Məhkəmə qərarları › İş №2(103)-12207/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12207/2021

29.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12207/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mobil telefon aksesuarlarının gətirilməsi, alqı-satqısı və rəsmiləşdirilməsi üçün cavabdehə 13.08.2020-ci il tarixdə 37 000 (otuz yeddi min) ABŞ dolları məbləğində vəsait verdiyini, lakin cavabdehin razılaşdıqları işlə bağlı heç bir fəaliyyət göstərmədiyini və ona verilən vəsaiti də qaytarmadığını, buna görə də aralarında borcun etirafı haqqında 08 aprel 2021-ci il tarixdə müqavilə bağlandığını, müqavilənin 2-ci bəndinə əsasən cavabdehin 37 000 (otuz yeddi min) ABŞ dolları borcundan 31 iyul 2021-ci il tarixədək hər ayın son iş günü 9250 (doqquz min iki yüz əlli) ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürdüyünü, amma bu öhdəliyinə də əməl etmədiyini irəli sürmüş, Cavabdeh 37 000 ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, İddiaçıla birgə fəaliyyət göstərmiş, xaricdən elektronika malları və avadanlıqları gətirib satmış, aralarındakı razılaşmaya əsasən İddiaçı fəaliyyətin təmin edilməsi məqsədilə faizlə pul vəsaiti qoymuş, o isə xaricdəki əlaqələrindən istifadə edərək xaricdən mal gətirib satışını təşkil etmişdir. İddiaçı istinad etdiyi 08.04.2021-ci il tarixli müqavilə formal xarakterli olmuş, həqiqətən 13.08.2020-ci il tarixdə İddiaçı ona faizə 37 000 ABŞ dolları vermiş olsa da, həmin borc faizlər ilə birlikdə qismən qaytarıldıqdan sonra pandemiya ilə bağlı iqtisadi əlaqələr kəsildiyindən, borcun qalan hissəsini qaytarmaq mümkün olmamışdır. Belə ki, 2020-ci ilin mart ayından etibarən pandemiya ilə əlaqədar bütün ticarət obyektləri bağlanmış, bu səbəbdən gətirilmiş malların satılmasında və pulların yığılmasında ciddi problemlər olmuş, nəticədə obyekt sahiblərinin ona külli miqdarda borcu qalmışdır. Beləliklə, əslində onun İddiaçı daha az borcu qalmış, lakin hər dəfə borc qaytarıldıqdan sonra İddiaçı heç bir qəbz tələb etməmişdir. Digər tərəfdən, İddiaçı istinad etdiyi 08.04.2021-ci il tarixli müqavilənin icra müddəti 31.07.2021-ci il tarixinədək olmasına baxmayaraq, iddiaçı bundan təqribən 1 ay əvvəl iddia qaldırmış, lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, onun nümayəndəsi (vəkili) Vəkil isə ərizə göndərərək başqa məhkəmə proseslərində iştirak edəcəyi ilə bağlı gələ bilməyəcəyini bildirməklə prosesin təxirə salınmasını xahiş etmişdir. Kollegiya işin hallarını, prosesin təxirə salınmasını xahiş edən vəkilin müvafiq sübutları təqdim etmədiyini və eyni zamanda şikayətə iş materialları əsasında qiymət verilməsinin mümkünlüyünü nəzərə almaqla, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasına qərar vermişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə əsasən, məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 08 aprel 2021-ci il tarixdə “Mövcud borcun etirafı haqqında müqavilə” bağlanmış, Cavabdeh İddiaçı 37 000 ABŞ dolları borcunun yarandığını etiraf edərək borc məbləğini 31 iyul 2021ci il tarixinədək hər ayın son iş günü 9250 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış 08.04.2021-ci il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında 37 000 ABŞ dolları məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı 08.04.2021-ci il tarixdə müqavilənin bağlandığı, Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh borcun bir hissəsini qaytarmış olduğunu irəli sürsə də, buna dair mötəbər sübutlar təqdim etməmişdir; hansı ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5095/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar