müvafiq tədbir görsünlər. Həmin vaxt Məryəmə zorakılıq etmiş şagirdin, yaxud valideynlərinin və ya məktəb rəhbərliyinin ondan üzr istəməsini xahiş etmişlər. Məmmədova Rəqsanə məsələni araşdırıb məlumat verəcəyini dedikdən sonra liseydən ayrılmışlar. Axşam Məryəm liseydən evə gələndə onlara bildirmişdir ki, “bu gün sinif rəhbərimiz Nərgiz Qurbanova dərs zamanı məni və Mehini ayağa qaldırıb deyib ki, sən dünən Mehini ehtiyatsızlıqdan vurubsan, buna görə nə edərlər? Mən də dedim ki, üzr istəyərlər. Müəllim də dedi ki, onda sən də Mehindən üzr istə. Mən susdum, müəllim də dedi ki, əgər sözlə deyə bilmirsənsə, qucaqlaşın. Mən də Mehini qucaqladım”. Əslində Məryəm özündən beş yaş böyük şagird tərəfindən qəsdən məruz qaldığı zorakılığa görə ondan üzr istəniləcəyini gözlədiyi halda tam əksinə yenidən bu dəfə sinif rəhbəri tərəfindən Mehindən üzr istənilməsi tələb olunmuşdur. Bundan sonra sarsıntısı bir az da artan Məryəm liseyə getmək istəməyərək başqa məktəbə keçirilməsini anasından istəmişdir. İyunun 3-də 4-nə keçən gecə saat 02.30-da Məryəmin halı pisləşmiş, kəskin qarın ağrısı şikayəti ilə onu Mediclub tibb müəssisəsinə aparmışlar. Klinikada Məryəm müayinə edilmiş və ciddi bir fizioloji problem aşkar olunmamışdır. Artıq bir neçə gündür ki, Məryəm dərsə getmir. Heç bir tədbir görülmədikdən sonra 07 iyun 2023-cü il tarixdə liseyə pretenziya məktubu göndərərək liseydən aşağıdakıları tələb etmişdir: 1. Bu pretenziya məktubunu aldıqdan sonra 1 gün ərzində, qızına qarşı fiziki və psixi zor tətbiq etmiş şagirdin qızından üzr istəməsini təmin etmək. Bu mümkün olmadıqda isə qızının təhlükəsizliyindən cavabdeh olan filial direktoru X1 onun iştirakı ilə qızından üzr istəməsini təmin etmək; 2. Uşaqların təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilmədiklərinə görə, bundan sonra qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə icazə vermək. Bu arada sinif rəhbəri Nərgiz Qurbanova “Whatsapp” sosial şəbəkəsi vasitəsilə bildirmişdir ki, filialın direktoru yuxarı siniflər üzrə direktor müavininə göstəriş verib, o da Məryəmə qarşı zorakılıq etmiş 9-cu sinif şagirdi ilə danışmış, bir də belə hadisə baş verərsə, ona dərslərdən müvəqqəti kənarlaşdırma cəzası veriləcək. İndiyədək pretenziya məktubuna cavab verilməmiş və tələbləri təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının baş verdiyini iddia etdiyi hadisədə hər hansı qanun pozuntusu aşkar olunmamışdır. 9-cu sinif şagirdinin X4 yaxınlaşıb ona zorakılıq göstərməsi, kobud ifadələr işlətməsi hər hansı faktla öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iddiaçının irəli sürdüyü faktlar sadəcə fərziyyələrdən ibarətdir və əsası yoxdur. Bununla belə mübahisə edən tərəflər arasında baş vermiş hadisə ictimai təhlükəli hadisə hesab olunmur və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, şagirdlər mülki hüquq pozuntusu qabiliyyətli hesab olunmur və əməlləri hüquqi nəticə doğurmur. X5 və sinif yoldaşı Mehin arasında təsadüfi hadisə baş vermiş, kiçik anlaşılmazlıq yaranmışdır və məktəbin müdaxiləsi ilə məsələ həll olmuşdur. Bununla da, məktəb öz vəzifəsini yerinə yetirmişdir. Sinif rəhbəri tərəfləri barışdırmışdır. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən yönələn tələblər absurd və əsassızdır. Çünki ümumiyyətlə, bu münaqişədə qanun pozuntusu, ictimai-təhlükəli əməl mövcud deyil. İddiaçının övladının şəxsi mühafizəçisinin məktəbdə onu müşayiət etməsinə şərait yaradılması tələbi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığına görə təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli 2190095-22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.4.3-cü bəndinə uyğun olaraq, valideyn məktəbin tədris prosesinə müdaxilə etməməlidir. xx.xx.2022-ci il tarixli 2190095-22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq, valideyn və şagird tərəfindən qanunla müəyyən olunmuş normalara, o cümlədən məktəbin daxili qaydalarına və proqramlarına əməl edilməsini tələb etmək məktəbin hüququdur. xx.xx.2022-ci il tarixli 2190095-22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.4.1-ci bəndinə uyğun olaraq, məktəbin daxili qaydalarına və tələblərinə, o cümlədən ümumi ictimai davranış qaydalarına əməl etmək, məktəbdə olarkən və həmçinin müəllim və digər şəxslərlə hörmət və etik qaydalar çərçivəsində ünsiyyət qurmaq şagirdin (valideynin) vəzifəsidir. Həmçinin, mübahisə edən tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, delikt qabiliyyətli hesab olunmur və əməlləri hüquqi nəticə doğurmur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4675/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə iddiaçı övladına qarşı psixi zor tətbiq edildiyini iddia edərək, baş vermiş hadisədə liseyin məsuliyyət daşıdığını iddia etsə də, məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlar tədqiq olunarkən (videoçəkilişə baxış keçirilmişdir) 01 iyun 2023-cü il tarixində Kaspi Liseyi ÜTM MMC-nin Ağ şəhər filialında uşaqların beynəlxalq müdafiəsi günündə keçirilmiş tədbir zamanı iddiaçının övladı Məryəm Hüseynovaya qarşı sonuncunun sinif yoldaşı Mehinin bacısı və ya başqa şəxslər tərəfindən hər hansı psixi və ya fiziki zor tətbiq edilmədiyi, baş vermiş təsadüfi hadisədən sonra da Məryəmlə sinif yoldaşı Mehinin birlikdə əyləndikləri müəyyən olunmuşdur. Göründüyü kimi, baş vermiş hadisədə hər hansı mülki hüquq pozuntusu müəyyən edilməmişdir. Bundan başqa, hər hansı hüquq pozuntusu törədilmiş olsa idi belə, mülki qanunvericiliyin istinad edlən müddəalarına əsasən Cavabdeh Ümumtəhsil Məktəbi MMC həmin pozuntunun subyekti hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi “cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi” hissəsində iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə, “cavabdehin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması” hissəsində də iddia tələbini əsassız hesab etmişdir. Belə ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış təhsil xidməti göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində onun tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması kimi öhdəlik götürməmiş, başqa sözlə, qeyd olunan öhdəlik müqavilə şərtlərinə daxil edilməmişdir. Belə olan halda, iddiaçının müqavilədə göstərilməyən bir öhdəliyin cavabdeh tərəfindən icra edilməsini tələb etməsi əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 390.5, 1096.1, 1096.2, 1103.1, 1103.2, 1103.3; “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2.1, 15.2.2, 15.2.3, 15.2.4, 15.2.5, 15.2.6, 15.2.7, 15.2.8, 15.2.9 və 23.0.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin təqdim etdiyi sübutlara əsasən qətnamə qəbul edib. 01 iyun 2023 tarixində Hüseynova Məryəmə qarşı məktəbdə baş vermiş hadisə ilə bağlı Məryəmin anası Firuzə xanım ilə Məryəmin sinif rəhbəri Nərgiz müəllimə arasında “whatsapp” yazışmaları məhkəməyə təqdim edilmişdir. Bu yazışmalarda sinif rəhbəri həqiqətən də Məryəmə qarşı yuxarı sinif şagirdinin qeyri-qanuni hərəkət etməsini təsdiq edir. O cümlədən yazışmadan Məryəmin Mehindən üzr istəməyə məcbur edilməsi də məlum olur. Daha sonra göstərilən yazışmanın videosunu çəkilib və mülki işə əlavə edilmişdir. O cümlədən məhkəməyə təklif olunmuşdur ki, əgər bu mötəbər deyilsə, “whatsapp” yazışmasının həyata keçirildiyi telefona baxış keçirə bilər. Məhkəmə, təqdim olunmuş bu sübuta ümumiyyətlə münasibət bildirməmişdir. Yazışmalarda istifadə edilən mobil nömrənin Firuzə Hüsyenovaya aid olmasını təsdiq edən mobil operatorun arayışı da təqdim edilmişdir. Buna baxmayaraq hakim təqdim edilmiş sübutlara qiymət verməmiş, beləliklə də işi obyektiv, tam və ədalətlə aparmamışdır. Həmçinin Məryəmin oxuduğu sinif rəhbərinin şahid qismində məhkəməyə çağırılması barədə vəsatət verilməsinə baxmayaraq hakim vəsatəti təmin etməmişdir. Sinif rəhbərinin adı, soyadı, ata adı və cavabdeh təşkilatda müəllim işləməsini təsdiq edən rəsmi arayış (cavabdeh təsdiq edib) təqdim etmişlər. Lakin məhkəmə buna biganə yanaşmışdır. Bundan başqa, təhsil müəssisəsinin təhsil alanların hüquqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək, onların sağlamlıqlarını qorumaq vəzifəsi müəyyən edilib. Ona görə də hakimin mövqeyi əsassızdır. Əlbəttə ki, təhsil müəssisəsi baş vermiş zorakılığa görə məsuliyyət daşıyır. Lisey sözü gedən hadisədə hərəkətsizliklə qanundan və müqavilədən irəli gələn öhdəliklərini pozmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 2190095- 22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.2.6-cı maddəsinə uyğun olaraq məktəb şagirdin təhlükəsiz şəraitdə təhsil almasını təmin etməlidir. Qanunun və müqavilənin müvafiq müddəalarından da aydın olduğu kimi, məktəb şagirdi fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır, o cümlədən yuxarı sinifdə təhsil alan digər azyaşlılar tərəfindən törədilə bilən fiziki və psixi zorakılıqdan. Təbii ki, fiziki və psixi zorakılığın yuxarı sinifdə təhsil alan bir azyaşlı tərəfindən aşağı sinifdə təhsil alan azyaşlıya qarşı törədilməsi təhsil müəssisəsini məsuliyyətdən azad etmir. Təhsil müəssisəsi bu cür halların qarşısını almaq üçün bir sıra tədbirlər görə bilər. Buna misal olaraq, əksər məktəblərdə olduğu kimi ibtidai siniflərin təhsil aldığı hissəni tamamilə təcrid etmək; müəllimlər, növbətçi müəllimlər, mühafizəçilər vasitəsiylə nəzarət etmək; kameralar vasitəsiylə nəzarət etmək; şagirdlərin bir birinə qarşı, xüsusilə də azyaşlılara qarşı sevgi və şəfqət ruhunda təlim-tərbiyəsini təşkil etmək; və s. Nəzərə alınsa ki, cavabdeh ödənişli təhsil müəssisədir, həm müştərilərin məktəbdən gözləntisi daha yüksəkdir, həm də məktəbin əlində bu gözləntiləri doğrultmaq üçün daha çox resurs vardır. Göründüyü kimi, cavabdeh hərəkətsizliklə öz öhdəliklərini pozmuşdur. Və nəticədə yuxarı sinif şagirdi aşağı sinif şagirdinə fiziki və psixi zor tətbit etmişdir. Əgər məktəb yuxarı sinif şagirdinin ibtidai sinifə daxil olmasını məhdudlaşdırsa idi və ya hadisənin başlama anında müəllim və ya köməkçi müəllim bu hadisəyə müdaxil etsə idi bu hadisə baş verməyəcəkdi. Hadisə nəticəsində Məryəm Hüseynova stres keçirmiş və qüruru incinmişdir. Hadisə var, hadisənin nəticəsində azyaşlının keçirdiyi mənəvi iztirab var, məktəb tərəfindən qanundan və müqavilədən irəli gələn öhdəliklərin hərəkətsizliklə pozulması var və bu pozuntu ilə nəticə arasında səbəbli əlaqə var. Demək ki, məktəb bu əməlin nəticələrinə görə məsuliyyət daşımalıdır. Hadisə dünyada baş verən hadisələr fonunda kiçik və əhəmiyyətsiz görülsə də bir az yaşlının normal psixi inkişafı üçün önəmlidir. Belə ki hadisə nəticəsində Məryəm Hüseynovanın məktəbə, cəmiyyətə və valideynlərinə olan güvəni sarsılmışdı. Onda belə bir təsəvvür yaranmışdır ki, bir güclü bir zəifi alçalda bilər və onu heç kim qorumayacaq, güclünü heç kəs cəzalandırmayacaq. Məktəb azyaşlıda yaranmış bu düşüncənin aradan qaldırılması üçün könüllü şəkildə heç bir effektiv tədbir görmədi. X7 üzr istəməsini tələb etdi. Pretenziya məktubundan sonra da məktəb heç bir tədbir görmədi. İddiaçının bu məhkəmə prosesindəki məqsədi hadisə nəticəsində övladında yaranmış nəticələrin aradan qaldırılmasıdır. Təəssüf ki, məktəb inadkarlıq və təkəbbürlülük göstərək iddiaçı ilə əməkdaşlığa getməmişdir. Hüseynova Məryəm bu hadisəni unutmamış, sadəcə olaraq şuursuzluq səviyyəsinə sıxışdırmışdır. Hakim cavabdehin bir-birinə ziddiyyətli mövqe nümayiş etdirməsinə münasibət bildirməmişdir. Belə ki, cavabdeh bir tərəfdən Məryəmə qarşı zorakılıq hadisəsinin baş verməsini qəbul edir, digər tərəfdən isə hadisənin baş verməsini inkar edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iclas keçirir və qərara gəlir ki, aşağı sinif şagirdləri ilə yuxarı sinif şagirdləri arasında tez-tez görüşlər keçirilsin. İş materiallarında olan Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nin nizam intizam şurasının xx.xx.2023-cü il tarixli iclasının 109/23-k nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nin V sinif şagirdləri ilə adaptasiya və tərbiyəvi mövzuda söhbət gündəliyə çıxarılmış və aşağı sinif şagirdlərinin yuxarı sinif şagirdləri ilə tez-tez müəllimlərin nəzarəti altında görüşlərin keçirilməsini təmin etmək, sinif saatlarında psixoloqu və hər dəfə fərqli müəllimləri dəvət etmək qərara alınmışdır. Belə bir hadisə baş verməyibsə, bu görüşün keçirilməsinə zərurət haradan yaranıb. Başqa cür cavabdehin iddia etdiyi kimi, əgər aşağı sinif şagirdi yuxarı sinif şagirdi tərəfindən fiziki və psixi zorakılığa məruz qalmamışdırsa nəyə görə liseyin nizam-intizam şurası 27 sentyabr 2023 tarixində belə bir iclas keçirmək zərurəti hiss edir və həmin iclasda aşağı sinif şagirdlərinin yuxarı sinif şagirdləri ilə tez-tez müəllimlərin nəzarəti altında görüşlərin keçirilməsi qərarı alınır. Əksinə bu mözvuda iclas keçirmək zərurəti aşağı və yuxarı sinif şagirdləri arasında problem olduğundan xəbər verir. Qətnamədə həmçinin qeyd olunur: “01 iyun 2023-cü il tarixində Kaspi Liseyi ÜTM MMC-nin Ağ şəhər filialında uşaqların beynəlxalq müdafiəsi günündə keçirilmiş tədbir zamanı iddiaçının övladı Məryəm Hüseynovaya qarşı sonuncunun sinif yoldaşı Mehinin bacısı və ya başqa şəxslər tərəfindən hər hansı psixi və ya fiziki zor tətbiq edilmədiyi, baş vermiş təsadüfi hadisədən sonra da Məryəmlə sinif yoldaşı Mehinin birlikdə əyləndikləri müəyyən olunmuşdur”. Lakin həmin günə dair Məryəmin məktəbdə olduğu müddət ərzində qeydə alınmış video qeydlər məhkəməyə təqdim edilməmişdir. Yalnız bundan sonra qərara gəlmək mümkündür ki, hər hansı zorakılıq hadisəsi olmamışdır. Halbuki təqdim etdikləri “whatsapp” yazışmalarından zorakılıq edilməsi məlum olur. Qətnamədə istinad olunan video çəkiliş isə ümumiyyətlə tamamilə başqa bir gündə çəkilmiş video çəkilişdir. Belə bir videonun, hadisənin baş verməməsinin subutu kimi təqdim olunması məhkəmənin, işi obyektiv araşdırmadığından xəbər verir. İşin tam və obyektiv araşdırılması üçün hadisə baş verən günün tam və kəsintisiz videosu liseydən tələb oluna bilərdi. (Sinif otaqlarında yerləşdirilmiş kameralar vasitəsi ilə daimi video çəkiliş aparılır.) İddiaçı bu videonu hadisədən dərhal sonra liseydən tələb etmiş, lakin lisey verməkdən imtina etmişdir. Cavabdehin iddia etdiyi kimi 01 iyun 2023 tarixində belə bir hadisə baş verməmiş olsa idi cavabdeh öz mövqeyinin sübutu kimi həmin günün videosunu təqdim edərdi. Həmçinin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1103.1-ci maddəsinə əsasən hazırki iddia ilə bağlı pozuntu törədən şəxsin azyaşlı olmasına istinad edərək onun məsuliyyətə cəlb edilməsinin mümkün olmamasını qeyd edib. Halbuki qüvvədə olan qanunvericiliyə əsasən azyaşlının qanunsuz hərəkətlərinə görə onun təhsil aldığı müəssisənin məsuliyyət daşıya biləcəyi göstərilib. Belə ki, Mülki Məcəlləyə əsasən 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1103.2-ci maddəsinə əsasən əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. 1103.3-cü maddəsinə əsasən əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması hissəsində də səhv maddi hüquq norması tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 422.4-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsinə məhkəmə qərarı ilə yol verilir. Beləki iddiaçı lisey ilə xx.xx.2022-ci il tarixli 2190095-22 müqaviləni bağlayarkən övladının fiziki və psixi sağlamlığı üçün təhlükə görməmiş və şəxsi mühafizəçi ilə bağlı müddəanın müqaviləyə salınmasını tələb etməmişdir. Lakin 01 iyun 2023 tarixdə baş vermiş məlum hadisədən sonra iddiaçı hesab edir ki, məktəb onun övladının mühafizəsini lazımi qaydada təşkil etmir. Buna görə də Hüseynova Məryəmin liseydə təhsil aldığı müddət ərzində iddiaçı tərəfindən təyin olunacaq şəxsi mühafizəçinin lisey ərazisində övladını müşayət etməsinə şərait yaradılması ilə bağlı müddəanın müqaviləyə əlavə edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinin müdafiə edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1103.2. Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. 1103.3. Əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.2-ci maddəsinə əsasən sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır: 15.2.1. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək; 15.2.2. çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək; 15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək; 15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək; 15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 15.2.6. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək; 15.2.7. sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq; 15.2.8. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək; 15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. 23.0.4-cü maddəsinə əsasən sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsinin iclasında apellyatorun vəkili və nümayəndəsi şahid dindirilməsi barədə vəsatətin müzakirəsini gözləməkdən imtina etməklə apellyasiya şikayətinin dəlilləri üzrə izahat verməkdən də imtina etmişdir. Kollegiya belə olan halda apellyasiya şikayətinin dəlillərinə mülki iş materiallarında olan sənədlər əsasında qiymət verilməsini məqsədəuyğun saymışdır. Belə ki, iddia tələbinə əsasən sinifdə oyun zamanı iddiaçının qızı Məryəm şara vurduğu zaman həmin an sinif yoldaşı Mehin qəfil zərbənin önünə keçmiş və zərbə təsadüfən Mehinə dəydikdən sonra sonuncunun həmin liseydə 9-cu sinifdə oxuyan bacısı sinifə gələrək qızına qarşı psixi və fiziki zor tətbiq edərək bacısından üzr istəməyə məcbur etmişdir. Belə ki, Məryəmin qollarından tutub sıxaraq “Mehinin üzünə bax, və adam kimi üzr istə” demişdir. Göründüyü kimi cavabdeh hərəkətsizliklə öz öhdəliklərini pozmuşdur. Nəticədə yuxarı sinif şagirdi aşağı sinif şagirdinə fiziki və psixi zor tətbit etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddiasının əsasını və apellyasiya şikayətini təşkil edən dəlillərinə münasibətdə qeyd edir ki, istinad edilən “whatsapp” yazışmalarından iddiaçının istinad etdiyi hallar müəyyən edilməmiş, mötəbər sübutlar təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Göründüyü kimi baş vermiş hadisədə hər hansı mülki hüquq pozuntusu müəyyən edilməmişdir. Bundan başqa qüvvədə olan qanunvericiliyə əsasən azyaşlının qanunsuz hərəkətlərinə görə onun təhsil aldığı müəssisənin məsuliyyət daşıya biləcəyi göstərilsə də işin faktiki halları ilə iddiaçının azyaşlı qızına hər hansı qanunsuz hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda hər hansı hüquq pozuntusu törədilmiş olsa idi belə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən Cavabdeh Ümumtəhsil Məktəbi MMC həmin pozuntunun subyekti hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi” hissəsində iddiaçının tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yoxlanılan hissədə dəlilləri əsassız olmuşdur. Bununla yanaşı iddiaçı iddia ərizəsində - cavabdeh tərəfindən qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratmasını tələb etməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır və hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış təhsil xidməti göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində onun tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması kimi öhdəlik götürməmiş, başqa sözlə, qeyd olunan öhdəlik müqavilə şərtlərinə daxil edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəf şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsinə istinad etsə də hazırda tərəflər arasında müqavilə münasibətləri çərçivəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı müəyyən edilməmişdir. Çünki şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. İşin faktiki hallarından isə məktəbin iddiaçının övladının mühafizəsini lazımi qaydada təşkil etməməsi halının mövcud olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq, valideyn və şagird tərəfindən qanunla müəyyən olunmuş normalara, o cümlədən məktəbin daxili qaydalarına və proqramlarına əməl edilməsini tələb etmək məktəbin hüququdur; 2.4.1ci bəndinə uyğun olaraq, məktəbin daxili qaydalarına və tələblərinə, o cümlədən ümumi ictimai davranış qaydalarına əməl etmək, məktəbdə olarkən və həmçinin müəllim və digər şəxslərlə hörmət və etik qaydalar çərçivəsində ünsiyyət qurmaq şagirdin (valideynin) vəzifəsidir; 2.4.3-cü bəndinə uyğun olaraq, valideyn məktəbin tədris prosesinə müdaxilə etməməlidir. Göründüyü kimi iddiaçının qızına qarşı hər hansı qanunsuz hərəkətlərin olması müəyyən edilməldiyindən, eləcə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən məktəbin daxili qaydalarına və tələblərinə, o cümlədən ümumi ictimai davranış qaydalarına əməl etmək, məktəbdə olarkən və həmçinin müəllim və digər şəxslərlə hörmət və etik qaydalar çərçivəsində ünsiyyət qurmaq şagirdin (valideynin) vəzifəsi olduğundan iddia tələbini müzakirə edilən hissəsi əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının qızına qarşı hər hansı qanunsuz hərəkətlərin olması faktı öz təsdiqini tapmadığından apellyatorun şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən araşdırılmasını tələb etdiyi digər hallar üzrə də araşdırılma aparılmasına zərurət yox idi. Belə ki, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır. İddiaçının qızına qarşı hər hansı qanunsuz hərəkətlərin olması faktı öz təsdiqini tapmadığından iddiaçının bununla irəli sürdüyü arqumentlərin əlavə araşdırılmasına lüzum görməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini apellyasiya instansiyası məhkəməsi mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4675/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar