Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1229/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Tələbkar “xxxx” Sığorta Şirkət açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9460/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından borclu “Cavabdeh1 Bakı Mərkəzi” MMC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu “Cavabdeh1 Bakı Mərkəzi” MMC-nin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9460/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9460/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu “Cavabdeh1 Bakı Mərkəzi” MMC qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, icra sənədi üzrə icraatın dayandırılması və borclu “Cavabdeh1 Bakı Mərkəzi" MMC barəsində hər-hansı icra tədbirlərinin və hərəkətlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3401/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 şikayətin təmin olunmamasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, tələbkarın şikayətdə göstərdiyi birinci dəlil ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə 711,40 manat borcun Cavabdeh1 Bakı Mərkəzi MMC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməsi göstərilsə də, borcun tam olaraq Cavabdeh1 Bakı Mərkəzi MMC-dən tutulması qanunsuzdur. Məhkəmə borclu Cavabdeh1 Bakı Mərkəzi MMC-nin həmin dəlili ilə bağlı qeyd edir ki, “müştərək” sözü “ümumi, ellik, birgə”, yaxud “elliklə, ortaqlı, birgə görülən (aparılan), kollektiv” (məsələn, müştərək görülən iş) anlamını bildirir. Ona görə də, məhkəmə qətnaməsi ilə hər hansı pul məbləğinin “cavabdehlərdən müştərək qaydada” tutulması qət edildikdə, bu tutulan pul məbləğinin tərəflər arasında bərabər hissələrə bölünərək hər bir hissənin cavabdehlərdən ayrılıqda tutulması mənasına gəlmir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9460/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsindən də göründüyü kimi, 681 (altı yüz səksən bir) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqı, cəmi 711 (yeddi yüz on bir) manat 40 (qırx) qəpik məbləğində pulun Cavabdeh1 Bakı Mərkəzi MMC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməsi göstərilmişdir. Şikayətdə, həmçinin gəstərilir ki, qərar qəbul edilərkən “Cavabdeh1 Bakı Mərkəzi” MMC-nin hüquqları pozulmuşdur. Belə ki, qərarda “İcra haqqında” Qanunun 8.4. maddəsində göstərilən tələblərdən kənara çıxılaraq, borclunun əmlakının üzərinə həbs qoyulacağı göstərilmişdir. Belə ki,“İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (maddə 8.1). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (maddə 8.2). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9460/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədində qeyd olunan məbləğin hər iki borcludan müştərək qaydada tutulması qət olunub. İcra məmuru xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarını necə tərtib etməsindən asılı olmayaraq, o, icra sənədində göstərilənləri icra etməlidir. Lakin icra sənədini də şikayət verənin arzuladığı kimi icra edə bilməz. Belə ki, şikayət verən borclu həmin məbləğin bərabər hissələrə bölünərək yarısının ondan, yarısının digər borcludan tutulmalı olduğunu göstərsə də icra sənədində də elə bir qayda göstərilməmişdir. Yəni, müştərək qaydada tutulma şikayət verən borclunun göstərdiyi formada icra edilməli idisə, icra sənədində həmin qaydada yazılmalı idi. Ona görə digər borclunun məsuliyyətdən kənarda qalması barədə şikaytin dəlilləri əsaszdır. İkincisi, şikayət verən borclu icra sənədi üzrə icraatın hansı əsasla dayandırılmalı və borclu “Cavabdeh1 Bakı Mərkəzi" MMC barəsində hər-hansı icra tədbirlərinin və hərəkətlərinin aparılmasının niyə qadağan edilməli olduğunu da şikayətində açıqlamamışdır. Bu cür xahişin özü şikayətin açıq-aşkar əsassız olduğuna və yalnız şikayət xatirinə edildiyinə dəlalət edir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9460/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9460/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdiriləmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1229/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1229/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver