Məhkəmə qərarları › İş №2(103)-1231/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1231/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1231/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-712/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 Hospital MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 X1 Cəmiyyətinə və Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi zərərin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2(005)- 712/2021 qərardadı ilə (ikinci dəfə təkrar cərimə) Cavabdeh1 Hospital MMC 220 (iki yüz iyirmi) manat məbləğində cərimə edilmiş və dövlət büdcəsi xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh1 Hospital MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə cərimənin götürülməsi barədə ərizə verərək, Nərimanov Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2(005)-712/2021 qərardadı ilə təyin edilmiş 220 manat cərimənin götürülməsi bərədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-712/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Hospital MMC-nin nümayəndəsi Nümayəndə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 712/2021 saylı, 13.09.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş 220 manat cərimənin götürülməsi barədə ərizə qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2(005)-712/2021 qərardadı ilə təyin edilmiş cərimə məbləği azaldılaraq 120 manat məbləğində təyin edilmişdir. Cavabdehin həmin qərardaddan verdiyi rayon məhkəməsinin eyni saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdeh Səbail Rayon Polis İdarəsində qeydiyyatdadır. Mülki iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 Hospital MMC sorğulara cavab verməyərək işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik törətmişdir. Həmçinin cavabdehin cərimə olunması barədə məktuba cavab verməyərək, yetərli vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəf sorğuda tələb olunan sənədləri təqdim etməkdən boyun qaçırmışdır. 01.09.2021-ci il tarixli və 13.09.2021-ci il tarixli məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi tələb olunan sübutlar cavabdeh tərəfdə olmaması və ya ola bilməməsinə dair əsaslı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh1 Hospital MMC-nin nümayəndəsi Nümayəndə arqumentlərini əsaslı hesab etməmiş, həmin məhkəmə iclasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2(005)-712/2021 qərardadı ilə Cavabdeh1 Hospital MMC təkrar cərimə edilmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cərimənin tam götürülməsi üçün əsaslar olmadığından məhkəmənin hazırkı məsələ ilə bağlı mövqeyi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 Hospital MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-712/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar