Məhkəmə qərarları › İş №2(103)-1226/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1226/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1226/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Rəhimov Elməddin Hükmalı oğlunun, Cavabdeh Uylukçu Yaverin nümayəndəsi və vəkili Ağalarov Mirdamət Hadı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1373/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Uylukçu Yaverin nümayəndəsi və vəkili Ağalarov Mirdamət Hadı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh Uylukçü Yavərə qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Sığorta Şirkətində sığortalanmış “Range Rover" markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4359 (dörd min üç yüz əlli doqquz manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 4389.40 (dörd min üç yüz səksən doqquz manat 40 qəpik) manat cavabdeh Uylukçü Yavərdən tutularaq “Atəşgah" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 04.08.2015-ci il tarixdə idarə etdiyi "xxxx" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Təbriz küçəsində yol hərəkəti qaydasını pozaraq “Atəşgah" Sığorta Şirkətində sığortalanmışdır. Quliyev Ceyhun Musarza oğlu tərəfindən idarə olunan '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPl-nin MYP 722171 nömrəli İnzibati Xəta Haqqında Protokolunda da öz əksini tapmışdır. 13.08.2015-ci il tarixli “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”a uyğun olaraq, “Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə 6510 (altı min beş yüz on manat sıfır qəpik) manat zərər təyin olunmuşdur. **********4 saylı sığorta müqaviləsinin 019327 saylı sığorta aktına əsasən "Atəşgah” Sığorta Şirkəti sığortalıya 500 (beş yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 6010 (altı min on manat sıfır qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh “İcbari sığorta Şirkəti Dövlət Sığrota Kommersiya Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərər üzrə 1651 (bir min altı yüz əlli bir) manat "xxxx" ASC-yə ödəniş etmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "Atəşgah” sığorta şirkətinə qalan 4359 (dörd min üç yüz əlli doqquz manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1373/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4359 (dörd min üç yüz əlli doqquz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-ə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Uylukçu Yaverin nümayəndəsi və vəkili Ağalarov Mirdamət Hadı oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbi təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Uylukçu Yaverin yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi Ford Transit markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-də sığortlanmşdır. Uylukçu Yaver yol nəqliyyat hadisəsi zamanı təqsirli bilinmişdir, bu səbəbdən də qarşı tərəfə dəyən ziyanı Dövlət Sığorta Kommersiya Şirkəti ASC qarşılamalıdr. Fərz edilsə ki, həqiqətən də, Range Rover markalı **-CF-*** dövlət qeydiyyat nömrəli avtomobilə 6157 manat ziyan dəymişdir (hansı ki, heç inandırıcı deyil) bu halda qeyd olunan ziyanın 5000 manatını Dövlət Stğorta Kommersiya Şirkəti ASC ödəməlidir, qalan 1157 manatı cavabdeh Uylukçu Yaverdən tələb edilə bilər. Qeyd olunan işdə isə Dövlət Sığorta Kommersiya Şirkəti ASC 1651 ödəyərək kifayətlənmişdir. Hansı səbəbdən Dövlət Sığorta Kommersiya Şirkəti ASC 5000 manat yox 1651 manat ödəyib onlara məlum deyil, halbuki qanun imperativ mövqeyinə görə Dövlət Sığorta Kommersiya Şirkəti ASC 5000 ödəməlidir. Birinci instansiya məhkəməsi bu halı araşdırmadan, işə Dövlət Sığorta Kommersiya Şirkəti ASC-ni cəlb etmədən, yalnız iddiaçının təqdim etdiyi sübutlara qiymət verərəq iddia tələbini təmin etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı ödənilmiş vəsaiti geri tələb etmək hüququ reqres qaydasında həyata keçirilməlidir. Digər tərəfdən, mübahisənin predmetini təşkil edən zərərin əvəzinin tələb edilməsi hüququ müqavilə öhdəliydən irəli gəlir. Belə olan təqdirdə isə iddia müddəti ilə bağlı münasibətlərdə müqavilə tələbləri üzrə qanunvercilik ilə müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından görünür ki, cavabdeh məhkəməinin vaxtı və yeri barədə lazımı qaydada məlumatladırılmayıb. İş materiallarında məhkəmə bildirişlərinin cavabdehə çatması barədə heç bir sənəd mövcud deyil. Cavabdeh birinci instansiyada işə baxılan zaman Azərbaycan Respubliaksında ümumiyyətlə olmayıb, o, həmin vaxt Türkiyyə Cümhuriyyətində cəza evində cəza çəkdiyindən, birinci instansniya işə qiyabi icraat qaydasında baxmalı idi, çünki cavbdehin məhəmə bildirişlərinin almasını təsdiq edən hər hansı sənəd məhkəmədə olmayıb. İş üzrə ekspertiza keçirilib. 10.08.2020-ci il tarxili ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən 13.08.2015-ci il tarixli qüsur aktına əsasən Range Rover markalı avtomobilə 6157 manat ziyanın dəyməsi müəyyən edilmişdir. Qeyd olunan ekpert rəyindən sonra sual yaranır, ekspert hansı hesablama üsulla ziyanı müəyyən edib? İddiaçının təqdim etdiyi qüsur aktın köçürüb, sonra ona ekpsert rəyi demək olarımı? Və ümumiyyətlə 5 il əvvəl olmuş, təmir edilmiş avtomobilə dəymiş ziyanı ekspert necə müəyyən edə bilər? Göründüyü kimi, iş üzrə ekspertiza formal olaraq, iddiaçının təqdim etdiyi sənədlər əsasında keçirilib və həmin rəy də mötəbər sübut qismində çıxış edə bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdeh Uylukçu Yaverin nümayəndəsi və vəkili Ağalarov Mirdamət Hadı oğlu apellyasiya şikayətinin müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, 04.08.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verib. Cavabdeh idarə etdiyi "xxxx" markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quliyev Ceyhun Musarza oğlu tərəfindən idarə olunan “Range Rover” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli hesab olunmuşdur. Hadisə baş verən gün Cavabdeh idarə etdiyi "xxxx" markalı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-də sığortlı olmuşdur. İddiaçı Sığorta Şirkəti ASC-nin apardığı hesablamaya görə “Range Rover” markalı avtomobillə 6510 manat ziyan dəymişdir. Bundan 500 manat azadolma xərci çıxılmaqla 6010 manat “Range Rover” markalı avtomobili idarə edən şəxsə pul ödənilmişdir. Hesab olunur ki, hadisə olan gün Cavabdeh idarə etdiyi "xxxx" markalı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-də sığortlı olmaqla olduğundan 5000 manat həcmində məhz sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Bu qanunvericiliyin imperativ tələbidir. Bu halda İddiaçı Sığorta Şirkəti ASC məhz qeyd olunan həcmdə ilk olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-dən ödənilməni tələb etməlidir. Bundan başqa hesab olunur ki, hazırkı işə MM-nin 1114-cü maddəsinin tələbləri əsas götürülməli və 3 illik iddia müddəti tətbiq edilməlidir. Bu barədə yuxarı instansiya məhkəməsinin də qərarları var. Bundan başqa, hazırki mülki işə baxılarkən Cavabdeh Azərbaycan Respubliaksında ümumiyyətlə olmayıb, o, həmin vaxt Türkiyyə Cümhuriyyətində cəza evində cəza çəkmişdir. İş materiallarında cavbdehin məhəmə bildirişlərinin almasını təsdiq edən hər hansı sənəd məhkəmədə olmamışdır. Hesab olunur ki, bu halda birinci instansniya işə qiyabi icraat qaydasında baxmalı idi. Həmçinin iş üzrə ekspertiza keçirilib. Ekspert rəyi ilə müəyyən edilib ki, 6157 manat məbləğində ziyan dəyib. Ekspertizanın hansı hesablama üsulla aparılması müəyyən deyil. 6 il əvvəl baş vermiş hadisə nəticəsində müəyyən edilən qiymətlərlə bugünkü qiymətlər eyni ola bilməz. Hadisə zamanı “Range Rover” markalı avtomobilin yalnız ön hissəsi zədələnmişdir. Həmin hissəyə 6157 manat mənləğində ziyan vurulması mümkün deyil. İş üzrə ekspertiza formal olaraq, iddiaçının təqdim etdiyi sənədlər əsasında keçirilib. Hesab olunur ki, hadisə 2015-ci ildə baş verdiyindən dəyən ziyan məhz həmin dövrdə olan qiymətlərlə hesablanmalı idi. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbi təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Rəhimov Elməddin Hükmalı oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı Sığorta Şirkəti ASC cavabdehin sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-dən 5000 manat məbləğində sığorta məbləği tələb edilsə də, Sığorta şirkəti cəmi 1651 manat pul ödəmişdir. Əlavə olaraq bildirdi ki, 1651 manat məbləği Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-nin mütəxəssisləri müəyyən edib. Lakin İddiaçı Sığorta Şirkəti ASC sığorta şirkətindən 5000 manat məbləğində sığorta məbləği tələb etmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1373/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MYP 722171 nömrəli, 04.08.2015-ci il tarixli İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, Uylukçü Yavər Hadi etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Təbriz küçəsində yol hərəkəti qaydasını pozaraq Quliyev Ceyhun Musarza oğlunun idarə etdiyi '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokolla tanış olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 046-112-1115 nömrəli 05 avqust 2015-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quliyev Ceyhun Musarza oğlunun idarə etdiyi '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zərər görmüşdür. İş materiallarında olan13 avqust 2015-ci il tarixdə verilmiş “nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” aktdan görünür ki, '‘Range Rover” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6510 (altı min beş yüz on) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Sığorta şəhadətnaməsidən görünür ki, '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil 28.04.2014-cü il tarixdə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan 019327 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən təqdim etdiyi “nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Akta əsasən "xxxx" QSC-nin bank hesabına 6010 (altı min on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənişin təyinatı Məmmədov Kənan Xalik oğluna sığorta ödənişi üçün olmuşdur. İş materiallarında olan ƏN-İİİ № 432052 nömrəli, 22.04.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ələkbərov Ramin Kamil oğlu 2008-ci il baraxılışlı "xxxx" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək üçün ünvan 2 ünvanında qeydiyyatda olan Uylukçu Yaverə etibar etmişdir. İş materiallarında olan A R-İ № 350810 nömrəli, 09.07.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Məmmədov Kənan Xalik oğlu onun daşınmaz əmlakını idarə etməyi ünvan 4 ünvanında qeydiyyatda olan Quliyev Ceyhun Musarza oğluna etibar etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2020-ci il tarixli № 9/2222 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 13.08.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq ediməklə təxminən 6157,0 manat müəyyən edilmişdir. İş materiallarında olan 11.02.2020-ci il tarixli, ********* №-li Mədaxil Qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu, həmçinin dövlət rüsumunun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ da iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 04.08.2015-ci il tarixdə idarə etdiyi "xxxx" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Təbriz küçəsində yol hərəkəti qaydasını pozaraq Quliyev Ceyhun Musarza oğlunun idarə etdiyi '‘Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə nəticəsində “Range Rover” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. Bununla bağlı Cavabdeh təqsirli olması haqqında DYPİ-nin MYP 722171 nömrəli İnzibati Xəta Haqqında Protokol tərtib edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən"xxxx" QSC-nin bank hesabına Məmmədov Kənan Xalik oğluna sığorta ödənişi üçün 6010 (altı min on) manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdehin İcbari sığorta Şirkəti Dövlət Sığrota Kommersiya Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərər üzrə 1651 (bir min altı yüz əlli bir) manat məbləğində pulu "xxxx" ASC-yə ödəniş etmişdir. Müvafiq ekspert rəyilə “Range Rover” markalı ** CF *** nömrə nişanlı nəqliyyat vasitəsinə vurulan ziyan məbləğinin 6157 manat olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, müvafiq ekspert rəyilə “Range Rover” markalı ** CF *** nömrə nişanlı nəqliyyat vasitəsinə vurulan ziyan məbləği olan 6157 manat məbləğ üzrə cavabdehin İcbari sığorta Şirkəti Dövlət Sığrota Kommersiya Şirkəti ASC-yə dəymiş zərər üzrə 1651 manat məbləğində pulu "xxxx" ASCyə ödəniş etməsi nəzərə alınmalıdır. Eyni zamanda iddia tələbinin həcmi nəzərə alınmaqla yol nəqliyyat hadisəsi nəticəsində "Atəşgah” sığorta şirkətinə yerdə qalan 4359 (dörd min üç yüz əlli doqquz) manat zərər məbləği ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri, onun tərəfindən mülki hüquq pozuntusundan (delikt) yaranan öhdəliyin yerinə yetirilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC sığortalıya ödədiyi 6010 (altı min on) manat məbləğindən 1651 (bir min altı yüz əlli bir) manat məbləğində pulu cavabdehin İcbari sığorta Şirkəti Dövlət Sığrota Kommersiya Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərər üzrə "xxxx" ASC-yə ödədiyindən qalan məbləği yəni, 4359 (dörd min üç yüz əlli doqquz) manat zərər məbləği Cavabdeh tələb etməyə haqlıdır. Kollegiya həmçinin apellyasiya şikayətinin 3 illik iddia iddia müddətinin tətbiqi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, hazırı iddia müqavilə münasibətlərindən deyil, deliktdən yarandığı üçün 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq edilir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi qətnaməsində hazırkı mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməklə yanaşı aidiyyəti olmayan bəzi normaları (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1, 226.2-ci və.s maddəsini) sadalamış olsa da, məhkəmə kollegiyası qeyd edilən halı texniki səhv kimi qəbul edir və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1373/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Uylukçu Yaverin nümayəndəsi və vəkili Ağalarov Mirdamət Hadı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1373/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar