Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1228/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında 29 yanvar 2018-ci il tarixli qərardan və Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmündən görünür ki, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar doğrudur.
2. 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır.
3. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli, 1(098)-130/2022 saylı Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə Hərbi Prokuroruna qaytarılmışdır.
4. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 Goranboy Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş 663 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Novruzov X4 MRX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2018-ci il tarixdən aşağıdakı diaqnozla dispanser qeydiyyatındadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi zərərə görə 27.100 manat olmaqla, cəmi 127.100 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsində cavabdeh kimi öncədən göstərildiyindən, Azərbaycan Respublikası Hərbi Prokurorluğu cavabdehlər siyahısından çıxarılmışdır.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığım itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqlan naminə hərbi sirr təşkil edən məlumatlan əldə etməklə düşmən tərəfinə ötürüblər». Bu bəyanat barədə daha ətraflı iddia ərizəsində qeyd olunan yönləndirici üzrə baxmaq olar. Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. Bu haqda daha ətraflı iddia ərizəsində qeyd olunan yönləndiricilər üzrə tanış olmaq olar. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti «Tərtər işi» adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb oiur. İddiaçı da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında saxlanılıb və ağır işgəncələrə məruz qalıb. İddiaçının ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə təsdiq olunur. Bu iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X11, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X6 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X5 Azərbaycan Respublikası CMnin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin (X15 oğlunun sədrliyi ilə) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşovun isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. İddiaçı 2010-cu ilin yanvarında öz müraciəti əsasında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib, bir neçə aydan sonra kursu uğurla bitirərək, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etməyə başlayıb. 2010-2013-cü illər ərzində ilk xidmət müqaviləsi əsasında müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra 2013-cü ildə müqaviləsinin müddəti uzadılıb, həmin ildən N saylı hərbi hissədə xidmətə təyin olunub. 2016-cı ilin fevralında xidmət müddəti daha 3 il, yəni 2019-cu ilə qədər uzadılıb. Ona qarşı cinayət əməlləri törədilərkən N saylı hərbi hissənin tank bölüyündə mexanik-sürücü vəifəsində işləyib. 2017-ci il mayın ilk günlərindən etibarən həmin ay boyunca Tərtər rayonu Marquşevan kəndində köhnə hərbi tikilinin binasında müəyyən fasilələr verilməklə, lakin davamlı şəkildə, ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurulub rezin borularla, qol və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi bədəninə davamlı elektrik cərəyanı verilib və s. (31 yanvar 2019-cu il tarixli hökmün 33-cü və 209-210-cu səhifələri). Məhkəmə-tibbi ekspertizasının 23 iyun 2017-ci il tarixli, 255/10 saylı rəyindən görünür ki, «İddiaçı bədənində boynun arxa və sağ yan səthlərində cəmi 5 ədəd, sağ əlin arxa səthində 1 ədəd çapıq-piqmentasiyaları, hər iki mil bilək oynağı nahiyələrində, sol baldır və sol budda, cəmi 20 ədəd piqmentasiya sahələri aşkar edilmişdir. Bunlardan çapıq piqmentasiyalar həmin nahiyələrdə olmuş, çox güman ki, məhdud termiki yamq yaralarının, piqmentasiyalar isə qançırların izi olub, yanıq izləri yanan siqaret ucluğunun təsirindən, qançırlar isə bərk küt əşyaların təsirindən törənə bilərdilər, əmələ gəlmə vaxtı ekspertiza tarixidən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə çapıqpiqmentasiyalar istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, piqmentasiya sahələri isə istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir» (31 yanvar 2019-cu il tarixli hökmün 416-cı səhifəsi). İddiaçı 2017-ci ilin 08 may tarixdə Azərbaycan Resublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 2018-ci ilin 29 yanvar tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini, ədliyyə generalmayoru Şəfahət İmranov tərəfindən CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilib. 2018-ci ildə həmin maddə ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və 2018-ci ilin mart ayında cəza müddətinin bitməsi səbəbi ilə azadlığa çıxıb. Göründüyü kimi, şərti adı «Tərtər işi» olan cinayət işi çərçivəsində iddiaçı qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb və 2017-ci ilin may-iyun aylarında ona amansız işgəncələr verilib. Bununla da, iddiaçı fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özü və ailələri hazırda da stress və sarsıntı keçirir. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçı kompensasiya almalıdır. İddiaçı ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edir. İddiaçı mənəvi ziyana görə 100.000 manat kompensasiya tələb edir. Maddi ziyana görə isə iddiaçı aşağıdakı təzminatı istəyir. İddiaçı hadisələr zamanı MAXE kimi xidmət müqaviləsi əsasında xidmət göstərirdi. O, müqaviləni 2016-cı ilin fevral ayında bağlamışdı və 2019-cu ilin fevral ayında müqavilə müddəti bitirdi. Aylıq əmək haqqı məbləğ 1.000 manat idi. Ən son əmək haqqını 2017-ci iİin aprel ayında alıb. İddiaçı həmin tarixdən etibarən 2019-cu ilin fevral ayına qədər yəni, 22 aylıq faktiki qazancından məhrum club. Bu isə 22.000 manat edir (22 ay x 1.000 = 22.000). Həbsdən çıxdıqdan sonra ailəsi öz hesabına onun müalicə dərmanlarına vəsait xərcləyib. İki dəfə biri 3.100 manat (anası X3 adına), digəri 2.000 manat (İddiaçı öz adına, amma Novruzova Aygün tərəfindən etibarnamə əsasında) olmaqla «KapitalBank»ın Goranboy filialından kredit götürülüb və hamısı istisnasız İddiaçı müalicəsinə xərclənib. Belə ki, ailənin başqa böyük məbləğdə ehtiyacları olmayıb və kredit Bəhruzun müalicəsinə sərf olunmaq məcburiyyətindən götürülüb. İddiaçının ümumi maddi ziyana görə tələbi 27.100 manat təşkil edir (22.000 + 3.100 + 2.000 = 27.100). İddiaçı müayinə və müalicə olunması ilə bağlı, o cümlədən digər xərclər üzrə müvafiq sübutları məhkəmə iclasında təqdim edəcək. İddiaçıya fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilib, həbs edilib, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bugüııədək azadlıqdadır. Zərərçəkmiş şəxs qismində tanındıqları cinayət işləri üzrə məhkum olunan şəxslər onlara və bu iş üzrə digər hərbçilərə işgəncə verən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxslər kimi çıxış ediblər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçiriblər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra hərbi hissələrin əraziləri (N saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn, N saylı hərbi hissə və s.) onların ixtiyarına verilib. Bu səbəbdən də onların gördüyü qanunazidd fəaliyyətə görə məsulyyətinin dövlətin üzərinə düşməsi də qanuni və məntiqlidir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində onlara vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının 68-cı maddəsindən, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsindən, X14 Məhkəməsinin presedent qərarlarından, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 36-cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1001-ci maddəsindən, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019cu il tarixli hökmündən, eləcə də iddaçıya münasibətdə CM-nin 274-cü maddəsi ilə başlanmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərarlardan irəli gəlir.
5. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi zərərə görə 7.150 manat olmaqla, cəmi 107.050 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Həmin ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 08 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham elan olunmaqla Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. 29 avqust 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 08 yanvar 2018- ci il tarixədək, 20 dekabr 2017-ci il tarixdə isə onun həbsdə qalma müddəti 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə əlavə ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə davam edən iş üzrə ibtidai istintaq 05 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 20 fevral 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan RespublikasınınBaş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsinin ləğv olunması əsas götürülərək 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274- cü, həm də 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddəsi ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində 08 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2017-ci ildən 27 fevral 2018-ci ilə qədər, yəni 9 ay 19 gün həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifdəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq müqavilə əsasında N saylı hərbi hissədə xidmət edirdi. O cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 650 manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin aprel ayına, yəni hərbi xidmətdən tərxis olunana qədər 11 ay müddətində faktiki aylıq qazancından məhrum olub. Bu isə 7.150 manat edir (650 x 11 = 7.150).
7. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz təqdim etmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. İlk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı İddiaçı kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub olunmamas araşdırılmalıdır. Məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. İş materiallarında iddiaçı E.Fərzəliyevə cinayət prosesini həyata keçirən orqan - (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə biiməz. Bundan başqa iddiaçı məcburi ərizə yazdırılaraq işdən çıxdığını iddia etmiş və maddi zərərə görə kompensasiya tələb etmişdir. Sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun və 7150 manat maddi ziyannın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinin tələblərinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12 -ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, maddənin tələbinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) ödəməlidir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə iddiaçıya mənəvi zərərə görə 20.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyükimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Eyni zamanda ona dəymiş mənəvi ziyanla bağlı bu qədər yüksək məbləğdə kompensasiyanın müəyyən olunması, analoji məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsi baxımından da əsassızdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İddiaçı tərəfindən iddia etdiyi maddi zərərlə bağlı xərclər barədə hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim edilməmişdir. Eyni zamanda, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
17. Maddə 1100 dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
18. Maddə 1101.1 qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
19. Maddə 1101.2 görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
20. Maddə 56.0.2 bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
21. Maddə 57.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
22. Maddə 58.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
23. Maddə 58.2 fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 24.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu
25. Maddə 4 cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
26. Maddə 5 Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
27. Maddə 6.1 bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
28. Maddə 7 təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
29. Maddə 12 fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
42. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
43. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır.
44. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
45. Kollegiya qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
46. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
47. İş materialları ilə müəyyən edilir ki, iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşdur nəticədə ona mənəvi ziyan dəymişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, uzun müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla məhkəmə haqlı olaraq hesab edir ki, həmin məbləğ 20.000 (iyirmi min) manat məbləğində müəyyən olunmalıdır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının uzun müddət azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirib, bu baxımdan cavabdehdən iddiaçının xeyrinə 20.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.
50. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190cı maddəsində müəyyən edilən məbləğlər şəxsin mənəvi ziyanın həcmini müəyyən edən norma olmamamaqla yanaşı, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi hüququndan məhrum edə bilməz .
51. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı tərxis olunmamışdan öncə ortalama 650 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. Həbsdə olduğu 11 ay müddət ərzində ona 7150 manat (11*650) maddi ziyan dəymişdir.
52. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də hazırkı iddia tələbi üzrə ödənilməli pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.