Məhkəmə qərarları › İş №2(103)-1226/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1226/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1226/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(011)- 2532/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərə görə 2380 manat, mənəvi zərərə görə 15000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 17410 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, saat 08:35 radələrində, Bakı şəhəri, Babək prospekti ilə öz avtomobilində hərəkətdə olarkən, arxada hərəkətdə olan "Nissan" markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin siqnal verdiyini eşitmiş və bir az irəli hərəkət edib (təqribən 500-600 metr) avtomobili dayandırmışdır. “Nissan” markalı avtomobili idarə edən qadın ona yaxınlaşaraq avtomobilini dəyənəklə əzəcəyini bildirmiş və onu təhqir etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində çox böyük sarsıntı keçirmiş və güclü mənəvi zərər alaraq şoka düşmüşdür. Uzun müddət (5-6 ay) ərzində qan təzyiqi daima qalxaraq onu narahat etmişdir. Özünü yararsız hiss etdiyi üçün uzun müddət (5-6 ay) şəxsi avtomobilindən istifadə etməkdən ehtiyatlanaraq, pullu taksi xidmətlərindən istifadə etmişdir ki, bu da ailə büdcəsinə zərər vurmuşdur. Cavabdeh xuliqanlıq hərəkətləri nəticəsində, uzun müddət arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə də peşəkar fəaliyyətini davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqlarının və mənafeyin pozulması nəticəsində ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Taksi xidmətindən istifadə etməsinə, həkimlərə, iynə dərmana 2380 manat xərcləmişdir. O zaman cavabdehin ictimai yerdə onu və valideyinlərini, eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətini küçə söyüşləri ilə təhqir edərək, onun şərəf və layaqətini alçaldan, xuliqanlıqdan ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində şokda olduğu üçün ödəniş qəbzlərinin və reseptlərin surətini özündə saxlamamışdır. Dəymiş mənəvi zərəri 15000 manat məbləğində qiymətləndirir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, səhər saat 08:35 radələrində, Bakı şəhəri, Babək prospekti ilə özünün “VAZ 21723” minik markalı, ** RE *** qeydiyyat nişanlı avtomobili ilə şəhər istiqamətində normal qaydada, yəni yolun orta hissəsində hərəkətdə olarkən, avtomobilimin arxasında hərəkətdə olan "NİSSAN" markalı, göy rəngli, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilini siqnal atəşinə tutmuşdur. Avtomobilində heç bir çatışmamazlıq hiss etmədiyi üçün, asta sürətlə, bir az irəli hərəkət edib avtomobilini dayandırmışdır. Bu müddət ərzində "NİSSAN" markalı avtomobilin sürücüsü siqnal atəşini dayandırmadı. Nəhayət, iddiaçı avtomobilini dayandırıb sükanın arxasında oturduğu anda, avtomobilinin daxilindəki güzgüdən görüb ki, həmin sürücü öz avtomobilində sükan arxasında oturaraq, ona qanuni istehsalı olunmuş dubinka göstərmiş və sonra əlində həmin boz rəngli dubinka ilə ona yaxınlaşıb dubinkanı yuxarı qaldırıb avtomobilinin qabaq şüşəsinə şığayaraq, ətrafdakı sürücülərin avtomobillərini dayandırıb tamaşa etdikləri və mobil telefonla çəkiliş apardıqları halda, rus dilində, təqribən 15-20 dəqiqə, qadına yaraşmayan küçə söyüşləri ilə onu və onun valideyinlərini, dəfələrlə təkrarlamaqla təhqir etdi. Sonra bildirdi ki, istəsə bu dəqiqə onu və onun avtomobilini əlindəki bu dubinka ilə əzişdirər. İddiaçı qorxaraq, heç bir cavab vermədiyi halda həmin sürücü bildirdi ki, maşınında odlu silahı da var, istəsə həmin silahla onu bu dəqiqə öldürər. İddiaçı qorxaraq dinməyib. Elə hiss edib ki, həmin sürücüyə cavab versə, o ya onu odlu silahla öldürər, ya da ki əlindəki fabrik istehsalı olan dubinka ilə maşınının qabaq şüşəsini sındırıb onun gözlərinə doldurar. Cünki həmin sürücü həmin dəqiqələrdə özünü çox aqressiv və təhlükəli aparırdı. Gördü ki, həmin sürücüdən güclü spirtli içki iyi gəlirdi. İddiaçı cavabdehə deyib ki, onun bu qanunsuz hərəkətləri haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəcək. Bu sözləri eşitdikdən sonra, həmin avtomobilin sürücüsü bir daha ona yaxınlaşaraq, dəfələrlə təkraralayaraq, rus dilində, bir daha onun və valideyinlərinin, eyni zamanda 102 xidmətinin ünvanına küçə söyüşləri ilə təhqirlər yağdırdı və sonra avtomobilini arxaya hərəkət etdirdikdən sonra, həmin yolun boş olan "ötmə əməliyyatı aparılması" üçün nəzərdə tutulmuş hissəsi ilə sürətli hərəkət etdi. İddiaçı bir az irəliyə gedib, avtomobilinı dayandırmış və həmin sürücünün bu qanunsuz hərəkətləri haqqında 102 xidmətinə məlumat vermişdir. İddiaçı Sovet Hakimiyyəti illərində ali təhsil almış və ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Rus dilində danışmağı, yazmağı, tərcümə etməyi bacarır və danınışıqları (söyüşləri, təhqiredici sözləri) tam mənası ilə başa düşür. Hadisə ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami Rayonu Polis idarəsinin 23-cü Polis Bölməsinin təhqiqat şöbəsində təhqiqat işi aparılmışdır. Həmin təhqiqatin nəticələrinə dair qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qərarda, həmin sürücünün əsəbi olduğu üçün onu təhqir etdiyi subuta yetirilmişdir. Həmin qərarda hadisəni törədən şəxsin, yəni, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilmişdir və həmin qərarı öz imzası ilə təsdiqləmişdir. Cavabdeh, Cavabdeh törətdiyi xuliqanlıq hərəkəti ilə əlaqədar olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması haqqında Bakı şəhəri Nizami Rayonu Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixində, "inzibati xəta haqqında" MH № ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur və onun ictimai yerdə, onu və valideyinlərini, eyni zamanda Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin 102 xidmətini təhqir edərək xuliqanlıq etməsi qanunla subuta yetirilmişdir və o, öz xuliqanlıq hərəkətlərinin həmin protokola imza atmaqla təsdiqləmişdir. Bakı şəhəri Nizami Rayonu Polis idarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, "inzibati xəta haqqında" MH № ******* nömrəli protokolun surətini 23-cü Polis Bölməsindən ala bilmədiyi üçün mən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə elektron müraciət etmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 044- 400177- 4219 nömrəli məktubuna əsasən həmin protokolun surətini almışdır. Cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətlər nəticəsində o, çox böyük sarsıntı keçirmiş və güclü mənəvi zərər alaraq şoka düşmüşdür. Həmin hadisədən sonra, uzun müddət (5-6 ay) ərzində onun qan təzyiqi daima qalxaraq onu narahat etmişdir və bunun nəticəsində də başında güclü ağrılar olmuşdur. Demək olar ki, uzun müddət təxmini 5-6 ay özünü hərəkətsiz, key, gücsüz, qabiliyyətsiz və yararsız hiss etdiyi üçün şəxsi avtomobilindən istifadə etməkdən ehtiyatlanaraq, pullu taksi xidmətlərindən istifadə etmişdir ki, bu da onun ailə büdcəsinə zərər vurmuşdur. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edərək Babək prospektində “Nissan” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadının ona yaxınlaşaraq onun avtomobilini dəyənəklə əzəcəyini bildirmiş və onu təhqir etmişdir. İzahatı alınan Cavabdeh xx.xx.2019cu il tarixdə Babək prospektində ona məxsus prospektində “Nissan” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət etdiyi zaman qarşısında hərəkətdə olan Priora markalı avtomobilin qəza şəraiti yaratdığı üçün siqnal verdiyini və uzaqvuran işıqları yandırıb-söndürdüyünü bildirmişdir. Əlavə olaraq Cavabdeh Priora markalı avtomobilin sahibi avtomaşını kənara verib saxladığı zaman ona yaxınlaşaraq qəza şəraiti yaratdığı üçün iradını bildirdikdə, həmin avtomobili idarə edən şəxsi ona kobud cavab verdiyini bildirmişdir. Cavabdeh əlində dəyənəyin olmadığını və avtomobildə silahının olduğunu demədiyini bildirmişdir. Lakin əsəbi olduğu üçün İddiaçı təhqir etdiyini və birdə bu cür hallara yol verməyəcəyini bildirərək izahatında üzr istədiyini qeyd etmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ətrafda müşahidə kameralarının olmadığı aşkarlanmışdır. Nizami RPl-nin 23-cü PB-nin təhqiqatçısı S.Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəib olunması üçün qəbul olunmuş qərarın surətinin aidiyyatı əməkdaşa həvalə edilməsi, qərarın surətinin məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora va İddiaçı göndərilməsi və İddiaçı qəbul olunmuş qərardan şikayət emək hüququnun izah edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 187/2020 saylı məktubuna əsasən, Cavabdeh barəsində inzibati xəta haqqında məhkəmə qərarı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi ziyanın tutulması tələbinə münasibətdə nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, ümumi mülahizələrdən istifadə etməklə və qanunvericilik nomalarını sadalamaqla kifayətlənmiş, bu hallar təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir Bu səbəblərdən iddianın təmin edilməməsi barədə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 2532/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar