Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-123/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-34/2019 saylı, 23 aprel 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Talib qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 “qanunsuz hərəkətlərin dayandırılması” tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların iddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən evlərdə yaşayırlar.Həmin ərazi ilə üzbəüz Cavabdeh şadlıq sarayı tikilmişdir. Şadlıq sarayı tikildikdən sonra həmin ərazidə yaşayan insanların gecəsi-gündüzü qalmamışdır. Şadlıq sarayından gələn, axşam saat 7-dən gecə yarısına kimi davam edən səs-küydən dayanmaq mümkün deyil. Şadlıq sarayının istifadə etdiyi kanalizasiya hər gün dolur və xüsusi maşınlarla boşaldılır. Bu zaman ərazidə iydən və səsdən dayanmaq mümkün deyil. Bundan əlavə ərazinin zibillənməsi ilə əlaqədar iy ətrafa yayılır və narahatlıq doğurur. Qonşular və ətraf evlərə bu, çox pis təsir edir, insanların yaşayış keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bundan əlavə, həmin şadlıq sarayı tikilərkən qanunsuz olaraq küçənin bir hissəsi zəbt edilərək tikilmişdir ki, bu da yolun daralmasına təsir etmişdir. Həmçinin şadlıq sarayına gələn insanlar maşınlarını qonşuların həyətlərinin qabağında saxlayırlar. Bunun nəticəsində sakinlər öz avtomobillərini ora çox çətinliklə sala bilirlər. Həmçinin yolun tikilməsindən əlavə kondisionerlərin bayırda olan hissələri üçün əlavə səki düzəldilib və o da çəpərə alınıb ki, bu da maşınlar keçərkən əlavə narahatlıq yaradır. Həmçinin orada generatorlar və su çəni yerləşdirilib ki, bu da yolu xeyli daraldıb. Kondisionerlərin suyu da həmin küçəyə axır ki, yay-qış palçıq yaranmasına səbəb olur. Şadlıq sarayının önünün küçəyə baxmasına və önə çıxışı olmasına baxmayaraq arxa qapısı da istifadə olunur və həmin hissədən qonşulara toyun səsi və toya gələnlərin səsi yayılır ki, bu da çox ciddi narahatlıq yaradır. Toya gələnlər bəzən içkili vəziyyətdə səs-küy salır və insanlarla mübahisə edərək, avtomobillərini saxlayaraq narahatçılıq yaradırlar. Öndən girişin olmasına baxmayaraq, hər gün arxa qapıdan mal və digər ləvazimatlar gətirilir, boşaldılır və səs-küyə səbəb olur. Bunun da qarşısı alınmalıdır. Arxa qapı bağlanmalı və toya gələnlərin giriş-çıxışı ön qapılardan nizamlanmalıdır. Şadlıq sarayından gələn tüstü ayrıca bir problemdir ki, bu da yay-qış əhalini və qonşuları narahat edir. Həmçinin binanın arxasında çox irihəcmli kondisionerlər quraşdırılıb və onların səsi və istisindən dayanmaq mümkün deyil. Yay-qış bu kondisionerlər işləyir və toyun səsindən əlavə gündüz və gecə o kondisionerlərin səsi də ciddi problemdir. Toy mərasimi bitdikdən sonra gec saatlarda fişəng və digər partlayıcı vasitələrdən istifadə edirlər. Bu insanların istirahət vaxtlarında necə böyük narahatlıqla üzləşdiklərini başa düşmək o qədər də çətin deyil. Sakinlər uzun illərdir orada yaşayırlar və əvvəl orada belə obyekt olmamışdır. Yaşayış yerinin ortasında belə bir obyekti tikmələri azmış kimi hələ üstəlik narahatçılığı və səs-küyü azaltmaq üçün də tədbir görmürlər. Qeyd edilənlərə əsasən cavabdehin əhaliyə narahatçılıq törədən hərəkətlərinin dayandırılması, küçəni daraldan qanunsuz tikilinin və çəpərin sökülməsi, səsin müəyyən olunmuş normadan yüksəlməməsi və lazımdırsa, bunun üçün xüsusi səsazaldıcı panellərdən istifadə edilməsi, kanalizasiya xətlərinin düzəldilməsi və şadlıq sarayının arxa qapısının bağlanması və istifadə olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-34/2019 saylı, 23 aprel 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı4 münasibətdə baxılmamış saxlanmışdır. Həmçinin, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-34/2019 saylı, 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh tərəfindən kondisonerlərin bayırda olan hissəsi üçün düzəldilmiş səki, tikilmiş çəpər onun hesabına sökülməsi, narahatçılıq törədən hərəkətlərin dayandırılması olaraq, kondisionerlərin bayırda olan hissəsi, su çəni və generatorun iddiaçıların hüquqlarını pozmayacaq, eləcə də təhlükəsizlik qaydalarına uyğun istismarına imkan verəcək şəkildə (binanın ön hissəsinə və ya damına) köçürülməsi, tüstü bacalarına təmizləyici qurğuların quraşdırılması, kondisionerlərdən çıxan suyun küçəyə axmayacağı şəkildə kənarlaşdırılması cavabdehə həvalə edilməsi, səsin müəyyən olunmuş normadan artıq yüksəldilməməsi üçün binaya səs azaldıcı boğucu) panellərin quraşdırılması cavabdehə həvalə edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən iş üzrə İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi yekun nəticə ondan ibarətdir ki, bəzi problemlər həll edilməklə mübahisəyə son qoyula bilər və bəzi məsələlər isə ümumiyyətlə qanunla nizamlanmır. Belə məqamda məhkəmə bu hallardan mümkün yayınma hallarını nəzərə almır. Proses gedişatında içkili şəxslərin səs-küy salması, avtomobillərin düzgün yerlərdə saxlanmaması sakinlər üçün ciddi problemdir. Bu insanlar normal gündəlik yaşayışlarını yaşaya bilmirlər.Vətəndaşlar öz doğma evlərində normal şəkildə yaşaya bilmirlər.Həmçinin iddia ərizəsində anbarın yəni qanunsuz tikilinin sökülməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə isə qeyd edir ki, kanalizasiya xətti yoxdur və bu problem həll edilə bilməz. Bəs niyə onda məhkəmə cavabdehin üzərinə bu məsələnin həllinə dair tapşırıq vermir. Belə ciddi bir problemlərlə iddiaçıların barışması yolverilməzdir.Belə halda anbar əvəzinə kanalizasiya xətti çəkilə bilərdi ki, məsələ həll edilsin. Məhkəmə arxa qapının bağlanmasını yolverilməz hesab edir, vətəndaşların maraqlarının qorunmamasının yolverilən hesab edir. Qapı bağlanarsa problemlərin əksəriyyəti həll olunacaqdır, arxadan qapı olduğu üçün içkili şəxslər ordan gəlib gedir və belliklə binaya daxil olduqlarından maşınlarını da o hissədə saxlayırlar, bağlanmaqla bir neçə problemi birdən həll etmək mümkündür. Göstərilənlərə əsasən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-34/2019 saylı 23.04.2019-cı il tarixli qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh hazırda iaşə obyekti kimi fəaliyyət göstərir. Tüstü ilə bağlı obyektə xüsusi avadanlıqlar quraşdırılmış və bununla bağlı heç bir problem yoxdur. İddiaçıların iddia etdiyi kanalizasiya xətlərinin düzəldilməsi isə "Gold Palace” MMC-nin imkanları və səlahiyyətləri daxilində deyildir. Belə ki, ərazidə dövlət tərəfindən kanalizasiya xətti çəkilmiş, lakin həmin xəttə qoşulma prosesi hələlik yubanır. Odur ki, ərazidə fəaliyyət göstərən obyektlər, həmçinin fərdi yaşayış evləri anbar («şambo») tikdirməklə, kanalizasiya xətləri həmin anbarlara qoşulmuşdur. "Gold Palace” MMC-nin kanalizasiya xətti üçün istifadə etdiyi anbar («şambo») əsaslı təmir olunmuş, narahatlıq yaradan qoxu-iylə bağlı problem həll olunmuşdur. Həmin ərazidə çəkilmiş kanalizasiya xətləri istifadəyə verildikdən sonra anbara («şambo») ehtiyac qalmayacaq. Hazırda sarayın məişət tullantıları əraziyə atılmır, binda yığılır və hər tədbirin sonunda aparılan təmizlik işləri zamanı yaxınlıqda yerləşdirilmiş zibil yeşiklərinə boşaldılır və xüsusi maşınlarla daşınır.Digər bir faktı məhkəmə kollegiyasının nəzərinə çaldırmaqla qeyd elmək istəyir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının 2.3-cü bəndinə və İ saylı cədvələ əsasən kafe, restoran, yeməkxanaların zallarında nüfuzedən səs-küyün, səs təzyiqinin, səsin ekvivalent enerjisi və məksimal səviyyəsinin yolverilən norması 65 DBA təşkil edir. Burada sual olunur ki, birinci instansiya məhkəməsi səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normasını necə müəyyət elmişdir?. Bir halda ki, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən norması ekspert rəyi ilə müəyyən edldiyi halda, birinci instansiya məhkəməsi ekspert rəyi olmadan, səsin müəyyən olunmuş normadan artıq yüksəldilməsi üçün binaya səs azaldıcı (boğucu) panellərin quraşdırılmasının cavabdehə həvalə edilməsini qət etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(003)- 34/2019 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin 16.08.2019-cu il tarixli iclasında Cavabdeh əsl cavabdeh X4 ilə əvəz olunmuşdur.(sədrlik edən hakim Vüqar Həsənov, hakimlər Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə). Həmçinin, Bakı Apellyasiya məhkəməsinin 16.08.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Daha sonra Bakı Apellyasiya məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə kompleks tikinti-texniki ekspertizası təyin olunmuşdur. Bundan sonra 29.07.2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(003)- 34/2019 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X3 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş X1 görünür ki, vergi ödəyicisi X3 əsas fəaliyyət növü Restoranlar tərəfindən xidmətlərin göstərilməsidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının İ müavininin məhkəməyə ünvanladığı 23.11,2017-ci il tarixli, 1649 saylı məktubunda qeyd edilmişdir ki, Binə qəsəbəsi F.Aynulov küçəsi və Məcidov küçələrinin ərazisində yerləşən dalanda tikilmiş qeyri-yaşayış obyektlərindən açılan qapıların bağlanması, həmin obyektlərdəki soyuducu kompressor və kondisionerlərin səs saldığını nəzərə alaraq binanın yola baxan tərəfə köçürülməsi, dizel generatorunun fəaliyyətinin dayandırılması, orada mövcud çirkab su anbarının işinin qaydaya salınması və sair barədə həmin ərazidə yaşayan sakinlərin müraciəti olmuşdur.Bununla əlaqədar olaraq vətəndaşların ümumi narahatçılığına səbəb olan bütün amillərin aradan qaldırılması barədə obyekt sahiblərinə və tabeçiliyimizdə olan müvafiq qurumlara tapşırıqlar verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh restoran-ictimai iaşə obyekti olaraq xidmət göstərir.Qeyri-yaşayış obyektlərindən açılan qapıların bağlanması, həmin obyektlərdəki soyuducu kompressor və kondisionerlərin səs saldığını nəzərə alaraq binanın yola baxan tərəfə köçürülməsi, dizel generatorunun fəaliyyətinin dayandırılması, orada mövcud çirkab su anbarının işinin qaydaya salınması və sair barədə həmin ərazidə yaşayan iddiaçılar iddia qaldırmışlar. Cavabdeh restoran-ictimai iaşə obyektinin təyinatına uyğun fəaliyyət göstərib göstərməməsinin, həmçinin obyektin fəaliyyətinin iddiaçılara narahatlıq yaradıbyaratmamasının müəyyən olunması üçün Bakı Apellyasiya məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə kompleks tikinti-texniki ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ» Publik hüquqi şəxsin 04.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Rəyində göstərilmişdir ki, Sizin, №2(103)- 123/2021 01 mart 2021-ci il tarixli məktubunuz əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ» Publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən cavabdehin iştirakı ilə yerində araşdırılma aparılmışdır və müəyyən olunmuşdur: 1-ci sual üzrə “Gold Palase” şadlıq sarayına məxsus gediş-gəliş yolunda texniki vasitə quraşdırılıb, quraşdırılmış kondisionerlərin bayırda olan hissəsi üçün düzəidıimis səki mövcuddur, tikilmiş çəpər hal-hazırda yoxdur, iddiaçıların gediş-gəlişinə mane уoxdur. 2-ci sual üzrə- generatorun qapalı otaqda yerləşdirilməsi və su çəninin dayaqlar üzərində quraşdırılması iddiaçıların hüquqlarını məhdudlaşdırmır. 3-cü sual üzrə- Su çəninin və generatorun binanın damında quraşdırılması mümkün deyil 4-cü sual üzrə (Binada qurqşdırılmış tüstü bacalarından çıxan tüstü norma daxilindədirmi və ya iddiaçılara hər hansı formada mane yaradırmı sualı üzrə COVİD-19 pandemiyasına görə şadlıq sarayı fəaliyyət göstərmədiyindən ölçmələr aparılmamışdır.5.-ci sual üzrə-Binada quraşdırılmış tüstü bacaları təmizləyici qurğularla təchiz olunmuşdur. 6-cı sual üzrə Kondisionerlərdən çıxan su borularla yığılaraq şadlıq sarayına məxsus anbara axıdılır. 7-ci sual üzrə -Cavabdeh MMC-nə məxsus, havalandırma qurğuları işləyəndə və söndürülmüş vəziyyətdə olan zaman İddiaçı12 məxsus Binə qəsəbəsi R.Məcidov küçəsi ev 3 mənzil 1-də yaşayış otağında, səsin səviyyəsi ölçüldü. Müayinələrin nəticələrinə əsasən yaşayış otağında havalandırma qurğuları işlək vəziyyətdə olarkən səsin səviyyəsi 39 DBA (norma 40 DBA), qurğu işləməyəndə isə 34 DBA (norma 40 DBA) müəyyənləşdirilərək norma daxilində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2021-ci il tarixli Rəyindən müəyyən olunur ki, Gold Palase şadlıq sarayına məxsus olan iddiaçıların istifadə etdikləri gediş-gəliş yolundan hər hansısa bir texniki vasitə quraşdırılmamışdır. Tikiliyə quraşdırılmış kondisionerlərin bayırda olan hissəsi uçun düzəldilmiş səki tikilmiş çəpər iddiaçıların yoldan və onun ətrafından normal istifadəyə mane yaratmır. Su çənindən və generatordan istifadə edilməsi iddiaçıların hüquqlarını hər hansısa bır formada məhdudlaşdırıb-məhdudlaşdırmaması məsələsi hüquqi xarakter daşıdığından məhkəmə tıkinti-texnikı ekspertinin səlahiyyətlərinə aid deyildir.Su çəninin və generatorun indiki vəziyyətdə binanın damında quraşdırılması mümkün deyildir.Baxış zamanı müəyyən olunmuşdur ki, kondisionerdən çıxan su boru vasitəsilə müəyyən olunmuş sahəyə axıdılır. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən iş materialları və ekspert rəyləri ilə müəyyən olunur ki, şadlıq sarayının fəaliyyəti iddiaçılaın gediş-gəlişinə maneçilik, sağlamlığına və.s. hər hansı mənfi təsir göstərmir. İddiaçılar tələblərini həmçinin binanın tikilərkən qanunsuz olaraq küçənin bir hissəsi zəbt edilərək anbar (şambo) tikilməsi, nəticədə yolun daralmasına təsir etməsi, çirkabın xüsusi maşınlar tərəfindən toplanarkən əmələ gələn iyin və səsin onlara pis təsir etməsi, yaşayış keyfiyyətinin aşağı düşməsi, gələn qonaqların maşınlarını qonşuların həyətlərinin qabağında saxlamaları, bunun nəticəsində sakinlərin öz avtomobillərini ora çox çətinliklə sala bilmələri ilə əsaslardırmışlar. Məhkəmə Kollegiyası tələbin həmin hissəsi üzrə onu qeyd etməyi zəruri sayır ki, bina xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində mövcud ölçülərlə qeydə alındığından, eləcə də ərazidə kanalizasiya xətləri olmadığından, binanın tikintsi qanunsuz sayla, binanın təyinatı üzrə istismarı ilə əlaqədar yaranan çirkabın kənarlaşdırılması üçün yeganə vasitə olan anbar bağlana bilməz. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, gələn qonaqların maşınlarını qanunla nəzərdə tutlmayan yerlərdə saxlamaları qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olsa da, həmin şəxslərin hüquqazidd hərəkətləri cavabdehin iddiaçılar qarşısında mülki hüquq məsuliyyətinin yaranmasına əsas deyil. İddiaçılar narahatçılıq törədən hərəkətlərin dayandırılması olaraq, arxa qapının bağlanmalı və toya gələnlərin giriş-çıxışının ön qapılardan nizamlanması tələb etmişlər. Tələblərinin həmin hissəsini şadlıq sarayının önünün küçəyə baxmasına və önə çıxışı olmasına baxmayaraq, arxa qapısından da istifadə olunması, mal və digər ləvazimatların gətirilməsi, boşaldılması, bunun da səs-küyə səbəb olması, həmin hissədən onlara toy səsinin və toya gələnlərin səsinin yayılması, bunun da çox ciddi narahatlıq yaratması, toya gələnlərin bəzən içkili vəziyyətdə səs-küy salıb insanlarla mübahisə edərək, avtomobillərini saxlayaraq narahatçılıq yaratmaları ilə əsaslandırmışlar. Bundan başqa, toya gələn içkili vəziyyətdə səs-küy salıb insanlarla mübahisə edən şəxslər, eləcə də fişəng və digər partlayıcı vasitələrdən istifadə edən şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığından, həmin şəxslərin hüquqazidd hərəkəti arxa qapının bağlanmasına və ya cavabdehin iddiaçılar qarşısında mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 2.3-cü bəndinə və 1 saylı cədvələ əsasən Kafe, restoran, yeməkxanaların zallarında nüfuzedən səs-küyün, səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən norması 65 dBA təşkil edir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələblərinin əsaslı olması iş materialları üzrə sübutlarla təsdiqini tapmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-34/2019 saylı, 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-123/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-123/2021
22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver