Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12337/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Vood Volley Hicran Məhəmməd qızına qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və s. tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” qarşılıqlı iddiasına dair 2(009)-173/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 20 oktyabr 2021-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: 2(009)-173/2021 saylı mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.10.2021-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir. İlk iddia üzrə cavabdeh H.Vood Volley həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.11.2021-ci il tarixli qərardadla apellyasiya şikayətini, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsində, “MPM-ə əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməməsi, habelə şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim edilməsi əsası ilə geri qaytarmışdır. Bundan sonra H.Vood Volley həmin qərardadda qeyd edilən nöqsanları aradan qaldıraraq qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan sənədlərdən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20.10.2021-ci il tarixdə qətnamə cavabdeh H.Vood Volleyə 26.10.2021-ci il tarixdə təqdim edilmişdir (iş v. 317). Belə olan təqdirdə hesab edilməlidir ki, H.Vood Volleyə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü (20 və 21 noyabr tarixləri qeyri-iş günləri olduğu üçün) 22.11.2021-ci il hesab edilir. Lakin onun ikinci dəfə verdiyi apellyasiya şikayəti 06.12.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur (iş v. 327). Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti H.Vood Volley tərəfindən ötürülmüşdür. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş H.Vood Volley “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: 2(009)-173/2021 saylı mülki iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 20 oktyabr 2021-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Vood Volley Hicran Məhəmməd qızının verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti, mülki işlə birlikdə, Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12337/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12337/2021
17.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver