Məhkəmə qərarları › İş №2(103)-1234/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1234/2022

07.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1234/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı “bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin” tələb edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2(009)-2765/2021 saylı qərardadından iddiaçı Nəsimi rayon Nəsimi Bələdiyyəsi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsi Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehə məxsus olan mehmana ünvan 1 ünvanında iddiaçının inzibati ərazisində yerləşir. Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətlə göstərən şəxslər bələdiyyə büdcəsinə həmin oteldə qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan olmamaqla növbəti ayın 5-dək müəyyən edilmiş vəsaiti ödəməlidirlər. Lakin cavabdeh Nəsimi bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərdiyinə baxmayaraq, qanunverici tələblərinə zidd olaraq 2018-2019-cu illər ərzində hesabatı Bələdiyyəyə təqdim etməmiş və qanunla müəyyən edilmiş bələdiyyə büdcəsinə ödənilməmişdir. Bununla bağlı cavabdehə 01-828 saylı, 02.08.2021-ci il tarixli təqdim edilmiş və həmin tarixdə bələdiyyə işçiləri tərəfindən tərtib edilmiş akta əsasən mehmanxana bağlı olmuşdur. İndiyədək cavabdeh tərəfindən hər hansı hesabat verilməmiş və ödəniş edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda fəaliyyət göstərən mehmanxanaya dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”n bələdiyyəyə təqdim edilməsi və 2018-2019-cu illər üzrə ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Nəsimi bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli, e-2(009)-2765/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanda fəaliyyət göstərən “Karat İnn” mehmanxanasına dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinə təqdim edilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pulun tutulmaıs qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli, e-2(009)-2765/2021 saylı qərardadı ilə iddiaçı Bakı şəhər Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş üzrə yerli ödənişlərin (vergilərin) bələdiyyəyə ödənilməsi hissəsində mülki işin icraatına, həmin tələbə ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad qanunsuzdur, çünki hər iki iddia tələbinə ümumi məhkəmədə baxılmalıdır. Hazirki mülki iş sahibkarlıq subyektləri arasında hər hansı mübahisənin məhkəmə qaydasında həll edilməsi ilə bağlı deyildir. MPM-nin 16-cı maddəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Hazırki mübahisə zamanı iddiaçı ilə cavabdeh arasında mübahisə sahibkarlıq fəaliyyətindən yaranmamışdır. Bələdiyyə hər hansı xidmətin göstərilməsi, işin görülməsi və ya malların satılması ilə əlaqədar cavabdehlə kommersiya münasibətlərinə girməmişdir. Hazırki mülki iş isə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş yerli ödənişin ödənilməməsi ilə bağlıdır. Ümumiyyətlə bir sıra dövlət orqanları və ya dövlət payı olan şirkətlər müxtəlif vergilərin, digər məcburi ödənişlərin, eləcə də su və qaz təchizatı haqlarının alınması üçün rayon məhkəmələrinə müraciət edirlər. Bələdiyyənin də irəli sürdüyü iddia bu qəbildəndir. Bakı şəhəri Səbail Rayon Məkhəməsinin e-2(009)-2765/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisənin həm subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan hazırki işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Nəsimi rayon Nəsimi Bələdiyyəsinin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(009)-2765/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar