Məhkəmə qərarları › İş №2(103)-1228/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1228/2020

05.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1228/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəbrayılov Orxan Akif oğlunun katibliyi ilə, iddiaçı Bakı Şəhəri İddiaçı (bundan sonra – RİH) Cavabdeh qarşı “cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılaraq “İDEA” X4 köçürülməsi, cavabdehin ev heyvanlarını saxlamaq hüququndan məhrum edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2018-ci il tarixli qətnamədən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin (bundan sonra – ŞİH) verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı RİH, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən qeyri-qanuni olaraq saxlanılan sahibsiz itlərin çıxarılaraq “İDEA” X4 yerləşdirilməsi və cavabdehin ev heyvanlarını saxlamaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.12.2018-ci il tarixli qətnamə (İş № 2(003)-3589/2018) ilə iddianın rədd edilməsini qət etmişdir. İş üzrə üçüncü şəxs olan ŞİH həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 06.05.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 5551/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. ŞİH-nin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 31.10.2019-cu il tarixli qərar (İş № 2(102)-6604/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən mülki işə yenidən baxılır. Mülki işə yenidən baxan Məhkəmə bildirir ki, iddiaçı RİH-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən evində 300-ə yaxın sahibsiz it saxlayır. Bu hal ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur və onlar Respublikanın müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə şikayət ərizələri ilə müraciət etmişlər. Həmçinin bir qrup sakinlər RİH-nə ərizə ilə müraciət edərək, onların qonşuları olan cavabdehin yaşadığı evdə çoxlu sayda sahibsiz itlər saxladığını, ətrafda narahatçılıq və antisanitar vəziyyət yaratdığını bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Şikayətin araşdırılması ilə bağlı RİH-nin, polis orqanlarının, yerli bələdiyyənin, gigiyena və epidemiologiya mərkəzinin, baytarlıq sahəsinin və X10 Alyansının əməkdaşları tərəfindən cavabdehə məxsus həyətə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş saydan artıq olan itləri qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxladığı, buna görə də, ərazidə kəskin qoxunun və səs-küyün əmələ gəldiyi, ciddi antisanitariya vəziyyətinin yarandığı aşkar edilmişdir. Cavabdehdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2-ci maddələrində nəzərdə tutulmuş “Ev heyvanlarının saxlanılması qaydalarına” uyğun olaraq sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunmuş, lakin o, tələbə əməl etməmişdir. Cavabdehin barəsində aşkar edilmiş fakta əsasən İXM-nin 290.1.3-cü maddəsi ilə “İnzibati xəta haqqında protokol” tərtib olunmuşdur. Lakin, bu da, cavabdehə təsir etməmiş, o qanunsuz hərəkətlərini davam etmişdir. Mübahisənin həll edilməsi məqsədi ilə ŞİH başçısının 01.11.2018-ci il tarixli, 485 nömrəli sərəncamına əsasən sahibsiz itlərin saxlanılması üçün sığınacağın yaradılması məqsədilə Xəzər rayonu, Qala qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0,30 ha torpaq sahəsinin cavabdehə verilməsi qərara alınmış, lakin cavabdeh buna da, məhəl qoymamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan ŞİH qətnamədən verdiyi apellyasiya şikayətində iddiada qeyd edilənləri təsdiq edərək əlavə olaraq göstərmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, onların tələblərini kobud şəkildə təhrif etməklə, qüvvədə olan qanunvericilik aktlarına və ümumi hüquq prinsiplərinə zidd, yalnız cavabdehin maraqlarına və mülahizələrinə uyğun şəkildə qətnamə qəbul etməklə ali dəyərə malik olan insan və vətəndaşların hüquq və azadlıqlarını pozmuşdur. İş üzrə üçüncü şəxs olan ŞİH-nin nümayəndəsi X1 apellyasiya baxışı iclasında iştirak edərək təmsil etdiyi Dövlət orqanının apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı RİH nümayəndəsi X7 apellyasiya baxışında iştirak edərək, ŞİH-nin apellyasiya şikayəti ilə razı olduğunu bildirdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə üçüncü şəxs olan Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X5 və həmin Mərkəzin Sanitariya-Gigiyena Şöbəsinin müdiri vəzifəsində işləyən X14 oğlu apellyasiya baxışı iclasında iştirak edərək bildirdilər ki, RİHiddiası, ŞİH-nin apellyasiya şikayəti əsaslıdır. Çoxsaylı sahibsiz itlərin yaşayış ərazisində saxlanılması qanunsuzdur. Bu hal antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır. Cavabdehin qonşuluğundan yaşayan bir qrup sakinlər müxtəlif Dövlət orqanlarına və Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə şikayət ərizə ilə müraciət edərək, onların qonşuları olan cavabdehin yaşadığı evdə çoxlu sayda sahibsiz itlər saxladığını, ətrafda narahatçılıq və antisanitar vəziyyət yaratdığını bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Şikayətin araşdırılması ilə bağlı Mərkəzin əməkdaşları əraziyə baxış keçirilərək şikayətin əsaslı olmasını müəyyən etmiş və bu barədə müvafiq akt tərtib etmiş və cavabdehdən qanunazidd hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin o, tələbə əməl etməmişdir. İkinci dəfə həmin əraziyə getsələr də, cavabdeh onları içəri buraxmamış və qanunsuz hərəkətlərini davam etmişdir. İş üzrə üçüncü şəxs olan “İDEA” X9 apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mərkəz məktubla Məhkəməyə müraciət edərək baxılan işin onlara aid olmadığını, sahibsiz itlərin yerləşdirilməsi üçün Mərkəzdə müvafiq şəraitin olmamasını bildirmiş və işə Mərkəzin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsaslanaraq işə Mərkəzin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, yaşadığı ev anasından ona miras qalmış və 13.07.2011ci il tarixdən onun xüsusi mülkiyyətindədir. O, təxminən üç il olar ki, sahibsiz itləri saxlayır və bu müddət ərzində ona bununla bağlı heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Qala qəsəbəsində 0,30 ha torpaq sahəsi icarə əsasında onun istifadəsinə verilsə də, orada onun tərəfindən aparılacaq bütün tikililər dövlət mülkiyyətində olacaqdır. O, isə torpaq sahəsinin onun mülkiyyətinə və ya istifadəsinə verilməsini istəyir. Bundan başqa, həmin torpaq sahəsinə qədər 2 kilometr yol düzəlməli, su, qaz və işıq xətti ilə təmin olunmalıdır. Əgər RİH və ya ŞİH bu işləri təşkil etsələr, qalan işləri isə o, özü görəcəkdir. Göstərilənlərə əsasən qətnamənin dəyişdirilmədən saxlanılmasını Məhkəmədən xahiş edir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli, 13.07.2011-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, döngə 2, ev 3 Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, qeyd edilən evdə cavabdeh 300-ə yaxın sahibsiz it saxlayır. ŞİH-nin 01.11.2018-ci il tarixli, 485 nömrəli sərəncamdan görünür ki, sahibsiz itlərin saxlanılması üçün sığınacağın yaradılması məqsədilə Xəzər rayonu, Qala qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 0,30 ha torpaq sahəsi icarə əsasında cavabdehin istifadəsinə verilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, E.Mansuovun evdə çoxlu sayda sahibsiz it saxlaması, itlərin səsi və oradan gələn qoxu qonşu kimi onların narazılığına səbəb olur. Həmin itlərin yaşayış sahəsindən saxlanması daha yaxşı olardı. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, E.Mansuovun evində çoxlu sayda sahibsiz itlərdən çoxlu səs-küy və pis qoxu gəldiyindən onların evinə gələn qonaq yarım saatdan artıq otura bilmir və çıxıb gedir. Cavabdeh qarşı şikayəti yoxdur və onun it saxlamasına etirazı yoxdur. Lakin itləri evlərdən kənarda saxlaması daha yaxşı olardı. Gecə vaxtı itlərin səsindən rahat yata bilmirlər. Bu səbəbdən itlərin həmin ərazidən çıxarılmasını istəyir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, E.Mansuovun evdə çoxlu sayda sahibsiz it saxlamasından narazıdır. İtlərin səs-küyü, onlardan gələn qoxu onları narahat edir. İtlərə verilən yeməyin iyindən durmaq olmur. Bu səbəbdən itlərin həmin ərazidən çıxarılmasını istəyir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 nömrəli, 09.03.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması Qaydalarının” 2.1-ci bəndinə görə, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir. Həmin Qaydaların 8-ci bəndinə görə, şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir: (bənd 8.1.). Daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir (bənd 8.2.). Qaydaların 9-cu bəndinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxs ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda qeyd edilən Qaydalarda fərdi yaşayış evinin həyətində it saxlanmasını, onun sayını məhdudlaşdıran heç bir müddəa yoxdur. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh evdə 300ə yaxın it saxlamaqdadır. Qonşuluqda yaşayan sakinlər bu səbəbdən səs-küy və kəskin qoxudan narahat olduqları üçün itlərin orada saxlanmasına etiraz edirlər. Cavabdeh 2018ci ilin iyul ayında Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, yəni itlərin müəyyən edilmiş saydan artıq saxlandığına görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 2018-ci ilin sentyabrında cavabdeh həmin xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə inzibati xəta barədə protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, 300-ə yaxın sahibsiz itin saxlanmasını ev heyvanı saxlamaq deyil, yaşayış evində sahibsiz heyvanlar üçün sığınacaq yaradılması deməkdir. Yuxarıda qeyd edilmiş Qaydaların 4.6-cı bəndinə görə, ev heyvanlarının ticarəti, damazlığı, kommersiya, yaxud digər məqsədlə sığınacaqlarda (heyvan mehmanxanasında) saxlanması üzrə məşğul olan hər bir hüquqi və fiziki şəxs bu fəaliyyətini səlahiyyətli icra hakimiyyəti orqanları ilə (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, yerli icra hakimiyyəti, sanitarepidemioloji orqanlar) müvafiq qaydada razılaşdırılmalıdır. Lakin cavabdeh belə razılıq almadan qanunsuz olaraq sahibsiz itlər üçün sığınacaq yaratmış və səlahiyyətli orqanların müraciətlərinə, hətta iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, qanunsuz fəaliyyətini davam etdirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170ci maddəsinə görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi, cavabdehin həmin hərəkəti qonşuluq hüququnu da pozduğu üçün qanunsuz təsirləri qadağandır. Bundan başqa, ŞİH-nin 01.11.2018-ci il tarixli sərəncamı ilə cavabdehə sahibsiz itlərin saxlanması üçün sığınacağın yaradılması məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0,30 ha torpaq sahəsi ayrılmışdır. Lakin qeyd edilənlərə baxmayaraq, Rayon Məhkəməsinin iddianın tam rədd edilməsi barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə hesab edir ki, iddia “cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması” hissəsində əsaslıdır və qətnamə həmin hissədə ləğv edilərək, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlər yaşayış sahəsindən Xəzər RİH-nin itlərin saxlanması üçün təşkil edəcəyi və bunun üçün müvafiq baytarlıq və sanitariya qaydalarına cavab verəcək xüsusi sahəyə yerləşdirilməklə çıxarılmalıdır. Çünki, iddia ərizəsində həmin itlərin “İDEA” X4 yerləşdirilməsi barədə tələb göstərilsə də, həmin Mərkəz iddia ərizəsində cavabdeh kimi göstərilməmiş, nə də ki, iş üzrə cavabdeh olmayan, yalnız üçüncü şəxs olan həmin Mərkəz itləri qəbul etməsi barədə razılıq verməmişdir. Məhkəmə, iddianın “cavabdehin ev heyvanlarını saxlamaq hüququndan məhrum edilməsi” barədə hissəsinin əsassız olduğunu müəyyən etdiyindən hesab edir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən əsassızdır, iddianı tam rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni yuxarıda qeyd edilən qaydada təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2018-ci il tarixli qətnamə qismən, yəni “cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılaraq “İDEA” X4 köçürülməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb qismən təmin edilsin. Cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlər yaşayış sahəsindən Bakı Şəhəri İddiaçı itlərin saxlanması üçün təşkil edəcəyi və bunun üçün müvafiq baytarlıq və sanitariya qaydalarına cavab verəcək xüsusi sahəyə yerləşdirilməklə çıxarılsın. Bu tələbin qalan hissəsi, yəni “həmin itlərin “İDEA” X4 yerləşdirilməsi barədə” hissəsi təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2018-ci il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar