Məhkəmə qərarları › İş №2(103)-1229/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1229/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1229/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.“Hyundai Sonata minik” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktda “Hyundai Sonata minik” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilə 9398 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir.

3. Azərbaycan Avtomobil Yolları Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AAY-211/2020 saylı “Bakı-Quba-Rusiya Federasiyasi ilə Dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (Vaz Dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işləri barədə” podrat müqaviləsinə əsasən podratçı olan cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə yerinə yetirilməli olan Bakt-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin görülməsini öhdəsinə götürmüşdür.

4. Baş Dövlət Yol Polis İdarəsi Yol Polis Xidməti Alayının 1-ci tağımın komandiri, polis mayoru Vüqar Əskərovun raportuna əsasən xx.xx.2021-cı il tarixdə təsdiq edilmiş cədvəl üzrə 1-ci marşurutu üzrə xidmətdə olan YPXİ polis baş serjantı X2 xidməti ərazisini müayinə edərkən Bakı- Quba yolunun 17-ci km-də təmir işləri getiyi üçün yol bir tərəfli hərəkət təşkil etmişdir. Bakı-Quba yolunun 17-ci km-də dəmir məhəccərlər yol idarəsi tərəfindən əvvəlcədən sökülmüş halda olduğu üçün dəfələrlə yol idarəsinə telefon vasitəsilə və “Laçına” radiocihaz vasitəsilə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Saat 01:30 radələrində “Hyundai Sonata” markalı 99RN762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sözu gedən arakəsmədən təmir olan əraziyə daxil olmuş və yolun orta hisəssində qazılmış əraziyə düşərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təqsiri üzündən iddiaçıya məxsus daşınar əmlaka dəymiş maddi zərərə görə 7938 manat, xidmət haqqına görə 1460 manat, ümumilikdə 9398 manat və mənəvi zərərə görə isə 2000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilir ki, xx.xx.2021-cı il tarixində saat 01:00 radələrində qeyd etdiyi avtomobillə Bakı Quba yolunun 17-ci km-də üzü Bakı istiqamətində hərəkət edərkən Saray DYP-si postunu keçəndən sonra cavabdeh təşkilatın yolda təmir işləri aparması və yol hərəkətinini müvəqqəti nizamlayan yol hərəkəti nişanı ilə nizamlamaması nəticəsində və təmir işləri apardığı yolda sürücülər üçün təhlükə yaradan yola çıxmaması üçün tədbirlər görməməsi, təhlükəli ərazilərin nişanlanmaması səbəbindən avtomobili ilə təmir işləri aparılan qazıntı quyusuna düşmüşdür. Hadisə nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir, demək olar avtomobili məhv olmuşdur. Avtomobilin 1 ədəd sağ ön padknlniki, 1 ədəd sağ qabaq brizqaviki, 1 ədəd sağ alt spolleri, 2 ədəd diski, 1 ədəd təkəri, 1 ədəd arxa sağ amartizatoru, 1 ədəd modolu, 1 ədəd patpresi, 1 ədəd patpresin kantı, 1 ədəd sit, 1 ədəd sitin airbağı, 1 ədəd rulun airbağı, 2 ədəd sağ sol təhlükəsizlik kəmərləri, 1 ədəd sağ ön çaşka, 1 ədəd sağ ön amartizator, 1 ədəd sağ ön qranat, 1 ədəd ön traves, 1 ədəd sağ sağra, 1 ədəd motor yastığı, 1 ədəd motorun qoruyucusu, 1 ədəd qabaq buferin alt rezini, 20 ədəd knobka sıradan çıxmışdır və dəyişdirilməlidir. Əlavə olaraq avtomobildə dəmirçi işləri (sağ ön qapının qanadı, kapotun sağ padnoşkanın təmiri) işləri, rəngsaz işləri (sağ ön qanadın, buferin, kapotun, sağ spollerin rənglənməsi), armatur işləri (spollerin sökülməsi, padpresin dəyişdirilməsi), elektrik işləri (sitin dəyişdirilməsi, oturacaqların sökülməsi), çilingər işləri (travesin, safpanm, amartizatorlarm, qranatın dəyişdirilməsi, tikiş işi (oturacaqların tikilməsi), razval balans montaj işlərinin görülməsi tələb olunur. Qeyd etdiyi ehtiyat hissələrinin alınması üçün 7938 manat, xidmətlə bağlı işə 1460 manat tələb olunur. Beləliklə, avtomobilinə ümumilikdə 9398 manat manat zərər vurulmuşdur. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus daşınar əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq edən DYP-in 036536 saylı arayışı və DYP-də saxlanılan kamera görüntüləri və şahid ifadələri ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş daşınar əmlakın ümumi dəyəri xidmət haqqı ilə birlikdə 9398 manat təşkil edir. 25 sentyabr 2020-ci il tarixində sifarişçi Azərbaycan Avtomobil Yolları Agentliyi Bakı Quba- Rusiya avtomobil yolunun təmir-bərpa işləri ilə bağlı “15 nömrəli X7 İstismarı” MMC arasında podrat müqaviləsi bağlanmış yə müqavilə üzrə tərəflər sifarişçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, podratçı isə "xxxx" MMC adlandırılmışdır. Müqavilənin 2.3-cü bəndinə görə “podratçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi-yə yerinə yetirilməli olan yolların təmiri işlərinin aparılması ilə əlaqədar bütün işlərin başa çatdırılmasını öhdəsinə götürmüşdür. Hadisə olan zaman da, hazırda da isə həmin ərazidə işlər podratçı tərəfindən görülür və başa çatdırılmamışdır. Müqavilənin 5.4-cü bəndinə görə bu müqavilənin icrası ilə bağlı Podratçının təqsiri üzündən digər fiziki və hüquqi şəxslərin əmlakına dəymiş zərərə, habelə onun üçüncü şəxslər qarşısında öhdəliklərinə görə Sifarişçi məsuliyyət daşımır. Bütün bunlardan məlum olur ki, əmlaka vurulmuş ziyana görə hadisə olan zaman həmin yolun təmir işləri ilə məşğul olan Podratçı - "xxxx" MMC məsuliyyət daşıyır. Cavabdehin təqsiri ucbatından avtomobili yararsız hala düşmüşdür. Bu səbəbdən avtomobilsiz qalmışdır. Buna görə də öz işinə və başqa yerlərə gedib gəlmək üçün taksi xidmətindən istifadə etmişdir. Belə ki, işinə tələsik olaraq əlində musiqi alətləri ilə getdiyi üçün avtobusdan istifadə edə bilmir. Taksi ödənişləri isə günə 5-10 manat civarında olur. Halbuki cavabdehin təqsiri səbəbindən bu yol nəqliyyat hadisəsi baş verməsəydi, işinə şəxsi avtomobili ilə gedib gələrdi. Əlavə nəqliyyat xərclərinə də düşməzdi.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2022 saylı, 18 oktyabr 2022ci il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbinin qismən təmin edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən İddiaçı məxsus daşınar əmlaka dəymiş maddi zərərə görə 6578 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması; iddia tələbinin qalan hissədə rədd edilməsi; iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 50 manat məbləğinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 19 fevral 2021-ci il tarixində saat 01:30 radələrində iddiaçının idarəetməsində olan “Hyundai Sonata” markalı 99RN762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cababdeh tərəfindən təmir-bərpa işləri aparılan əraziyə daxil olmuş və yolun orta hisəssində qazılmış əraziyə düşərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından göründüyü kimi nəqliyyat hadisəsi baş verən ərazidə cavabdeh tərəfindən dəmir məhəccərlər əvvəlcədən sökülmüş halda olmuş, məhəccərlərin qarşısında maneə və yaxud lent, təmir-bərpa işlərinin aparılmasına dair hər hansı yol işarəsi olmamışdır. Qeyd olunan hallar hadisə vaxtı xidmətdə olan, yol nəqliyyat hadisəsinin sxemini tərtib edən hazırki iş üzrə şahid qismində dindirilmiş YPXİ polis baş serjantı X1 ifadəsi ilə də təsdiq olunur. Göründüyü kimi cavabdeh avtomobil yolunun təmiri zamanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməmiş və yol hərəkətini düzgün təşkil etməmişdir ki, bununla da “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-2-ci maddəsinin, yəni avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı təhlükəsizlik tələblərinə əməl etməməklə cavabdehin əməli hüquqa zidd olmuşdur. Göstərilən əməlin törədilməsi nəticəsində iddiaçı yolun həmin istiqamətindən istifadə edərkən, ona məxsus nəqliyyat vasitəsi cavabdeh tərəfindən qazılmış və qarşısında heç bir yol nişanı olmayan çuxura düşmüş, nəticədə onun nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İddiaçıya dəymiş maddi zərər məhz cavabdeh tərəfindən törədilmiş hüquqa zidd əməl, yəni “Avromobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-2-ci maddəsinin tələblərinə əməl etməməsi nəticəsində əmələ gəlmişdir. Eyni zamanda cavabdeh tərəfindən göstərilənləri təkzib edən hər hansı bir mötəbər sübut (işçilərin ifadələri mötəbər sübut deyil) məhkəməyə təqdim olunmamışdır. Maddi ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı maddi ziyana görə cavabdehdən 9398 manat tələb etsə də, xx.xx.2022-ci il tarixli 9/2294 saylı ekspert rəyi ilə nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 6578,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ekspert rəyi ilə müəyyən edilən maddi ziyanın məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalqa maddi ziyanın tutulması hissəsində iddia qismən təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin qismən-iddianın təmin edildiyi hissəsində ləğv edilərək həmin hissələrdə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Apellyasiya şikayətində göstərilir ki, bu işə baxan birinci instansiya məhkəməsi işə (iş xx.xx.2021-ci il tarixindən məhkəmənin icraatında olmuşdur və işə yalnız xx.xx.2022-ci il tarixində nəticə verilmişdir) tamamilə qeyri-formal sübutlara istinad edərək iddianın qismən təmin olunması nəticəsinə gəlinmişdir. Yəni, məhkəmədə cavabdeh təşkilatın baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olması faktı nə rəsmi, nədəki, işin faktiki halları ilə tam müəyyən olunmadığı halda, məhkəmə hazırki iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qət etmişdir. Belə ki, 1-ci instansiya məhkəməsinin hazırda iddiaçının iddiasının qismən təmin edilməsi üçün öz qətnaməsində bir sıra sübutları sadalamasına baxmayaraq, qətnamədə əsas olaraq məhkəmədə şahid qismində dindirilmiş YPXİ polis baş serjantı X1 ifadəsini əsas götürmüşdür. Həmin şahiddə əslində öz ifadəsində qismən də olsa etiraf etmişdir ki, əvvəllər hadisə baş verən yerdə, yolu bağlayan qırmızı rəngdə sayrışan işıqlı lentin olmasını görmüş və həmin yola beton plitələrin qoyulmasını və yolun qismən bağlı olmasını etiraf etmişdir. Lakin ümumiyyətlə həmin polis əməkdaşının hadisə yerinə vaxtilə gəlib baş vermiş hadisəni görməsinə baxmayaraq, məhkəmə iclasında ona verilmiş suallardan və alınmış cavablardan müəyyən edilmişdir ki, həmin baş vermiş hadisəyə görə geridə qalmış müddət ərzində hər hansısa fiziki və ya hüquqi şəxs barəsində inzibati tədbirlərin görülməsi üçün heç bir əməli tədbirlər görülməmiş və baş vermiş bu delikt hadisəsinə görə ümumiyyətlə hazırki cavabdeh təşkilatın həmin vaxtı inzibati məsuliyyətə cəlb edilməsi həyata keçirilməmişdir. Məhkəmə isə həmin hala ümumiyyətlə öz qətnaməsində qiymət verməmişdir. Həmin hadisəyə görə cavabdehin inzibati məsuliyyətə cəlb edilməməsi ona görə baş vermişdir ki, əslində hadisə baş verən günü məhz hazırki iddiaçının özünün təqsirli hərəkətləri və özbaşınalığı nəticəsində yol nəqliyyat hadisəsi törədilmişdir. Yəni tamamilə nəqliyyat vasitəsinin idarə edilməsi qadağan olunmuş əraziyə iddiaçı özbaşınalıq edərək daxil olmuş və bu hadisəni törətmişdir. Həmin yola çıxmasınıda iddiaçı məhkəmədə onunla əsaslandırmışdır ki, güya ona arxadan gələn nəqliyyat vasitələrindən biri yol verilməsi üçün nəqliyyat vasitəsinin işıqlarından istifadə etməklə siqnallar vermiş, oda məcbur olub özünün idarə etdiyi nəqliyyat vasitəsini sağa çəkmiş, və bu zaman sağ yolun açıq olmasını görüb əvəllki yoluna qayıtmadan hərəkətini həmin təmir gedən yolla davam etdirmişdir. Lakin iddiaçıya məhkəmə iclasında verilmiş suallara, yəni ondan qarşıda və arxada gələn nəqliyyat vasitələrin sol yolu ilə hərəkət etmələrini gördüyü halda, niyə özü tək sağ yola keçıb hərəkət etməsini iddiaçı nə cavabdeh tərəfə nədəki məhkəməyə düzgün və əsaslı olaraq izah edə bilməmişdir. Odur ki, hazırda iddiaçının min bir bəhanə ilə özünün təqsiri ucbatından düşdüyü maddi ziyanı cavabdehdən tələb etməsi əsaslı sayıla bilməz. Əslində 1-ci instansiya məhkəməsində cavabdeh tərəfindən dəvət edilmiş və dindirilmiş şahidlər X5 və X6 verdiyi ifadələrin rayon məhkəməsi tərəfindən mötəbər sübutlar kimi qəbul etməməsini cavabdeh yanlış addım kimi qiymətləndirir. Belə ki, qətnamədən görünür ki, məhkəmə həmin şahidlərin ifadəsini ona görə mötəbər saymamışdır ki, həmin şəxslər cavabdeh təşkilatda çalışırlar.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" MMC -nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində üzrlü səbəbdən, yəni 05 mart 2023-cü il tarixə kimi ölkə hüdudlarından kənarda olacağından 07 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının 1 ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi, həmçinin 06 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında da iştirak etməmiş və səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 40-2. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilinə qeyd olunan tarixdə və vaxtda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni, cavabdeh tərəf də bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin yetirilməsində cavabdehin təqsiri olub-olmaması yaxud təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranıbyaranması ilə bağlıdır. Çünki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

26. Şahid qismində dindirilmiş yol patrul xidməti əməkdaşı X1 baş vermiş hadisəyə görə hər hansısa fiziki və ya hüquqi şəxs barəsində inzibati tədbirlərin görülməsi üçün heç bir əməli tədbirlər görməməsi və baş vermiş bu delikt hadisəsinə görə ümumiyyətlə hazırki cavabdeh təşkilatın həmin vaxtı inzibati məsuliyyətə cəlb edilməsinin həyata keçirilməməsi hazırki iddianın əsassızlığına dəlalət etmir. Çünki, bu tədbirlərin görülməməsi belə cavabdehin mülki hüquq məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. Belə ki, həm şahid İbrahim Hacıbalayevin ifadəsindən, həmdə Baş Dövlət Yol Polis İdarəsi Yol Polis Xidməti Alayının 1-ci tağımın komandiri, polis mayoru Vüqar Əskərovun raportu ilə təsdiq olunur ki, hadisə baş verən ərazidə cavabdeh MMC tərəfindən dəmir məhəccərlər əvvəlcədən sökülmüş halda olduğu üçün dəfələrlə telefon və radiocihaz vasitəsilə cavabdehə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Hadisə baş verən vaxt iddiaçının avtomobilinin daxil olduğu yerdə ümumiyyətlə lent yaxud heç bir yol işarəsi olmamış, məhz buna görə də sürücülər, o cümlədən iddiaçı təmir aparılan əraziyə daxil olub hərəkət etmiş və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh qurumun işçisi olan digər şahid Müşfiq Muradov da hadisə vaxtı lentin cırılmış vəziyyətdə olduğunu təsdiq etmişdir. Ona görə də, baş vermiş hadisə iddiaçının özünün təqsirli hərəkətləri və özbaşınalığı nəticəsində baş verdiyi dəlil inandırıcı və ağlabatan sayıla bilməz. Cavabdeh tərəf bu hala istinad edirsə onu sübut etməlidir. Çünki, bəyan etdiyi həmin halı sübut etmək yükü artıq onun üzərinə düşür.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar