Məhkəmə qərarları › İş №2(103)-1225/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1225/2020

23.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1225/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh - ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “qalıq əmanətin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 “xxxx” ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (Fond) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Fonddan hər birinin xeyrinə 10840 ABŞ dolları məbləğində qalıq əmanətin alınıb onlara geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 08 may 2015-ci il tarixdə bankla onlar arasında 20106F115128001 saylı və 201F**********1 saylı standart əmanət (depozit) hesabı haqqında müqavilələr bağlanmış, müqavilələrə əsasən hər iki əmanət üzrə 28462 ABŞ dolları depozit qoyulmuş, sonradan ölkədə baş vermiş ardıcıl devolvasiya nəticəsində milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşmış, həmçinin bankın lisenziyası alınmış və bank bağlanmışdır. Etdikləri çoxsaylı müraciətlərdən sonra 16 fevral 2016-cı il tarixdə hər iki əmanət üzrə 18917 ABŞ dolları ödənilmiş, hər bir əmanət üzrə 10 840 ABŞ dolları qalıq pul vəsaiti qalmışdır. Müraciətlərinə cavab olaraq bankın ləğvedicisi 28 iyun 2018-ci il tarixli məktubla bildirmişdir ki, ödəniş növbəlilik daxilində həyata keçiriləcəkdir. Bu isə onların hüquqlarını pozur və buna görə də pul vəsaitləri növbəlilikdən kənar onlara qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 10840 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı1, 10840 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı2 ödənilməsi qət olunmuşdur. Qətnamədən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini məhkəmənin işin həqiqi hallarını hərtərəfli araşdırmadığı, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, Mülki Məcəllənin, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun, bankların müflisləşməsini və iflas prosedurlarını tənzimləyən “Banklar haqqında” Qanunun müddəalarına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Fondun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçılarla “xxxx” ASC arasında bağlanmış 08 may 2015-ci il tarixli əmanət müqavilələrinə əsasən bankda əmanətlər yerləşdirilmiş, bankda sığorta hadisəsi baş verdikdən sonra “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən 16 fevral 2016-cı il tarixdə hər bir iddiaçıya ayrılıqda 18 917 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş, əmanətin qorunmayan hissəsi isə əmanətçilərin müraciəti əsasında “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Qanunvericiliyə əsasən xarici valyutada olan əmanətlər üzrə kompensasiya sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyuta üzrə müəyyən etdiyi məzənnə üzrə hesablanmalıdır. Məhkəmə isə əmanətin yerləşdirilyi günə mövcud olan məzənnə ilə kompensasiyanın ödənilməli olmasını yalnış olaraq qətnamədə əsaslandırmağa çalışmışdır. Həmçinin məhkəmə göstərmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli növbədənkənar iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 24 fevral 2015-ci il tarixdən etibarən 9 faizdən 12 faizədək qaldırılması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də əmanət tam qorunan əmanət hesab edilərək, tam şəkildə kompensasiya edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 02 mart 2016-cı il tarixdə qəbul edilmiş və sözügedən əmanət müqaviləsinin bu Qanunun təsiri altına düşməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 01 fevral 2016-cı il tarixli 10/1 nömrəli qərarı ilə “xxxx” ASC-nin bank lisenziyası ləğv olunmuş, iddiaçılar kreditor tələblərinin qeydə alınması üçün müraciət etmiş, tələbləri qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. İddiaçılar tələblərini qeydə aldırdıqları üçün, onların iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən isə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. İşə baxılmasının vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 03 dekabr 2019-cu il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsi ilə əsaslandırmış və qeyd etmişdir ki, həmin maddədə Fond tərəfindən əmanətin 100 faizi həcmində sığortalanması göstərilsə də, kompensasiyanın ödənilməsinin son həddi 30000 manat məbləğində müəyyən olunmuşdur. Yəni, Qanunun normasına görə əmanətin valyutasından və həmin əmanətin yerləşdirmə tarixinə valyutanın Azərbaycan manatına məzənnəsindən asılı olmayaraq ödənişin son həddi 30000 manat məbləğində müəyyən olunmuşdur ki, həmin məbləğ də iddiaçıların hər birinə ABŞ dolları məzənnəsi ilə ödənilmişdir. ABŞ dollarının Azərbaycan manatına müasibətdə məzənnəsinin daha aşağı həddə qəbul edilməsi ödənilməli olan kompensasiyanın məbləğinin 30000 manatdan artıq olmasına səbəb olacaqdır ki, bu yuxarıda qeyd olunan qanun normasının pozulması ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 (otuz min) manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Lakin nəzərə almaq lazımdır ki, 19.01.2016-cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul olunmuşdur və həmin Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq olunmasının mümkünlüyü məsələsi müzakirə edilməli və bu cür tətbiq mümkün olduğu təqdirdə həmin Qanun, eləcə də işin müəyyən edilən hallarına uyğun gələn digər maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir”. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisəyə 19.01.2016-cı il tarixdə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq olunması mümkün deyildir; çünkü işin mübahisələndirilməyən hallarına görə, iddiaçılarla “xxxx” ASC arasında08 may 2015-ci il tarixdə əmanət (depozit) hesabı haqqında müqavilələr bağlanmış, müqavilələrə əsasən bank hər bir əmanətçidən 28462 ABŞ dolları məbləğində əmanəti qəbul etmiş, əmanət məbləğlərini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçilərə qaytarmağı, illik 7,5 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür; Mülki Prosessual Məcəllənin217.2-ci maddəsinə görə isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Başqa sözlə, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilələrin bağlandığı dövrdə qüvvədə olmuş qanun tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsi də tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 8.1.20, 25.1.4, 26.1 və 27.1-ci maddələrinə əsaslanmaqla hesab etmişdir ki, iddiaçıların hər biri tərəfindən ayrı-ayrılıqda qoyulmuş 28462 ABŞ dolları əmanət qoyulduğu tarixə manatın ABŞ dollarına məzənnəsinə uyğun olaraq 30000 manatdan artıq olmamış (1 ABŞ dolları = 1,0492 manat),tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci bəndinə əsasən isə əmanətin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qoyulmuş hər iki əmanətin hər biri üzrə faiz dərəcəsi 7,5 faizdir, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixli qərarına əsasən isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. Göründüyü kimi, sığorta hadisəsi baş verdikdə ödənilməli olan kompensasiya məbləği əmanət məbləğini tam əhatə etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, əmanət məbləği tam şəkildə qaytarılmalı, hər birinin ayrı-ayrılıqda qalıq qalmış 10840 ABŞ dolları cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qanunu səhv təfsir etmiş, bununla nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 27.1-ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. İddiaçıların “xxxx” ASC-də (“xxxx” ASC-də) yerləşdirdikləri əmanətlərin “Əmlanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq sığortalanmış olduğu işin mübahisələndirilməyən halıdır; mübahisəli olan həmin əmanətlərin hansı hissəsinin sığortalandığı və müvafiq olaraq kompensasiyanın hansı məbləğdə ödənilməli olması ilə bağlıdır. Yuxarıda qeyd olunduğu kimi, iddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmanətlər banka yerləşdirildiyi tarixə onların ABŞ dollarının manata nisbətən məzənnəsi ilə məbləği 30 000 manatdan artıq olmadığından tam olaraq sığortalanmışlar və bu səbəblə də tam olaraq qaytarılmalıdırlar. Kollegiya hesab edir ki, məhkəmənin həmin mövqeyini əsaslandıran hər hansı hüquq norması mövcud deyildir. Əksinə, yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsində Fond tərəfindən əmanətin 100 faizi həcmində sığortalanması göstərilsə də, kompensasiyanın ödənilməsinin son həddi 30 000 manat məbləğində müəyyən olunmuşdur. Yəni Qanunun normasına görə əmanətin valyutasından və həmin əmanətin yerləşdirmə tarixinə valyutanın Azərbaycan manatına məzənnəsindən asılı olmayaraq ödənişin son həddi 30 000 manat müəyyən olunmuşdur ki, həmin məbləğ də iddiaçıların hər birinə ABŞ dolları məzənnəsi ilə ödənilmişdir. ABŞ dollarının Azərbaycan manatına müasibətdə məzənnəsinin daha aşağı həddə qəbul edilməsi ödənilməli olan kompensasiyanın məbləğinin 30 000 manatdan artıq olmasına səbəb olacaqdır ki, bu yuxarıda qeyd olunan qanun normasının pozulması ilə nəticələnəcəkdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli qərarına istinadı da əsassız olmuşdur. Belə ki, birincisi həmin qərar “xxxx” ASC-də baş vermiş sığorta hadisəsindən sonra qəbul olunmuş və iddiaçıların əmanətlərinə şamil oluna bilməz; digər tərəfdən həmin Qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 24 fevral 2015-ci il tarixdən etibarən 9 faizdən 12 faizədək qaldırılması nəzərdə tutulmuş, iddiaçıların əmanətləri isə illik 7,5 faizlə yerləşdirilməklə əmanətin qaytarılmasından onlara faizə görə imtina olunmamışdır. Başqa sözlə, göstərilən qərarla edilən dəyişiklik iddiaçıların əmanətlərinin qaytarılmasına ümumiyyətlə təsir göstərməmişdir. Qeyd olunmalıdır ki, iddiaçıların əmanətlərinin qalıq hissəsi kompensasiya olunmayan (sığortalanmayan) hissə olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, “xxxx” ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçıların əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Kollegiya onu da qeyd edir ki, əmanətin qalıq məbləği ləğv prosesində olan bankın kreditor tələbi kimi qeydə alınsa da, iddiaçılar hazırki tələblərini banka qarşı deyil, onun ləğvedicisinə qarşı irəli sürdüklərindən iş üzrə icraata xitam verilməsinə dair apellyasiya şikayətinin dəlili əsaslı deyildir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında da qeyd olunduğu kimi, Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. ...İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə isə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-932/2019 saylı iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 və İddiaçı2 “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “qalıq əmanətin geri qaytarılması” tələbinə dair iddiaları təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manat İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq Əmanətlərin Sığortalanması Fonduna ödənilsin; iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsum məbləği iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar