Məhkəmə qərarları › İş №2(103)-12238/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12238/2021

24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12238/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 22.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 22.11.2021-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 19.11.2021-ci il tarixli qərardadının ləğv edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı 18.11.2021-ci il tarixli qərardadının dəyişdirilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmışdır (sədrlik edən: İlahə Abbasova). Həmin qərardaddan İddiaçı tərəfindən 26 noyabr 2021-ci il tarixdə şikayət verilərək, həmin qərardadın dərhal ləğv edilməsi və iddia ərizəsinin aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 29.11.2021-ci il tarixli qərardadına əsasən, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdeh tərəfin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırki iddiaya mülki icraat qaydasından baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının iddia ərizəsi verilməsi üçün nəzərdə tutuluş tələblərə riayət edib-etməməsinin araşdırılmalı, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğunluğu məsələsi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə uyğunluğu məsələsinə qiymət verməmişdir. Belə ki, iddia ərizəsinin 149-cu maddənin tələblərinə uyğunluğu məsələsi həll edildikdən sonra onun ümumi məhkəməyə, yaxud inzibati məhkəməyə aidiyyəti məsələsi həll edilməlidir. Çünki, iddia ərizəsinin inzibati məhkəmədə baxılması üçün geri qaytarılması iddiaçıda inzibati icraat zamanı da həmin ərizənin Mülki Prosessual Məcəllə tələblərinə uyğun olması gözləntisini yaradır. İş materiallarından da göründüyü kimi, iddia ərizəsi əsaslandırılmamış, maddi hüquq normalarına istinad edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, birinci instansiya məhkəməsi iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğunluğu məsələsi araşdıraraq qərardad qəbul etməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı, 22.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar